Kontentə keç

Mündəricatı göstər

Hekayə 108

Dəməşqə gedən yolda

Dəməşqə gedən yolda

BİLİRSƏN yerdə uzanan adam kimdir? Bu Şauldur. Yadındadır, Şaul Stefanı daşlayan adamların paltarlarını qoruyurdu. Gözqamaşdıran işığa bir bax! Görəsən nə baş verir?

Stefanın ölümündən sonra Şaul İsanın davamçılarına pislik etməyə başlayır. O, evdən-evə gedib, onları tutur və həbsxanaya salır. Şagirdlərin çoxu başqa şəhərlərə qaçır və orada ‘xoş xəbəri’ hamıya danışırlar. Amma Şaul İsanın davamçılarını tapmaq üçün həmin şəhərlərə yollanır. İndi o, Dəməşqə gedir. Yolda qəribə bir hadisə baş verir.

Qəflətən göydən bir işıq Şaulun ətrafına şəfəq saçır. Şəkildə görürsən, Şaul yerə yıxılıb. Sonra bir səs onu çağırır: ‘Şaul, Şaul! Sən nə üçün məni incidirsən?’ Şaulun yanında olan adamlar işığı görür və səsi eşidirlər, amma deyilənləri başa düşmürlər.

‘Sən kimsən, Ağa?’, deyə Şaul soruşur.

Səs cavab verir: ‘Mən, sənin incitdiyin İsayam’. İsa nə üçün belə deyir? Çünki Şaul onun şagirdlərini incidəndə, elə bil İsanın özünü incidir.

İndi Şaul soruşur: ‘Ağa, bəs mən nə edim?’

İsa ona deyir: ‘Qalxıb Dəməşqə get. Orada sənə nə etmək lazım olduğu deyiləcək’. Şaul ayağa qalxıb gözlərini açır, amma heç nə görmür. O, kor olub! Yanındakılar onu, əlindən tutub Dəməşqə gətirirlər.

İndi İsa Dəməşqdə yaşayan Hananya adlı şagirdi ilə danışır: ‘Hananya, dur. Doğru Küçə adlanan küçəyə get. Yəhudanın evində Şaul adlı bir adam var. Onu özümə xüsusi xidmətçi seçmişəm’.

Hananya İsaya qulaq asır. Sonra gedib Şaulu tapır və əllərini onun üstünə qoyub deyir: ‘Ağa məni göndərdi ki, sən yenidən görə biləsən və müqəddəs ruhla dolasan’. Elə o andaca pulcuqlara oxşayan bir şey Şaulun gözlərindən tökülür və o yenidən görür.

Allah Şaula başqa xalqlara təbliğ etmək tapşırığı verir. Daha sonra Şaul həvari Pavel kimi tanınır. Biz onun haqqında növbəti hekayələrdə daha çox öyrənəcəyik. Amma indi gəl görək Allah Peterə hansı tapşırığı verir.