Kontentə keç

Mündəricatı göstər

Hekayə 102

İsa sağdır

İsa sağdır

BU QADIN və iki kişinin kim olduğunu heç bilirsən? Qadın, İsanın şagirdi Məcdəlli Məryəmdir. Ağ paltarlı kişilər isə mələklərdir. Məryəm İsanın bədəni qoyulmuş balaca otağın içinə boylanır. Bu xüsusi otaq sərdabə adlanır. Qədimdə, ölən adamı sərdabəyə qoyurdular. Amma İsanın bədəni burada yoxdur. Onu kim aparıb? Gəl görək.

Kahinlər İsa öləndən sonra Pilata deyirlər: ‘İsa hələ sağ ikən demişdi ki, öləndən üç gün sonra diriləcək. Ona görə də əmr ver ki, sərdabəni qorusunlar. Yoxsa şagirdləri onu oğurlayıb ölülərdən dirildiyini söyləyərlər!’ Pilat kahinlərə sərdabəni qorumaq üçün əsgər göndərməyi tapşırır.

İsanın ölümünün üçüncü günü səhər tezdən Yehovanın mələyi birdən peyda olub sərdabənin qabağındakı daşı qırağa çəkir. Bunu görən əsgərlər qorxudan donub qalırlar. Onlar sərdabənin içərisinə baxanda İsanın bədəninin orada olmadığını görürlər. Bir neçə əsgər şəhərə gedib əhvalatı kahinlərə danışır. Heç bilirsən bu pis kahinlər nə edirlər? Onlar əsgərlərə yalan danışmaları üçün pul verirlər. Kahinlər onları öyrədirlər: ‘Deyin ki, biz yatanda şagirdləri gecə yarısı gəlib onu oğurladılar’.

Bu vaxt İsanın qadın şagirdləri sərdabəyə gəlirlər. Onlar sərdabəni boş tapanda heç bilirsən necə təəccüblənirlər?! Məcdəlli Məryəm tez qaçıb hadisəni Peterlə Yəhyaya xəbər verir. Sərdabənin yanında qalmış qadınlar isə qəribə bir şey görürlər: ağ paltarlı iki mələk orada peyda olub onlardan soruşur: ‘Nə üçün İsanı burada axtarırsınız? O dirilib. Tez gedin və onun şagirdlərinə xəbər verin’. Qadınlar xəbəri çatdırmaq üçün şəhərə üz tuturlar. Onlar elə qaçırlar ki, gəl görəsən! Yolda onları bir adam dayandırır. Bilirsən o kimdir? İsa özü! O da qadınlara deyir: ‘Gedin, şagirdlərimə xəbər verin’.

Qadınlar şagirdlərə İsanın sağ olduğunu və onu gördüklərini çatdıranda şagirdlər buna inana bilmirlər. Peter və Yəhya bunu öz gözləri ilə görmək üçün sərdabəyə tərəf qaçırlar, lakin gəlib çatanda onu bomboş tapırlar. Peterlə Yəhya orada çox qalmırlar. Onlarla qayıtmış Məcdəlli Məryəm sərdabənin yanında qalır və içəri boylananda iki mələyi görür.

Bilirsən İsanın bədəninə nə oldu? Allah onun bədənini yoxa çıxartdı. Allah İsanı dirildəndə ona əvvəlki bədənini vermədi. Əksinə, ona göydə yaşayan mələklərin bədəninə bənzər yeni ruhani bədən verdi. Amma İsa şagirdlərinə sağ olduğunu göstərməlidir və buna görə özünə gözlə görünən bədən götürür. Bu haqda bir az sonra daha ətraflı öyrənəcəyik.