Kontentə keç

Mündəricatı göstər

Hekayə 110

Pavelin yeni köməkçisi Timotey

Pavelin yeni köməkçisi Timotey

HƏVARİ Pavelin yanındakı bu gənc oğlan Timoteydir. Timotey ailəsi ilə Listra şəhərində yaşayır. Onun anasının adı Evniki, nənəsinin adı isə Loidadır.

Bu, Pavelin Listra şəhərinə üçüncü gəlişidir. Təxminən bir il əvvəl Pavel və Barnaba buraya birinci təbliğ səyahəti zamanı gəlmişdilər. Bu dəfə isə Pavel bu şəhərə dostu Sila ilə gəlib.

Bilirsən Pavel Timoteyə nə deyir? O soruşur: ‘Sila ilə mənə qoşulmaq istərdinmi? Uzaq yerlərdə yaşayan adamlara təbliğ etmək üçün sən də bizə kömək edə bilərsən’.

‘Bəli, mən də sizinlə getmək istəyirəm’, deyə Timotey cavab verir. Bir qədər vaxtdan sonra Timotey ailəsi ilə sağollaşıb Pavel və Sila ilə gedir. Amma onların haralara getdiklərini öyrənməzdən əvvəl, gəl görək bu vaxta qədər Pavelin başına nələr gəlir. Dəməşq yolunda İsanın Pavellə danışmasından artıq 17 il keçib.

Yadındadır, Pavel Dəməşqə İsanın şagirdlərini tutmaq üçün gedirdi. Amma indi Pavel özü İsanın şagirdidir! Bir qədər vaxtdan sonra pis adamlar Paveli öldürmək istəyirlər, çünki o, İsa haqqında danışır, bu isə onların xoşuna gəlmir. Amma şagirdlər Pavelə qaçıb canını qurtarmağa kömək edirlər. Onu zənbilə qoyub şəhərin divarından aşağı salırlar.

Bu hadisədən sonra Pavel təbliğ etmək üçün Antakyaya gedir. Bu şəhərdə İsanın şagirdlərini ilk dəfə məsihçi adlandırırlar. Sonra Pavellə Barnaba təbliğ etmək üçün Antakyadan uzaq yerlərə gedirlər. Onların gəldiyi şəhərlərdən biri də Timoteyin doğma şəhəri Listra olur.

Bir il keçəndən sonra Pavel yenidən Listraya gəlir. Bu artıq onun ikinci təbliğ səyahətidir. Timotey Pavel və Silaya qoşulandan sonra görəsən onlar haralara yollanırlar? Gəl xəritəyə baxaq və onların olduğu yerlərin adlarını öyrənək.

Birincisi, onlar Listranın yanındakı Konya şəhərinə, oradan isə digər Antakyaya gedirlər. Sonra onlar Troas şəhərinə, oradan Filipiyə, Salonikə və Veriyaya gedirlər. Bax gör xəritədə Afinanı tapa bilirsən? Pavel orada da təbliğ edir. Sonra onlar il yarım Korinf şəhərində təbliğ edirlər. Axırda Efes şəhərində də olurlar. Sonra gəmi ilə Qeysəriyəyə, oradan da Antakyaya qayıdırlar. Pavel burada qalır.

Beləliklə, Timotey ‘xoş xəbəri’ təbliğ etməkdə və yeni məsihçi yığıncaqları yaratmaqda Pavelə kömək edir. Bunun üçün onlar yüzlərlə kilometr yol gedirlər. Böyüyəndə sən də Timotey kimi Allaha sədaqətlə xidmət edəcəksənmi?