Kontentə keç

Mündəricatı göstər

Fəsil 44

Biz Allahı sevənlərlə dostluq etməliyik

Biz Allahı sevənlərlə dostluq etməliyik

DOSTLAR bir yerdə vaxt keçirməyi və söhbət etməyi xoşlayırlar. Amma dost seçimində diqqətli olmaq lazımdır. Səncə, bizə ən yaxşı dost kim ola bilər? ~ Bəli, Yehova Allah.

Doğrudan biz Allahla dost ola bilərik? ~ Müqəddəs Kitabda deyilir ki, qədim zamanlarda yaşamış İbrahim «Allahın dostu» idi (Yaqub 2:23). Bilirsən, nə üçün? ~ Müqəddəs Kitab cavab verir ki, İbrahim Allaha qulaq asırdı. Hətta Allah çətin iş tapşıranda da İbrahim Onun dediyini edirdi. Deməli, Yehovanın dostu olmaq üçün biz İbrahim kimi, Onun xoşuna gələn işləri görməliyik. Böyük Müəllim də həmişə belə edir (Yaradılış 22:1—14; Yəhya 8:28, 29; İbranilərə 11:8, 17—19).

Nəyə görə Yehova İbrahimi Özünə dost seçdi?

İsa həvarilərinə demişdi: «Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, Mənim dostlarımsınız» (Yəhya 15:14). İsa Yehovanın sözlərini insanlara çatdırdığı üçün demək istəyirdi ki, onun dostları Allahın dediklərini yerinə yetirən insanlardır. Bəli, onun bütün dostları Allahı sevirdi.

Böyük Müəllimin yaxın dostlarından bəziləri həvarilər idi. 75-ci səhifədə onların şəklini görə bilərsən. Onlar İsa ilə hər yerə gedir və təbliğ işində ona kömək edirdilər. İsa vaxtının çox hissəsini onlarla keçirirdi. Onlar birlikdə yeyir, Allah haqqında söhbət edir və başqa işlər görürdülər. Amma İsanın başqa dostları da var idi. İsa onlarla qalır və birlikdə xoş vaxt keçirirdi.

Böyük şəhər olan Yerusəlimin lap yaxınlığında kiçik Beytanya kəndi yerləşirdi. İsaya əziz olan bir ailə orada yaşayırdı. Bu ailənin üzvləri sənin yadındadır? ~ Onlar Məryəm, Marta və Lazar idi. İsa Lazarı dostu adlandırırdı (Yəhya 11:1, 5, 11). Onlar Yehovanı sevir və Ona xidmət edirdilər. Məhz buna görə də İsa bu ailəni sevir və onlarla vaxt keçirməyi xoşlayırdı.

Nəyə görə İsa Yerusəlimə gedəndə çox vaxt bu ailədə qalırdı? Onların adını bilirsən?

Amma bu o demək deyil ki, İsa Allaha ibadət etməyən insanlara pis yanaşırdı. O, onlara qarşı da xeyirxah idi. Hətta onların evlərinə gedir və onlarla bir süfrədə çörək də kəsirdi. Bu səbəbdən bəzi adamlar İsanı «vergiyığanların və günahkarların dostu» adlandırırdılar (Matta 11:19). Amma İsa həmin adamların hərəkətlərini xoşladığı üçün yox, Yehova haqqında danışmaq üçün onların evinə gedirdi. İsa onlara pis yollarından əl çəkməyə və Allaha xidmət etməyə kömək etmək istəyirdi.

Zakay nə üçün ağaca çıxıb?

Bir gün Yerixo şəhərində belə bir hadisə baş verdi. İsa Yerusəlimə gedəndə oradan keçirdi. Onu görməyə çoxlu adam yığışmışdı. Onların içində Zakay adlı bir nəfər də var idi. O da İsanı görmək istəyirdi. Amma boyu balaca olduğundan və qabağında çoxlu adam durduğundan o, heç nə görə bilmirdi. Buna görə də İsa oradan keçəndə onu yaxşı görmək üçün qaçıb bir ağaca çıxdı.

İsa həmin ağacın yanına çatanda başını qaldırıb dedi: ‘Tez ol aşağı düş, bu gün sizə gələcəyəm’. Amma Zakay çoxlu pis işlər görən varlı adam idi. Nə üçün İsa belə bir insanın evinə getmək istəyirdi? ~

İsa ora onun hərəkətlərindən xoşu gəldiyi üçün yox, ona Allah haqqında danışmaq üçün getdi. O, həmin adamın onu görməyə necə can atdığını görürdü. Bu səbəbdən, Zakayın ona qulaq asacağına əmin idi. Bu, Allahın hansı həyat tərzini bəyəndiyi haqda onunla danışmaq üçün yaxşı fürsət idi.

Nə üçün İsa Zakayın evindədir və Zakay nə edəcəyinə söz verir?

Bəs bunun axırı nə oldu? ~ İsanın təlimləri Zakayın xoşuna gəldi. O, adamları aldatdığına görə çox peşman oldu və söz verdi ki, qanunsuz olaraq götürdüyü pulların hamısını geri qaytaracaq. Özü də İsanın davamçısı oldu. Yalnız bundan sonra İsa ilə Zakay dost oldu (Luka 19:1—10).

Əgər biz Böyük Müəllimin nümunəsini izləyiriksə, onda dostluq etmədiyimiz adamların yanına gedəcəyik? ~ Bəli. Amma onların həyat tərzini xoşladığımız və ya onlarla birlikdə pis işlər görmək istədiyimiz üçün yox. Biz Allah haqqında danışmaq üçün onlara gedəcəyik.

Ancaq bizim yaxın dostlarımız birlikdə vaxt keçirməyi çox xoşladığımız adamlardır. Yaxşı dost olmaq üçün onlar Allahın xoşuna gələn işləri görməlidirlər. Elə insanlar var ki, heç Yehovanı tanımırlar. İşdir, onlar Yehova haqda öyrənmək istəsələr, biz onlara kömək edə bilərik. Onlar Yehovanı bizim kimi sevəndə isə, biz onlarla yaxın dost ola bilərik.

Kiminsə yaxşı dost olub-olmayacağını başqa yolla da öyrənmək olar. Onun hərəkətlərinə diqqət yetir. O, başqalarına pislik edib, sonra da qıraqda durub gülür? Bu, yaxşı hərəkət deyil, düz demirəm? ~ O, həmişə öz başına iş açmır ki? Biz onunla birlikdə başımıza iş açmaq istəməzdik, elə deyil? ~ Yaxud bəlkə o, bilə-bilə pis işlər tutur, sonra isə etdiyi işdən heç kimin xəbər tutmadığına görə özünü fərasətli hesab edir? Hətta onun etdiyi şeydən heç kimin xəbəri olmasa da, Allah onu görür, düz demirəm? ~ Səncə, belə işlər görən adamdan bizə yaxşı dost çıxar? ~

Zəhmət olmasa, Müqəddəs Kitabını götür. Gəl görək dostların həyatımıza necə təsir etməsinə dair orada nə deyilir. Korinflilərə birinci məktubun 15-ci fəslinin 33-cü ayəsini açaq. Ayəni tapdın? ~ Orada yazılıb: «Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar». Bu o deməkdir ki, pis adamlarla oturub-dursaq, biz də onlar kimi olacağıq. Yaxşı dostlar isə bizə yaxşı vərdişlərə yiyələnməyə kömək edə bilər.

Gəl heç vaxt yaddan çıxarmayaq ki, həyatımızda ən vacib Şəxs Yehovadır. Biz Onunla dostluğumuzu pozmaq istəməzdik, elə deyil? ~ Buna görə də diqqətli olmalıyıq ki, yalnız Allahı sevən insanlarla dostluq edək.

Məzmur 119:115; Süleymanın məsəlləri 13:20; 2 Timoteyə 2:22 və 1 Yəhya 2:15 ayələrində dostları düzgün seçməyin vacibliyi göstərilir.