Kontentə keç

Mündəricatı göstər

Fəsil 1

İsa nəyə görə böyük müəllim olub?

İsa nəyə görə böyük müəllim olub?

TƏXMİNƏN iki min il bundan əvvəl qeyri-adi bir uşaq dünyaya gəldi. O böyüyüb dünyada yaşamış ən böyük insan oldu. Həmin dövrdə nə təyyarə, nə də ki maşın vardı. Heç televizor, kompüter və İnternet də yox idi.

Həmin uşağın adını İsa qoydular. O, dünyada ən müdrik insan oldu. Həmçinin o, müəllimlərin də ən yaxşısı idi. O, çətin şeyləri elə izah edirdi ki, hamı asanlıqla başa düşürdü.

İsa insanları hər yerdə — dəniz kənarında, qayıqda, evdə və yol gedəndə öyrədərdi. Onun maşını yox idi və harasa gedəndə avtobusla və ya qatarla da getmirdi. İsa insanları öyrətmək üçün hər yerə piyada gedirdi.

Biz başqa adamlardan çox şey öyrənirik, amma ən vacib şeyləri Böyük Müəllim olan İsadan öyrənə bilərik. Onun sözləri isə Müqəddəs Kitabda yazılıb. Bu sözləri Müqəddəs Kitabdan oxuyanda sanki onları İsanın öz dilindən eşidirik.

İsa nəyə görə Böyük Müəllim olub? İlk növbədə ona görə ki, İsanı da öyrədən olub. Üstəlik, o, qulaq asmağın vacibliyini başa düşürdü. Bəs İsa kimə qulaq asırdı? Onu kim öyrətmişdi? ~ Atası. Onun Atası isə Allahdır.

Yer üzünə gəlməzdən əvvəl İsa göydə Allahla yaşamışdı. Buna görə də İsa hamıdan fərqlənirdi, çünki heç kim yer üzündə doğulmazdan əvvəl göydə yaşamayıb. Göydə olanda İsa yaxşı Oğul idi, çünki həmişə Atasına qulaq asırdı. Bu səbəbdən o, Allahdan öyrəndiklərini insanlara öyrədə bildi. Sən də atanın və ananın sözünə baxsan, İsa kimi yaxşı uşaq ola bilərsən.

İsanın Böyük Müəllim olmasının digər səbəbi insanları sevməsi idi. O, insanlara Allah haqqında öyrətmək istəyirdi. İsa təkcə böyükləri yox, uşaqları da sevirdi. Uşaqlar da onun yanında olmağı xoşlayırdılar, çünki İsa onlarla danışır və onları dinləyirdi.

İsanın yanında olmaq nəyə görə uşaqların xoşuna gəlirdi?

Bir gün bir neçə valideyn balaca uşaqlarını İsanın yanına gətirdi. Lakin onun dostları düşünürdülər ki, Böyük Müəllimin çoxlu işi olduğundan balaca uşaqlarla söhbət etməyə vaxtı yoxdur. Buna görə də valideynlərə və uşaqlara dedilər ki, çıxıb getsinlər. Bəs İsa nə etdi? ~ O dedi: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın!» Bəli, İsa balaca uşaqların onun yanına gəlməsini istəyirdi. Buna görə də olduqca müdrik və başının qarışıq olmasına baxmayaraq, balaca uşaqları öyrətmək üçün vaxt ayırırdı (Mark 10:13, 14).

Bilirsən, İsa nəyə görə uşaqları öyrədir, onları dinləyirdi? O istəyirdi ki, onlar xoşbəxt olsunlar. Məhz buna görə də onlara səmavi Atası olan Allah haqqında danışırdı. Bəs insanların xoşbəxt olması üçün sən nə edə bilərsən? ~ Allah haqqında öyrəndiklərini onlara danışa bilərsən.

Bir dəfə İsa balaca uşağın vasitəsilə dostlarına vacib bir şeyi öyrətmişdi. O, balaca bir uşağı gətirib şagirdlərinin arasına qoymuş və demişdi ki, onlar xasiyyətlərini dəyişib həmin bu uşaq kimi olmalıdırlar.

Böyük uşaqlar və yetkin insanlar balaca uşaqdan nə öyrənə bilərlər?

İsa bu sözlərlə nə demək istəyirdi? Səncə, yetkin insan, hətta yaşca bir az böyük uşaq hansı mənada balaca uşaq kimi olmalıdır? ~ Balaca uşaq böyüklər qədər bilmir və öyrənməyə hazır olur. Beləliklə, İsa deyirdi ki, şagirdlərinə balaca uşaq kimi təvazökar olmaq lazımdır. Bəli, hər birimiz başqalarından çox şey öyrənə bilərik. Həm də hamımız başa düşməliyik ki, İsanın öyrətdikləri bizim şəxsi fikirlərimizdən daha vacibdir (Matta 18:1—5).

İsanın Böyük Müəllim olmasının səbəblərindən biri odur ki, o, maraqlı şəkildə öyrətməyi bacarırdı. O, hər şeyi sadə və aydın izah edirdi. Quşlar, çiçəklər kimi hamıya tanış olan şeylərdən danışaraq insanlara Allah haqqında öyrədirdi.

Bir gün İsa dağın yamacında olanda onun yanına çoxlu adam gəldi. Şəkildə gördüyün kimi, İsa oturub xalqa təbliğ etməyə başladı. Onun bu nitqi «Dağüstü təbliğ» adlanır. O demişdi: ‘Göydəki quşlara baxın, onlar nə əkir, nə də anbarlarda toplayırlar, amma göydəki Allah onları yedizdirir. Siz onlardan daha dəyərli deyilsinizmi?’

İsa quşlardan və çiçəklərdən danışarkən ona qulaq asanlara nəyi başa salmaq istəyirdi?

İsa həmçinin demişdi: ‘Tarla zanbaqlarının necə böyüdüklərinə baxın; onlar zəhmət çəkmirlər. Ancaq baxın görün nə gözəldirlər! Hətta varlı Süleyman belə, tarladakı zanbaqlar qədər gözəl geyinməmişdi. Beləliklə, əgər Allah tarla otunun qayğısına qalırsa, sizin də qayğınıza qalmayacaqmı?’ (Matta 6:25—33).

İsanın nə demək istədiyini başa düşürsən? ~ O istəmirdi ki, biz yeməyi və paltarı haradan tapacağımıza görə narahat olaq. Allah bunların bizə lazım olduğunu bilir. İsa demirdi ki, biz yemək və ya paltar almaq üçün işləməməliyik. Sadəcə, birinci yerə Allahı qoymalıyıq. Əgər belə etsək, Allah həm yeməyimizi, həm də paltarımızı yetirəcək. Sən buna inanırsan? ~

Səncə, İsa sözünü qurtaranda camaat nə düşünürdü? ~ Müqəddəs Kitabda deyilir ki, onlar İsanın necə öyrətdiyinə görə heyrət içində idilər. Onu dinləmək olduqca maraqlı idi. Onun dedikləri insanlara düzgün davranmağa kömək edirdi (Matta 7:28).

Beləliklə, gördük ki, İsanın dediklərini öyrənmək çox vacibdir. Sən bilirsən, bunu necə edə bilərik? ~ Onun sözləri bir kitabda yazılıb. Bilirsən, bu hansı kitabdır? ~ Müqəddəs Kitab. Bu o deməkdir ki, İsaya qulaq asmaq üçün Müqəddəs Kitabda oxuduqlarımıza ciddi yanaşmalıyıq. Müqəddəs Kitabda bir maraqlı əhvalat var. Həmin əhvalatda Allahın Özü bizə İsaya qulaq asmağı tapşırır. Gəl görək bu hansı əhvalatdır.

Bir gün İsa üç dostu ilə birgə dağa qalxmışdı. Dostlarının adı Yaqub, Yəhya və Peter idi. Biz bir qədər sonra onlar haqda çox şey öyrənəcəyik, çünki onların üçü də İsanın yaxın dostları idi. Bu qeyri-adi hadisədə isə İsanın üzü nur saçmağa başladı. Şəkildə gördüyün kimi, onun paltarı da par-par parıldayırdı.

«Bu Mənim sevimli Oğlumdur. Ona qulaq asın!»

Qəfildən İsa və onun dostları göydən bir səs eşitdilər. O deyirdi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam, Ona qulaq asın!» (Matta 17:1—5). Bilirsən, bu kimin səsi idi? ~ Bu, Allahın səsi idi! Bəli, onlara Oğlunun sözünə qulaq asmağı tapşıran Allahın Özü idi.

Bəs biz? Biz Allaha tabe olub Onun Böyük Müəllim olan Oğluna qulaq asacağıq? ~ Əslində hamımız belə etməliyik. Yadında qalıb, bunu necə edə bilərik? ~

Düzdür, biz Müqəddəs Kitabdan Allahın Oğlunun həyatı haqqında oxumaqla ona qulaq asa bilərik. Böyük Müəllimin bizə demək istədiyi çoxlu maraqlı şeylər var. Müqəddəs Kitabda yazılan bu şeyləri öyrənmək sənin çox xoşuna gələcək. Üstəlik, öyrəndiyin yaxşı şeyləri yoldaşlarına danışsan, sevincin daha da artacaq.

İsaya qulaq asmağın gətirdiyi faydalar haqqında daha çox bilmək üçün Müqəddəs Kitabını aç və Yəhya 3:16; 8:28—30 və Həvarilərin işləri 4:12 ayələrini oxu.