Kontentə keç

Mündəricatı göstər

Fəsil 47

Armageddonun yaxın olduğunu haradan bilirik?

Armageddonun yaxın olduğunu haradan bilirik?

SƏN artıq əlamətin nə olduğunu bilirsən, elə deyil? ~ 46-cı fəsildə biz Allahın bir daha dünyanı daşqınla məhv etməyəcəyinə dair verdiyi əlamət haqqında oxumuşduq. Həmçinin həvarilər də İsanın geri qayıtmasını və dünyanın sonunun yaxınlaşdığını bilmək üçün əlamət istəmişdilər (Matta 24:3).

İsa göydə gözəgörünməz olacaqdı. Buna görə də onun idarə etməyə başladığını bilmələri üçün insanlara əlamət vermək lazım idi. Bu səbəbdən, İsa şagirdlərinin yer üzündə izləməli olduqları əlamət haqda danışdı. Bu şeylərin baş verməsi onu göstərəcəkdi ki, İsa qayıdıb və göydə Padşah kimi hökmranlıq etməyə başlayıb.

Oyaq qalmağın vacib olduğunu göstərmək üçün İsa şagirdlərinə dedi: «Əncirə və bütün ağaclara baxın: Onlar yarpaq açdıqları zaman siz bunu görürsünüz və özünüz bilirsiniz ki, yay artıq yaxındır». Sən müəyyən əlamətlərdən yayın yaxın olduğunu bildiyin kimi, İsanın dediyi şeylərin də baş verdiyini gördükdə Har-Megidonun yaxın olduğunu başa düşə bilərsən (Luka 21:29, 30).

Əncir ağacından danışarkən İsa şagirdlərinə nəyi başa salmaq istəyirdi?

Bu və növbəti səhifədə biz şəkillərə diqqət yetirəcəyik. Həmin şəkillərdə Allahın Padşahlığının yaxın olması barədə İsanın verdiyi əlamətin bəzi hissələri təsvir olunur. Bütün bu şeylər baş verəndə, 46-cı fəsildə öyrəndiyimiz kimi, Allahın Padşahlığı İsa Məsihin rəhbərliyi altında bütün hökumətləri məhv edəcək.

Buna görə də əvvəlki iki səhifədə olan şəkillərə diqqətlə bax, çünki biz onlar haqqında danışacağıq. Matta 24:6—14 və Luka 21:9—11 ayələrindən bu şəkillərdə gördüyün şeylər haqqında oxuya bilərsən. Həmçinin hər şəklin üstündə olan rəqəmə də fikir ver. Həmin rəqəm şəkli izah edən abzasın əvvəlində yazılıb. İndi gəl baxaq görək, İsanın verdiyi əlamətin çox hissəsi bu gün yerinə yetir, ya yox.

1) İsa demişdi: «Siz müharibə gurultuları və müharibə xəbərləri eşidəcəksiniz... Çünki xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq». Sən nə vaxtsa müharibə haqda xəbərlər eşitmisən? ~ 1914-cü ildən 1918-ci ilədək Birinci Dünya müharibəsi, 1939-cu ildən 1945-dək isə İkinci Dünya müharibəsi olmuşdur. O vaxta qədər heç vaxt dünya müharibəsi olmamışdı! Hal-hazırda dünyanın hər yerində müharibə gedir. Adama elə gəlir ki, hər gün televizordan, radiodan və qəzetlərdən müharibə haqqında eşidir və ya oxuyur.

2) İsa həmçinin demişdi: «Yer-yer qıtlıqlar... olacaqdır». Yəqin bilirsən ki, hamının kifayət qədər yeməyi yoxdur. Hər gün minlərlə insan doyunca yemək yemədiyi üçün ölür.

3) İsa əlavə etmişdi: «Bir çox yerlərdə epidemiyalar... olacaq» (YD). Bilirsən, epidemiya nədir? ~ Bu, çoxlu adamı tələf edən xəstəlikdir. İspan qripi adlanan böyük epidemiya bir ilin içində təxminən 20 milyon insanın həyatına son qoymuşdu. Bizim günlərdə isə, ehtimal ki, QİÇS xəstəliyindən ondan da çox adam öləcək. Bundan əlavə, hər il minlərlə insan xərçəngdən, ürək xəstəliyindən və başqa xəstəliklərdən ölür.

4) İsa əlamətin digər hissəsini belə təsvir etmişdi: «Yer-yer... zəlzələlər olacaqdır». Bilirsən, zəlzələ nədir? ~ Zəlzələ olanda yer adamın ayağının altında tərpənir. Bu zaman evlər dağılır, çox vaxt isə insanlar ölür. 1914-cü ildən başlayaraq, hər il çoxlu sayda zəlzələ baş verir. Sən zəlzələ haqda eşitmisən? ~

5) İsa demişdi ki, əlamətin digər hissəsi ‘pisliklərin get-gedə artması’ olacaq. Məhz buna görə də yer üzündə bu qədər oğurluq və zorakılıq var. Bütün dünyada insanlar qorxurlar ki, birdən kimsə onların evlərini soyar. Hələ heç vaxt dünyada indiki qədər cinayət və zorakılıq olmayıb.

6) İsa: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» deməklə əlamətin əsas hissəsini təsvir etmişdi (Matta 24:14). Əgər sən bu xoş xəbərə inanırsansa, başqalarına da bu haqda danışmalısan. Belə etməklə əlamətin bu hissəsinin həyata keçməsində sən də iştirak edə bilərsən.

Bəzi adamlar deyə bilərlər ki, İsanın dedikləri elə həmişə olub. Amma indiyə kimi heç vaxt bu şeylərin hamısı eyni vaxtda və dünyanın bu qədər çox yerində baş verməyib. İndi başa düşürsən, əlamət nə deməkdir? ~ Yəni bütün bu şeylərin yerinə yetməsini görəndə əmin ola bilərik ki, tezliklə bu pis dünyanı Allahın yeni dünyası əvəz edəcək.

İsa bu əlaməti verəndə ilin fəsillərindən biri haqda da danışmışdı. O demişdi: «Dua edin ki, qaçmanız qışda... olmasın» (Matta 24:20). Səncə, İsa bununla nə demək istəyirdi? ~

Əgər insan qışda, şaxtalı və yol getmək üçün təhlükəli olan havada hansısa fəlakətdən qaçıb canını qurtarmağa çalışsa, nə baş verər? ~ Hətta canını qurtara bilsə də, bu, ona asan başa gəlməyəcək. Başqa işlərin ucbatından bir az tez yola düşmədiyi üçün kiminsə qışın çovğununda ölməsi kədərli olmazdı? ~

Qış vaxtı qaçmaqdan danışanda İsa nə demək istəyirdi?

Qaçmağı qışa saxlamamaq barədə danışmaqla İsanın hansı vacib fikri çatdırmaq istədiyini başa düşdün? ~ O demək istəyirdi ki, Har-Megidonun yaxın olduğunu bildiyimiz üçün Allaha məhəbbətimizi Ona xidmət etməklə göstərməyi təxirə salmamalıyıq. Əgər bunu təxirə salsaq, sonra gec olar. Belə etsək, biz Daşqın baş verən vaxt yaşayan və Nuhun xəbərdarlıq etməsinə baxmayaraq, gəmiyə girməyən insanlara bənzəyəcəyik.

Gəl növbəti fəsildə böyük müharibə olan Har-Megidondan sonra həyatın necə olacağı barədə danışaq. Biz Allahın Onu sevənlər və Ona indi xidmət edənlər üçün nə hazırladığını öyrənəcəyik.

Növbəti ayələr Har-Megidonun yaxın olduğunu göstərir: 2 Timoteyə 3:1—5 və 2 Peter 3:3, 4.