Kontentə keç

Mündəricatı göstər

Təkamül. Mif və faktlar

Təkamül. Mif və faktlar

«Günəşin istilik verməsi danılmaz fakt olduğu kimi, təkamül də təkzibolunmaz faktdır»,— deyə tanınmış təkamülçü, biologiya professoru Riçard Dokins bildirir16. Əlbəttə, təcrübələr və birbaşa müşahidələr günəşin isti olduğunu sübut edir. Amma eyni yolla təkamül təlimini də sübut etmək olarmı?

Bu suala cavab verməzdən öncə bir şeyə aydınlıq gətirmək lazımdır. Bir çox alimlər vaxt keçdikcə canlı orqanizmlərin törəmələrinin cüzi dəyişikliklərə məruz qaldığını müşahidə etmişlər. Məsələn, insanlar müxtəlif it cinsləri üzərində seleksiya işləri aparır; nəticədə doğulan küçüklərin, əvvəlki nəsillə müqayisədə, ayaqları daha qısa, tükləri isə daha uzun olur a. Bəzi alimlər bu cüzi dəyişiklikləri «mikrotəkamül» adlandırır.

Lakin təkamülçülər iddia edirlər ki, cüzi dəyişikliklər milyardlarla il ərzində yığılaraq böyük dəyişikliklərə — balıqların suda-quruda yaşayanlara, meymunabənzər canlıların isə insana çevrilməsinə səbəb olub. Bu təxmin olunan dəyişikliklər «makrotəkamül» adlandırılır.

Çarlz Darvin və onun «Növlərin əmələ gəlməsi» kitabı

Məsələn, Çarlz Darvin öyrədirdi ki, müşahidə etdiyimiz kiçik dəyişikliklər daha böyük dəyişikliklərin baş verməsini mümkün edir17. Halbuki, bu böyük dəyişiklikləri indiyə qədər hələ heç kim müşahidə etməyib. Darvinə görə, sadə həyat formaları adlandırılan orqanizmlər «cüzi dəyişikliklərin» sayəsində tədricən yer üzündə milyonlarla müxtəlif həyat formalarına təkamül etmişlər18.

Çoxlarına bu fikir ağlabatan görünür. Onlar belə mülahizə yürüdürlər: bir növ daxilində kiçik dəyişikliklər baş verə bilirsə, nəyə görə uzun müddət ərzində təkamül böyük dəyişikliklərə səbəb ola bilməsin? b Əslinə qalsa, təkamül təlimi üç mif üzərində qurulub. Gəlin onları bir-bir nəzərdən keçirək.

1-ci mif: mutasiyalar (irsi dəyişikliklər) yeni növlərin əmələ gəlməsinə səbəb olur. Makrotəkamül təliminin əsasında bu fikir durur: mutasiyalar (bitki və heyvanların genetik kodunda qəflətən baş verən dəyişikliklər) bitki və heyvanların təkcə yeni növlərinin yox, həmçinin yeni fəsilələrinin əmələ gəlməsinə təkan verir19.

Mutant drozofil dəyişikliyə uğramasına baxmayaraq, elə drozofil olaraq qalır

Faktlar. Bitki və heyvanların bir çox xüsusiyyətlərini genetik koddakı məlumat, bir növ, hüceyrənin nüvəsində yerləşən plan müəyyən edir c. Alimlər aşkar ediblər ki, mutasiyalar bitki və heyvanların sonrakı nəsillərində dəyişikliklərə səbəb ola bilir. Bəs, həqiqətənmi irsi dəyişikliklər tamamilə yeni növlərin əmələ gəlməsinə təkan verir? Genetika sahəsində təxminən 100 il ərzində aparılmış araşdırmalar nəyi göstərir?

1930-cu illərin sonlarında alimlər bir ideyanı həvəslə qəbul etdilər: əgər təbii seçmə — yaşamaq uğrunda mübarizədə müəyyən mühit şəraitinə uyğunlaşma prosesi zamanı qəflətən baş verən mutasiyalar nəticəsində yeni bitki növləri əmələ gəlirsə, deməli, insanın idarə etdiyi süni seçmə nəticəsində yeni növlərin əmələ gəlməsi daha effektiv surətdə baş verməlidir. «Əksər bioloqları, genetikləri, xüsusilə də seleksiyaçıları həyəcan və sevinc hissi bürümüşdü». Nə səbəbə? Təxminən 30 il bitkilərin mutasiya genetikasını öyrənən və Almaniyanın Maks Plank adına Bitkilərin Seleksiyası İnstitutundan alim Volf–Ekkehard Lönniq d izah edir: «Bu alimlər belə qənaətə gəldilər ki, artıq bitki və heyvanların ənənəvi seleksiya üsullarında inqilab etməyin vaxtı gəlib çatıb. Onlar düşünürdülər ki, mutasiyalar törədib aralarından əlverişli olanlarını seçsələr, bitki və heyvanların yeni, daha yaxşı növlərini ala biləcəklər»20. Bəli, çoxları tamamilə yeni növlər almaq arzusunda idilər.

Mutasiyalar bitkilərdə — öz növü daxilində — dəyişikliyə səbəb ola bilər, məsələn, bu iri çiçəkli mutant kimi

Birləşmiş Ştatlarda, Asiyada və Avropada alimlər təkamül prosesini sürətləndirməyi vəd edən üsullardan istifadə edərək bahalı elmi tədqiqatlara başladılar. 40 ildən çox sürən intensiv araşdırmalar nə ilə nəticələndi? Görün alim Peter fon Zenbux bu haqda nə deyir: «Külli miqdarda pul sərf olunmasına baxmayaraq, şüalandırma üsulu ilə daha səmərəli bitki növlərinin və heyvan cinslərinin alınması üçün edilən bütün cəhdlər tamamilə boşa çıxdı»21. Professor Volf–Ekkehard də qeyd edir: «1980-ci illərdə alimlər arasında olan həyəcan dolu sevinc və ümid tamamilə yox oldu. Qərbdə müstəqil elmi araşdırma sahəsi kimi mutasiya seleksiyasından tamamilə imtina etdilər. Demək olar ki, bütün mutantlar... ya ölmüşdülər, ya da ki, təbii növlərindən daha zəif idilər» e.

100 il ərzində mutasiyalar üzərində və 70 il mutasiya seleksiyası sahəsində tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar alimlərə irsi dəyişkənliyin yeni növlər yaratmaq bacarığına malik olub-olmamağı ilə bağlı nəticə çıxarmağa imkan verdi. Faktları nəzərdən keçirdikdən sonra Volf–Ekkehard belə nəticə çıxarır: «Mutasiyalar [bitki və ya heyvanın] başlanğıc material[ın]dan tamamilə yeni növün əmələ gəlməsinə təkan vermir. Bunu, XX əsrdə mutasiyalar üzərində aparılmış bütün tədqiqatların nəticələri və təcrübələr, eləcə də ehtimal nəzəriyyəsi təsdiq edir».

Bunları nəzərə alsaq, mutasiya bir növün tamamilə yeni bir növ canlıya təkamül etməsinə təkan verirmi? Aydındır ki, yox! Volf–Ekkehard apardığı tədqiqatların nəticəsində belə qənaətə gəlir: «Genetik cəhətdən bir-birindən fərqli olan növlərin müəyyən sərhədi və ya çərçivəsi var. Bu, təsadüfi mutasiyaların onları dəyişməsinə yol vermir»22.

İndi isə düşünün: əgər yüksəkixtisaslı mütəxəssislər süni yolla mutasiyalar törədib əlverişli olanları seçib yeni növ yarada bilmirlərsə, bunu şüursuz bir qüvvə edə bilərmi? Tədqiqatlardan göründüyü kimi, əgər mutasiyalar başlanğıc fərdi tamamilə yeni bir fərdə çevirə bilmirsə, görəsən, onda makrotəkamül necə baş verirdi?

2-ci mif: təbii seçmə yeni növlərin əmələ gəlməsinə təkan verir. Darvinə görə, yaşamaq uğrunda mübarizədə adətən müəyyən mühit şəraitinə daha yaxşı uyğunlaşan fərdlər seçilərək salamat qalır, uyğunlaşa bilməyənlər isə əvvəl-axır məhv olur. Bu gün təkamülçülər hesab edirlər ki, ayrı-ayrı növlər yayıldıqca və təcrid olunduqca, təbii seçmə zamanı yalnız yeni mühitə daha yaxşı uyğunlaşmaq üçün irsi dəyişiklik nəticəsində müəyyən əlamətləri inkişaf edən fərdlər salamat qalmışlar. Təkamülçülərin fikrincə, bu təcrid olunmuş qruplar yavaş-yavaş tamamilə yeni növlərə çevrilmişlər.

Faktlar. Əvvəldə deyildiyi kimi, elmi tədqiqatlar açıq-aydın göstərir ki, mutasiyalar tamamilə yeni bitki və heyvan növlərinin əmələ gəlməsinə səbəb olmur. Bəs alimlər təbii seçmə zamanı əlverişli mutasiyalardan yeni növlərin əmələ gəldiyini sübut etmək üçün hansı dəlilləri gətirirlər? ABŞ Milli Elmlər Akademiyasının (MEA) 1999-cu ildə nəşr etdiyi broşürdə «Darvinin Qalápaqos adalarında müşahidə etdiyi hörücülərin («vürok») 13 növü» göstərilir. «Hal-hazırda bu quşlar Darvinin hörücüləri kimi tanınır»23.

1970-ci illərdə Piter və Rozmari Qrant cütlüyünün başçılığı altında Prinston Universitetinin bir qrup alimi bu quşları öyrənərkən aşkar etmişlər ki, həmin adalarda bir il sürən quraqlıqdan sonra dimdiyi kiçik olan hörücülərin sayı azalmış, dimdiyi bir az böyük olanlar isə şəraitə daha yaxşı uyğunlaşa bilmişlər. Dimdiklərinin ölçüsü və forması 13 növ hörücülərin ayırd edilməsində əsas amillərdən biri olduğu üçün bu kəşf çox əhəmiyyətli hesab olundu. Sonra broşürdə deyilir: «Qrantların hesablamalarına görə, əgər adalarda quraqlıq on ildən bir baş versəydi, hörücülərin yeni növü təxminən 200 ilə ancaq yaranardı»24.

Lakin MEA-nın broşüründə bir şey qeyd olunmur: quraqlıqdan sonrakı illərdə kiçik dimdikli hörücülərin törəməsi yenidən üstünlük təşkil etməyə başladı. Alimlər fikir vermişlər ki, adada iqlim şəraiti dəyişəndə uzun dimdikli hörücülər cəmi bir il üstünlük təşkil etmiş, sonralar isə kiçik dimdikli hörücülər üstünlüyü ələ almışlar. Həmçinin, onların müşahidələrinə görə hörücülərin müxtəlif «növlərinin» çarpazlaşma nəticəsində verdikləri törəmələr özlərindən daha dözümlü olur; bundan alimlər belə nəticəyə gəldilər: əgər çarpazlaşma belə davam etsə, bu iki «növ» bir-birinə qarışacaq və nəticədə bir növ əmələ gələcək25.

Darvinin hörücülərinin nümunəsi, ən yaxşı halda, göstərir ki, ayrı-ayrı növlər iqlim dəyişikliyinə uyğunlaşmaq qabiliyyətinə malikdirlər

Doğrudanmı təbii seçmə nəticəsində tamamilə yeni növlər əmələ gəlir? On illər əvvəl təkamülçü bioloq Corc Vilyamsda bunun mümkünlüyünə şübhə yarandı26. 1999-cu ildə təkamülçü Cefri Şvarts yazırdı ki, təbii seçmə növlərə dəyişkən mühitə uyğunlaşmağa kömək edir, lakin yeni bir şey yaratmır27.

Həqiqətən də, Darvinin hörücüləri «yeni bir şeyə» çevrilmədilər. Onlar əvvəllər olduğu kimi, bu gün də hörücü olaraq qalıblar. Növlərarası çarpazlaşma faktı isə, bəzi təkamülçülərin növləri müəyyən etmə üsullarını şübhə altına qoyur. Bundan əlavə, bu quşlar haqqında əldə olunan məlumatlar göstərir ki, hətta mötəbər elmi akademiyalar belə dəlillər gətirərkən qərəzli ola bilərlər.

3-cü mif: paleontoloji məlumatlar makrotəkamül nəzəriyyəsini təsdiq edir. Yuxarıda adı çəkilən broşür oxuculara alimlər tərəfindən aşkar olunan müxtəlif heyvan qalıqlarının makrotəkamül nəzəriyyəsini tamamilə sübut etdiyi təəssüratını bağışlayır. Orada deyilir: «Balıqlarla suda-quruda yaşayanlar, suda-quruda yaşayanlarla sürünənlər, sürünənlərlə məməlilər və eləcə də primatlar arasında o qədər çox sayda ara keçid formaları tapılmışdır ki, onların arasında bir növün digərinə nə zaman keçdiyini dəqiq müəyyən etmək çox çətindir»28.

Faktlar. MEA-nın broşüründə deyilənlər çox mübahisəli məsələdir. Nəyə görə? Təkamül nəzəriyyəsinin qatı tərəfdarı alim Nayls Eldricin dediklərinə əsasən, paleontoloji məlumatlar «növlərin əksəriyyətinin, demək olar ki, [uzun müddət ərzində] heç bir təkamül dəyişikliyinə məruz qalmadığını» göstərir29 f.

Paleontoloji məlumatlara əsasən, bütün əsas heyvan qrupları qəfil yaranmış və demək olar ki, heç bir dəyişikliyə uğramamışlar

Bu günədək bütün dünyada alimlər qazıntı halında tapılmış 200 milyona qədər heyvan qalıqlarını kataloqa daxil etmişlər. Bir çox tədqiqatçıların fikrincə, bu paleontoloji məlumatlar əsas heyvan qruplarının qəfildən yarandığını və demək olar ki, heç bir dəyişikliyə məruz qalmadığını, həmçinin bir çox növlərin qəfildən necə yaranmışdısa, eləcə də yox olduğunu göstərir.

Təkamülə inam — «imanın» bir növü

Axı nəyə görə bir çox tanınmış təkamülçülər makrotəkamülün fakt olduğunu iddia edirlər? Nüfuzlu təkamülçü Riçard Levontin səmimi olaraq yazır ki, bir çox alimlər, sadəcə olaraq, «materializm nəzəriyyəsinə sadiq qaldıqları» üçün məntiqə sığmayan elmi fikirləri qəbul etməyə hazırdırlar g. Çoxları şüurlu Yaradanın olduğu haqda fikirləşmək belə istəmir. Çünki onlar «Yaradanın mövcud olması fikrini, sadəcə olaraq, qəbul edə bilmirlər»,— deyə Levontin yazır30.

Bununla bağlı «Sayentifik Amerikan» jurnalında sosioloq Rodni Starkın sözləri gətirilir: «200 ildir beynimizə yeridirdilər ki, əgər alim olmaq istəyirsənsə, beynini dini fikirlərlə doldurmamalısan». O, həmçinin qeyd etmişdir ki, elmi tədqiqat institutlarında «dini baxışları olan alimlər susmağa çalışırlar»31.

Əgər siz makrotəkamül nəzəriyyəsini fakt kimi qəbul edirsinizsə, onda inanmalısınız ki, aqnostik və ateist alimlər öz şəxsi fikirlərini elmi sübutlara qatmırlar. İnanmalısınız ki, bütün növ mürəkkəb həyat formaları mutasiya və təbii seçmə nəticəsində əmələ gəlmişdir, halbuki, yüz il ərzində milyardlarla mutasiyalar üzərində aparılmış tədqiqatlar heç bir ayrı növün tamamilə yeni bir növə çevrildiyini göstərməmişdir. Paleontoloji məlumatların əsas bitki və heyvan növlərinin qəfil yarandığını və hətta milyardlarla illər ərzində digər növlərə çevrilmədiyini göstərməsinə baxmayaraq, inanmalısınız ki, bütün canlı orqanizmlər yavaş-yavaş ümumi əcdadından təkamül edərək indiki vəziyyətə gəlib çatmışlar. Sizcə, belə inam faktlara əsaslanırmı? Yoxsa bu, sadəcə olaraq mifdir? Həqiqətən də, təkamülə inam, öz-özlüyündə, bir növ, «imandır».

a İt cinslərindəki bu kimi dəyişikliklər adətən genetik pozuntu nəticəsində baş verir. Məsələn, taksanın kiçik, cırtdanboy olmasının səbəbi qığırdaqlarının düzgün inkişaf etməməsi ilə bağlıdır.

b «Yaradılış» kitabının 1-ci fəslində deyilir ki, bitki və heyvanlar «növ»lərinə görə yaradılıblar (Yaradılış 1:12, 21, 24, 25). Lakin Müqəddəs Kitabda istifadə olunan «növ» sözü elmi ifadə deyil və elmdə işlədilən «növ» sözü ilə qarışdırılmamalıdır.

c Araşdırmalar göstərir ki, orqanizmin formalaşmasında, həmçinin hüceyrənin sitoplazması, membranaları və digər hissələri rol oynayır.

d Volf–Ekkehard həyatın yaradıldığına inanır. Bu sözlərlə o, Maks Plank adına Bitkilərin Seleksiyası İnstitutu adından yox, öz adından çıxış edir.

e Mutasiyalar ilə aparılan təcrübələr zamanı yeni dəyişikliklərin sayının getdikcə azaldığı və eyni zamanda oxşar əlamətlərin periodik olaraq təkrarlandığı müşahidə olunurdu. Bundan əlavə, növbəti tədqiqatlar üçün bir faizdən az mutant bitkilər seçilmiş, bu mutantların arasından isə kommersiya məqsədi ilə bir faizdən də az bitki seçilmişdi. Lakin heç bir dənə də olsun tamamilə yeni növ alınmamışdır. Heyvanlarla aparılan mutasiya seleksiyası isə daha uğursuz olmuş və nəticədə ondan tamamilə əl çəkmişlər.

f Hətta təkamülün sübutu üçün alimlərin paleontoloji dəlil kimi gətirdikləri bir neçə nümunə hələ də mübahisə mövzusu olaraq qalır. Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Həyatın əmələ gəlməsi. Beş suala cavab» broşürünün 22—29 səhifələrinə (türk.) baxın.

g «Materializm» fəlsəfi cərəyanına görə, hər şeyin fövqündə cisim durur; Kainat, eləcə də bütün həyat növləri ilahi varlığın təsiri olmadan yaranıb.