Kontentə keç

Mündəricatı göstər

Fəsil 16

Ən vacib olan nədir?

Ən vacib olan nədir?

Bu kişi nəyi başa düşmürdü?

GÜNLƏRİN birində bir kişi İsanı görməyə gəldi. O bilirdi ki, İsa çox müdrikdir və buna görə də ona dedi: ‘Müəllim! Qardaşıma de ki, özündə olan şeylərdən mənə də bir az versin’. Həmin adam fikirləşirdi ki, qardaşının malının hansısa hissəsi onun olmalıdır.

İsanın yerində olsaydın, ona nə deyərdin? ~ İsa gördü ki, həmin kişiyə məsləhət vermək lazımdır. Əslində, onun qardaşının malına ehtiyacı yox idi. Sadəcə olaraq o, həyatda nəyin vacib olduğunu bilmirdi.

Gəl bunun üzərində bir az düşünək. Bizim üçün nə daha vacib olmalıdır? Gözəl oyuncaqlar, təzə paltar və ya buna oxşar başqa şeylər? ~ Xeyr, bunlardan qat-qat vacib olan bir şey var. İsanın da başa salmaq istədiyi şey elə bu idi. Buna görə də İsa Allahı unudan bir adam haqda əhvalat danışdı. Bu əhvalatı eşitmək istəyirsən? ~

Biri var idi, biri yox idi. Bir varlı kişi var idi. Onun şəxsi torpağı və anbarları var idi. Bir dəfə onun torpağı bol məhsul verdi. Məhsul o qədər çox idi ki, anbarlara yerləşmirdi. Bəs o, nə etmək qərarına gəldi? O, öz-özünə dedi: «Anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulumu və bütün dövlətimi oraya toplaram».

Varlı insan ağıllı qərar verdiyini düşünürdü. O elə fikirləşirdi ki, çoxlu var-dövlət toplamaq düzgündür. O, öz-özünə dedi: ‘Çoxlu dövlətim var. Uzun illər mənə bəs edər. İndi rahat yaşaya bilərəm. Özüm üçün yeyib, içib, kef çəkəcəyəm’. Ancaq varlı adam belə düşünməklə yanılırdı. Səncə, o nədə yanılırdı? ~ O, yalnız özünü və rahatlığını düşünürdü. Allahı isə tamam unutmuşdu.

Bu varlı kişi nə haqda düşünür?

Buna görə də Allah bu varlı kişiyə dedi: ‘Ey ağılsız, elə bu gecə öləcəksən. Topladığın şeylər kimə qalacaq?’ Bu adam öləndə var-dövlətini özü ilə apara bilərdi? ~ Əlbəttə ki, yox. Topladığı şeylər başqasına qalacaqdı. İsa sözünü belə bitirdi: «Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur» (Luka 12:13—21).

Yəqin sən bu varlı kişiyə oxşamaq istəməzdin, elə deyil? ~ Onun fikri-zikri var-dövlət toplamaq idi. Bu isə düzgün deyil. Onun gözü heç vaxt doymurdu. Ancaq o, Allah qarşısında varlı deyildi.

Bu gün çoxları bu varlı kişiyə bənzəyirlər. Onlara həmişə nə isə azlıq edir. Ancaq bu, böyük çətinliklərə gətirib çıxara bilər. Məsələn, yəqin sənin oyuncaqların var, hə? ~ De görüm, hansı oyuncaqların var? ~ Bəs əgər dostlarında olan topdan, gəlincikdən və ya başqa oyuncaqdan səndə yoxdursa, onda necə? Valideynlərini bu oyuncaqları almağa məcbur etməyin düzgün olardı? ~

Əvvəlcə sənə elə gələ bilər ki, bu oyuncaqsız yaşaya bilməzsən. Amma onu aldıqdan bir müddət sonra nə baş verir? ~ Oyuncaq köhnəlir. O, hətta sına da bilər. Buna görə də oyuncaq gözündən düşür və sən onu artıq əlinə belə almaq istəmirsən. Amma səndə elə bir şey var ki, oyuncaqdan olduqca qiymətlidir. Bilirsən, bu nədir? ~

Səndə oyuncaqlardan daha qiymətli olan nə var?

Bu, sənin həyatındır. Həyatın çox dəyərlidir, çünki onsuz heç nə edə bilməzsən. Razısan ki, həyatın Allahın ürəyini sevindirən işlər görməyindən asılıdır? ~ Buna görə də gəl Allahı unudan bu ağılsız varlı kişiyə oxşamayaq.

Bu varlı kişi kimi, hərdən ağılsızlıq edən yalnız uşaqlar olmur. Böyüklərin də çoxu belə edir. Onlardan bəziləri daha çox şey əldə etmək istəyirlər. Ola bilər, onların gündəlik yeməyi, paltarı və yaşamağa yerləri var. Ancaq onlar daha artığını, cürbəcür paltarlar və daha böyük evlər istəyirlər. Bütün bunları almaq üçün isə pul lazımdır. Buna görə də onlar pul qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Beləliklə, pul artdıqca, istəkləri də artır.

Bəzi böyüklər gecələrini gündüzə qatıb işləyirlər, buna görə də ailələrinə vaxtları qalmır. Onların Allah üçün də vaxtları olmur. Bəs səncə, qazandıqları pullar onların həyatını qoruya bilər? ~ Əlbəttə, yox. Bəs öləndən sonra bu pulları xərcləyə biləcəklər? ~ Xeyr. Çünki ölülər heç nə edə bilmirlər (Vaiz 9:5, 10).

Belə çıxır ki, pulu olmaq pisdir? ~ Xeyr. Çünki yemək və paltar almaq üçün pul lazımdır. Müqəddəs Kitab deyir ki, pul insanı müdafiə edir (Vaiz 7:12). Ancaq pulu sevsək, ciddi problemlər yaranacaq. Bu zaman biz özü üçün var-dövlət yığan, Allahı isə unudan ağılsız varlıya bənzəyəcəyik.

Bəs Allah qarşısında varlı olmaq nə deməkdir? ~ Bu o deməkdir ki, Allahı həyatımızda birinci yerə qoyuruq. Bəzi insanlar Allaha inandıqlarını söyləyirlər. Onların fikrincə, sadəcə Allahın olduğuna inanmaq bəsdir. Bəs əslində onlar Allah qarşısında varlıdırlar? ~ Xeyr, onlar Allahı unudan həmin varlı kişiyə bənzəyirlər.

İsa heç vaxt öz səmavi Atasını unutmurdu. O, çoxlu pul qazanmağa can atmırdı. Heç şəxsi əşyaları da çox deyildi. Çünki o, həyatda nəyin vacib olduğunu bilirdi. Bəs sən bunu bilirsən? ~ Bu, Allah qarşısında varlı olmaqdır.

Bu qız hansı vacib işlə məşğul olur?

De görüm, biz Allah qarşısında necə varlana bilərik? ~ Allahı razı salan işlər görməklə. İsa demişdi: «Mən daim Onun xoşuna gələn işləri görürəm» (Yəhya 8:29). Biz Allahın xoşuna gələn işləri görəndə O sevinir. İndi isə de görüm, sən Allahı sevindirmək üçün nə edə bilərsən? ~ Bəli, Müqəddəs Kitabı oxumaqla, məsihçi görüşlərinə getməklə, Allaha dua etməklə və başqalarına Onun haqqında danışmaqla Onu sevindirə bilərsən. Həyatda ən vacib olan şeylər bunlardır.

İsa Allah qarşısında varlı olduğu üçün Yehova onun qayğısına qalırdı. O, İsaya mükafat olaraq əbədi həyatı verdi. İsa kimi davransaq, Yehova bizi də sevəcək və qoruyacaq. Buna görə də gəl İsaya bənzəyək və heç vaxt Allahı unudan həmin varlı kişi kimi olmayaq.

Burada olan bəzi Müqəddəs Kitab ayələri maddi şeylərə necə yanaşmalı olduğumuzu göstərir: Süleymanın məsəlləri 23:4; 28:20; 1 Timoteyə 6:6—10 və İbranilərə 13:5.