Kontentə keç

Mündəricatı göstər

Hekayə 100

İsa Getsamani bağında

İsa Getsamani bağında

İSA həvariləri ilə üst mərtəbədəki otaqdan çıxıb Getsamani bağına gəlir. Onlar buraya əvvəl də gəliblər. İndi İsa həvarilərinə deyir ki, oyaq durub dua etsinlər. Sonra onlardan bir qədər aralanıb üzüstə yerə düşərək dua etməyə başlayır.

Bir azdan İsa həvarilərinin yanına qayıdır. Səncə, onlar nə edirlər? Yatırlar! İsa həvarilərinə düz üç dəfə oyaq qalmağı tapşırır, ancaq hər dəfə yanlarına qayıdanda onları yatan tapır. İsa sonuncu dəfə gələndə onlardan soruşur: ‘Belə bir vaxtda siz necə yata bilirsiniz? Durun, ələ verilməyimin vaxtı çatıb’.

Elə bu vaxt çoxlu adam səsi eşidilir. Sən bir bax! Adamlar əllərində qılınc və dəyənək bağa tərəf gəlirlər. Onlar məşəllə yolu işıqlandırırlar. Bu adamlar İsagilə yaxınlaşanda aralarından biri çıxıb İsanı öpür. Sən bunu şəkildə görə bilərsən. Bu adam Yəhuda İskaryotdur. O nəyə görə İsanı öpür?

İsa deyir: ‘Yəhuda, məni öpüşləmi satırsan?’ Bəli, öpüş bir işarədir. Bununla Yəhudanın gətirdiyi adamlar İsanı tanıyırlar. Bu an İsanın düşmənləri onu tutmaq üçün qabağa çıxırlar. Ancaq Peter İsanı buraxmaq istəmir. O gətirdiyi qılıncı çıxarıb yanındakı adamı vurur. Qılınc o adamın başının yanından keçib sağ qulağını kəsir. İsa onun qulağına toxunub sağaldır.

İsa Peterə deyir: ‘Qılıncını yerinə qoy. Yoxsa elə bilirsən, Atamdan minlərlə mələk göndərib məni qorumasını xahiş edə bilmərəm?’ Bəli, İsa bunu edə bilər. Amma o, Allahdan bir mələk belə göndərməsini xahiş etmir. Çünki tutulmasının vaxtının çatdığını bilir. Buna görə də yol verir ki, düşmənləri onu aparsın. Gəl görək İsa ilə sonra nə baş verir.