Kontentə keç

Mündəricatı göstər

Fəsil 33

İsa bizi qoruya bilər

İsa bizi qoruya bilər

Sən İsanı necə təsəvvür edirsən, qüdrətli Padşah kimi, yoxsa aciz körpə kimi?

İSA böyüyərkən uşaqlığında necə xilas olunduğunu öyrənəndə, səncə, duada Yehovaya minnətdarlığını bildirdi? ~ Bəs necə fikirləşirsən, sonralar Məryəmlə Yusifin onu Misirə apararaq həyatını xilas etdiklərini biləndə İsa onlara nə dedi? ~

Əlbəttə, İsa artıq körpə deyil. O, bir vaxtlar olduğu kimi, daha yerdə də yaşamır. Amma heç fikir vermisən, bəzi adamlar hələ də İsanı axurda yatan körpə kimi təsəvvür edirlər? ~ Bir çox yerlərdə Milad bayramında İsanın körpə kimi təsvir olunduğu şəkilləri görmək olar.

Düzdür, İsa artıq yerdə yaşamır. Bəs sən onun sağ olduğuna inanırsan? ~ Bəli, o dirilib və indi göydə qüdrətli Padşahdır. Səncə, İsa ona xidmət edən insanları necə qoruya bilər? ~ Məsələn, İsa yerdə yaşayanda onu sevənləri necə qoruya biləcəyini göstərmişdi. Gəl görək bir dəfə şagirdləri ilə qayıqda olanda o, bunu necə etmişdi.

Gün günortadan keçmişdi. İsa səhər açılandan Qalileya dənizinin sahilində durub camaata təlim verirdi. Qalileya dənizi uzunluğu 20 kilometr, eni isə 12 kilometr olan böyük göldür. İsa üzünü şagirdlərinə tutub dedi: ‘Gəlin gölün o biri sahilinə keçək’. Onlar qayığa mindilər və gölün o biri tərəfinə üzməyə başladılar. İsa bərk yorulmuşdu, buna görə də qayığın arxasına keçdi və başını yastığa qoyub yatdı. Çox keçməmiş o, dərin yuxuya getdi.

İsa küləyə və dalğalara nə əmr edir?

Şagirdlər isə oyaq idilər. Bir müddət hər şey yaxşı idi, amma sonra güclü külək qopdu. Getdikcə külək lap güclənir, dalğalar isə böyüyürdü. Dalğalar qayığa çırpılır və qayıq su ilə dolmağa başlayırdı.

Şagirdlər qayığın batdığını düşünərək qorxuya düşdülər. Amma İsa qorxmurdu. O, hələ də qayığın arxasında yatırdı. Axırda şagirdləri onu oyadıb dedilər: ‘Ustad, ustad, bizi xilas elə; indi öləcəyik’. Bunu eşidən İsa qalxıb küləyə və dalğalara əmr etdi: «Dayan! Sakit ol!»

Dərhal külək sakitləşdi və dalğalar yatdı. Şagirdlər heyrət içində idilər. Onlar həyatlarında belə şey görməmişdilər. Onlar bir-birilərinə deyirdilər: ‘Bu kimdir ki, hətta küləyə və suya əmr edir, onlar da itaət edirlər?’ (Luka 8:22—25; Mark 4:35—41).

Bilirsən, İsa kimdir? ~ Bəs bu səlahiyyəti haradan aldığını necə, bilirsən? ~ İsa şagirdləri ilə olanda onlar gərək qorxmayaydılar, çünki İsa adi adam deyildi. O, başqa adamların bacarmadığı heyrətamiz şeyləri edə bilirdi. Gəl sənə onun fırtınalı dənizdə etdiyi başqa bir şeyi danışım.

Bu hadisə bir qədər sonra, başqa bir gün baş vermişdi. Bir dəfə axşam düşəndə İsa şagirdlərinə qayığa minib ondan əvvəl dənizin o biri tərəfinə getməyi söylədi. Özü isə dağa çıxdı. Bu sakit yerdə o, Atası Yehova Allaha rahat dua edə bilərdi.

Şagirdlər qayığa minib dənizin o biri sahilinə yola düşdülər. Amma çox keçməmiş külək əsməyə başladı. O, get-gedə daha da güclənirdi. Artıq gecə düşmüşdü. Onlar yelkəni salıb, avar çəkməyə başladılar. Amma çox uzağa gedə bilmədilər, çünki külək düz onların üstünə əsirdi. Hündür dalğalar qayığa çırpılır, onu o tərəf-bu tərəfə yırğalayırdı. Şagirdlər nə qədər əlləşirdilərsə, sahilə çıxa bilmirdilər ki, bilmirdilər.

İsa hələ də dağda idi. Artıq xeyli vaxt idi ki, o, burada idi. Amma indi gördü ki, şagirdləri hündür dalğaların arasında təhlükədədirlər. Buna görə də o, dağdan enib, dənizin sahilinə gəldi. İsa şagirdlərinə kömək etmək istəyirdi, buna görə də çalxalanan dənizin üstü ilə yeriməyə başladı.

Əgər sən suyun üzü ilə gəzməyə çalışsan, nə olar? ~ Suya batıb boğula bilərsən. Amma İsa bizdən fərqlənir. Onun xüsusi gücü var. İsa qayığa çatmaq üçün çox yol getməli idi. Buna görə də şagirdlər İsanın suyun üzü ilə onlara tərəf gəldiyini görəndə artıq dan yeri sökülürdü. Şagirdlər gördüklərinə inana bilməyib, qorxudan qışqırmağa başladılar. Bu zaman İsa onlara dedi: «Cəsur olun! Mənəm, qorxmayın!»

İsa nə üçün möcüzələr göstərirdi?

İsa qayığa minən kimi, fırtına sakitləşdi. Şagirdlər yenə də heyrətdən donub qalmışdılar. Onlar İsanın qarşısında baş əyib dedilər: «Doğrudan da Sən Allahın Oğlusan!» (Matta 14:22—33; Yəhya 6:16—21).

Həmin vaxt orada olmaq və İsanın etdiklərini öz gözümüzlə görmək əla olmazdı? ~ Bilirsən, İsa nə üçün həmin möcüzələri göstərirdi? ~ Çünki o, şagirdlərini sevir və onlara kömək etmək istəyirdi. Amma o həm də nə qədər böyük səlahiyyətə malik olduğunu və Allahın Padşahlığının Padşahı kimi gələcəkdə bu səlahiyyətdən necə istifadə edəcəyini göstərmək istəyirdi.

İsa bu gün öz davamçılarını necə qoruyur?

Hətta bu gün də İsa davamçılarını qorumaq üçün tez-tez öz səlahiyyətindən istifadə edir. Çünki Şeytan onların Allahın Padşahlığı haqqında danışmasına mane olmağa çalışır. Amma İsa indi səlahiyyətindən istifadə edərək şagirdlərini xəstəliklərdən qorumur və ya xəstələnəndə onları sağaltmır. Hətta İsanın həvarilərinin də hamısı axırda ölmüşdü. Yəhyanın qardaşı Yaqubu öldürmüş, Yəhyanın özünü isə həbs etmişdilər (Həvarilərin işləri 12:2; Vəhy 1:9).

Bu gün də belədir. Allaha xidmət edib-etməmələrindən asılı olmayaraq, insanların hamısı xəstələnir və axırda ölür. Amma tezliklə, İsanın Allahın Padşahlığının Padşahı kimi yer üzünü idarə edəcəyi vaxt hər şey başqa cür olacaq. O zaman heç kəs heç nədən qorxmayacaq, çünki İsa öz gücündən istifadə edərək ona tabe olanlara xeyir-dua verəcək (Yeşaya 9:6, 7).

Allahın Padşahlığının Padşahı olan İsanın nə qədər böyük səlahiyyətə malik olduğunu göstərən ayələrdən bəziləri bunlardır: Daniel 7:13, 14; Matta 28:18 və Efeslilərə 1:20—22.