Kontentə keç

Mündəricatı göstər

Fəsil 9

Sınaqlara qarşı dur

Sınaqlara qarşı dur

HEÇ elə olubmu ki, kimsə sənə düzgün olmayan şeyi etməyi desin? ~ O, səni bunu etməyə təhrik edib? Bəlkə, deyib, bunda pis bir şey yoxdur, əksinə, maraqlıdır? ~ Kimsə belə deyəndə bizi şirnikdirməyə çalışır.

Bu zaman biz nə etməliyik? Təslim olaraq düzgün olmayan şeyi etməliyikmi? ~ Bu, Yehova Allahın xoşuna gəlməzdi. Amma bilirsən, kim sevinərdi? ~ Düz deyirsən, Şeytan İblis.

Şeytan Allahın düşmənidir, deməli, o, bizim də düşmənimizdir. O, ruhani varlıq olduğu üçün biz onu görə bilmirik. Lakin o, bizi görür. Bir gün İblis Böyük Müəllim İsa ilə danışaraq onu yoldan çıxarmağa çalışdı. Gəl görək, İsa nə etdi. Bunu öyrənsək, biləcəyik ki, kimsə bizi düzgün olmayan şeyləri etməyə şirnikləndirəndə necə davranmaq lazımdır.

İsa vəftiz olanda nəyi xatırlamağa başladı?

İsa hər zaman Allahın iradəsini yerinə yetirmək istəyirdi. İordan çayında vəftiz olmaqla o, bunu açıq-aşkar göstərdi. İsa vəftiz olandan sonra çox keçmədi ki, Şeytan onu sınağa çəkdi. Müqəddəs Kitabda deyilir ki, İsa vəftiz olanda «göylər açıldı» (Matta 3:16). Yəni İsa Allahla göydə yaşadığı vaxt baş verən hər şeyi xatırlamağa başladı.

Vəftizdən sonra İsa səhraya getdi ki, yadına düşən şeylər üzərində düşünsün. O, qırx gün, qırx gecə orada qaldı. Bütün bu vaxt ərzində onun dilinə heç nə dəyməmişdi və buna görə də çox ac idi. Bu fürsəti əldən verməyərək Şeytan onu sınağa çəkdi.

İblis daşları İsaya göstərərək onu nəyə təhrik etmək istədi?

O dedi: «Əgər Sən Allahın Oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün». Bir tikə çörək yemək necə də yerinə düşərdi! Bəs İsa daşları çörəyə çevirə bilərdi? ~ Sözsüz. Nəyə görə? Çünki Allahın Oğlu olan İsa qeyri-adi gücə malik idi.

Əgər İblis bunu etməyi sənə desəydi, nə edərdin? Daşı çörəyə çevirərdin? ~ Məgər İsa belə etsəydi, yaxşı olmazdı? Axı o, ac idi. ~ İsa bilirdi ki, gücünü belə şeylərə sərf etmək düzgün deyil. Çünki Yehova ona bu gücü vermişdi ki, bundan özü üçün yox, insanları Allaha yaxınlaşdırmaq üçün istifadə etsin.

Buna görə də İsa Şeytana Müqəddəs Kitabda yazılan sözləri dedi: «İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar». İsa bilirdi ki, Allahın istədiyi kimi davranmaq hətta yeməkdən də vacibdir.

Lakin İblis niyyətindən əl çəkmədi. O, İsanı Yerusəlimə gətirdi və məbədin hündür hasarının üstünə qoyub ona dedi: ‘Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at; çünki yazılıb ki, Allahın mələkləri sənin zədələnməyinə yol verməyəcəklər’.

Nə üçün Şeytan belə dedi? ~ O istəyirdi ki, İsa ağılsız hərəkət etsin. Lakin bu dəfə də İsa Şeytana uymadı. O, Şeytana dedi: ‘Yazılıb ki, Allahın Yehovanı sınama’. İsa bilirdi ki, həyatı təhlükəyə ataraq Allahı sınamaq düzgün deyil.

Şeytan yenə də öz məqsədindən dönmədi. Bu dəfə o, İsanı çox yüksək bir dağın zirvəsinə gətirdi və dünyanın bütün padşahlıqlarını, yəni dövlətlərini və onların şan-şöhrətini ona göstərdi. Sonra Şeytan dedi: ‘Əgər yıxılıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm’.

Gəl Şeytanın təklifi üzərində bir az düşünək. Həmin padşahlıqlar doğurdanmı Şeytana məxsus idi? ~ İsa bunu inkar etmədi. Əgər onlar Şeytana məxsus olmasaydı, İsa bunu mütləq deyərdi. Bəli, Şeytan həqiqətən də dünyanın bütün millətlərini idarə edir. Müqəddəs Kitab hətta onu «bu dünyanın hökmdarı» adlandırır (Yəhya 12:31).

Şeytan İsaya bütün padşahlıqları necə təklif edə bilərdi?

Əgər Şeytan sənə nə isə təklif etsəydi və əvəzində ona ibadət etməyini istəsəydi, nə edərdin? ~ İsa bilirdi ki, Şeytan hər nə versə də, ona ibadət etmək düzgün deyil. Buna görə də dedi: ‘Rədd ol, şeytan! Çünki Müqəddəs Kitabda deyilir ki, Yehova Allaha ibadət etmək və yalnız Ona xidmət etmək lazımdır’ (Matta 4:1—10; Luka 4:1—13).

Sən sınaqlarla üzləşəndə necə davranacaqsan?

Biz də sınaqlarla qarşılaşırıq. Bilirsən, hansılarla? ~ Məsələn, ola bilsin, anan dadlı piroq və ya tort bişirib və sənə tapşırıb ki, süfrə açılana kimi ona əl dəyməyəsən. Lakin sən elə acsan ki, süfrənin açılmasını gözləməyə səbrin çatmır. Bəs ananın sözünə qulaq asacaqsan? ~ Şeytan istəyir ki, sən onun sözündən çıxasan.

İsanı yadına sal. O da çox ac idi. Amma o başa düşürdü ki, Allahı razı salmaq yeməkdən daha vacibdir. Ananın dediklərinə qulaq asanda İsaya bənzədiyini göstərmiş olursan.

Ola bilər, uşaqlar sənə dərmana oxşar şeylər versinlər və desinlər ki, bunları içsən, özünü yaxşı hiss edəcəksən. Lakin bunlar narkotik ola bilər. Onları içsən, xəstələnə, hətta ölə bilərsən. Yaxud kimsə sənə içində narkotik olan siqaret verər və deyə bilər ki, onu çək. Sən nə edəcəksən? ~

İsanı yadına sal. Şeytan ona özünü məbəddən aşağı atmağı deyəndə onun öz həyatını təlükəyə atmasını istəyirdi. Amma İsa bunu etmədi. Bəs kimsə səni təhlükəli bir şey etməyə sövq etsə, sən nə edəcəksən? ~ İsa Şeytanın toruna düşmədi. Kimsə səni pis iş görməyə təşviq edəndə sən də ona qulaq asmalı deyilsən.

İbadətdə surət və rəmzlərdən istifadə etmək nə üçün düzgün deyil?

Müqəddəs Kitabda deyilir ki, biz surətlərə və rəmzlərə ibadət etməməliyik (Çıxış 20:4, 5). Amma elə ola bilər ki, kimsə səni bunu etməyə məcbur etsin. Belə vəziyyət məktəbdə keçirilən hansısa tədbir zamanı yarana bilər. Sənə deyə bilərlər ki, əgər bunu etməsən, bir də bu məktəbin qapısından içəri girməyəcəksən. Sən nə edəcəksən? ~

Hamı düz davrananda bizə də düzgün davranmaq asan olur. Lakin başqaları bizi yanlış bir şeyi etməyə təhrik edəndə belə davranmaq çox çətin olur. Onlar deyə bilərlər ki, əslində etdiklərində pis bir şey yoxdur. Ancaq ən əsası Allahın bu haqda nə fikirləşməsidir. Axı nəyin pis, nəyin yaxşı olduğunu Allah hamıdan yaxşı bilir.

İnsanlar nə deyirlərsə-desinlər, biz heç vaxt Allahın gözündə düzgün olmayan işləri görməməliyik. Bununla biz Allahı həmişə sevindirəcək, Şeytanın arzusunu isə gözündə qoyacağıq.

Bizi pis işlər görməyə təhrik edən şirnikdirici təsirlərə necə müqavimət göstərə biləcəyimiz haqqında Məzmur 1:1, 2; Süleymanın məsəlləri 1:10, 11; Matta 26:41 və 2 Timoteyə 2:22 ayələrindən daha çox öyrənmək olar.