Kontentə keç

Mündəricatı göstər

FƏSİL 10

Padşah öz xalqını ruhani cəhətdən saflaşdırır

Padşah öz xalqını ruhani cəhətdən saflaşdırır

MÖVZU

İsa Məsih öz davamçılarını ruhani cəhətdən təmizləyir və saflaşdırırdı. Necə və nə üçün?

1—3. İsa məbədin murdarlandığını görəndə nə etdi?

 İSA MƏSİH Yerusəlimdəki məbədə böyük hörmətlə yanaşırdı, çünki onun nəyi təmsil etdiyindən agah idi. Bu məbəd uzun müddət yer üzündə həqiqi ibadətin mərkəzi olub. Müqəddəs Yehova Allaha edilən bu ibadət təmiz və pak olmalıdır. Buna görə də bir anlıq təsəvvür edin: eramızın 33-cü ilinin nisan ayının 10-da İsa məbədə gəlib onun murdarlandığını görəndə hansı hissləri keçirmişdi! Axı orada nə baş vermişdi? (Mətta 21:12, 13 ayələrini oxuyun.)

2 Məbədin qeyri-yəhudilər üçün ayrılan həyətində acgöz alverçilər və pul dəyişənlər məbəddə Yehovaya qurban təqdim etmək üçün gələnlərdən sui-istifadə edərək haqsız qazanc əldə edirdilər a. İsa «bütün alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini [çevirdi]». (Nəhəmya 13:7—9 ayələri ilə müqayisə edin.) Atasının evini «quldur yuvasına» döndərdikləri üçün o, bu xudbin insanları sərt şəkildə məzəmmətlədi. Bununla İsa məbədə və onun təmsil etdiyi həqiqi ibadətə dərin hörmət bəslədiyini göstərdi. Bəli, onun Atasına edilən ibadət pak və təmiz olmalıdır!

3 İsa bu hadisədən yüzilliklər sonra Allahın Padşahlığının Padşahı təyin olunanda yenidən təmizlik işləri gördü. Bu dəfə o, Yehovaya düzgün şəkildə ibadət etmək istəyənlərin gəldikləri məbədi təmizlədi. Söhbət hansı məbəddən gedir?

«Lavi oğullarını»n təmizlənməsi

4, 5. a) 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər İsanın məsh olunmuş davamçıları necə əridildi və təmizləndi? b) Bununla Allahın xalqının təmizlənməsi bitdimi? İzah edin.

4 Bu nəşrin 2-ci fəslindən gördüyümüz kimi, 1914-cü ildə taxta əyləşdikdən sonra İsa Atası ilə birlikdə ruhani məbədi — pak ibadət üçün görülən tədbirləri yoxlamağa gəldi b. Bu yoxlama nəticəsində Padşah gördü ki, məsh olunmuş məsihiləri, yəni «Lavi oğullarını» əridib təmizləməyə ehtiyac var (Məl. 3:1—3). Yehova Allah 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər olan vaxt ərzində xalqının təmizlənib saflaşması üçün müxtəlif sınaq və çətinliklərdən keçməsinə yol verdi. Xoşbəxtlikdən, həmin məsh olunmuşlar sınaqların alovundan alnıaçıq, üzüağ çıxdılar və Allahın Padşahlığının Padşahını dəstəkləməyə hazır olduqlarını göstərdilər!

5 Bununla Allahın xalqının təmizlənməsi bitdimi? Əlbəttə, yox. Axır günlər ərzində Yehova Öz Padşahlığının Padşahı İsa Məsih vasitəsilə onun davamçılarına ruhani məbəddə qalmaq üçün təmiz olmalarına kömək edir. Növbəti iki fəsildə isə Onun Öz xalqını əxlaqi və təşkilati baxımdan necə təmizlədiyini nəzərdən keçirəcəyik. Əvvəlcə gəlin Allahın Öz xalqını ruhani cəhətdən necə təmizlədiyini müzakirə edək. İsanın öz davamçılarının ruhani cəhətdən təmiz qalmalarına gözlə görünən və görünməyən tərzdə necə kömək etdiyini araşdırmaq imanımızı möhkəmləndirəcək.

«Özünüzü pak saxlayın»

6. Yehovanın sürgündə olan yəhudilərə verdiyi göstəriş ruhani təmizliyin nə demək olduğunu anlamağa necə kömək edir?

6 Ruhani cəhətdən təmiz olmaq nə deməkdir? Bunu başa düşmək üçün gəlin eramızdan əvvəl VI əsrdə Babil əsarətindən qayıtmaq üzrə olan yəhudilərə Yehovanın dediyi sözləri nəzərdən keçirək. (Əşiya 52:11 ayəsini oxuyun.) Sürgündə olan bu insanların Yerusəlimə qayıtmalarının başlıca səbəbi məbədi yenidən tikmək və həqiqi ibadəti bərpa etmək idi (Üzr. 1:2—4). Yehova istəyirdi ki, Onun xalqı Babil dini ilə əlaqəli olan hər şeydən tamamilə azad olsun. Buna görə də Allah onlara bir sıra göstərişlər vermişdi ki, murdar şeylərə toxunmasınlar, oranı tərk etsinlər və özlərini pak saxlasınlar. Yehovaya edilən pak ibadət yalan ibadətlə ləkələnməməlidir. Bundan özümüzə hansı dərsi götürə bilərik? Ruhani təmizlik yalan dinin təlimlərindən və adət-ənənələrindən uzaq durmaq deməkdir.

7. İsa hansı kanal vasitəsilə davamçılarına ruhani cəhətdən təmiz olmağa kömək edir?

7 İsa Padşah olduqdan qısa müddət sonra davamçılarına ruhən təmiz qalmağa kömək etmək üçün aydın görünən kanal təyin etdi. Bu kanal Məsihin 1919-cu ildə təyin etdiyi sadiq və ağıllı nökərdir (Mət. 24:45). Həmin vaxta qədər Müqəddəs Kitab Tədqiqatçıları artıq yalan dinin bir çox təlimlərini rədd etmişdilər. Ancaq onlar hələ də ruhani cəhətdən təmizlənməli idilər. Sadiq nökər vasitəsilə Məsih öz davamçılarına hansı adət və bayramlardan imtina etməli olduqlarını tədricən anlamağa kömək edirdi (Məs. 4:18). Gəlin bəzi nümunələrə nəzər salaq.

Məsihilər Milad bayramını qeyd etməlidirlərmi?

8. Müqəddəs Kitab Tədqiqatçıları Milad bayramı ilə bağlı nəyi çoxdan başa düşürdülər, bəs nəyi aydın dərk etmirdilər?

8 Müqəddəs Kitab Tədqiqatçıları Milad bayramının kökünün bütpərəstliyə gedib çıxdığını və İsa Məsihin dekabrın 25-də anadan olmadığını çoxdan başa düşürdülər. «Sion Gözətçi qülləsi»nin 1881-ci il dekabr sayında deyilirdi: «Milyonlarla insanlar kilsəyə bütpərəstlikdən gəlib. Demək olar ki, onlar üçün dəyişən ancaq adlar olub; bütpərəst kahinlərə xristian keşişləri, bütpərəst bayramlara isə xristian bayramları adı verilib. Bu bayramlardan biri də Milad bayramıdır». 1883-cü ildə «Gözətçi qülləsi»nin «İsa nə zaman anadan olub?» adlı məqaləsində qeyd olunmuşdu ki, İsa Məsih təqribən oktyabr ayının əvvəlində doğulub c. Ancaq həmin vaxt Müqəddəs Kitab Tədqiqatçıları Milad bayramını qeyd etməməli olduqlarını tam anlamırdılar. Bu bayramı hətta Bruklindəki Beytel ailəsinin üzvləri belə keçirməyə davam edirdi. 1926-cı ildən sonra isə köklü dəyişiklik baş verdi. Nəyə görə?

9. Milad bayramı ilə bağlı Müqəddəs Kitab Tədqiqatçıları nəyi aydın başa düşdülər?

9 Bu mövzunu diqqətlə araşdırdıqdan sonra Müqəddəs Kitab Tədqiqatçıları Milad bayramının mənşəyinin və onunla bağlı adət-ənənələrin əslində Allahın adını rüsvay etdiyini anladılar. «Qızıl əsr» jurnalının 1927-ci il 14 dekabr sayında dərc olunan «Milad bayramının mənşəyi» adlı məqalədə deyilirdi ki, bu bayramın kökü bütpərəstlikdən gəlir, diqqəti ancaq kef çəkməyə yönəldir və birbaşa bütə ibadətlə bağlıdır. Məqalədə bu bayramın Məsih tərəfindən təsis olunmadığı vurğulanmışdı, sonda isə belə bir yekun vurulmuşdu: «Bu bayramı əbədiləşdirməyə və qeyd etməyə təşviq edənin dünya, cismani bədən və İblis olması özünü tamamilə Yehovaya xidmətə həsr edənlərin onu qeyd etməməsi üçün əsaslı səbəbdir». Təəccüblü deyil ki, həmin ilin dekabrında Beytel ailəsinin üzvləri Milad bayramını keçirmədilər və ondan sonra da bir daha onu qeyd etmədilər!

10. a) 1928-ci ilin dekabrında Milad bayramını ifşa edən hansı məlumat verildi? (Həmçinin « Milad bayramının mənşəyi və məqsədi» adlı çərçivəyə baxın.) b) Allahın xalqı digər bayram və şənliklərlə bağlı hansı xəbərdarlığı aldı? (« Digər bayram və şənliklərin ifşa olunması» adlı çərçivəyə baxın.)

10 Növbəti il Müqəddəs Kitab Tədqiqatçıları Milad bayramını ifşa edən daha çox məlumat aldılar. 1928-ci ilin dekabr ayının 12-də mərkəzi idarədə xidmət edən Riçard Barber qardaş radio vasitəsilə çıxış edərək bu bayramın kökünün natəmiz olduğunu ifşa etdi. Mərkəzi idarədən gələn bu aydın göstərişə Allahın xalqı necə hay verdi? Ailəsi ilə birlikdə Milad bayramını qeyd etməyi dayandıran Çarlz Brandleyn qardaş deyir: «Biz bu bütpərəst bayramı bir kənara atmağa etiraz etdikmi? Qətiyyən yox... Biz, sanki, çirkli paltarı əynimizdən çıxarıb kənara atdıq». Sonralar səyyar nəzarətçi kimi xidmət edən Henri Kantvel qardaş eyni əhval-ruhiyyə təzahür etdirmişdi. O xatırlayır: «Biz Yehova Allaha məhəbbətimizi sübut etmək üçün nədənsə imtina etməyə çox şad idik». Bəli, Məsihin sadiq davamçıları lazımi dəyişikliklər etməyə və natəmiz ibadətlə bağlı olan bayramdan imtina etməyə tam hazır idilər d (Yəh. 15:19; 17:14).

11. Allahın Padşahlığının Padşahını dəstəklədiyimizi necə göstərə bilərik?

11 Sadiq Müqəddəs Kitab Tədqiqatçıları bizim üçün gözəl nümunə qoyublar. Yaxşı olardı ki, onların qoyduğu nümunə üzərində düşünərək özümüzdən soruşaq: «Sadiq nökərdən aldığım rəhbərliyə necə yanaşıram? Mən onu minnətdarlıqla qəbul edərək tətbiq edirəmmi?» Biz itaətkarlıq təzahür etdirməklə sadiq nökər vasitəsilə vaxtlı-vaxtında ruhani qida verən Padşahı dəstəklədiyimizi göstərmiş oluruq (Həv. 16:4, 5).

Məsihilər xaçdan istifadə etməlidirlərmi?

Üzərində xaç və tac olan nişan (12 və 13-cü abzaslara baxın.)

12. Uzun illər ərzində Müqəddəs Kitab Tədqiqatçıları xaça necə yanaşırdılar?

12 Uzun illər ərzində Müqəddəs Kitab Tədqiqatçıları xaçı məsihiliyin rəmzi kimi qəbul edirdilər. Sözsüz ki, onlar xaça ibadət etmirdilər, çünki bütpərəstliyin günah olduğunu anlayırdılar (1 Kor. 10:14; 1 Yəh. 5:21). Artıq 1883-cü ildə «Gözətçi qülləsi» jurnalında açıq-aydın yazılmışdı ki, «bütpərəstliyin bütün növləri Allah üçün iyrəncdir». Bununla belə Müqəddəs Kitab Tədqiqatçıları əvvəl-əvvəl xaçdan düzgün hesab etdikləri tərzdə istifadə etməkdə elə də pis bir şey görmürdülər. Misal üçün, onlar üzərində xaç və tac olan nişanı fəxrlə yaxalarına taxırdılar. Bu, onların ömürlərinin sonuna qədər sadiq qaldıqları təqdirdə həyat tacını alacaqlarının rəmzi idi. 1891-ci ildən başlayaraq xaç və tac rəmzi «Gözətçi qülləsi» jurnalının üz qabığında təsvir olunurdu.

13. Məsihin davamçıları xaçla bağlı nəyi tam başa düşdülər? (Həmçinin « Xaçla bağlı dəqiq biliklərə yiyələnirik» adlı çərçivəyə baxın.)

13 Müqəddəs Kitab Tədqiqatçıları üçün xaç və tac rəmzi çox əziz idi. 1920-ci illərin sonunda Məsihin davamçıları əslində xaça necə yanaşmalı olduqlarını tədricən anlamağa başladılar. Sonralar Rəhbərlik Şurasının üzvü olan Qrant Syuter qardaş 1928-ci ildə Detroyt (Miçiqan, ABŞ) şəhərində keçirilən böyük toplantını yada salaraq deyir: «Toplantıda deyildi ki, üzərində xaç və tac olan nişanı taxmaq nəinki mütləq deyil, hətta yolverilməzdir». Növbəti bir neçə il ərzində Allahın xalqı bu sahədə daha çox maarifləndi. Aydın oldu ki, pak və təmiz ibadətdə xaçın yeri yoxdur.

14. Allahın xalqı xaçla bağlı aldığı dəqiq məlumata necə hay verdi?

14 Allahın xalqı xaçla bağlı aldığı daha dəqiq məlumata necə hay verdi? Bu xalq onun üçün çox əziz olan xaç və tac rəmzindən imtina etdimi? Uzun illər Yehovaya xidmət etmiş Lila Roberts bacı demişdi: «Onun nəyi təmsil etdiyini başa düşəndə asanlıqla ondan imtina etdik». Digər sadiq bir bacı, Ursula Serenko bir çoxlarının hisslərini dilə gətirərək deyir: «Biz başa düşdük ki, Ağamızın ölümünün və məsihi sadiqliyimizin rəmzi kimi əziz tutduğumuz bir şey, sən demə, bütpərəstliyin simvolu imiş. Məsəllər 4:18 ayəsindəki sözlərə uyğun olaraq yolumuzun get-gedə daha da işıqlandığına görə ürəkdən minnətdar idik». Məsihin sadiq davamçıları yalan dinlə heç bir əlaqələrinin olmasını istəmirdilər!

15, 16. Yehovanın ruhani məbədinin yerüzü həyətinin təmizliyini qorumağa qətiyyətli olduğumuzu necə göstərə bilərik?

15 Bu gün biz də bu cür davranmaq əzmindəyik. Biz əminik ki, Məsih öz davamçılarının ruhani cəhətdən təmiz qalmalarına kömək etmək məqsədilə aydın görünən kanaldan, yəni sadiq və ağıllı nökərdən istifadə edir. Buna görə də aldığımız ruhani qida bizi yalan dinlə əlaqəsi olan hər hansısa bayram və şənliklərdən, adət-ənənələrdən çəkindirəndə dərhal itaətkarlıq göstəririk. Məsihin hüzurunun erkən çağlarında yaşayan bacı-qardaşlarımız kimi, biz də Yehovanın ruhani məbədinin yerüzü həyətinin təmizliyini qorumağa qətiyyətliyik.

16 Biz görməsək də, Məsih bu gün də Yehovanın yığıncaqlarını ruhani cəhətdən ləkələyə biləcək kəslərdən qoruyur. Gəlin görək o, bunu necə edir.

Pislərin salehlərdən ayrılması

17, 18. İsanın tor məsəlindəki a) torun dənizə atılmasının, b) cürbəcür balıqların toplanmasının, c) «yaxşı balıqları»n qablara yığılmasının və ç) «yararsız balıqları»n tullanmasının mənası nədir?

17 Padşah İsa Məsih Allahın xalqının bütün dünyada mövcud olan yığıncaqlarına nəzarət edir. Məsih və mələklər pisləri salehlərdən ayırmaq işini bizim tam anlaya bilməyəcəyimiz bir tərzdə görürlər. İsa bu işi tor məsəlində təsvir etmişdir. (Mətta 13:47—50 ayələrini oxuyun.) Bəs bu məsəlin məğzi nədir?

Tor Padşahlıq haqda xoş xəbərin təbliğini, dəniz isə bütün bəşəriyyəti təmsil edir (18-ci abzasa baxın.)

18 Torun dənizə atılması. Tor Padşahlıq haqda xoş xəbərin təbliğini, dəniz isə bütün bəşəriyyəti təmsil edir. Tora cürbəcür balıq düşür. Xoş xəbər müxtəlif cür insanları cəlb edir. Onların arasında inkişaf edərək həqiqi məsihi olanlar, eləcə də əvvəlcə maraq göstərib, sonra pak ibadətin tərəfini tutmayanlar da var e. «Yaxşı balıqları» qablara yığırlar. Səmimi-qəlbli insanlar Yehovaya təmiz ibadət etmək üçün qablarabənzər yığıncaqlara yığılırlar. «Yararsız balıqları» tullayırlar. Bu axır günlərdə Məsih və mələklər «pisləri salehlərdən» ayırırlar f. Bununla da ürəyi düzgün olmayanların, yəni yanlış inanclardan və ya adət-ənənələrdən ayrılmaq istəməyənlərin yığıncaqları ləkələməsinə yol verilmir g.

19. Allahın xalqının təmizliyini və həqiqi ibadətin paklığını qorumaq üçün Məsihin etdikləri barədə nə düşünürsünüz?

19 Məgər bu, bizi Padşahımız İsa Məsihin onun himayəsində olanların hamısını müdafiə etdiyinə əmin etmir? Məsihin birinci əsrdə olduğu kimi, bu gün də həqiqi ibadəti və Allaha həqiqətən ibadət edənlərin qeyrətini çəkərək təmizlədiyini və müdafiə etdiyini bilmək bizi ruhlandırır. Məsih Allahın xalqının ruhani təmizliyini və həqiqi ibadətin paklığını qoruduğu üçün ona çox minnətdarıq! Biz yalan dinlə bütün əlaqələrimizi kəsməklə Məsihi və onun Padşahlığını dəstəklədiyimizi göstərə bilərik.

a Ziyarətə gələn yəhudilər məbədin illik vergilərini müəyyən valyuta ilə ödəməli idilər, pul dəyişənlər isə gördükləri iş üçün əlavə pul tələb edirdilər. Üstəlik, ziyarətçilərdən bəziləri qurban gətirmək üçün heyvan almalı olurdular. Görünür, İsanın alverçiləri «quldur» adlandırmasının səbəbi onların insanları soyması idi.

b Yehovanın yer üzündəki xalqı böyük ruhani məbədin yerüzü həyətində Ona ibadət edir.

c Bu məqalədə vurğulanırdı ki, İsanın qışda doğulması «çobanların çöldə sürülərini otarması fikri ilə uyğun gəlmir» (Luka 2:8).

d Frederik Frans qardaş 1927-ci il 14 noyabr tarixli şəxsi məktubunda yazmışdı: «Biz bu il Milad bayramını qeyd etməyəcəyik. Beytel ailəsi bir daha bu bayramı keçirməmək qərarına gəlib». Bir neçə ay sonra 1928-ci il 6 fevral tarixli məktubunda Frans qardaş yazmışdı: «Ağamız bizi İblisin Babil təşkilatının günahlarından tədricən təmizləyir».

e 2013-cü ildə təbliğçilərin ən yüksək sayı 7 965 954 nəfər, Məsihin ölümünü anma mərasimində iştirak edənlərin sayı isə 19 241 252 nəfər olub.

f Yaxşı balıqların yararsız balıqlardan ayrılması qoyunların keçilərdən ayrılması ilə eyni deyil (Mət. 25:31—46). Qoyunların keçilərdən ayrılması, yəni yekun qərarın verilməsi qarşıdan gələn böyük müsibət zamanı baş verəcək. Ancaq o vaxta kimi yararsız balıqların Yehovaya və qablarabənzər yığıncaqlara qayıtmaq imkanı var (Məl. 3:7).

g Sonda yararsız kəslərin simvolik odlu sobaya atılması onların gələcəkdə məhv olacağına işarə edir.