Kontentə keç

Mündəricatı göstər

FƏSİL 14

«Biz yekdilliklə qərara aldıq»

«Biz yekdilliklə qərara aldıq»

Rəhbərlik şurası sünnət məsələsi ilə əlaqədar qərar qəbul edir və bu qərar yığıncaqlarda həmrəyliyin qorunmasına kömək edir

Həvarilərin işləri 15:13—35

1, 2. a) Birinci əsrdəki rəhbərlik şurası hansı ciddi suallarla üzləşir? b) Yehovanın rəhbərliyini anlamaq üçün qardaşlar hansı amilləri nəzərdən keçirirlər?

 HƏLLEDİCİ məqam yetişib. Yerusəlimdə bir yerə toplaşan həvarilər və ağsaqqallar vacib qərar qəbul etmək üzrədir. Sünnət məsələsi ciddi suallara səbəb olub: məsihilər Musanın qanununa tabe olmalıdırlarmı? Yəhudi və qeyri-yəhudi məsihilər arasında fərq qoyulmalıdırmı?

2 Qardaşlar artıq bir çox dəlilləri — Allahın Kəlamındakı peyğəmbərlikləri, eləcə də Yehovanın nemətlər verdiyini göstərən və şəxsən şahidi olduqları sübutları nəzərdən keçiriblər. Hamı öz fikrini aydın və tam şəkildə bildirib. Bu məsələ ilə bağlı onların əlində kifayət qədər dəlil var. Müqəddəs ruhun rəhbərliyi açıq-aşkar görünür. Görəsən qardaşlar bu rəhbərliyə tabe olacaqlar?

3. «Həvarilərin işləri» kitabının 15-ci fəslində yazılan əhvalatın bizə hansı xeyri dəyə bilər?

3 Bu məsələdə müqəddəs ruhun rəhbərliyinə tabe olmaq üçün həvarilərdən və ağsaqqallardan güclü iman və cəsarət tələb olunur. Verəcəkləri qərar yəhudi din rəhbərlərinin onlara qarşı olan nifrətini artıra bilər. Üstəlik, yığıncağın içində də vəziyyət ürəkaçan deyil. Bəziləri istəyir ki, Allahın xalqı yenidən Musanın qanununa riayət etsin. Görəsən, rəhbərlik şurası necə davranacaq? Bu hadisəni araşdırdıqca onların məsələni necə həll etdiyini və bununla da müasir Rəhbərlik Şurası üçün hansı nümunəni qoyduğunu öyrənəcəyik. Əslində, bizlərdən hər birimiz bir məsihi kimi həyatda çətinliklərlə üzləşəndə və ya qərar qəbul etməli olanda onların nümunəsini izləməliyik.

«Peyğəmbərlərin kitabında yazılanlar... üst-üstə düşür» (Həvarilərin işləri 15:13—21)

4, 5. Yaqub Allahın Kəlamından hansı peyğəmbərliyi sitat gətirdi?

4 İsanın qardaşı Yaqub sözə başladı a. Görünür, görüşə o, sədrlik edirdi. Yaqubun sözləri qardaşların hamılıqla gəldiyi nəticəni konkretləşdirdi. O dedi: «Allahın digər xalqlardan Öz adını daşıyan bir xalq təşkil etmək üçün onlara ilk dəfə necə nəzər saldığını Şəmun ətraflı nəql etdi. Peyğəmbərlərin kitabında yazılanlar da bununla üst-üstə düşür» (Həv. 15:14, 15).

5 Ehtimal ki, Şəmun, yəni Şimon Butrusun nitqi, eləcə də Barnəba və Bulusun təqdim etdiyi dəlillər Yaquba müzakirə olunan mövzuya aid bəzi ayələri xatırlatdı (Yəh. 14:26). «Peyğəmbərlərin kitabında yazılanlar da bununla üst-üstə düşür» deyəndən sonra Yaqub Amus 9:11, 12 ayələrini sitat gətirdi. O vaxtlar «Amus» kitabı Tövratda «Peyğəmbərlərin kitabları» adlanan bölməyə daxil idi (Mət. 22:40; Həv. 15:16—18). Əgər diqqət yetirsən, görəcəksən ki, Yaqubun gətirdiyi sitat hazırda «Amus» kitabında yazılan sözlərdən bir qədər fərqlənir. Ehtimal ki, Yaqub Tövratın yunanca tərcüməsi olan «Septuaginta»dan sitat gətirmişdi.

6. Müqəddəs Yazılar müzakirənin gedişatına necə kömək etdi?

6 Amus peyğəmbər vasitəsilə Yehova qabaqcadan demişdi ki, günlərin bir günü «Davudun... çardağını» quracaq, yəni padşahlığı Davudun nəslindən olan Məsihə verəcək (Hizq. 21:26, 27). Bəs bu o deməkdirmi ki, Yehova yenidən yalnız və yalnız yəhudiləri Özünün xalqı edəcək? Xeyr. Peyğəmbərlikdə daha sonra deyilir ki, «digər xalqlardan olan [adamlar]» Allahın adı ilə adlanan xalq kimi bir yerə yığılacaq. Yadındadırsa, bir az bundan əvvəl Butrus vurğulamışdı ki, Allah yəhudi və qeyri-yəhudi məsihilər «arasında heç bir fərq qoymadı və iman vasitəsilə onların [qeyri-yəhudilərin] ürəyini təmizlədi» (Həv. 15:9). Başqa sözlə, Allah istəyirdi ki, yəhudilərlə bərabər qeyri-yəhudilər də Padşahlığın varisləri olsunlar (Rom. 8:17; Efes. 2:17—19). Heç bir peyğəmbərlikdə deyilmirdi ki, qeyri-yəhudilərdən olan imanlılar sünnət olunmalı və ya yəhudi dinini qəbul etməlidirlər.

7, 8. a) Yaqub hansı təklifi irəli sürdü? b) Yaqubun «buna görə də belə hesab edirəm» sözləri nəyi göstərir?

7 Allahın Kəlamından olan bu dəlilləri və qardaşların inandırıcı sözlərini dinləyəndən sonra Yaqub təklif etdi: «Buna görə də belə hesab edirəm ki, digər xalqlardan Allaha tərəf dönən insanlar üçün çətinlik yaratmamalıyıq. Gəlin onlara yazaq ki, bütpərəstliklə murdarlanmış şeylərdən, əxlaqsızlıqdan, boğulmuş heyvan ətindən və qandan uzaq dursunlar. Çünki ta qədimdən hər şəhərdə Musanın yazdıqlarını izah edən adamlar var. Onlar hər şənbə günü onun kitablarını sinaqoqlarda ucadan oxuyurlar» (Həv. 15:19—21).

8 Bəlkə, Yaqub görüşün sədri kimi ona verilən səlahiyyəti aşaraq hamının yerinə qərar qəbul edirdi? Qətiyyən! Yaqubun «buna görə də belə hesab edirəm» sözləri göstərir ki, o, rəhbərlik şurasında ağalıq etməyə çalışmırdı, sadəcə bu məsələ ilə bağlı Müqəddəs Yazılarda deyilənlərə və qardaşların dəlil kimi gətirdiyi digər faktlara əsaslanan bir təklifi onların nəzərinə çatdırırdı.

9. Yaqubun təklifi hansı faydaları gətirəcəkdi?

9 Yaqubun irəli sürdüyü fikir ağlabatan idimi? Bəli, çünki həvarilər və ağsaqqallar bir qədər sonra onun təklifini qəbul etdilər. Bəs bunun faydası nədə idi? Əvvəla, bu təklifin əsasında çıxarılan qərar qeyri-yəhudilər üçün çətinlik yaratmayacaqdı, yəni onlardan Musanın qanununa uyğun yaşamaq tələb olunmayacaqdı (Həv. 15:19). İkincisi, bu qərar göstərəcəkdi ki, qardaşlar illər uzunu «hər şənbə günü onun [Musanın] kitablarının sinaqoqlarda ucadan» oxunduğunu eşidən yəhudi məsihilərin vicdanına hörmətlə yanaşırlar b (Həv. 15:21). Sözsüz ki, belə rəhbərlik yəhudi və qeyri-yəhudi məsihilər arasındakı qardaşlıq tellərini möhkəmləndirəcəkdi. Ən vacibi isə, bu, Yehova Allahın niyyətinə uyğun olduğundan Onu razı salacaqdı. Nəhayət ki, Allahın xalqının birliyini və rifahını təhlükə altına alan problemin həlli tapıldı! Üstəlik, məsələni bu cür müdrikliklə yoluna qoymaqla qardaşlar müasir məsihilər üçün də gözəl nümunə göstərdilər.

Albert Şröder. 1998-ci il, beynəlxalq toplantı

10. Müasir Rəhbərlik Şurası birinci əsrdəki rəhbərlik şurasının nümunəsini necə izləyir?

10 Ötən fəsildə qeyd olunduğu kimi, müasir dövrdə Yehovanın Şahidlərinin Rəhbərlik Şurası birinci əsrdəki rəhbərlik şurasından nümunə götürərək, bütün məsələlərin həllində Kainatın Hökmdarı Yehova Allahın və yığıncağın başı İsa Məsihin rəhbərliyini axtarırlar c (1 Kor. 11:3). Onlar bunu necə edirlər? 1974-cü ildən 2006-cı ilin mart ayına, yer üzündəki həyatının sonunadək Rəhbərlik Şurasında xidmət edən Albert Şröder demişdi: «Çərşənbə günü Rəhbərlik Şurası görüş keçirir. Görüşün əvvəlində qardaşlar dua edib Yehovadan müqəddəs ruhu ilə rəhbərlik etməsini xahiş edirlər. Onlar əllərindən gələni edirlər ki, həll etdikləri hər bir məsələ və qəbul etdikləri hər bir qərar Allahın Kəlamına əsaslansın». Yer üzündəki həyatını 2003-cü ilin mart ayında başa vuran və uzun müddət Rəhbərlik Şurasının üzvü olan Milton Henşel də Gilad Məktəbinin 101-ci sinfini bitirən tələbələrə müraciət edərkən bu məqamı belə bir sualla vurğulamışdı: «Yer üzündə elə təşkilat varmı ki, onun rəhbərləri mühüm qərar qəbul etməzdən əvvəl Müqəddəs Kitaba müraciət etsin?» Cavab bəllidir.

«Yəhudanı və Silanı seçib» göndərdilər (Həvarilərin işləri 15:22—29)

11. Rəhbərlik şurası çıxardığı qərarı yığıncaqlara necə çatdırdı?

11 Yerusəlimdə yerləşən rəhbərlik şurası sünnət məsələsində yekdil qərara gəldi. Amma yığıncaqdakı qardaşların da bu qərarı qəbul edib həmrəy olması üçün həmin qərarı onlara mehribanlıqla və aydın şəkildə çatdırmaq lazım idi. Bunu necə etmək olardı? Luka sözünə belə davam edir: «Həvarilər, ağsaqqallar və bütün yığıncaq öz aralarından Barsəbas adlanan Yəhudanı və Silanı seçib Bulus və Barnəba ilə Antakyaya göndərmək qərarına gəldilər. Seçilənlər yığıncaqda məsul qardaşlar idilər». Bundan əlavə, qardaşlar onların əlinə məktub da yazıb verdilər ki, Antakya, Suriya və Kilikiya yığıncaqlarında oxusunlar (Həv. 15:22—26).

12, 13. a) Sila və Yəhudanın qardaşlarla göndərilməsi nə üçün müdrik hərəkət idi? b) Nəyə görə məktubdakı göstərişlər mühüm əhəmiyyət kəsb edirdi?

12 «Yığıncaqda məsul qardaşlar» olan Yəhuda və Sila rəhbərlik şurasının təmsilçisi olmağa tam layiq idi. Dörd nəfərdən ibarət bu qrupun gəlişi aydın göstərəcəkdi ki, onların gətirdiyi xəbər sadəcə yaranan suala cavab deyil, rəhbərlik şurasından olan konkret göstərişdir. Həmçinin Yəhuda ilə Silanın gəlməsi Yerusəlimdəki yəhudi məsihilərlə başqa yerlərdəki qeyri-yəhudi məsihilər arasındakı birliyi möhkəmləndirəcəkdi. Bu necə də müdrik hərəkət idi! Şübhə yoxdur ki, qardaşların məhəbbətdən irəli gələrək atdıqları bu addım Allahın xalqı arasında birliyi və sülhü qorumağa kömək etdi.

13 Məktubda qeyri-yəhudi məsihilər üçün təkcə sünnət məsələsinə dair rəhbərlik təqdim olunmamışdı. Orada həmçinin Yehovanı razı salmaq və Ondan nemətlər almaq üçün digər göstərişlər də verilirdi. Məktuba belə yekun vurulurdu: «Biz müqəddəs ruhun köməyi ilə qərara gəldik ki, üzərinizə bu zəruri şeylərdən əlavə yük qoymayaq: bütlərə qurban gətirilmiş şeylərdən, qandan, boğulmuş heyvan ətindən və əxlaqsızlıqdan uzaq durun. Əgər diqqətli olub özünüzü bu şeylərdən uzaq saxlasanız, xeyir taparsınız. Sağlıqla qalın!» (Həv. 15:28, 29).

14. Parçalanmanın hökm sürdüyü müasir dünyada Yehovanın xalqı birliyi necə qoruyur?

14 Bu gün 100 000-dən çox yığıncaqda 8 000 000-dan çox Yehovanın Şahidi çiyin-çiyinə Allaha xidmət edir. Onların həmfikir olması özünü həm onların etiqadında, həm də fəaliyyətində büruzə verir. Özbaşınalığın və parçalanmanın geniş yayıldığı müasir dünyada bu cür həmrəylik görəsən nəyin sayəsində mövcuddur? Ən birincisi, yığıncağın başı olan İsa Məsihin rəhbərliyi sayəsində. O, «sadiq və ağıllı nökər», yəni Rəhbərlik Şurası vasitəsilə yığıncaqlara aydın və konkret göstərişlər verir (Mət. 24:45—47). Həmçinin ümumdünya qardaşlığın Rəhbərlik Şurasına həvəslə tabe olması sayəsində bu cür birlik mövcuddur.

«Ruhlandırıcı sözləri oxuyanda sevindilər» (Həvarilərin işləri 15:30—35)

15, 16. Sünnət məsələsinin həllinə yığıncaqlar necə münasibət göstərdi və buna səbəb nə oldu?

15 Yerusəlimdən gələn qardaşlar Antakyaya çatanda «şagirdləri topladılar və məktubu onlara verdilər». Yığıncaqdakı qardaşlar rəhbərlik şurasının göstərişini necə qarşıladılar? «Onlar məktubda yazılan bu ruhlandırıcı sözləri oxuyanda sevindilər» (Həv. 15:30, 31). Bundan əlavə, Yəhuda və Sila «qardaşları bir çox sözlərlə ruhlandırıb möhkəmləndirdilər». Buna görə onlar Barnəba, Bulus və digərləri kimi «peyğəmbər» adlanırdılar. «Peyğəmbər», adətən, Allahın iradəsini çatdıran adamlara deyilirdi (Həv. 13:1; 15:32; Çıx. 7:1, 2).

16 Yehova bu məsələnin uğurla həll olunması üçün görülən bütün işləri avand edirdi. Yığıncaqların qardaşların qərarını yaxşı qəbul etməsində həlledici rolu nə oynadı? Şübhəsiz ki, rəhbərlik şurasının Allahın Kəlamına əsaslanan və müqəddəs ruhun rəhbərliyi ilə vaxtında və aydın şəkildə verdiyi göstəriş. Üstəlik, həmin qərarın yığıncaqlara böyük diqqət və həssaslıqla çatdırılması da bunda böyük rol oynadı.

17. Müasir dövrdəki rayon nəzarətçiləri birinci əsrdəki qardaşlardan nədə örnək götürürlər?

17 Birinci əsrdəki rəhbərlik şurasının nümunəsini izləyərək bu gün də Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ümumdünya məsihi cəmiyyətinə lazımi rəhbərliyi təqdim edir. Qəbul olunan qərarlar yığıncaqlara aydın və konkret şəkildə çatdırılır. Bunun üçün Rəhbərlik Şurası bir sıra üsullardan istifadə edir. Məsələn, rayon nəzarətçiləri bir-bir yığıncaqları ziyarət edərək bu rəhbərliyi onlara təqdim edir və bacı-qardaşları ruhlandırırlar. Bulus və Barnəba kimi, bu fədakar qardaşlar da özlərini xidmətə həsr edərək «bir çox şagirdlə bərabər Yehovanın sözü haqqındakı müjdəni təbliğ edir» və öyrədirlər (Həv. 15:35). Həmçinin Yəhuda və Sila kimi, onlar qardaşları bir çox ruhlandırıcı sözlərlə möhkəmləndirirlər.

18. Məsihilər həmişə Yehovadan nemətlər almaq istəyirlərsə, nəyə can atmalıdırlar?

18 Bəs yığıncaqlar haqqında nə demək olar? Müasir yığıncaqlara bu dünyanın ruhuna yoluxmamağa, sülhü və birliyi qorumağa nə kömək edə bilər? Xatırlatmaq istəyərdik ki, məhz Yaqub sonralar yazmışdı: «Yuxarıdan nazil olan hikmət ilk növbədə safdır, sonra sülhpərvər, mülayim, itaətkardır... Salehlik bəhrəsinin toxumu isə sülhpərvərlər üçün əmin-amanlıq şəraitində əkilir» (Yaq. 3:17, 18). Bu sözləri yazarkən Yaqubun Yerusəlimdəki görüşü nəzərdə tutub-tutmadığını dəqiq deyə bilmərik. Lakin «Həvarilərin işləri» kitabının 15-ci fəslində yazılan hadisələri nəzərdən keçirdikdən sonra əminliklə deyə bilərik ki, Yehovanın nemətləri yalnız birliyin və əməkdaşlığın hökm sürdüyü yerdə ola bilər.

19, 20. a) Antakya yığıncağında sülhün və birliyin olduğu nədən görünürdü? b) Bulusla Barnəba indi öz güclərini nəyə sərf edə bilərdilər?

19 Antakya yığıncağında sülhün və birliyin olduğu indi aydın görünürdü. Onlar Yerusəlimdən gələn qardaşlarla mübahisə etmədilər, əksinə, Yəhuda ilə Silanın gəlişini yüksək qiymətləndirdilər. Ayədə deyilir: «Bir müddət orada qalandan sonra qardaşlar onları geriyə, onları göndərmiş qardaşların yanına sağ-salamat yola saldılar» d (Həv. 15:33). Biz əmin ola bilərik ki, Yerusəlimdəki dindaşlar da həmin iki qardaşın öz səyahətləri haqqında danışdıqlarını eşidəndə çox sevinmişdilər. Yehovanın lütfü sayəsində qardaşlar onlara tapşırılan işi uğurla başa çatdırdılar!

20 Antakyada qalan Bulusla Barnəba indi bütün güclərini təbliğ işinə və onun təşkilinə sərf edə bilərdilər. Bu gün rayon nəzarətçiləri də yığıncaqlara baş çəkəndə eyni işlə məşğul olurlar (Həv. 13:2, 3). Bu, Yehovanın xalqı üçün əsl nemətdir! Bəs Yehova bu iki çalışqan təbliğçidən daha sonra necə istifadə etdi və onlar daha hansı nemətləri aldılar? Bunu növbəti fəsildən öyrənəcəyik.

Yehova Rəhbərlik Şurası və onun təmsilçiləri vasitəsilə müxtəlif ruhani tədbirlər təşkil edərək Öz xalqının qayğısına qalır

a « “Ağanın qardaşı” Yaqub» adlı çərçivəyə bax.

b Yaqub müdrik davranaraq Musanın yazılarına istinad etdi. Bu kitablarda təkcə Qanun yox, həm də Qanunun verilməsindən qabaq baş verən və Allahın müəyyən şeylərə qarşı münasibətini göstərən hadisələr yazılıb. Məsələn, «Yaradılış» kitabında Allahın qana, əxlaqsızlığa və bütpərəstliyə necə yanaşdığını aydın şəkildə görmək olar (Yar. 9:3, 4; 20:2—9; 35:2, 4). Bununla Yehova Allah yəhudi və ya qeyri-yəhudi olmasından asılı olmayaraq, bütün bəşəriyyət üçün vacib olan prinsipləri açıqlamışdı.

d Müqəddəs Kitabın bəzi tərcümələrində 34-cü ayədə yazılıb ki, Sila Antakyada qalmağı qərara alır («İncil», 1996). Amma, görünür, bu sözlər mətnə sonradan əlavə edilib.