Kontentə keç

Mündəricatı göstər

ƏLAVƏLƏR

Qan fraksiyaları və cərrahiyyə prosedurları

Qan fraksiyaları və cərrahiyyə prosedurları

Qan fraksiyaları. Fraksiyalar qanın əsas dörd komponentindən — eritrositlərdən, leykositlərdən, trombositlərdən və plazmadan alınır. Misal üçün, eritrositlərin tərkibində hemoqlobin zülalı vardır. İnsan və heyvan hemoqlobinindən hazırlanmış preparatlar kəskin anemiya və çoxlu qan itirmə hallarında istifadə edilir.

90 faizi sudan ibarət olan plazmanın tərkibində külli miqdarda hormonlar, qeyri-üzvi duzlar, fermentlər, qidalı maddələr, minerallar və şəkər var. Plazmanın tərkibində həmçinin laxtalanma faktorları, xəstəliklə mübarizə aparan anticisimlər və albumin kimi zülallar var. Əgər kiminsə hər hansı bir xəstəliyə tutulma təhlükəsi varsa, həkim ona bu xəstəliyə qarşı immuniteti olan adamın plazmasından alınmış qamma-qlobulin inyeksiyaları yaza bilər. Leykositlərin tərkibində bəzi virus infeksiyalarının və xərçəngin müalicəsində istifadə edilən interferonlar və interleykinlər var.

Məsihilər qanın fraksiyalarından istifadə olunan müalicə metodlarını qəbul edə bilərlər? Müqəddəs Kitab bu haqda konkret göstəriş vermir, buna görə də hər kəs Allahın qarşısında vicdanına görə qərar qəbul etməlidir. Bəziləri Allahın İsrailə verdiyi Qanunda yazılmış «qanı... torpağa axıtmalısınız» əmrini əsas tutub bütün fraksiyalardan imtina edirlər (Qanunun təkrarı 12:22—24). Digərləri xalis qan və onun əsas komponentlərinin köçürülməsindən imtina edir, lakin hər hansı bir fraksiya ilə müalicəni qəbul edirlər. Onlar hesab edirlər ki, qanın tərkibindən çıxarılandan sonra fraksiyalar artıq qanın götürüldüyü varlığın həyatını təmsil etmir.

Qanın fraksiyaları ilə bağlı qərar qəbul etməzdən əvvəl özündən soruş: «Qanın bütün fraksiyalarından imtina etməklə tərkibinə fraksiyalar daxil olub xəstəliklərlə mübarizə aparan və ya qanaxmanı dayandırmaq üçün laxtalanmaya kömək edən preparatlardan da imtina etdiyimi başa düşürəm? Qanın bir və ya bəzi fraksiyasını nə üçün qəbul edib, digərlərindən imtina etməyimin səbəbini həkimə izah edə biləcəyəm?»

Cərrahiyyə prosedurları. Buraya hemodilusiya və reinfuziya daxildir. Hemodilusiya zamanı qanın bir hissəsi orqanizmdən çıxarılıb, qanın həcmini artıran preparatla əvəz edilir. Çıxarılmış qan xeyli sonra xəstəyə qaytarılır. Reinfuziyada cərrahiyyə əməliyyatı zamanı itirilmiş qan yığılıb xəstəyə qaytarılır. Qan bədən boşluğundan və ya yaradan yığılır, təmizlənir və ya süzgəcdən keçirilir və sonra yenidən xəstənin bədəninə qaytarılır. Hər bir həkim bu metodların tətbiqinə fərdi yanaşdığı üçün məsihi onu müalicə edən həkimdən bu prosedurları necə keçirdiyini öyrənməlidir.

Bu prosedurlarla bağlı qərar verməzdən əvvəl özündən soruş: «Qanımın bir hissəsi bədənimdən çıxarılarsa və ola bilsin, həmin bu hissənin dövranı bir müddət dayandırılarsa, vicdanım bu qana hələ də bədənimin bir hissəsi kimi baxmağa və onu torpağa axıtmamağa yol verəcək?» (Qanunun təkrarı 12:23, 24). «Tibbi prosedur zamanı qanımın bir hissəsi bədənimdən çıxarılıb tərkibi dəyişdiriləndən sonra yenidən bədənimə qaytarılarsa, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanım buna necə baxacaq? Öz qanımın istifadəsi ilə bağlı bütün tibbi prosedurlardan imtina etməklə mən həmçinin qan analizlərindən, hemodializdən və süni qan dövranı aparatından da imtina etdiyimi başa düşürəm?»

Məsihi cərrahiyyə əməliyyatı zamanı öz qanının necə istifadə ediləcəyi ilə bağlı özü qərar verməlidir. Bu həm də tibbi analizlərə və xəstədən az miqdarda qan götürüb tərkibi dəyişilərək yenidən xəstəyə vurulması kimi müalicə üsullarına da aiddir.