Kontentə keç

Mündəricatı göstər

Hekayə 99

Üst mərtəbədəki otaqda

Üst mərtəbədəki otaqda

ARTIQ iki gün keçib, indi həftənin dördüncü günüdür. İsa 12 həvarisi ilə Pasxa yeməyini yemək üçün üst mərtəbədəki bu böyük otağa gəlib. Otaqdan çıxan adam Yəhuda İskaryotdur. O, İsanı tutdurmaq üçün kahinlərin yanına gedir.

Bundan bir gün əvvəl, Yəhuda onlara demişdi: ‘İsanı tutmağa kömək etsəm mənə nə verərsiniz?’ Onlar da: ‘Otuz gümüş pul verərik’ dedilər. Buna görə də Yəhuda İsanı ələ vermək üçün həmin adamları qarşılamağa gedir. O necə də pis iş görür.

Pasxa yeməyi artıq qurtardı. İndi İsa xüsusi bir mərasimə başlayır. O, çörəyi həvarilərinə uzadaraq deyir: ‘Bunu yeyin, bu sizin üçün verdiyim bədənimi bildirir’. Daha sonra onlara bir kasa şərab uzadaraq deyir: ‘Bunu için, bu sizin üçün axıdılan qanımı bildirir’. Müqəddəs Kitab bu hadisəni ‘Rəbbin axşam yeməyi’ və ya ‘Rəbbin süfrəsi’ adlandırır.

İsraillilər Pasxa yeməyini qədimdə baş vermiş mühüm bir hadisəni xatırlamaq üçün yeyirdilər. Misirdə yaşayarkən Allahın mələyi onların evlərindən yan keçib, misirlilərin ilk uşaqlarını öldürmüşdü. İsa da istəyir ki, davamçıları onu xatırlasınlar və öz həyatını onların uğrunda verdiyini heç vaxt unutmasınlar. Elə buna görə də İsa onlara bu hadisəni hər il qeyd etməyi tapşırır.

Bu mərasim başa çatdıqdan sonra İsa şagirdlərinə cəsarətli və imanda möhkəm olmağı tapşırır. Axırda onlar birlikdə Allaha nəğmə oxuyub oradan gedirlər. Artıq çox gecdir, ola bilsin gecə yarısıdır. Gəl görək onlar hara gedirlər.