Kontentə keç

Mündəricatı göstər

FƏSİL 17

Özünü son dərəcə müqəddəs imanının təməli üzərində möhkəmləndir

Özünü son dərəcə müqəddəs imanının təməli üzərində möhkəmləndir

«Özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə*... Allahın məhəbbətindən ayrılmayın» (YƏHUDA 20, 21).

1, 2. Sən hansı «tikintidə» iştirak edirsən və gördüyün işin keyfiyyəti nəyə görə çox vacibdir?

ARTIQ neçə vaxtdır ki, sən çox səylə tikinti layihəsi üzərində işləyirsən. Tikinti hələ xeyli vaxt davam edəcək. Bu iş nə qədər çətin olsa da, sənə böyük sevinc gətirir. Sən heç nəyə baxmayaraq, təslim olmamaq və ya səhlənkarlıq etməmək əzmindəsən, çünki gördüyün işin keyfiyyəti sənin həyatına, hətta gələcəyinə təsir göstərəcək. Niyə? Çünki həmin layihə sən özünsən! *

2 İsanın şagirdi Yəhuda qeyd edirdi ki, biz özümüzü möhkəmləndirməliyik. Məsihiləri Allahın məhəbbətindən ayrılmamağa təşviq edərkən o, bunun əsas yolunu da göstərmişdi: «Özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə» (Yəhuda 20, 21). Allahın məhəbbətindən ayrılmamaq üçün imanını necə gücləndirib, özünü möhkəmləndirə bilərsən? Gəl üç zəruri amili nəzərdən keçirək.

YEHOVANIN ADİL TƏLƏBLƏRİNƏ İNAMINI MÖHKƏMLƏNDİR

3—5. a) Şeytan Yehovanın tələblərinə qarşı hansı yanlış təsəvvürü yaratmaq istəyir? b) Allahın tələblərinə necə münasibət bəsləməliyik və bu, bizə nə gətirəcək? Nümunə çək.

3 Hər şeydən öncə biz Allahın qanunlarına inamımızı möhkəmləndirməliyik. Bu kitabı öyrəndikcə Yehovanın davranışa aid bir sıra adil tələblərini araşdırmısan. Onlara münasibətin necədir? Şeytanın məqsədi səni aldadıb Yehovanın qanun, prinsip və normalarının sərt, hətta qəddar olduğuna əmin etməkdir. Bu taktika Ədən bağında müvəffəqiyyət gətirəndən sonra Şeytan daima ondan istifadə edir (Yaradılış 3:1—6). Bəs o, səni necə, aldada biləcək? Sənin münasibətindən çox şey asılıdır.

4 Bir nümunəni nəzərdən keçirək. Təsəvvür et ki, gözəl bir parkda gəzirsən. Birdən görürsən ki, onun bir hissəsi möhkəm və hündür barmaqlıqlarla əhatəyə alınıb. Hasarın o tərəfindəki mənzərə çox cəlbedicidir. Əvvəlcə sənə elə gələ bilər ki, bu hasar yersizdir, çünki sənin sərbəstliyini məhdudlaşdırır. Lakin diqqətlə baxanda orada şikarını pusan yekə bir şir görürsən! İndi başa düşürsən ki, sən demə, hasar səni təhlükədən qoruyurmuş. Bəs xəbərin var ki, səni də bir yırtıcı pusur? Allahın Kəlamı xəbərdar edir: «Ayıq durun, sərvaxt olun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Butrus 5:8).

5 Şeytan azğın yırtıcıdır. Yehova istəmir ki, biz onun qəniməti olaq. Buna görə də O, bizi İblisin bir çox hiylələrindən qorumaq məqsədilə qanunlar təsis edib (Efeslilərə 6:11). Hər dəfə bu qanunların üzərində düşünəndə onlarda səmavi Atamızın məhəbbətini görməliyik. O zaman Allahın qanunları bizim üçün təhlükəsizlik və sevinc mənbəyi olacaq. Yaqub yazır: «Kamil azadlıq qanununa diqqətlə baxan və ona bağlı qalan adam unutqan dinləyici olmayıb eşitdiklərinə əməl etdiyi üçün... xoşbəxt olacaq» (Yaqub 1:25).

6. Allahın saleh əmrlərinə və prinsiplərinə olan inamımızı möhkəmləndirmək üçün ən yaxşı yol hansıdır? Misal gətir.

6 Allahın əmrlərinə müvafiq yaşamaq Ona və Onun verdiyi qanunların hikmətli olduğuna inamımızı möhkəmləndirmək üçün ən yaxşı yoldur. Misal üçün, Məsihin Qanununa onun əmr etdiyi hər şeyi başqalarına öyrətmək tapşırığı daxildir (Qalatiyalılara 6:2; Mətta 28:19, 20). Həmçinin məsihilər ibadət etmək və bir-birini ruhlandırmaq üçün toplaşmaq əmrinə ciddi yanaşırlar (İbranilərə 10:24, 25). Allahın əmrlərinə Ona səmimi qəlbdən, müntəzəm və tez-tez dua etmək də daxildir (Mətta 6:5—8; 1 Salonikililərə 5:17). Bu əmrlərə müvafiq yaşayanda onlardakı məhəbbəti və rəhbərliyi daha aydın görürük. Onlara riayət etmək bizə bu narahat dünyanın heç bir yerində tapılmayan sevinc və məmnunluq gətirir. Allahın əmrlərinə müvafiq yaşayaraq aldığın faydanın üzərində düşünərkən məgər onlara inamın daha da artmır?

7, 8. Gələcəkdə saleh həyat sürəcəyinə tərəddüd edənləri Allahın Kəlamı necə arxayın edir?

7 Hərdən bəzilərinə elə gəlir ki, Yehovanın qanunlarına əməl etmək ildən-ilə çətinləşəcək. Onlar bunu bacarmayacaqlarından qorxurlar. Əgər sən də belə hisslər keçirirsənsə, onda bu sözləri yadda saxla: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram. Kaş əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın çay kimi, salehliyin dəniz dalğaları kimi olardı» (Əşiya 48:17, 18). Heç bu sözlərin insanı nə qədər arxayın etdiyi barədə düşünmüsən?

8 Burada Yehova bizə xatırladır ki, Ona itaət etmək bizim xeyrimizədir. Əgər Onun əmrlərinə itaət etsək, O, bizə iki xeyir-dua vəd edir. Birincisi, əmin-amanlığımız sakit, bol sulu, axar çaya bənzəyəcək. İkincisi, salehliyimiz dəniz dalğaları kimi olacaq. Heç sahildə durub dalğaların bir-birinin ardınca necə yuvarlandığına tamaşa etmisən? Şübhəsiz, bu mənzərə səndə daimilik hissi oyadıb. Sən bilirsən ki, dalğalar əsrlər, qərinələr boyu həmişə sahilə çırpılacaq. Yehova əmin edir ki, sənin də salehliyin dəniz dalğaları kimi daimi, əbədi olacaq. Əgər sadiq qalmaq üçün var gücünlə çalışırsansa, Onun köməyi ilə səndə hər şey alınacaq! (Zəbur 55:22 ayəsini oxu.) Məgər ürəyi riqqətə gətirən bu vədlər sənin Yehovaya və Onun adil tələblərinə olan inamını daha da möhkəmləndirmir?

YETKİNLİYƏ DOĞRU İRƏLİLƏ

9, 10. a) Yetkinlik nəyə görə hər bir məsihi üçün gözəl məqsəddir? b) Ruhani baxış məsihiyə necə sevinc gətirə bilər?

9 Ruhani tikintinin ikinci amili aşağıdakı ilhamlanmış sözlərdən bəlli olur: «Yetkinliyə doğru irəliləyək» (İbranilərə 6:1). Yetkinlik hər bir məsihi üçün gözəl məqsəddir. Bu gün insanlar üçün əlçatmaz olan kamillikdən fərqli olaraq, yetkinliyə nail olmaq mümkündür. Bundan əlavə, məsihilər yetkinləşdikcə Yehovaya xidmətdən daha böyük sevinc alırlar. Bu niyə belədir?

10 Yetkin məsihi ilk növbədə ruhani insandır. O, hər şeyə Yehovanın gözü ilə baxır (Yəhya 4:23). Bulus yazırdı: «Cismani istəklərin dalınca düşənlərin fikri-zikri cismani şeylərdədir, ancaq ruha uyğun yaşayanlar daima ruhani şeylər barəsində düşünürlər» (Romalılara 8:5). Cismani baxış ifrat dərəcədə xudbin, dar və maddi şeylərə yönümlü olduğu üçün insanı tam mənada xoşbəxt etmir. Ruhani baxış isə xoşbəxt Allah Yehovaya yönəldiyi üçün insana böyük sevinc, əsil xoşbəxtlik bəxş edir (1 Timutiyə 1:11). Ruhani insan Yehovanı məmnun etməyə can atır və hətta sınaqlar zamanı sevincini itirmir. Nə üçün? Çünki sınaqlar Şeytanın yalançı olduğunu sübut etməyə və nöqsansızlığı möhkəmləndirməyə imkan verir. Bunun nəticəsində səmavi Atamızın ürəyi sevinir (Məsəllər 27:11; Yaqub 1:2, 3 ayələrini oxu).

11, 12. a) Bulus məsihinin ağlı barədə nə demişdi və «öyrəşdirmək» kimi tərcümə olunan sözün mənası nədir? b) Bədən nəyin sayəsində yetkinləşir və möhkəm olur?

11 Ruhanilik və yetkinlik məcazi dillə desək, məşq vasitəsilə inkişaf edir. Bu ayəyə fikir ver: «Bərk qida isə yetkin adam üçündür. Belə adam ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14). Bulus ağlımızı öyrəşdirmək barəsində danışarkən «bədənini gimnast kimi məşq etdirmiş» mənasını verən yunan ifadəsini işlədir. Görünür, bu ifadə o vaxtlar Yunanıstanda idman məktəblərində geniş işlənirdi. Gəl bu barədə bir qədər ətraflı danışaq.

Məşq sayəsində gimnast bədənini məharətlə idarə edir

12 Biz doğulanda bədən üzvlərimiz düzgün hərəkət etməyə öyrəşməmişdi. Misal üçün, körpə öz balaca əl-ayağının hərəkətlərini yaxşı idarə edə bilmir. Buna görə də əllərini sağa-sola yellədir, özü də bilmədən üzünə vurur, sonra da ağlayır. Uşaq tədricən öz bədənini idarə etməyi öyrənir. O, əvvəlcə iməkləyir, sonra ayaq açır və bir azdan qaçmağa başlayır *. Yaxşı, bəs gimnast barəsində nə demək olar? Sən havada valehedici tərzdə, eyni zamanda dəqiqliklə mürəkkəb hərəkətlər, tryuklar edən gimnastı görəndə onun bütün əzələlərini uzun müddət məşq etdirdiyinə şübhə etmirsən. Gimnastın ustalığı təsadüfən, öz-özünə əmələ gəlməyib, bu, saysız-hesabsız məşqlərin nəticəsidir. Müqəddəs Kitabda fiziki məşqin az da olsa, faydası olduğu deyilir. Amma ruhani ağlı məşq etdirməyin insana böyük xeyri ola bilər (1 Timutiyə 4:8).

13. Biz ağlımızı necə öyrəşdirə bilərik?

13 Bu kitabda ağlı öyrəşdirmək üçün çoxlu məsləhət verilir. Bu, sənə ruhani insan olub Yehovaya daima sadiq qalmaqda kömək edəcək. Düzgün qərarlar verməkdən ötrü dua et və Allahın prinsip və qanunları üzərində dərindən düşün. Gündəlik qərarlar qəbul etməzdən əvvəl özündən soruş: Müqəddəs Kitabdakı hansı qanun və prinsipləri vəziyyətimə aid etmək olar? Onları necə tətbiq edə bilərəm? Hansı qərarım səmavi Atamı sevindirəcək? (Məsəllər 3:5, 6; Yaqub 1:5 ayələrini oxu.) Bu yolla qəbul etdiyin hər bir qərar ağlını yaxşını pisdən ayırmağa öyrəşdirəcək. Belə təlim sənə daim ruhani insan olmağa kömək edəcək.

14. Ruhani cəhətdən böyümək üçün biz nəyə qarşı iştaha inkişaf etdirməliyik və hansı xəbərdarlığı unutmamalıyıq?

14 Məsihi nə qədər yetkin olsa da, ruhani inkişafa həmişə ehtiyacı var. İnkişaf qidadan asılıdır. Buna görə Bulus demişdi: «Bərk qida isə yetkin adam üçündür». İmanı möhkəmləndirmək üçün daima qüvvətli ruhani qida qəbul etmək lazımdır. Hikmət öyrəndiklərini tətbiq etmək deməkdir. Müqəddəs Kitabda deyilir ki, «ən əsası hikmətdir». Bu səbəbdən biz Atamızın verdiyi qiymətli həqiqətlərə qarşı güclü iştaha inkişaf etdirməliyik (Məsəllər 4:5—7; 1 Butrus 2:2). Əlbəttə, bilik və hikmət qazanmaq qürrələnməyə əsas vermir. Biz özümüzü müntəzəm yoxlamalıyıq ki, qürur və digər zəiflik ürəyimizdə kök salıb böyüməsin. Bulus yazırdı: «İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın» (2 Korinflilərə 13:5).

15. Nəyə görə məhəbbət ruhani inkişaf üçün zəruridir?

15 Evin tikintisi başa çatsa da, hələ çox iş görülməlidir. Evi texniki cəhətdən saz halda saxlamaq, arabir təmir etmək çox vacibdir. Tələbat yarananda evin layihəsində dəyişikliklər etmək lazım gəlir. Bəs yetkinləşmək və ruhaniliyimizi qorumaq üçün bizə nə lazımdır? Ən başlıcası, məhəbbət. Yehovaya və həmimanlılarımıza məhəbbətimiz daima artmalıdır. Əgər məhəbbətimiz yoxdursa, onda bütün biliyimiz və işlərimiz tamamilə puçdur (1 Korinflilərə 13:1—3). Məhəbbətin sayəsində biz məsihi yetkinliyinə çatacaq və ruhani cəhətdən böyüməyə davam edəcəyik.

FİKRİNİ YEHOVANIN VERDİYİ ÜMİDƏ CƏMLƏŞDİR

16. Şeytan insanlarda hansı düşüncəni formalaşdırır və Yehova bizi necə müdafiə edir?

16 Gəl öz üzərində apardığın «tikintinin» üçüncü amilinə diqqət yetirək. Məsihin əsil davamçısı kimi möhkəmlənmək üçün sən düşüncəni qorumalısan. Bu dünyanın hökmdarı Şeytan insanları ustalıqla mənfi düşüncəyə, pessimizmə və ümidsizliyə qərq edir, başqalarına olan etibarını öldürür (Efeslilərə 2:2). Qurd ağacı içəridən yediyi kimi, belə düşüncə də məsihi üçün son dərəcə təhlükəlidir. Xoşbəxtlikdən, müdafiə olunmağımız üçün Yehova bizi mühüm bir yaraqla — ümidlə təmin edir.

17. Allahın Kəlamı ümidin vacibliyini necə göstərir?

17 Müqəddəs Kitabda Şeytan və onun dünyası ilə mübarizədə zəruri olan ruhani zirehlər sadalanır. Bunlardan biri dəbilqədir, yəni xilas ümididir (1 Salonikililərə 5:8). Qədimdə əsgər döyüşə dəbilqəsiz çıxmırdı, çünki tezliklə həlak ola bilərdi. Dəbilqə, adətən, dəmirdən düzəldilir və üzərinə dəridən və ya keçədən örtük tikilirdi. Bunun sayəsində, başa tuşlanan oxlar dəbilqəyə dəyib düşür, əsgərə böyük zərər toxundurmurdu. Dəbilqə əsgərin başını qoruduğu kimi, ümid də bizim ağlımızı və düşüncəmizi qoruyur.

18, 19. Ümidi qorumaqda İsa hansı nümunəni qoyub və biz ona necə bənzəyə bilərik?

18 Ümidi qorumaqda İsa ən gözəl nümunədir. Yerdəki həyatının son gecəsi İsanın nələr keçirdiyini yadına sal. Yaxın dostu pula görə onu ələ verdi. Başqa bir dostu onu tanıdığını dandı. Digərləri onu atıb qaçdılar. Öz həmvətənləri ona qarşı çıxıb tələb etdilər ki, romalı əsgərlər onu edam etsinlər. Əminliklə demək olar ki, bizim qarşılaşdığımız sınaqlar heç vaxt İsanın tab gətirdiyi ağır sınaqlarla müqayisəyə gələ bilməz. Ona nə kömək edirdi? Bu sualın cavabını İbranilərə 12:2 ayəsində tapmaq olar: «O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü və Allahın taxtının sağında əyləşdi». İsa nəzərini qarşıda onu gözləyən sevincdən heç vaxt yayındırmırdı.

19 İsanı qarşıda hansı sevinc gözləyirdi? O bilirdi ki, sınaqlara tab gətirməklə Yehovanın müqəddəs adını şərəfləndirəcək, həmçinin Şeytanın yalançı olduğunu ən yaxşı yolla sübut edəcək. Bu, necə də gözəl ümiddir! Başqa heç nə İsaya bu qədər sevinc bəxş edə bilməzdi! İsa həm də bilirdi ki, sadiqliyindən dönmədiyinə görə Yehova onu bol-bol mükafatlandıracaq və o, yenidən öz Atasına qovuşacaq. Həyatının ən çətin anlarında İsa fikrini bu sevinc dolu ümidin üzərində cəmləşdirirdi. Biz də belə etməliyik. Bizi də qarşıda sevinc gözləyir. Yehova bizə misilsiz şərəf nəsib edib: hər birimiz Onun böyük adını şərəfləndirə bilərik. Heç bir sınağa baxmayaraq, Ali Hökmdarımız Yehovanın tərəfini tutub Onun məhəbbətindən ayrılmamaqla Şeytanın yalançı olduğunu sübut edirik.

20. Nikbin düşüncəni və ümidi qorumaqda sənə nə kömək edə bilər?

20 Yehova Öz sadiq xidmətçilərini mükafatlandırmağa nəinki hazırdır, O, bunu ürəkdən arzulayır (Əşiya 30:18; Məlaki 3:10 ayəsini oxu). O, öz xidmətçilərinin ürəklərinin saleh istəklərini yerinə yetirməkdən həzz alır (Zəbur 37:4). Ona görə də fikrini Yehovanın verdiyi ümidə cəmləşdir. Şeytanın keçmişdə qalacaq dünyasındakı mənfi, pozğun, bədbin düşüncənin sənə hakim olmasına yol vermə. Əgər bu dünyanın ruhunun ağlına və ürəyinə yavaş-yavaş təsir etdiyini hiss edirsənsə, «Allahın hər bir ağıldan üstün olan sülhü»nü almaq üçün Yehovaya ürəkdən dua et. Allahın verdiyi sülh sənin ürəyini və fikirlərini qoruyacaq (Filippililərə 4:6, 7).

21, 22. a) Böyük izdihamın üzvlərinin hansı möhtəşəm ümidi var? b) Allahın yeni dünyası ilə bağlı nəyi səbirsizliklə gözləyirsən və bundan sonra nə etmək əzmindəsən?

21 Gör nə gözəl ümidimiz var! Əgər sən «böyük müsibətdən» sağ çıxacaq böyük izdihamın üzvüsənsə, səni qarşıda gözləyən həyat barəsində düşün (Vəhy 7:9, 14). Şeytanın və cinlərin təsiri aradan götürüldükdən sonra sən indi təsəvvürünə belə gətirə bilmədiyin yüngüllüyü duyacaqsan. Nəyə görə biz indi bunu təsəvvürümüzə gətirə bilmirik? Çünki gözümüzü açandan bəri Şeytanın pozğun dünyasında yaşayırıq. Şeytanın təsiri keçmişdə qalandan sonra İsanın və 144 000 səmavi hakimin rəhbərliyi altında bütün yer üzünü cənnətə çevirmək işi bizə necə də böyük sevinc gətirəcək! Bütün azar-bezarın kökünün kəsiləcəyini, dirilmiş əzizlərimizi qarşılayacağımızı, nəhayət Allahın əzəldən niyyət etdiyi kimi yaşayacağımız vaxtı biz necə də səbirsizliklə gözləyirik! Kamilliyə doğru irəlilədikcə bizi daha böyük mükafat — Romalılara 8:21 ayəsində vəd edilən «Allahın övladlarının şanlı azadlığına» qovuşmaq gözləyir.

22 Yehova istəyir ki, sən misilsiz azadlığa qovuşasan. Bu azadlığa yalnız itaətkarlıqla çatmaq olar. Buna görə artıq indidən səy göstərib Yehovaya günbəgün itaət et. Beləliklə, özünü son dərəcə müqəddəs olan imanının təməli üzərində möhkəmləndir. Onda sən əbədiyyət boyu Allahın məhəbbətindən ayrılmayacaqsan!

^ abz. 1 «Möhkəmləndirmək» kimi tərcümə olunmuş ifadənin yunan orijinalında, həmçinin «tikmək, qurmaq, ucaltmaq, inşa etmək» mənaları var.

^ abz. 12 Alimlər deyirlər ki, insanda xüsusi bir hiss — bədən üzvlərinin harada yerləşdiyini duymaq hissi inkişaf edir. Misal üçün, bu hissin sayəsində biz gözüyumulu əl çala bilirik. Bu hissi itirmiş bir qadın nəticədə nə ayaq üstə dayana, nə gəzə, hətta otura da bilmirdi.