Kontentə keç

Mündəricatı göstər

DƏRS 4

O, atasını və Yehovanı sevindirdi

O, atasını və Yehovanı sevindirdi

İftah Yehovaya nə söz verdi?

Çətin olsa da, İftahın qızı atasının sözünü yerə salmadı

Şəkildəki qızı görürsən? ~ O, İftah adlı kişinin qızıdır. Müqəddəs Kitabda bu qızın adı qeyd olunmasa da, bilirik ki, o, Yehovanın və atasının başını uca etmişdi. Gəl İftah və onun qızı barədə öyrənək.

İftah yaxşı adam idi. O, qızına Yehova haqqında öyrətmək üçün çoxlu vaxt ayırırdı. O həmçinin güclü insan və yaxşı rəhbər idi. Buna görə də israillilər ondan xahiş etdilər ki, düşmənlərinə qarşı döyüşdə onlara başçılıq etsin.

İftah qələbə çalmaq üçün duada Yehovadan kömək istədi. O, Yehovaya söz verdi ki, əgər qələbə çalarsa, evinə qayıdarkən qarşısına ilk çıxanı Ona verəcək. Həmin insan ömrünün sonuna kimi müqəddəs çadırda yaşamalı idi. O dövrdə müqəddəs çadırda insanlar Yehovaya ibadət edirdilər. Beləcə, İftah qələbə çaldı. Bilirsən, o, evə qayıdanda qarşısına birinci kim çıxdı? ~

İftahın qızı. O, İftahın yeganə övladı idi. İndi də atası qızından ayrılmalı idi. Bu, onun üçün çox ağır idi. Ancaq o, artıq söz vermişdi. Bunu görən İftahın qızı dedi: «Ata, sən Yehovaya nəzir etmisən, nəzirini yerinə yetir».

Hər il İftahın qızının rəfiqələri ona baş çəkirdilər

İftahın qızı üçün də asan deyildi, çünki müqəddəs çadırda xidmət edərkən o, nə ailə qura, nə də ki, oğul-uşaq sahibi ola bilərdi. Ancaq o, atasının Yehovaya verdiyi sözü yerinə yetirməyi hər şeydən üstün tutdu. Bu onun üçün ailə qurmaqdan daha vacib idi. O, ata evini tərk edib qalan ömrünü müqəddəs çadırda keçirtdi.

Necə fikirləşirsən, onun davranışı atasının və Yehovanın xoşuna gəldi? ~ Əlbəttə! Əgər sən də İftahın qızı kimi Yehova Allahı sevib Ona itaət etsən, onda həm valideynlərin, həm də Yehova səndən razı qalacaq.