Kontentə keç

Mündəricatı göstər

FƏSİL 8

Allah təmiz insanları sevir

Allah təmiz insanları sevir

«Saf adamla saf davranırsan» (ZƏBUR 18:26).

1—3. a) Ana uşağının təmiz və səliqəli olduğuna nə üçün diqqət yetirir? b) Yehova xidmətçilərinin təmiz olmasını nə üçün istəyir və biz nəyə görə təmiz olmaq istəyirik?

ANA balaca oğlunu məktəbə yola salır. O, uşağın əl-üzünün, əyin-başının təmizliyinə, səliqəsinə diqqət yetirir. Çünki təmizlik sağlamlığın rəhnidir. Ana həmçinin bilir ki, camaat uşağa baxıb valideynə qiymət verir.

2 Bizim səmavi Atamız Yehova istəyir ki, Onun xidmətçiləri təmiz və ya saf olsunlar. Onun Kəlamında deyilir: «Saf adamla saf davranırsan» * (Zəbur 18:26). Yehova bizi sevir. O bilir ki, təmizlik səhhətimiz üçün xeyirlidir. O həmçinin gözləyir ki, biz məsihilər insanlarda yaxşı təəssürat oyadıb, Ona şərəf gətirək. Doğrudan da, üst–başımız səliqəlidirsə və nümunəvi davranırıqsa, onda Yehovanın başını ucaldır, müqəddəs adına şərəf gətiririk (Hizqiyal 36:22; 1 Butrus 2:12 ayəsini oxu).

3 Allah təmiz adamları sevdiyindən, biz də daima təmiz olmalıyıq. Biz Allahımızı sevirik və yaşayışımızla Ona şərəf gətirmək, Onun məhəbbətini qoruyub-saxlamaq istəyirik. Buna görə də gəlin üç məsələnin üzərində dayanaq: biz nə üçün təmiz olmalıyıq? Təmiz olmaq nə deməkdir? Biz necə təmiz ola bilərik? Bu araşdırma həyatımızın hansı sahəsində dəyişikliyə ehtiyac duyulduğunu bizə göstərəcək.

BİZ NƏ ÜÇÜN TƏMİZ OLMALIYIQ?

4, 5. a) Biz ilk növbədə nəyə görə təmiz olmalıyıq? b) Yehovanın təmizliyi sevməsi Onun yaratdıqlarından necə görünür?

4 Yehova bizi başqa şeylərlə yanaşı, şəxsi nümunəsi ilə də öyrədir. Elə buna görə də Müqəddəs Kitab bizi Ona bənzəməyə çağırır (Efeslilərə 5:1). Deməli, ən başlıcası, ibadət etdiyimiz Yehova Allah hər cəhətdən təmiz, pak və müqəddəs olduğu üçün biz də təmiz olmalıyıq. (Lavililər 11:44, 45 ayələrini oxu.)

5 Yehovanın yaratdıqları Onun bir çox keyfiyyətləri ilə yanaşı, təmizliyi sevdiyini də göstərir (Romalılara 1:20). Yehova Yeri yaradanda istəyirdi ki, insanlar onu təmiz saxlasınlar. O həmçinin havanı və suyu təmizləmək üçün ekoloji dövranlar da yaratmışdır. Məsələn, bəzi bakteriyalar sanitar rolunda çıxış edərək, tullantıları zərərsiz maddələrə çevirirlər. Alimlər bu «acgöz» mikroorqanizmlərin bəzi növlərini insanın xudbin və tamahkar fəaliyyətinin nəticəsində yaranmış neft tullantılarını və digər zərərli tullantıları təmizləmək üçün istifadə edirlər. Göründüyü kimi, təmizlik «yeri qüdrətilə xəlq edən» Allah üçün çox vacibdir (Ərəmya 10:12). Təmizlik bizim üçün də vacib olmalıdır.

6, 7. Tövratda Yehovaya ibadət edənlərdən təmizlik tələb olunduğu necə vurğulanır?

6 Təmiz qalmalı olduğumuzun digər bir səbəbi odur ki, Hökmdarımız Yehova Öz xidmətçilərindən təmiz olmağı tələb edir. Yehovanın İsrailə verdiyi qanunda təmizliklə ibadət bir-birilə bağlı idi. Misal üçün, qanun baş kahindən Kəffarə günündə iki dəfə yuyunmağı tələb edirdi (Lavililər 16:4, 23, 24). Digər kahinlər də Yehovaya qurban gətirməzdən əvvəl əl-ayaqlarını yumalı idilər (Çıxış 30:17—21; 2 Salnamələr 4:6). Tövratda 70-ə yaxın fiziki natəmizlik və murdarlıq hallarının adı çəkilir. İsrailli natəmiz olanda ona ibadətdə iştirak etmək qadağan olunurdu, bu qadağanı pozanda bəzi hallarda o, hətta ölümlə cəzalandırıla bilərdi (Lavililər 15:31). Çimmək və paltarını yumaq da daxil olmaqla, paklanmaqdan boyun qaçıran hər kəs xalqın arasından yox edilməli idi (Saylar 19:17—20).

7 Biz Tövrata əsasən yaşamasaq da, bu qanunun sayəsində Allahın müəyyən şeylərə münasibətini anlayırıq. Tövrat Allaha ibadət edənlərdən təmizlik tələb olunduğunu vurğulayırdı. Yehova dəyişməyib (Məlaki 3:6). İbadətimiz yalnız «pak və qüsursuz» olduğu təqdirdə, Allah onu qəbul edəcək (Yaqub 1:27). Ona görə də, Allahın bu məsələdə bizdən nə tələb etdiyini öyrənmək lazımdır.

ALLAHIN GÖZÜNDƏ TƏMİZ OLMAQ NƏ DEMƏKDİR?

8. Yehova bizdən hansı sahələrdə təmiz olmağı gözləyir?

8 Müqəddəs Kitabda təmizlikdən söhbət gedəndə yalnız fiziki təmizlik nəzərdə tutulmur. Allahın gözündə təmiz olmaq həyatımızın bütün sahələrinə aiddir. Yehova bizdən dörd əsas sahədə — ruhani, əxlaqi, əqli və fiziki cəhətdən təmiz olmağı gözləyir. Gəl bu sahələri qısaca nəzərdən keçirək.

9, 10. Ruhani cəhətdən təmiz qalmaq nə deməkdir və həqiqi məsihilər nədən qaçırlar?

9 Ruhani təmizlik. Ruhani təmizlik həqiqi ibadətlə yalan ibadəti bir-birinə qatmamağı bildirir. İsraillilər Babili tərk edib Yerusəlimə qayıdanda «oranı tərk edin, murdar şeylərə toxunmayın... özünüzü pak saxlayın» məsləhətinə əməl etməli idilər (Əşiya 52:11). İsraillilər ilk növbədə Yehovaya ibadəti bərpa etmək üçün vətənlərinə qayıdırdılar. Onların ibadəti təmiz olmalı, Allahı təhqir edən Babil dininin müxtəlif təlimləri, ayinləri və adətləri ilə ləkələnməməli idi.

10 Yalan dinlə ləkələnməmək üçün həqiqi məsihilər özlərini qorumalıdırlar. (1 Korinflilərə 10:21 ayəsini oxu.) Biz bu sahədə çox ehtiyatlı olmalıyıq, çünki yalan dinin təsiri geniş vüsət alıb. Bir çox ölkələrdə müxtəlif dini mərasimlər, adət və ənənələr yalan dini təlimlərlə, məsələn, guya ölümdən sonra ruhun yaşaması inancı ilə bağlıdır (Vaiz 9:5, 6, 10). Məsihilər yalan dinlə əlaqəsi olan adətlərə riayət etmirlər *. Biz yol vermərik ki, başqaları bizə Müqəddəs Kitabın təmiz ibadətlə bağlı normalarını pozmağa təzyiq göstərsin (Həvarilərin işləri 5:29).

11. Əxlaqi təmizlik nədir və nəyə görə vacibdir?

11 Əxlaqi təmizlik. Əxlaqi cəhətdən təmiz qalmaq üçün hər növ cinsi əxlaqsızlığı rədd etmək lazımdır. (Efeslilərə 5:5 ayəsini oxu.) Əxlaqi təmizlik çox vacibdir. Allahın məhəbbətini qorumaq üçün əxlaqsızlıqdan qaçmaq lazımdır. Bu haqda növbəti fəsildə müzakirə edəcəyik. Əxlaqsızlıq edib tövbə etməyənlər «Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10, 18). Onlar Allahın gözündə «iyrənc əməl sahiblərinin» sırasına daxildirlər. Əgər əxlaqi cəhətdən təmizlənməsələr, onların aqibəti ikinci ölüm olacaq (Vəhy 21:8).

12, 13. Düşüncə ilə hərəkət arasında hansı əlaqə mövcuddur və biz əqli cəhətdən necə təmiz qala bilərik?

12 Əqli təmizlik. Hərəkət düşüncədən doğur. Əgər biz yanlış fikirlərin ağlımızda və ürəyimizdə kök salmasına yol versək, bu, əvvəl-axır natəmiz hərəkətə gətirib çıxaracaq (Mətta 5:28; 15:18—20). Pak, təmiz fikirlər isə bizi təmiz davranışa yönəldəcək. (Filippililərə 4:8 ayəsini oxu.) Əqlimizi necə təmiz saxlaya bilərik? İlk növbədə, əqli korlayan əyləncələrdən uzaq durmaq lazımdır *. Həmçinin Allahın Kəlamını müntəzəm mütaliə etməklə ağlımızı saf fikirlərlə doldura bilərik (Zəbur 19:8, 9).

13 Allahın məhəbbətini qoruyub-saxlamaq üçün ruhani, əxlaqi və əqli cəhətdən təmiz olmaq çox vacibdir. Bu sahələr növbəti fəsillərdə daha ətraflı müzakirə ediləcək. Burada isə dördüncü — fiziki təmizlik sahəsinə diqqət yetiriləcək.

FİZİKİ CƏHƏTDƏN NECƏ TƏMİZ QALMAQ OLAR?

14. Nəyə görə fiziki təmizlik yalnız şəxsi məsələ deyil?

14 Fiziki təmizlik deyəndə, adətən, bədən və ev-eşiyin təmizliyi nəzərdə tutulur. Kimsə deyə bilər ki, təmizlik şəxsi işdir və ona qarışmağa heç kimin ixtiyarı yoxdur. Yehovaya ibadət edənlər bu fikirlə razı deyillər. Yuxarıda deyildiyi kimi, Yehova təmizliyə çox ciddi yanaşır, çünki təmizlik öz xeyrimizədir, ən əsası isə, insanlar bizə baxıb Yehovanın necə Allah olduğuna qiymət verirlər. Birinci abzasdakı nümunəyə bir də qayıdaq. Əyin-başından həmişə pintilik, səliqəsizlik yağan uşağı görəndə, başlayırıq onun valideynini qınamağa. Biz də istəməzdik ki, görkəmimiz və yaxud məişətimiz səmavi Atamızı bədnam etsin, təbliğ etdiyimiz xəbəri hörmətdən salsın. Allahın Kəlamında deyilir: «Xidmətimizdə qüsur tapılmasın deyə, biz iman yolunda kimisə büdrədən bir iş görmürük, özümüzü hər cəhətdən Allahın xidmətçiləri kimi göstəririk» (2 Korinflilərə 6:3, 4). Fiziki təmizliyi necə qorumaq olar?

15, 16. Gigiyena qaydalarına nə daxildir və bizim geyimimiz necə olmalıdır?

15 Şəxsi gigiyena və xarici görkəm. Hər ölkənin özünəməxsus mədəniyyəti və şəraiti var, buna baxmayaraq, sabun və su tapıb yuyunmaq, özümüzün və uşaqlarımızın təmizliyinin qeydinə qalmaq çətin deyil. Yemək hazırlamazdan, qida qəbulundan əvvəl, tualetdən çıxandan sonra, uşağı yuyub bezini dəyişəndən sonra əlləri sabunla yumaq gigiyena qaydalarına daxildir. Əlləri sabunla yumaq xəstəliyin qarşısını alır və hətta insanı ölümdən xilas edir. Bu vərdiş zərərli virus və mikrobların yayılmasının qarşısını alır və bununla, insanları ishal xəstəliklərindən qoruyur. Kanalizasiya sisteminə qoşulmamış evlərdə ifrazatı qədim İsraildə olduğu kimi, basdırmaq olar (Qanunun təkrarı 23:12, 13).

16 Təmiz və ləyaqətli görünmək üçün paltarı müntəzəm yumaq lazımdır. Şərt deyil ki, məsihinin geyimi mütləq bahalı, son dəbə uyğun olsun. Ən əsası, geyim səliqəli, təmiz və abırlı olmalıdır. (1 Timutiyə 2:9, 10 ayələrini oxu.) Biz harada oluruqsa–olaq, xarici görkəmimizlə Xilaskarımız Allahın təlimini bəzəmək istəyirik (Titusa 2:10).

17. Nəyə görə ev-eşiyimiz və əmlakımız təmiz və səliqə-sahmanlı olmalıdır?

17 Ev və əmlak. Evimizin mütləq dəbdəbəli, təmtəraqlı olması vacib deyil. Ev imkan daxilində təmiz, səliqə-sahmanlı olmalıdır. Əgər yığıncağa və təbliğə şəxsi maşınımızla gediriksə, biz onu həm bayırdan, həm də iç tərəfdən təmiz saxlamalıyıq. Unutmayaq ki, təmiz ev-eşik və əmlak ibadət etdiyimiz Allah haqqında şəhadət verir. Axı biz insanlara Yehovanın təmiz Allah olduğunu, yeri tələf edənləri tələf edəcəyini və Onun Padşahlığının yer üzünü tezliklə Cənnətə çevirəcəyini öyrədirik (Vəhy 11:18; Luka 23:43). Ev-eşiyimizi və əmlakımızı təmiz saxlamaqla biz qarşıdan gələn yeni dünyada lazım olacaq təmizlik qaydalarını artıq indidən vərdişə çevirdiyimizi göstəririk.

Fiziki təmizlik deyəndə, adətən, bədən və ev-eşiyin təmizliyi nəzərdə tutulur

18. İbadət evinə hörmətlə yanaşdığımızı necə göstərə bilərik?

18 İbadət yerləri. Yehovanı sevdiyimiz üçün biz həqiqi ibadətin mərkəzi olan ibadət evlərinə hörmətlə yanaşırıq. Biz istəyirik ki, ibadət üçün toplaşdığımız yer təzə gələnlərə xoş təəssürat bağışlasın. İbadət evinin yaraşıqlı olması üçün onu müntəzəm təmizləmək və təmirinə fikir vermək lazımdır. Bunun üçün əlimizdən gələni ediriksə, ibadət evinə hörmətlə yanaşdığımızı göstəririk. İbadət yerlərini təmizləmək və təmir etmək üçün vaxt sərf etmək əslində böyük şərəfdir (2 Salnamələr 34:10). Eyni prinsiplər toplantı zalına və ya böyük toplantıların keçirildiyi digər yerlərə də aiddir.

NATƏMİZ VƏRDİŞ VƏ ƏMƏLLƏRDƏN TƏMİZLƏN

19. Fiziki natəmizliyə yol verməmək üçün nədən çəkinməliyik və Müqəddəs Kitab bizim köməyimizə necə çatır?

19 Fiziki cəhətdən təmiz qalmaq üçün biz özümüzü siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə etmək, asılılıq yaradan və ya beyinə təsir göstərən maddələrin qeyri-tibbi məqsədlə istifadəsi kimi natəmiz vərdiş və işlərdən təmizləməliyik. Bu gün dünyada geniş yayılmış bütün natəmiz, iyrənc vərdiş və əməllərin Müqəddəs Kitabda adı konkret olaraq çəkilməsə də, orada Yehovanın bu işlərə münasibətini göstərən prinsiplər vardır. Yehovanın nöqteyi-nəzərini bilməyimiz və Ona qarşı məhəbbət bizi Onun bəyəndiyi tərzdə yaşamağa təşviq edir. Gəl Müqəddəs Kitabdan beş prinsipi nəzərdən keçirək.

20, 21. Yehova hansı əməllərdən çəkinməyimizi istəyir və bu, nə üçün vacibdir?

20 «Bizə verilmiş vədlərin müqabilində gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1). Yehova istəyir ki, biz cismimizi və ruhumuzu, yəni əhval-ruhiyyəmizi natəmiz əməllərin zərərindən qoruyaq. Ona görə də biz asılılıq yaradan, fiziki və əqli sağlamlığımıza ziyan vuran vərdişlərdən çəkinməliyik.

21 Bizi murdarlayan hər şeydən özümüzü təmizləmək çox vacibdir. Diqqət yetir ki, 2 Korinflilərə 7:1 ayəsi «bizə verilmiş vədlər» sözləri ilə başlayır. Söhbət hansı vədlərdən gedir? Bu ayədən bir az yuxarıda, Yehova belə deyir: «Mən sizi qəbul edəcəyəm... Mən sizə Ata olacağam» (2 Korinflilərə 6:17, 18). Bir düşün: Yehova söz verir ki, sənin qeydinə qalacaq, səni qoruyacaq, doğma balasını sevən ata kimi səni sevəcək. Amma Yehova vədini yalnız sən «cismi və ruhu» murdarlayan şeylərdən uzaq durduğun təqdirdə yerinə yetirəcək. Hər hansı bir murdar vərdiş və ya əməl ucbatından özünü Yehova ilə yaxın, ata-bala münasibətindən məhrum etmək necə də böyük ağılsızlıq olardı!

22—25. Hansı Müqəddəs Kitab prinsipləri sayəsində natəmiz vərdişlərdən və əməllərdən çəkinmək olar?

22 «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (Mətta 22:37). İsa demişdi ki, «bu, birinci və ən böyük əmrdir» (Mətta 22:38). Yehova belə məhəbbətə layiqdir. Onu bütün qəlbimizlə, varlığımızla və ağlımızla sevmək üçün ömrümüzü qısaldan və Allahın bəxş etdiyi düşüncə qabiliyyətini kütləşdirən əməlləri rədd etməliyik.

23 «[Yehova] hamıya həyat, nəfəs — hər şey verir» (Həvarilərin işləri 17:24, 25). Həyat Allahın bəxşişidir. Bizə həyat verən Allahı sevdiyimiz üçün Onun bəxşişinə də hörmətlə yanaşmalıyıq. Biz səhhətimizə ziyan vuran vərdiş və əməlləri rədd edirik, çünki belə işləri görməklə həyat bəxşişinə böyük hörmətsizlik göstəririk (Zəbur 36:9).

24 «Başqasını özünü sevdiyin kimi sev» (Mətta 22:39). Natəmiz vərdiş və əməllər nəinki insanın özünə, ətrafındakılara da mənfi təsir göstərir. Misal üçün, siqaret çəkməyən adam uzun müddət siqaret tüstüsü udmalı olursa, onun səhhətinə böyük zərər vurulur. Ətrafındakılara ziyan vuran insan Allahın «başqasını özünü sevdiyin kimi sev» qanununu pozmuş olur. Bununla o, «Allaha qurban olum, Allahı sevirəm» sözlərini yalandan dediyini sübut edir (1 Yəhya 4:20, 21).

25 «Daima onlara xatırlat ki, hakimiyyətə və hökumətə tabe olsunlar» (Titusa 3:1). Bir çox ölkələrdə qanun müəyyən narkotik maddələrə sahib olmağı və onların istifadəsini qadağan edir. Həqiqi məsihilər qanunsuz narkotik maddələri almır və onlardan istifadə etmirlər (Romalılara 13:1).

26. a) Allahın məhəbbətini qoruyub-saxlamaq üçün biz nə etməliyik? b) Allahın gözündə təmiz qalmaq nə üçün ən yaxşı həyat yoludur?

26 Allahın məhəbbətini qoruyub-saxlamaq üçün yalnız bir-iki sahədə təmiz olmaq azdır, həyatın bütün sahələrində təmiz olmaq lazımdır. Natəmiz vərdiş və əməllərdən yaxa qurtarmaq nə qədər çətin olsa da, mümkündür *. Bu, doğrudan da ən yaxşı həyat yoludur. Yehova bizi öz xeyrimiz üçün öyrədir. (Əşiya 48:17 ayəsini oxu.) Ən əsası, təmiz qalmaqla biz sevdiyimiz Allahın başını uca edirik. Bu, bizə böyük xoşbəxtlik gətirir və beləliklə, biz Allahın məhəbbətini qoruyub-saxlayırıq.

^ abz. 2 Orjinal dildən «saf» və «təmiz» kimi tərcümə olunmuş sözlər bəzən fiziki təmizliyi, çox vaxt isə əxlaqi və ya ruhani təmizliyi bildirir.

^ abz. 26 94-cü səhifədəki « Düzgün davranmaq üçün var gücümlə çalışıram?» və yuxarıdakı « Allah üçün hər şey mümkündür» adlı çərçivələrə bax.

^ abz. 67 Ad dəyişdirilib.