Kontentə keç

Mündəricatı göstər

Hekayə 112

Gəmi qəzaya uğrayır

Gəmi qəzaya uğrayır

BAX! Gəmi qəzaya uğrayıb! O, qayalara dəyib parçalanır! Dənizdəki adamları görürsən? Onlardan bəziləri artıq sahilə çatıblar. Pavel də oradadır! Gəl görək Pavel gəmiyə nəyə görə minmişdi və gəmi qəzaya necə uğradı.

Yadındadır, Pavel iki il Qeysəriyədə həbsdə saxlanılmışdı. Oradan onu və başqa dustaqları gəmiyə mindirib Romaya göndərirlər. Gəmi Krit adasının yaxınlığından keçəndə dənizdə böyük bir fırtına başlayır. Elə güclü külək əsir ki, gəmini idarə etmək mümkün olmur. Gündüzlər günəş, gecələr isə ulduzlar görünmür. Bir müddət belə davam edir, gəmidəkilər xilas olmağa ümidlərini büsbütün itirirlər.

Onda Pavel ayağa qalxıb deyir: ‘Heç biriniz ölməyəcəksiniz. Yalnız gəmi batacaq. Çünki keçən gecə Allahın bir mələyi mənə görünüb dedi: Pavel, qorxma! Sən Roma hökmdarı Qeysərin yanına getməlisən. Allah, səni və gəmidəkilərin hamısını xilas edəcək’.

Artıq 14 gündür fırtına davam edir. Gecə yarısı gəmiçilər suyun dayazlaşdığını hiss edirlər. Onlar qorxurlar ki, gəmi qaranlıqda qayalara çırpılar. Ona görə də gəmini saxlamaq üçün lövbər atırlar. Səhərisi gün torpaq görünür. Gəmiçilər gəmini sahilə sürməyi qərara alırlar.

Sahilə yaxın su dayaz olduğundan gəmi yerində ilişib qalır. Dalğaların gücündən gəmi parçalanmağa başlayır. Dustaqlara nəzarət edən zabit deyir: ‘Kim üzə bilirsə, birinci qoy onlar suya atılıb sahilə üzsünlər. Qalanlarınız, onların dalınca siz də suya atılın və taxta parçalarından yapışıb sahilə çıxın’. Gəmidəkilər suya atılırlar. Beləcə, mələyin dediyi kimi, gəmidə olan 276 nəfərin hamısı sağ-salamat sahilə çıxır.

Bura Malta adasıdır. Buranın camaatı çox qayğıkeşdir. Onlar xilas olanlara kömək edirlər. Hava yaxşılaşanda Paveli başqa gəmiyə mindirib Romaya yola salırlar.