Kontentə keç

Mündəricatı göstər

Hekayə 109

Peter Korneliusun yanına gəlir

Peter Korneliusun yanına gəlir

AYAQÜSTƏ dayanan həvari Peterdir, yanındakılar da dostlarıdır. Bəs nə üçün bu adam Peterin qabağında diz çöküb? Məgər belə etmək olar? Bilirsən bu adam kimdir?

O, Roma ordusunda zabitdir. Onun adı Korneliusdur. Kornelius Peteri tanımır. Amma ona deyiblər ki, Peteri öz evinə dəvət etsin. Gəl bu hadisə haqqında daha ətraflı öyrənək.

İsanın birinci davamçıları yəhudilər olub. Kornelius yəhudi olmasa da, Allahı sevir, Ona dua edir. Kornelius həmçinin insanlara yaxşılıq edir. Bir gün bir mələk ona görünüb deyir: ‘Allah səndən çox razıdır, Kornelius, O sənin dualarına cavab verəcək. Adam göndər, gedib Peter adlı bir nəfəri yanına gətirsin. O indi Yaffa şəhərində, dənizin kənarında yaşayan Şimonun evindədir’.

Elə o dəqiqə Kornelius Peteri tapmaq üçün bir neçə adam göndərir. Növbəti gün, bu adamlar Yaffaya gəlirlər. Bu vaxt Peter Şimonun evində, damın üstündə idi. Orada Allah Peterin gözünün qabağında göydən enən böyük bir süfrə canlandırır. Süfrənin üstündə cürbəcür heyvanlar var. Allahın qanununa görə bu heyvanları yemək olmazdı, çünki onlar murdar sayılırdı. Bununla belə, bir səs Peterə deyir: ‘Dur Peter, kəs və ye’.

Peter cavab verir: ‘Yox! Mənim ağzıma bir dəfə də olsun natəmiz heyvan dəyməyib’. Amma səs Peterə deyir: ‘Allahın təmiz adlandırdığı şeyə natəmiz demə’. Bu hadisə üç dəfə baş verir. Peter çox təəccüblənir, görəsən bütün bunlar nə deməkdir? Elə bu vaxt Korneliusun adamları evə yaxınlaşıb Peteri soruşurlar.

Peter aşağı düşüb deyir: ‘Axtardığınız adam mənəm. Siz buraya nə üçün gəlmisiniz?’ Adamlar deyirlər ki, Korneliusa bir mələk görünüb və Peteri öz evinə dəvət etməsini tapşırıb. Bunu eşidəndən sonra Peter onlarla getməyə razı olur. Səhərisi gün Peter dostları ilə Qeysəriyəyə, Korneliusa baş çəkməyə gedir.

Kornelius qohumlarını və yaxın dostlarını öz evinə yığıb. Peter gələndə Kornelius onu qarşılamağa çıxır. Şəkildə gördüyün kimi, o, Peterin qarşısında diz çökür. Amma Peter deyir: ‘Ayağa dur, mən adi bir insanam’. Bəli, Müqəddəs Kitab göstərir ki, insana baş əyib, ona səcdə etmək düzgün deyil. Biz yalnız Yehova Allaha səcdə etməliyik.

Peter o evdə yığışanlara təbliğ edir. Sonra deyir: ‘İndi başa düşürəm ki, Allah Ona xidmət etmək istəyən hər bir adamı qəbul edir’. O danışarkən Allah müqəddəs ruhunu göndərir və oradakılar müxtəlif dillərdə danışmağa başlayırlar. Peterin yəhudi dostları bunu görəndə yaman təəccüblənirlər, çünki onlar elə bilirdilər ki, Allah ancaq yəhudiləri sevir. İndi onlar başa düşürlər ki, Allahın gözündə bütün millətlər və xalqlar eynidir. Biz də bunu yaddan çıxarmamalıyıq.