Kontentə keç

Mündəricatı göstər

Fəsil 14

Nəyə görə bağışlamaq lazımdır?

Nəyə görə bağışlamaq lazımdır?

HEÇ elə olubmu ki, kimsə sənin xətrinə dəysin? ~ Bəlkə, o, səninlə kobud davranıb və ya sənə pis söz deyib? ~ Sən də onunla eyni cür davranmalısan? ~

İnsanların əksəriyyəti xətirlərinə dəyən adamlardan əvəz çıxırlar. Lakin İsa öyrədirdi ki, biz xətrimizə dəyənləri bağışlamalıyıq (Matta 6:12). Ola bilər, kimsə artıq bir neçə dəfədir ki, bizimlə pis rəftar edir. Onda nə etməliyik? Onu neçə dəfə bağışlamalıyıq? ~

Peter də elə bunu bilmək istəyirdi. Buna görə də o, bir gün İsadan soruşdu: ‘Lazım olsa, qardaşımı yeddi dəfə də bağışlamalıyam?’ Amma yeddi dəfə kifayət etmir. İsa dedi ki, əgər kimsə sənə qarşı çoxlu günah işlədirsə, ‘yetmiş kərə yeddi dəfə bağışlamaq lazımdır’.

Peter bağışlamaq haqqında nəyi bilmək istəyirdi?

Bu, olduqca çoxdur! Əgər kimsə bu qədər xətrimizə dəysə, heç onu yadımızda da saxlaya bilmərik, elə deyil? İsanın dediyi də elə bu idi: bizə qarşı edilən səhvləri oturub saymamalıyıq. Əgər bizdən üzr istəyərlərsə, onları bağışlamalıyıq.

İsa şagirdlərinə başa salmaq istəyirdi ki, bağışlamaq son dərəcə vacibdir. Buna görə də Peterin sualına cavab verdikdən sonra o, şagirdlərinə bir hadisə danışdı. Bu hadisəni dinləmək istəyirsən? ~

Qədim dövrlərdə yaxşı bir padşah yaşayırdı. O, çox xeyirxah idi. Hətta qullarının ehtiyacı olanda onlara borca pul da verirdi. Lakin günlərin bir günü padşah istədi ki, qulları ona olan borclarını qaytarsınlar. Qullardan birini padşahın hüzuruna gətirdilər. Onun padşaha 60 milyon dinar borcu var idi. Bu, həddindən artıq çox puldur!

Qul padşahdan külli-miqdarda olan borcunu qaytarmaq üçün möhlət istəyəndə nə baş verdi?

Ancaq qul padşahdan aldığı pulların hamısını xərcləmişdi, buna görə də borcunu qaytarmağa bir qəpiyi də yox idi. Bu səbəbdən, padşah əmr verdi ki, qulun özünü, arvadını, uşaqlarını və əlində olan hər şeyini satsınlar və əldə edilən pulla padşahın borcunu ödəsinlər. Səncə, bu zaman qul hansı hissləri keçirirdi? ~

O, padşahın qarşısında diz çöküb yalvardı: ‘Aman padşah, mənə bir az da möhlət ver, sənə olan bütün borcumu qəpiyinə kimi ödəyəcəyəm’. Əgər sən padşahın yerində olsaydın, bu qula nə edərdin? ~ Padşahın qula yazığı gəldi və onu bağışladı. O, qula dedi ki, 60 milyon pulu ona bağışlayır və bir qəpik də olsun, ondan geri almayacaq. Sözsüz ki, qul sevincindən yerə-göyə sığmırdı!

Gör bu qul sonra özü nə etdi. O gedib ona cəmi yüz dinar borcu olan başqa qulu tapdı. Onun boğazından yapışıb boğmağa başladı və dedi: ‘Tez ol, məndən borc götürdüyün yüz dinarı geri qaytar!’ Bu cür hərəkət edən insanı təsəvvür edə bilərsən? Özü də padşahın o qədər pulu ona bağışlamasından sonra heç belə hərəkət etmək olardı? ~

Rəhmsiz qul borcunu qaytara bilməyən kasıb qulla necə rəftar etdi?

Yüzcə dinar borcu olan qul kasıb idi. Onun həmin an pulu qaytarmağa imkanı yox idi. Buna görə də o, borc verən qulun ayağına düşüb yalvardı: ‘Nə olar, mənə bir az vaxt ver, görəcəksən, borcunu son qəpiyinə kimi ödəyəcəyəm’. Bəs bu qul ona möhlət verdimi? ~ Sən onun yerinə olsaydın, nə edərdin? ~

Bu qul padşah kimi xeyirxah deyildi. O, pulunu elə həmin dəqiqə əlində görmək istəyirdi. Ancaq kasıb qul pulu qaytara bilmədiyi üçün onu zindana atdırdı. Digər qullar bütün baş verənləri görürdülər və bu, onların heç xoşuna gəlmədi. Onların zindana atılmış qula yazığı gəldi. Gedib hər şeyi bircə-bircə padşaha danışdılar.

Baş verənlər padşahın da xoşuna gəlmədi. Padşah rəhmsiz qula yaman qəzəbləndi. Buna görə də onu çağırtdırıb dedi: ‘Ay səni yaramaz qul, mənə olan bütün borcunu bağışlamadımmı? Sən də öz yoldaşının borcunu bağışlamalı deyildinmi?’

Padşah rəhmsiz qulla necə davrandı?

Rəhmsiz qul xeyirxah padşahın hərəkətindən özünə dərs götürməli idi. Amma o, bunu etmədi. Buna görə də padşah əmr verdi ki, 60 milyon dinarı qaytarana kimi onu zindanda saxlasınlar. Əlbəttə, zindanda ola-ola o nə pul qazana, nə də ki, padşaha borcunu ödəyə bilərdi. Buna görə də ölənə kimi orada qalmalı idi.

İsa bu hekayəni danışıb qurtardıqdan sonra üzünü şagirdlərinə tutub dedi: «Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər» (Matta 18:21—35).

Bir şeyi unutma ki, hamımız Allaha çox şey borcluyuq. Ən əsası, həyatı bizə Allah bəxş edib! Buna görə də Allaha olan borcumuzla müqayisədə başqalarının bizə olan borcu çox azdır. Onların bizə olan borcu bir qulun digərinə olan yüz dinar borcuna bənzəyir. Lakin etdiyimiz səhvlərə görə Allaha olan borcumuz qulun padşaha olan 60 milyon dinar borcuna oxşayır.

Allah çox xeyirxahdır. Çoxlu səhvlər etməyimizə baxmayaraq, O, bizi bağışlayır. O, səhvlərimizin əvəzini çıxmaq üçün həyatımızı əlimizdən almır. Amma bir şeyi yadda saxlamaq lazımdır: yalnız başqalarının səhvlərini bağışladığımız təqdirdə, Allah bizi bağışlayar. Bu, çox vacib dərsdir, elə deyilmi? ~

Kimsə səndən üzr istəsə, nə edəcəksən?

Bəs əgər kimsə sənin xətrinə dəysə, sonra isə üzr istəsə, sən nə edəcəksən? Onu bağışlayacaqsan? ~ Birdən o, bunu bir neçə dəfə etsə, onda necə? Onu yenə də bağışlayacaqsan? ~

Biz üzr istəyən adamın yerində olsaydıq, məgər bağışlanmağımızı istəməzdik? ~ Buna görə biz də onu bağışlamalıyıq. Həm də yalnız dildə yox, ürəkdən bağışlamalıyıq. Bu cür davranmaqla göstəririk ki, biz həqiqətən də Böyük Müəllimin davamçısı olmaq istəyirik.

Bağışlamağın vacib olduğunu başa düşmək üçün gəl Süleymanın məsəlləri 19:11; Matta 6:14, 15 və Luka 17:3, 4 ayələrini oxuyaq.