Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 10

Süleyman hikmətlə hökmranlıq edir

Süleyman hikmətlə hökmranlıq edir

Yehova Süleyman padşaha hikmətli ürək verir; Süleymanın hakimiyyəti dövründə israillilər misli görünməmiş sülh və firavanlıq içində yaşayırlar

ƏGƏR bütün xalq və onun rəhbəri Hökmdarı kimi Yehovaya tabe olub Onun qanunlarına əməl etsəydi, həyat necə olardı? Süleyman padşahın 40 illik hakimiyyəti dövrünə nəzər salanda bu suala cavab tapırıq.

Davud ölümündən əvvəl oğlu Süleymanı xələfi təyin etdi. Yuxuda Allah Süleymana Ondan bir şey diləməyi təklif etdi. Süleyman xalqa ədalətlə və müdrikliklə hökm etmək üçün Allahdan hikmət və bilik istədi. Bu, Yehovanın xoşuna gəldi və O, Süleymana hikmətli və dərrakəli ürək verdi. Həmçinin Yehova vəd etdi ki, itaətkar qalarsa ona var-dövlət, şöhrət və uzun ömür də verəcək.

Süleyman müdrik hökmlər çıxarmaqla şöhrət qazandı. Bir dəfə iki qadın körpə oğlan uşağına görə mübahisə edirdilər. Hər ikisi uşağın anası olduğunu iddia edirdi. Süleyman əmr etdi ki, uşağı iki yerə bölüb yarısını birinə digər yarısını isə o birinə versinlər. Qadınlardan biri bununla razılaşdı, əsil anası isə yalvardı ki, uşağı o biri qadına versinlər. Süleyman uşağa qıymayan qadının körpənin əsil anası olduğunu başa düşdü və uşağı ona verməyi əmr etdi. Tezliklə, bütün İsrail bu hökm haqqında eşitdi və hamı Süleymanda Allahın hikməti olduğunu anladı.

Süleymanın ən böyük nailiyyətlərindən biri Yerusəlimdə Yehovanın məbədinin — İsraildə ibadət mərkəzi kimi xidmət edəcək möhtəşəm tikilinin inşası oldu. Məbədin həsrolunma mərasimində Süleyman duasında bu sözləri demişdi: «Sən göylərə, göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim evə!» (1 Padşahlar 8:27).

Süleymanın şan-şöhrəti başqa ölkələrə hətta uzaq Ərəbistana, Səba diyarına qədər gedib çatmışdı. Səba məlikəsi Süleymanın izzətini, var-dövlətini görmək və müdrikliyini sınaqdan keçirmək üçün onun yanına təşrif buyurdu. Süleymanın hikməti və İsrailin firavanlığı mələkədə elə böyük təəssürat oyatdı ki, o belə müdrik padşahı taxta çıxardığı üçün Yehovaya izzət verdi. Doğrudan da, Yehovanın xeyir-dua verməsi sayəsində Süleymanın hakimiyyət illəri qədim İsrail tarixində misli görünməmiş firavanlıq və əmin-amanlığın hökm sürdüyü bir dövr oldu.

Əfsuslar olsun ki, Süleyman sona qədər Yehovanın müdrikliyinə əsasən davranmadı. Allahın əmrindən çıxaraq əksəriyyəti yalan allahlara ibadət edən yüzlərlə arvad aldı. Tədricən arvadları onun ürəyini Yehovadan uzaqlaşdırıb bütlərə tərəf yönəltdilər. Yehova Süleymana padşahlığın bir hissəsinin əlindən alınacağını dedi. Yalnız Süleymanın atası Davudun xatirinə padşahlığın müəyyən hissəsi onun ailəsinə qalacaqdı. Süleymanın dönüklüyünə baxmayaraq, Yehova Davudla bağladığı Padşahlıq əhdinə sadiq qaldı.

1 Padşahlar 1—11-dək; 2 Salnamələr 1—9-dək fəsillərinə və Qanunun təkrarı 17:17 ayəsinə əsaslanıb.