Kontentə keç

Mündəricatı göstər

Hekayə 101

İsanı öldürürlər

İsanı öldürürlər

BİR bu dəhşətə bax! İsanı öldürürlər. Onu əllərindən və ayaqlarından dirəyə mismarlayıblar. Axı nəyə görə kimsə İsaya belə bir şey etmək istəsin?

İsaya nifrət edənlər az deyil. Heç bilirsən onlar kimdir? Onlardan biri pis mələk Şeytan İblisdir. Adəmlə Həvvanı Allahın sözündən çıxardan bu mələk idi. İsanın düşmənlərini bu dəhşətli işə təhrik edən də elə Şeytandır.

Hələ dirəyə mismarlamazdan əvvəl, düşmənləri İsa ilə həddindən artıq pis davranırlar. Yadındadır, onlar Getsamani bağına gəlib İsanı necə aparırlar? O düşmənlər kim idi? Düzdür, din başçıları. Gəl görək sonra nə olur.

Din rəhbərləri İsanı aparanda həvarilər qorxudan onu qoyub qaçırlar. Ancaq həvari Peterlə Yəhya çox uzağa getmirlər. Onlar bir qədər arxada gedirlər ki, görsünlər İsa ilə sonra nə baş verəcək.

Kahinlər İsanı əvvəllər baş kahin olmuş qoca Hananın yanına aparırlar. Ancaq orada çox qalmırlar və sonra İsanı həmin vaxt baş kahin olan Qayafanın evinə gətirirlər. Buraya çoxlu din başçısı yığışıb.

Qayafanın evində onlar məhkəmə qururlar. İsanın əleyhinə danışan yalançı şahidlər tapıb gətirirlər. Din başçılarının hamısı deyir: ‘İsanı öldürmək lazımdır’. Sonra onlar İsanın üzünə tüpürüb onu yumruqlayırlar.

Bütün bu vaxt ərzində Peter həyətdə gözləyir. Gecə çox soyuq olduğu üçün adamlar ocaq qalayıblar. Ocağın ətrafında isinərkən bir qulluqçu qız Peterə baxıb deyir: ‘Bu adam da İsa ilə bir yerdə idi’.

‘Yox, mən onunla deyildim’, deyə Peter inkar edir.

Düz üç dəfə Peterə İsa ilə bir yerdə olduğunu deyirlər. Amma Peter bunu boynuna almır. Peter üçüncü dəfə də yox deyəndə, İsa dönüb ona baxır. Peter yalan söylədiyinə görə çox peşman olur, bir tərəfə çəkilib hönkür-hönkür ağlayır.

Həftənin beşinci günü səhər tezdən kahinlər İsanı görüşlərinin keçirildiyi böyük zala aparırlar. Ora Sinedrion zalı adlanır. Burada onlar İsaya nə edəcəklərini qərarlaşdırırlar. Sonra onu Yəhudeya vilayətinin başçısı Ponti Pilatın yanına gətirirlər.

Kahinlər Pilata deyirlər: ‘Bu çox pis adamdır. Onu öldürmək lazımdır’. İsanı sorğu-suala çəkəndən sonra Pilat deyir: ‘Mən bu adamda pis heç nə görmürəm’. Sonra Pilat İsanı Hirod Antipanın yanına göndərir. Hirod Qalileya vilayətinin başçısı olsa da, bu vaxt o, Yerusəlimdə idi. O da İsanın pis bir şey etmədiyini görüb onu Pilatın yanına qaytarır.

Pilat İsanı azad etmək istəyir. Amma İsanın düşmənləri onun yerinə Barabba adlı quldurun azad edilməsini tələb edirlər. Pilat İsanı xalqın qarşısına çıxaranda artıq günorta idi. O xalqa müraciət edib deyir: ‘Buyurun, bu da sizin padşahınız!’ Amma başçı kahinlər qışqırırlar: ‘Aparın onu! Öldürün onu! Öldürün!’ Buna görə də Pilat Barabbanı azad edir, İsanı isə öldürməyə aparırlar.

Beşinci gün günorta çağı İsanı dirəyə mismarlayırlar. Onun sağında və solunda iki cinayətkarı da dirəyə mismarlayırlar, amma onlar şəkildə görünmürlər. İsa ölməzdən bir qədər əvvəl bu cinayətkarlardan biri deyir: ‘Padşahlığına gələndə məni yadına salarsan’. İsa ona cavab verir: ‘Söz verirəm ki, mənimlə birlikdə Cənnətdə olacaqsan’.

İsa o insana gözəl bir vəd verir, elə deyilmi? Heç bilirsən o hansı Cənnətdən danışır? Yadındadır, lap başlanğıcda Allahın yaratdığı cənnət harada idi? Düzdür, yer üzündə. İsa göydə Padşahlıq edəndə o adamı dirildəcək ki, o da yer üzündəki Cənnətdə yaşaya bilsin. Məgər bütün bunlara sevinməli deyilik?