Kontentə keç

Mündəricatı göstər

FƏSİL 7

Təbliğ etməyin üsulları — insanların ürəyinə yol tapmaq üçün müxtəlif üsullardan istifadə edirik

Təbliğ etməyin üsulları — insanların ürəyinə yol tapmaq üçün müxtəlif üsullardan istifadə edirik

MÖVZU

Daha çox insana xoş xəbəri çatdırmaq üçün Allahın xalqı müxtəlif üsullardan istifadə edir

1, 2. a) İzdiham səsini eşitsin deyə İsa peyğəmbər nə etdi? b) Məsihin davamçıları onun nümunəsini necə izləyirlər və nə üçün?

 İZDİHAM gölün sahilində İsa peyğəmbərin ətrafına toplaşır. O isə qayığa minib sahildən bir az uzaqlaşır. Çünki İsa bilir ki, onun səsi suyun səthi ilə yayılacaq və oraya yığışanların hamısı onun sözlərini daha aydın eşidəcək. (Mark 4:1, 2 ayələrini oxuyun.)

2 Padşahlığın qurulmasından əvvəl və sonra Məsihin sadiq davamçıları onun nümunəsini izləyərək Padşahlıq haqqında müjdəni daha çox insana çatdırmaq üçün yeni texnoloji vasitələrdən istifadə ediblər. Şəraitlər dəyişdikcə və yeni texnologiyalar ərsəyə gəldikcə Allahın xalqı olan bizlər onlarla ayaqlaşırıq. İstəyirik ki, son gəlməzdən öncə mümkün qədər çox insan xoş xəbəri eşitsin (Mət. 24:14). Gəlin insanların harada yaşamalarından asılı olmayaraq, onlara təbliğ etmək üçün istifadə olunan bəzi üsulları nəzərdən keçirək və görək bu işi icra edənlərin imanlarını necə təqlid edə bilərik.

Böyük bir kütləyə təbliğ

3. Həqiqəti çatdırmaq üçün qəzetlərdən istifadə etməyimiz düşmənləri necə yandırıb-yaxırdı?

3 Qəzetlər. Rassel qardaş və onun əməkdaşları 1879-cu ildən etibarən «Gözətçi qülləsi» jurnalını nəşr edərək daha çox insana Padşahlıq haqda xoş xəbəri çatdırırdılar. Lakin 1914-cü ildən təxminən on il əvvəl Məsih xoş xəbərin daha çox insana çatdırılması üçün hadisələrin gedişatına müdaxilə etmişdi. Hadisələr 1903-cü ildən cərəyan etməyə başladı. Həmin il Pensilvaniyadakı bir qrup Protestant din xadimlərinin təmsilçisi kimi çıxış edən doktor E. L. İtn Rassel qardaşı Müqəddəs Kitab təliminin müzakirəsinə çağırdı. Onun Rasselə ünvanlanmış məktubunda deyilirdi: «Mən elə düşünürəm ki, sizinlə mənim fikirlərimin üst-üstə düşmədiyi bəzi mövzuları ictimaiyyət qarşısında müzakirə etmək... bir çoxlarına maraqlı olardı». Rassel və onun əməkdaşları da bu mövzuların müzakirəsinin insanların ürəyincə olacağını düşündükləri üçün həmin müzakirələri ən çox oxunulan «Pitsburq qəzet»də çap etdilər. Həmin məqalələrin özünə daha çox oxucu cəlb etməsi və Rasselin Müqəddəs Kitab həqiqətlərini məntiqli şəkildə izah etməsi sayəsində təklif olundu ki, Rasselin mühazirələri hər həftə dərc olunsun. Əldə olunan uğurlar düşmənləri yandırıb-yaxırdı!

1914-cü ilə qədər Rassel qardaşın mühazirələri 2000-dən çox qəzetdə çap olunurdu

4, 5. Məsul qardaşlar Rasselin nümunəsindən nə öyrənə bilərlər?

4 Tezliklə Rasselin mühazirələrini çap etmək istəyən qəzetlərin sayı artdı. 1908-ci ildə «Gözətçi qülləsi»ndə deyilirdi ki, Rassel qardaşın mühazirələri artıq «on bir qəzetdə müntəzəm olaraq çap olunur». Lakin qəzet işləri ilə tanış olan qardaşlar Rasselə təşkilatın ofisini Pitsburqdan daha yaxşı tanınan şəhərə köçürməyi təklif etdilər. Bunun sayəsində Müqəddəs Kitaba əsaslanan məqalələri daha çox qəzetlərdə çap etdirmək mümkün olacaqdı. Hər şeyi ölçüb-biçəndən sonra Rassel qardaş 1909-cu ildə ofisi Bruklinə (Nyu–York) köçürdü. Nəticədə, cəmi bir neçə ay sonra qardaşın mühazirələri artıq təxminən 400 qəzetdə dərc edilirdi. Bu qəzetlərin sayı artmağa davam edir və 1914-cü ildə Rasselin moizə və məqalələri dörd dildə 2000-dən çox qəzetdə çap olunurdu!

5 Rassel qardaşın məsləhəti təvazökarlıqla qəbul etməsindən nə öyrənə bilərik? Yehovanın təşkilatındakı məsul qardaşlar vacib qərarlar qəbul edəndə başqalarının da məsləhətini nəzərə almalıdırlar. (Məsəllər 15:22 ayəsini oxuyun.)

6. Qəzetdə dərc olunan məqalələr bir nəfərə necə təsir etmişdi?

6 Padşahlıq barədə həqiqətlərin qəzetlərdə çıxması bir çox insanların həyatlarını dəyişmişdi (İbr. 4:12). Məsələn, 1917-ci ildə vəftiz olunan Ora Hetsel həqiqəti məhz qəzet vasitəsilə öyrənmişdi. O demişdi: «Ailə qurandan sonra mən Roçesterdə (Minnesota) yaşayan anama baş çəkməyə getmişdim. Gedəndə gördüm ki, anam hansısa qəzetdən məqalələr kəsir. Bu, Rasselin mühazirələri idi. Anam oradan öyrəndiklərini mənimlə bölüşdü». Həqiqəti qəbul edən Ora bacı təxminən altmış il ərzində xoş xəbərin təbliğçisi oldu.

7. Nəyə görə qəzetlərin istifadəsinə yenidən baxıldı?

7 1916-cı ildə xoş xəbərin qəzetlər vasitəsilə çap edilməsinə yenidən baxıldı. Bunun iki əsas səbəbi var idi. Birincisi, Böyük müharibənin təlatümlü bir vaxtında çap ləvazimatları elə də asan tapılmırdı. 1916-cı ildə Böyük Britaniyadakı qəzet şöbəmizin hesabatında deyilirdi: «Hal-hazırda mühazirələr 30-dan çox qəzetdə dərc olunur. Ancaq kağızın bahalaşması ucbatından, görünür, bu say hələ çox azalacaq». İkincisi, 1916-cı ilin oktyabr ayının 31-də Rassel qardaş vəfat etdi. Bununla bağlı «Gözətçi qülləsi» jurnalının 1916-cı il 15 dekabr sayında növbəti elan edildi: «Rassel qardaş vəfat etdiyi üçün mühazirələr artıq [qəzetlərdə] dərc olunmayacaq». Təbliğin bu növünə son qoyulsa da, «Yaradılış fotodramı» kimi digər üsullar daha geniş vüsət alırdı.

8. «Yaradılış fotodramı» necə hazırlanmışdı?

8 «Yaradılış fotodramı». Rassel və onun əməkdaşları təxminən üç il «Yaradılış fotodramı»nın üzərində işlədilər və nəhayət, bu dram 1914-cü ildə işıq üzü gördü (Məs. 21:5). «Fotodram» həmin dövr üçün bir yenilik idi, çünki onun çəkilişində rəngli şüşəli slaydlardan, kinokadrlardan və səsyazmadan istifadə olunmuşdu. Müqəddəs Kitab səhnələrində yüzlərlə insan, hətta heyvanlar belə çəkilmişdi. 1913-cü ilin bir hesabatında qeyd olunmuşdu ki, «Nuhun günləri ilə bağlı film çəkmək üçün böyük bir zooparkdan çoxlu heyvan gətirilmişdi». Yüzlərlə rəngli şüşə slaydların hər birini Londondan, Nyu–Yorkdan, Parisdən və Filadelfiyadan gəlmiş rəssamlar əli ilə rəngləmişdi.

9. Hansı məqsədlə «Fotodram»ı hazırlamaq üçün bu qədər vaxt və pul sərf olundu?

9 «Fotodram»ın hazırlanmasına nə üçün bu qədər vaxt və pul sərf olundu? Bu sualın cavabı 1913-cü ildə keçirilən böyük toplantılarda qəbul olunan qətnamədə öz əksini tapır: «Amerikan qəzetlərinin komikslər və şəkillər vasitəsilə ictimai rəy formalaşdırmaqda əldə etdiyi misilsiz nailiyyətlər, eləcə də kinomatoqrafın geniş imkanları və bu dərəcədə yayılması bizə, mütərəqqi müjdəçilərə və Müqəddəs Kitab dərnəklərinin rəhbərlərinə müjdəçilik və təlim vermək işində effektiv və layiqli metod kimi kinomatoqrafdan və slaydlardan istifadəni dəstəkləməyə tam əsas verir».

Yuxarıda: «Fotodram»ın proyeksiya köşkü; aşağıda: «Fotodram»ın şüşə slaydları

10. «Fotodram» nə dərəcədə geniş yayılmışdı?

10 «Fotodram» 1914-cü il ərzində hər gün 80 şəhərdə nümayiş olunurdu. Bu filmi Birləşmiş Ştatlarda və Kanadada səkkiz milyona yaxın insan izləmişdi. Elə həmin il «Fotodram» Almaniyada, Avstraliyada, Böyük Britaniyada, Danimarkada, Finlandiyada, İsveçdə, İsveçrədə, Norveçdə və Yeni Zelandiyada göstərildi. Kiçik şəhərlər üçün isə filmin sadələşdirilmiş versiyası hazırlanmışdı və ona hərəkətli şəkillər daxil deyildi. «Evrika dramı» adlı bu film həm ucuz başa gəlirdi, həm də daşınması asan idi. 1916-cı ilə qədər «Fotodram» (tam və ya sadələşdirilmiş versiyası) erməni, Norveç, fransız, alman, yunan, italyan, polyak, ispan və İsveç dillərinə tərcümə olunmuşdu.

1914-cü ildə «Fotodram»ın göstərildiyi zallar ağzına kimi dolu olurdu

11, 12. «Fotodram» bir gəncə necə təsir etmişdi və biz ondan nə öyrənirik?

11 Fransız dilinə tərcümə olunan «Fotodram» 18 yaşlı Şarl Ronerə böyük təsir bağışlamışdı. O bölüşür: «Bu film yaşadığım Kolmar şəhərində (Elzas vilayəti, Fransa) nümayiş olunmuşdu. Film başlayar-başlamaz Müqəddəs Kitab həqiqətlərinin aydın təqdim olunması məni valeh etdi».

12 Bundan sonra Şarl vəftiz olub 1922-ci ildə tammüddətli xidmətə başladı. İlk təyinatlarından biri Fransada «Fotodram»ın nümayişi zamanı kömək etmək idi. O deyir: «Mənə bir neçə iş tapşırılmışdı: skripkada çalmaq, hesabatlara baxmaq və ədəbiyyata nəzarət etmək. Üstəlik, nəzarət etməli idim ki, proqram başlamazdan əvvəl zalda sakitçilik olsun. Fasilə zamanı isə ədəbiyyat paylayırdıq. Təyin olunmuş bacı və ya qardaşın hər biri zalın müəyyən hissəsinə cavabdeh idi. Əlimizdə ədəbiyyat bağlaması ilə oturanların hər birinə yaxınlaşırdıq. Bundan əlavə, zalın girişində ədəbiyyatla dolu olan stollar qoyulmuşdu». 1925-ci ildə Şarl Bruklindəki (Nyu–York) Beytelə dəvət olundu. Orada o, yeni qurulmuş WBBR radiostansiyasındakı orkestrə dirijorluq edirdi. Bəs biz Padşahlıq haqda müjdənin yayılması üçün hər tapşırılan işi, Şarl qardaş kimi, qəbul edirikmi? (Əşiya 6:8 ayəsini oxuyun.)

13, 14. Radio həqiqətin yayılmasında hansı rolu oynamışdı? (Həmçinin « WBBR radiostansiyasının proqramları» və « Əlamətdar toplantı» adlı çərçivələrə baxın.)

13 Radio. «Fotodram»ın nümayişi 1920-ci illərdə səngiməyə başladı, xoş xəbərin radio vasitəsilə yayılması ön plana keçdi. Ruterford qardaşın radio vasitəsilə tarixi çıxışı 16 aprel 1922-ci ildə Filadelfiyadakı Metropolitan Opera Teatrında (Pensilvaniya) yayımlanmışdı. Onun «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı çıxışını təxminən 50 000 insan dinləmişdi. 1923-cü ildə isə ilk dəfə böyük toplantının proqramı yayımlandı. Məsul qardaşlar qərara gəldilər ki, özəl radiostansiyalardan istifadə etməklə yanaşı, yaxşı olardı ki, şəxsi radiostansiyalarını tiksinlər. Onlar radiostansiyanı Steyton-Aylenddə (Nyu–York) tikərək WBBR kimi qeydiyyatdan keçirdilər və onun ilk yayımı 1924-cü il fevralın 24-də oldu.

1922-ci ildə «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı çıxışı radio vasitəsilə təxminən 50 000 insan dinləmişdi

14 WBBR radiostansiyasının məqsədinin nədən ibarət olduğu «Gözətçi qülləsi» jurnalının 1924-cü il 1 dekabr sayında izah olunmuşdu: «Əminik ki, müjdənin radio vasitəsilə yayımı indiyə kimi istifadə olunan vasitələrdən ən effektlisi və ən sərfəlisidir». Həmin məqalədə həmçinin deyilmişdi: «Rəbb həqiqətin yayılması üçün digər radiostansiyaların tikilməsini istəyirsə, Ona məqbul olan tərzdə də pulunu yetirəcək» (Zəb. 127:1). Artıq 1926-cı ildə altı radiostansiya var idi. Bunlardan ikisi Birləşmiş Ştatlarda — WBBR Nyu–Yorkda, WORD Çikaqo yaxınlığında yerləşirdi. Digər dördü isə Kanadada — Albertada, Britaniya Kolumbiyasında, Ontarioda və Saskaçevanda yerləşirdi.

15, 16. a) Kanadadakı ruhanilər həqiqətin radio vasitəsilə yayılmasına necə münasibət göstərdilər? b) Mühazirələrin radioda səsləndirilməsi evdən-evə təbliğə necə təsir etdi?

15 Həqiqətin radio vasitəsilə geniş vüsət alması Xristian ruhanilərinin diqqətindən yayınmadı. Saskaçevandakı (Kanada) radiostansiyada gedən işə bələd olan Albert Hofman belə deyirdi: «Get-gedə daha çox insan [sonradan Yehovanın Şahidləri adlanan] Müqəddəs Kitab Tədqiqatçılarını tanımağa başlayırdı. 1928-ci ilə qədər gözəl şahidlik verilmişdi, ta ki din rəhbərləri işə qarışanacan; onlar dövlət nümayəndələrinə təsir göstərərək Müqəddəs Kitab Tədqiqatçılarının Kanadadakı bütün radiostansiyalarının lisenziyalarını ləğv etdirmişdilər».

16 Kanadadakı radiostansiyalarımızın bağlanmasına baxmayaraq, Müqəddəs Kitab moizələrinin özəl stansiyalar vasitəsilə yayımı dayanmadı (Mət. 10:23). Daha çox insanın həmin proqramları dinləməsi üçün «Gözətçi qülləsi» və «Qızıl əsr» (hal-hazırda «Oyanın!» adlanır) jurnallarında özəl stansiyaların siyahısı gətirilmişdi. Bunun sayəsində ev-ev təbliğ edən bacı-qardaşlar insanları bu proqramları dinləməyə təşviq edə bilərdilər. Əldə olunan nailiyyətlər barədə «Bülleten»in 1931-ci il yanvar sayında deyilmişdi: «Radio verilişlərinin yayımlanması bacı-qardaşlara ev-ev təbliğdə iştirak etmək üçün əsil stimul oldu. Bununla bağlı sahədən çoxlu sayda məktub gəlmişdi və deyilirdi ki, insanlar Ruterford qardaşın mühazirələrini dinləyəndən sonra təklif olunan nəşrləri böyük məmnuniyyətlə götürürlər». «Bülleten»də qeyd olunmuşdu ki, radioyayım və ev-ev təbliğ «Ağamızın təşkilatında iki ən effektiv üsuldur».

17, 18. Şəraitin dəyişməsinə baxmayaraq, radio vasitəsilə xoş xəbər haralara çatdırılırdı?

17 1930-cu illər ərzində əleyhdarlar özəl radiostansiyalardan da istifadə etməyimizə qarşı çıxırdılar. Buna görə də 1937-ci ilin sonlarında Yehovanın Şahidləri vəziyyətə uyğunlaşmağa başladılar. Odur ki, onlar radio vasitəsilə yayımdan çox bütün diqqətlərini ev-ev təbliğə yönəltdilər a. Buna baxmayaraq, radio ucqar və ya siyasi cəhətdən təcrid olunmuş ərazilərdə Padşahlıq haqda xoş xəbərin yayılmasında hələ də mühüm rol oynayırdı. Misal üçün, 1951—1991-ci illər ərzində Qərbi Berlində (Almaniya) yerləşən radiostansiyada müntəzəm olaraq məruzələr səsləndirilirdi və onları əvvəllər Şərqi Almaniya adlanan ərazilərdə də dinləyirdilər. 1961-ci ildən başlayaraq, təxminən otuz il Surinamda (Cənubi Amerika) yerləşən milli stansiya Müqəddəs Kitab həqiqətlərini hər həftə 15 dəqiqə ərzində səsləndirirdi. 1969-dan 1977-ci ilə qədər təşkilat «Hər Müqəddəs Yazı faydalıdır» silsiləsindən olan radioproqramın 350-dən çox audioyazısını buraxmışdı. Bu proqramlar Birləşmiş Ştatların 48 ştatında yayımlanırdı. 1996-cı ildə Cənubi Samoanın paytaxtı Apiadakı radiostansiyada «Müqəddəs Kitabla bağlı suallarınıza cavab» adlı həftəlik proqram yayımlanırdı.

18 Ancaq XX əsrin sonunda radio vasitəsilə müjdənin çatdırılması əvvəlki qədər geniş istifadə olunmurdu. Ancaq daha çox insana təbliğ etmək üçün digər bir vasitə meydana çıxdı.

19, 20. Yehovanın Şahidləri jw.org saytını hansı məqsədlə yaradıblar və bu, hansı bəhrələr gətirir? (Həmçinin « JW.ORG» adlı çərçivəyə baxın.)

19 İnternet. 2013-cü ilin əvvəlində dünya əhalisinin təxminən 40 faizi, yəni 2,7 milyarddan çox sakini İnternetdən istifadə edirdi. Bəzi hesablamalara görə təqribən iki milyard insan İnternetə telefon və ya planşet kimi smartfon cihazlar vasitəsilə daxil olur. Və bu say get-gedə artır. Hal-hazırda telefon vasitəsilə İnternetdən istifadə edənlərin ən yüksək sayı Afrikada müşahidə olunur. Onların sayı 90 milyondan çoxdur. Bu cür texniki nailiyyətlər çoxlarının məlumat almaq üsulunu tamamilə dəyişib.

20 Yehovanın xalqı 1997-ci ildən kütləvi kommunikasiyanın bu növündən istifadə etməyə başlayıb. 2013-cü il üçün jw.org saytı təxminən 300 dilə tərcümə olunub. Müqəddəs Kitaba əsaslanan məlumatı isə 520-dən çox dildə yükləmək mümkündür. Hər gün sayta 750 000-dən çox insan daxil olur. Üstəlik, hər ay videoroliklərə baxmaqla yanaşı, oradan 3 milyon kitab, 4 milyon jurnal və 22 milyon audioyazı yüklənir.

21. Sina adlı kişinin nümunəsindən nə öyrənirik?

21 jw.org saytı təbliğ işinə məhdudiyyət qoyulmuş ərazilərdə belə xoş xəbərin yayılmasında uğurlu bir vasitədir. Misal üçün, 2013-cü ilin əvvəlində Sina adlı bir kişi jw.org saytına daxil olub və Müqəddəs Kitab haqqında ətraflı məlumat əldə etmək üçün Birləşmiş Ştatlarda yerləşən mərkəzi idarə ilə əlaqə saxlayıb. Bu, qeyri-adi bir hadisədir, çünki Sina müsəlman ailəsində boya-başa çatıb və yaşadığı ölkədə Yehovanın Şahidlərinin fəaliyyəti qadağa altındadır. Hal-hazırda Birləşmiş Ştatlardan olan bir Şahid Sina ilə İnternet vasitəsilə həftədə iki dəfə Müqəddəs Kitab öyrənməsi keçirir. Öyrənmə İnternetdə videoəlaqə vasitəsilə keçirilir.

Fərdi təlim vermək

22, 23. a) Nəyə görə demək olar ki, digər təbliğ üsulları evdən-evə təbliği əvəz etmir? b) Padşahın işimizə xeyir-dua verdiyi nədən görünür?

22 Müjdəni daha çox sayda insana çatdırmaq üçün nə qəzetlər, nə «Fotodram», nə radio verilişləri, nə də ki veb-sayt ev-ev təbliği əvəz etmək üçün nəzərdə tutulmamışdı. Çünki Yehovanın xidmətçiləri İsa Məsihin nümunəsindən öyrənirlər. O, təkcə böyük kütlə qarşısında təlim vermirdi, həm də hər bir insana ayrı-ayrılıqda kömək etməyə çalışırdı (Luka 19:1—5). İsa peyğəmbər şagirdlərinə də bu cür davranmağı öyrədir və insanlara hansı xəbəri çatdırmalı olduqlarını deyirdi. (Luka 10:1, 8—11 ayələrini oxuyun.) Bu kitabın 6-cı fəslində müzakirə olunduğu kimi, Yehovanın təşkilatındakı məsul qardaşlar həmişə hər bir xidmətçini insanlarla üz-üzə söhbət etməyə təşviq edirdilər (Həv. 5:42; 20:20).

23 Allahın Padşahlığının qurulmasından artıq bir əsr keçib. 7,9 milyondan çox Yehovanın Şahidi Onun xəbərini fəal şəkildə insanlara çatdırır. Sözsüz ki, Padşah bizim xoş xəbəri elan etmək üçün istifadə etdiyimiz hər bir üsula xeyir-dua verir. Növbəti fəsildən görəcəyik ki, o bizi müjdəni hər millətə, qəbiləyə və dilə çatdırmaq üçün lazımi vəsaitlərlə təmin edir (Vəhy 14:6).

a 1957-ci ildə məsul qardaşlar Nyu–Yorkda yerləşən WBBR radiostansiyasını bağlamaq qərarına gəldilər.