Kontentə keç

Mündəricatı göstər

FƏSİL 11

Əxlaqi cəhətdən təmizlənmə. Allahın müqəddəsliyini təcəssüm etdiririk

Əxlaqi cəhətdən təmizlənmə. Allahın müqəddəsliyini təcəssüm etdiririk

MÖVZU

Padşahın öz təbəələrinə Allahın əxlaq normalarına hörmət etməyi öyrətməsi

Təsəvvür edin ki, Yehovanın böyük ruhani məbədinin daxili həyətinin darvazasından içəri daxil olursunuz

1. Hizqiyal hansı heyrətamiz görüntü gördü?

 TƏXMİNƏN 25 əsr əvvəl Hizqiyal peyğəmbərin başına gələnlər sizin də başına gəlsəydi, hansı hissləri keçirərdiniz? Təsəvvür edin ki, böyük və işıq saçan məbəd kompleksinə yaxınlaşırsınız. Bu heyrətamiz tikilini göstərmək üçün orada sizi qüdrətli bir mələk gözləyir! Yeddi pillə qalxıb üç böyük darvazadan birinə yaxınlaşırsınız. Gördükləriniz sizi heyrətə gətirir. Darvazaların hündürlüyü 30 metrdir, içində hər iki tərəfdən keşikçi otaqları var. Yan sütunlarda isə ecazkar xurma ağacları təsvir olunub (Hizq. 40:1—4, 10, 14, 16, 22; 41:20).

2. a) Görüntüdəki məbəd nəyi təmsil edir? (Həmçinin haşiyəyə baxın.) b) Məbəd darvazaları ilə bağlı təfərrüatlardan nə öyrənə bilərik?

2 Bu, ruhani məbədin görüntüsü idi. Hizqiyal peyğəmbər bu görüntünü o qədər təfərrüatı ilə təsvir edib ki, bu onun peyğəmbərlik kitabının 40-dan 48-ə kimi fəsillərini əhatə edib. Məbəd Yehovanın pak ibadət üçün təsis etdiyi quruluşu təmsil edir. Həmin görüntüdəki hər bir məqam bizim bugünkü ibadətimizlə əlaqəlidir a. Bəs hündür darvazalar nəyi təmsil edir? Onlar bizə pak ibadətə qoşulanların Yehova Allahın yüksək və saleh normalarına uyğun yaşamalı olduqlarını xatırladır. Hətta oyma xurma ağacları təsviri də bunu göstərir, çünki Müqəddəs Kitabda xurma ağacları çox vaxt salehliyi təmsil edir (Zəb. 92:12). Bəs keşikçilərin otaqları nəyi təmsil edir? Allahın normalarına hörmət etməyən kəslərin əbədi həyata aparan təmiz ibadət yolu ilə getmələrinə icazə verilməyəcək (Hizq. 44:9).

3. Nəyə görə Məsihin davamçılarının daima təmizlənməyə ehtiyacı var?

3 Hizqiyalın görüntüsü necə yerinə yetir? Əlimizdəki kitabın 2-ci fəslindən öyrəndik ki, Yehova Məsih vasitəsilə 1914-cü ildən 1919-cu ilin əvvəllərinədək xalqı arasında xüsusi təmizlik işini həyata keçirib. Bəs təmizlik işi bununla bitdimi? Əlbəttə, yox. Ötən əsr ərzində Məsih Yehovanın təsis etdiyi müqəddəs davranış normalarını dəstəkləyirdi. Deməli, onun davamçılarının daima təmizlənməyə ehtiyacı var idi. Nəyə görə? Çünki Məsihin öz davamçılarını bu pozğun dünyadan toplayır və Şeytan onları əxlaqsızlıq girdabına çəkmək cəhdlərindən əsla əl çəkmir. (2 Butrus 2:20—22 ayələrini oxuyun.) Gəlin həqiqi məsihilərin daima təmizləndikləri üç sahəni nəzərdən keçirək. Əvvəlcə, biz əxlaqi təmizliklə bağlı görülən işləri, sonra yığıncağın təmizliyini qorumaq üçün hansı tədbirlərin görüldüyünü və nəhayət, ailə münasibətlərinə düzgün yanaşma tərzini müzakirə edəcəyik.

İllər ərzində görülən əxlaqi təmizlik

4, 5. Şeytan ta qədimdən hansı fənddən istifadə edir və istəyinə nə dərəcədə nail olub?

4 Yehovanın xidmətçiləri əxlaq məsələlərinə və düzgün davranış tərzinə həmişə ciddi yanaşıblar. Buna görə də onlar bu məsələ ilə bağlı verilən hər bir yeni göstərişə tabe olublar. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.

5 Cinsi əxlaqsızlıq. Yehovanın niyyətinə əsasən, cinsi münasibətlər nikahda olan cütlüklər arasında təmiz və xoş olmalıdır. Şeytan isə bu dəyərli ənamı ayaq altına ataraq murdarlamaqdan həzz alır. O, Yehovanın xidmətçilərini bu ənamdan nalayiq şəkildə istifadə etməyə sövq edərək Allahın rəğbətindən məhrum etməyə çalışır. Şeytan bu fəndi Bələmin günlərində məharətlə istifadə etmişdi və bu, acı nəticələrə gətirib çıxartmışdı. O, bizim günlərdə bu fəndə həmişəkindən daha çox əl atır (Say. 25:1—3, 9; Vəhy 2:14).

6. «Gözətçi qülləsi»ndə hansı and dərc olunmuşdu və ondan necə istifadə olunurdu, bəs nəyə görə ləğv edildi? (Haşiyəyə baxın.)

6 «Gözətçi qülləsi» jurnalının 1908-ci il 15 iyun sayında Şeytanın bu fəndlərinə qarşı durmaq üçün növbəti sözlərdən ibarət and dərc edilmişdi: «Mən söz verirəm ki, harada olmağımdan asılı olmayaraq, əks cinslə ictimaiyyət içində necə davranıramsa, təklikdə olanda da eyni cür davranacağam» b. Bunu etmək mütləq olmasa da, çoxları bu andı içir və adlarının «Sion Gözətçi qülləsi»ndə nəşr olunmasına razılıq verirdi. İllər sonra məlum oldu ki, vaxtilə çoxlarına faydası dəyən bu and artıq mexaniki hal alıb, buna görə də onu ləğv etdilər. Ancaq Allahın xidmətçiləri bu andın əsasını təşkil edən yüksək əxlaq prinsiplərinə həmişə riayət ediblər.

7. 1935-ci ildə «Gözətçi qülləsi» jurnalında hansı problemə toxunulmuşdu və məsihilərin üzərinə düşən hansı məsuliyyət vurğulanmışdı?

7 Şeytanın hücumları səngimək bilmirdi. «Gözətçi qülləsi» jurnalının 1935-ci il 1 mart sayında Allahın xalqının arasında get-gedə artan problemlə bağlı aydın məlumat dərc olunmuşdu. Görünür, bəziləri elə fikirləşirdilər ki, təbliğ işində iştirak etmək onları şəxsi həyatlarında əxlaq normalarına riayət etməkdən azad edir. «Gözətçi qülləsi»ndə birbaşa deyilirdi: «Bir şeyi yadda saxlamaq lazımdır ki, təbliğ işi ilə hər şey bitmir. Yehova Allahın şahidləri Onun təmsilçiləridirlər və onların üzərinə Yehovanı və Onun Padşahlığını layiqincə təmsil etmək məsuliyyəti düşür». Bu məqalədə Allahın xalqına cinsi əxlaqsızlıqdan qaçmağa kömək etmək məqsədilə nikah və cinsi münasibətlə bağlı aydın məsləhətlər verilirdi (1 Kor. 6:18).

8. Nəyə görə cinsi əxlaqsızlıq kimi tərcümə edilən sözün tam mənası «Gözətçi qülləsi» jurnalında dönə-dönə vurğulanırdı?

8 Son onilliklər ərzində «Gözətçi qülləsi» jurnalında Yunanca Müqəddəs Yazılarda cinsi əxlaqsızlığı bildirən porneya sözünün düzgün mənası dönə-dönə vurğulanırdı. Bu söz yalnız cinsi əlaqəni bildirmir. Porneya sözü altında, fahişəxanalarda yol verilən bütün iyrənc hərəkətlər də daxil olmaqla, müxtəlif əxlaqsız davranışlar nəzərdə tutulur. Bu kimi xatırlatmalar Məsihin davamçılarını bütün dünyanı öz ağuşuna almış cinsi əxlaqsızlıqdan müdafiə edir. (Efeslilərə 4:17—19 ayələrini oxuyun.)

9, 10. a) 1935-ci ildə «Gözətçi qülləsi» jurnalında hansı əxlaqi məsələyə toxunulmuşdu? b) Müqəddəs Kitabda spirtli içkilərdən istifadə etməklə bağlı nə deyilir?

9 Spirtli içkilərdən sui-istifadə. «Gözətçi qülləsi» jurnalının 1935-ci il 1 mart sayında başqa bir əxlaqi məsələyə də toxunulmuşdu: «Müşahidə olunmuşdur ki, bəziləri [içkili ola-ola] təbliğ işində iştirak edir və təşkilatda başqa məsuliyyətlər icra edirlər. Bəs hansı hallarda Müqəddəs Kitab şərabdan istifadə etməyə yol verir? Allahın təşkilatında xidmətimizə təsir edəcək dərəcədə şərab içmək düzgündürmü?»

10 Bu suallara cavab olaraq Allahın Kəlamının spirtli içkilərə tarazlı münasibəti müzakirə olunurdu. Müqəddəs Kitabda şərab və digər spirtli içkilər qadağan edilmir, ancaq orada əyyaşlıq sərt şəkildə mühakimə olunur (Zəb. 104:14, 15; 1 Kor. 6:9, 10). İçkili ola-ola müqəddəs xidmətdə iştirak etməyə gəldikdə isə uzun illər ərzində Allahın xalqına xəbərdarlıq kimi Harunun oğullarının nümunəsi gətirilirdi. Harunun oğulları qurbangahda onlara buyrulmamış, yasaq od gətirdikləri üçün Allah tərəfindən ölümlə cəzalandırılmışdılar. Həmin hadisədən qısa müddət sonra Allah bütün kahinlərə müqəddəs xidmətlərini icra edərkən spirtli içkidən istifadəni qadağan edən qanun vermişdi. Bundan bəlli olur ki, Harunun oğullarının günah işlətmələrinə nə səbəb ola bilərdi (Lav. 10:1, 2, 8—11). Bizim günlərdə də bu qanunun təməlində duran prinsipi tətbiq edən Məsihin davamçıları ehtiyat edirlər ki, müqəddəs xidməti icra edərkən spirtli içkinin təsiri altında olmasınlar.

11. Məsihin davamçılarının alkoqolizmlə bağlı daha düzgün nöqteyi-nəzərə yiyələnmələri nəyə görə xeyir-dua idi?

11 Son onilliklər ərzində Məsihin davamçıları alkoqolizmlə, yəni spirtli içkilərə aludəçilik və müntəzəm olaraq spirtli içkilərdən sui-istifadə ilə bağlı düzgün nöqteyi-nəzərə sahib olmuşlar. Vaxtlı-vaxtında verilən ruhani qida sayəsində çoxları müvəffəqiyyətlə bu vəziyyətin öhdəsindən gəlmiş və yenidən öz həyatlarını lazımi istiqamətə yönəldə bilmişlər. Bir çoxları isə bu problemdən tamamilə yan qaça bilmişlər. Heç kəs yol verməməlidir ki, spirtli içki onu gözdən salsın, ailəsindən, ən əsası isə, Yehovaya pak ibadətdən məhrum etsin.

«Biz heç təsəvvür belə edə bilmərik ki, Ağamızın üstündən tütün iyi gəlsin və ya o, ağzına hansısa iyrənc bir şey aparsın» (Ç. T. Rassel).

12. Axır günlər başlamazdan əvvəl Məsihin davamçıları tütündən istifadəyə necə yanaşırdılar?

12 Tütündən istifadə. Məsihin davamçılarının tütündən istifadəyə münasibətləri axır günlər başlamazdan xeyli əvvəl dəyişmişdi. Uzun illər öncə Çarlz Keypen adlı yaşlı qardaş XIX əsrin sonlarında Rassel qardaşla ilk görüşünü belə xatırlayırdı. O vaxtlar 13 yaşı olan Çarlz üç qardaşı ilə Alleqanidəki (Pensilvaniya) Müqəddəs Kitab evinin pilləkənində dayanmışdı. Rassel qardaş onların yanından keçəndə soruşmuşdu: «Siqaret çəkirsiniz, uşaqlar? Nəsə tütün iyi gəlir». Onlar and-aman etdilər ki, siqaret çəkmirlər. Şübhəsiz, uşaqlar Rassel qardaşın bu məsələyə dair münasibətini başa düşdülər. «Gözətçi qülləsi»nin 1895-ci il 1 avqust sayında Rassel qardaş 2 Korinflilərə 7:1 ayəsinə istinad edərək yazmışdı: «Mən başa düşə bilmirəm ki, məsihi tütünün hər hansısa növündən istifadə edə-edə Allaha necə şərəf gətirə bilər və ya bunun onun özünə hansı xeyri dəyə bilər... Biz heç təsəvvür belə edə bilmərik ki, Ağamızın üstündən tütün iyi gəlsin və ya o, ağzına hansısa iyrənc bir şey aparsın».

13. 1973-cü ildə hansı əxlaqi təmizlənmə həyata keçirildi?

13 1935-ci ildə «Gözətçi qülləsi» jurnalında tütün «iyrənc alaq otu» adlandırılmışdı. Orada deyilirdi ki, onu çəkən və ya çeynəyən heç bir kəs beytelli, yaxud da Allahın təşkilatının təmsilçisi qismində öncül və ya səyyar xidmətçi ola bilməz. 1973-cü ildə əxlaqi cəhətdən növbəti dəfə təmizlənmə işi həyata keçirildi. Həmin ilin «Gözətçi qülləsi» jurnalının 1 iyun sayında izah olunurdu ki, öldürücü təsirə malik olan, insanı murdarlayan və onda məhəbbətin olmadığına dəlalət edən bu vərdişin quluna çevrilən heç bir Yehovanın Şahidi yığıncaqda yaxşı adını qoruyub saxlaya bilməz. Tütündən istifadə etməyi tərgitməyən insanlar yığıncaqdan kənar olunmalı idilər c. Beləcə Məsih öz davamçılarını təmizləmək məqsədilə başqa bir mühüm addım da atdı.

14. Allahın qana dair nöqteyi-nəzəri nədir və necə oldu ki, qanköçürmə bütün dünyada geniş yayıldı?

14 Qandan istifadə. Nuh peyğəmbərin günlərində Yehova qandan yemək məqsədilə istifadə etməyin düzgün olmadığını demişdi. Allah-Taala bu əmrini İsrail xalqına verdiyi Qanunda təsdiqləmişdi. Eynilə, məsihi yığıncaqlarına da qandan çəkinməyi tapşırmışdı (Həv. 15:20, 29; Yar. 9:4; Lav. 7:26). Təəccüblü deyil ki, bizim günlərdə Şeytan bir çoxlarını Allahın bu əmrini pozmağa təhrik etmək üçün çoxlu fəndlər işlədir. XIX əsrdə həkimlər qanköçürməni təcrübədən keçirdilər, ancaq qan qrupları aşkar edildikdə qanköçürmə daha geniş tətbiq olunmağa başlandı. 1937-ci ildə qanı yığıb qan banklarında saxlamağa başladılar, İkinci Dünya müharibəsi isə qanköçürmənin istifadəsinə güclü təkan verdi. Tezliklə, qanköçürmə bütün dünyada adi bir şeyə çevrildi.

15, 16. a) Yehovanın Şahidlərinin qanköçürmə ilə bağlı mövqeyi nədir? b) Məsihin davamçılarına qanköçürmə və qansız müalicə üsulları ilə bağlı hansı köməklik göstərilir və bu hansı nəticələri verir?

15 Hələ 1944-cü ildə «Gözətçi qülləsi»ndə deyilirdi ki, qanköçürmə əslində qan yemək kimi bir şeydir. Növbəti il Müqəddəs Kitabın bu məsələyə dair nöqteyi-nəzəri qəti və aydın şəkildə vurğulandı. Allahın xalqına öz mövqeyini həkimlərə izah etməyə kömək məqsədilə 1951-ci ildə suallar və cavablar siyahısı dərc olundu. Bütün dünyada Məsihin sadiq davamçıları çox vaxt istehza, ədavət, hətta açıq-aşkar təqiblər qarşısında mətanət göstərirdilər. Ancaq Məsih öz təşkilatını Allahın xidmətçilərinə lazımi köməklik göstərməyə təşviq edirdi. Bu mövzu ilə bağlı hərtərəfli və yaxşı araşdırılmış broşürlər və məqalələr nəşr olunurdu.

16 1979-cu ildə bəzi ağsaqqallar xəstəxanalara baş çəkməyə başladılar. Onlar həkimlərə mövqeyimizi daha yaxşı başa düşməyə kömək etmək üçün Müqəddəs Kitabdan sübutlar gətirərək əlçatan alternativ müalicə üsulları təklif edirdilər. 1980-ci ildə Birləşmiş Ştatların 39 şəhərindən olan ağsaqqallar bu işi həyata keçirmək üçün xüsusi təlim aldılar. Vaxt keçdikcə Rəhbərlik Şurası bütün dünyada Xəstəxanalarla əlaqə komitəsi yaradılmasına razılıq verdi. Bəs bu cəhdlər özünü doğrultdumu? Bu gün on minlərlə mütəxəssis — həkim, cərrah və anestezioloq — Yehovanın Şahidləri ilə əməkdaşlıq edərək onların qansız müalicə seçiminə hörmət göstərir. Get-gedə daha çox tibb müəssisələrində qansız müalicə üsulları həyata keçirilir və hətta bəziləri bunu yüksək standartlara cavab verən müalicə üsulu hesab edirlər. İsanın öz davamçılarını Şeytanın onları çirkaba sürükləmək cəhdlərindən necə müdafiə etməsi insanı riqqətə gətirir. (Efeslilərə 5:25—27 ayələrini oxuyun.)

Get-gedə daha çox tibb müəssisələrində qansız müalicə üsulları həyata keçirilir və hətta bəziləri bunu yüksək standartlara cavab verən müalicə üsulu hesab edirlər

17. Məsihin öz davamçılarını təmizlədiyini qiymətləndirdiyimizi necə göstərə bilərik?

17 Özümüzdən soruşa bilərik: «Mən Məsihin öz davamçılarını necə təmizlədiyini, eləcə də Yehovanın yüksək əxlaq normalarına uyğun yaşamağı öyrətdiyini qiymətləndirirəmmi?» Əgər belədirsə, gəlin yadda saxlayaq ki, Şeytan əxlaq dəyərlərimizi məhv edərək bizi Yehovadan və İsa Məsihdən uzaqlaşdırmaq üçün gecə-gündüz əlləşir. Ancaq bu təsirə qarşı durmağımız üçün Yehova təşkilatı vasitəsilə əxlaqi cəhətdən pozulmuş bu dünyada müntəzəm olaraq bizə məhəbbət dolu xəbərdarlıqlar və xatırlatmalar verir. Gəlin həmişə ayıq-sayıq olaq və bu kimi faydalı məsləhətlərə riayət edək (Məs. 19:20).

Yığıncağın əxlaqi cəhətdən müdafiə olunması

18. Yehovanın normalarına bilərəkdən qarşı çıxanlarla bağlı Hizqiyalın görüntüsü bizə nəyi xatırladır?

18 Məsihilərin təmizlənməli olduqları ikinci sahə yığıncağın təmizliyini qorumaq üçün görülən tədbirlərlə bağlıdır. Təəssüflər olsun ki, Yehovanın təsis etdiyi davranış normalarını qəbul edən və özünü Yehovaya həsr edən hər kəs sözünün üstündə durmur. Vaxt keçdikcə bəzilərinin ürəyinin vəziyyəti dəyişir və bilərəkdən bu normalara qarşı çıxır. Belələrinə qarşı hansı tədbirlər görülməlidir? Bu fəslin əvvəlində müzakirə etdiyimiz Hizqiyalın ruhani məbədlə bağlı görüntüsündə bir məqam var idi. Hündür darvazaları xatırlayaq. Hər darvazanın girişində keşikçi otağı var idi. Bu keşikçilər məbədi qoruyurdular ki, «ürəyi... sünnət olunmamış»lar ora daxil olmasın (Hizq. 44:9). Bu, açıq-aydın göstərir ki, yalnız var gücü ilə Yehovanın yüksək əxlaq normalarına uyğun yaşamağa çalışanlar pak ibadətdə iştirak edə bilərlər. Eynilə, Məsihin həqiqi davamçıları ilə birgə Allaha ibadət edərək onlarla ünsiyyətdə olmaq şərəfinə hər adam layiq görülmür.

19, 20. a) Məsih davamçılarına ciddi günahla bağlı məsələləri necə həll etməli olduqlarını başa düşməyə tədricən necə kömək etdi? b) Tövbə etməyən insanın yığıncaqdan kənar edilməsinin hansı üç səbəbi var?

19 1892-ci ilin «Gözətçi qülləsi»ndə belə bir izahat verilirdi: «Birbaşa və ya dolayı yolla Məsihin bütün insanlar üçün canını fidyə olaraq verdiyini inkar edənləri yığıncaqdan (məsihilərin arasından) kənar etmək bizim borcumuzdur». (2 Yəhya 10 ayəsini oxuyun.) 1904-cü ildə dərc olunan «Yeni yaradılış» adlı kitabda qeyd olunurdu ki, inadkarlıq göstərərək öz davranışlarında düzəliş etməyənlər yığıncaq üçün real təhlükə mənbəyidir: onlar yığıncaq üzvlərinə əxlaqi cəhətdən pis təsir göstərə bilərlər. Həmin dövrdə ciddi günahlar «kilsə məhkəməsi» zamanı bütün yığıncaq tərəfindən baxılırdı. Ancaq bu kimi vəziyyətlər nadir hallarda olurdu. 1944-cü ildə «Gözətçi qülləsi»ndə göstərilirdi ki, belə məsələlərə yalnız məsul qardaşlar baxmalıdır. 1952-ci ildə «Gözətçi qülləsi»ndə Müqəddəs Kitaba əsasən intizam məsələlərinə necə baxılmalı olduğu ilə əlaqədar məlumat dərc olunmuşdu və qeyd olunmuşdu ki, tövbə etməyən insanın yığıncaqdan kənar edilməsinin əsas səbəbi yığıncağın təmizliyini qorumaqdır.

20 Sonrakı onilliklər ərzində Məsih davamçılarına ciddi günahla bağlı məsələləri necə həll etməli olduqlarını başa düşməyə kömək etdi. İntizam məsələlərinə Yehovanın istədiyi kimi — ədalət və mərhəmətlə baxmaq üçün məsihi ağsaqqallar keyfiyyətli təlim alırlar. Bu gün tövbə etməyən insanın yığıncaqdan kənar edilməsinin, ən azı, üç səbəbi var: 1) Yehovanın adı rüsvay olmasın, 2) yığıncaq ciddi günahın pozucu təsirindən müdafiə olunsun və 3) günah etmiş insan tövbə etməyə təşviq olunsun.

21. Nəyə görə tövbə etməyən günahkarın yığıncaqdan kənar edilməsi Allahın xalqı üçün əsil xeyir-duadır?

21 Yığıncaqdan kənar edilmə ilə bağlı görülən tədbirin Məsihin davamçıları üçün nəyə görə əsil xeyir-dua olduğunu anlayırsınızmı? Qədim İsraildə Qanunu pozanlar çox vaxt xalqa pis təsir edirdilər, hətta bəzən onların sayı Yehovanı sevənlərdən və doğru işlər görməyə can atanlardan daha çox olurdu. Beləcə, bu xalq çox vaxt Yehovanın adını bədnam edir və Onun lütfünü itirirdi (Ərm. 7:23—28). Ancaq bu gün Yehovanın ruhən yetkin kişi və qadınlardan ibarət xalqı var. Günah işlədən insan aramızdan kənar edildiyi üçün Şeytan onlardan silah kimi istifadə edərək yığıncağa və onun təmizliyinə dağıdıcı zərbə vura bilmir. Bunun sayəsində onların təsiri minimuma endirilir və Yehova Allah bir xalq kimi həmişə bizdən razıdır. Gəlin Yehovanın vədini heç vaxt unutmayaq. O demişdi: «Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» (Əşy. 54:17). Gəlin məsuliyyətlərimizə ciddi yanaşaraq intizam tədbirlərini həyata keçirən ağsaqqalları sədaqətlə dəstəkləyək.

Hər ailənin öz adına görə borclu olduğu Yaradana həmd edin

22, 23. a) XX əsrin əvvəllərində yaşayan həmimanlılarımıza nə üçün minnətdarıq? b) Bəs nədən görünür ki, onlar ailələrinə qarşı daha tarazlı olmalı idilər?

22 Məsihin davamçılarının daima təmizləndikləri və fayda əldə etdikləri üçüncü sahə ailə həyatıdır. Demək olarmı ki, illər ötdükcə bizim ailəyə dair baxışlarımız yaxşılığa doğru dəyişib? Əlbəttə. Məsələn, XX əsrin əvvəllərindəki Allahın xidmətçiləri haqda oxuyanda onların təzahür etdirdikləri fədakarlıq ruhu bizi heyran qoyur. Bu insanlar müqəddəs xidməti həyatlarında hər şeydən üstün tutduqları üçün onlara minnətdarıq. Lakin eyni zamanda da onların bu məsələyə tarazlı yanaşmalı olduqlarını görürük. Necə?

23 Xidmətdə müəyyən təyinatlar ucbatından, məsələn, səyyar xidmətlə əlaqədar qardaşlar çox vaxt aylarla evlərindən ayrı düşürdülər. Təşkilat nikaha daxil olmağın əleyhinə Müqəddəs Yazıların əsas verdiyindən daha qəti danışırdı, nikahı möhkəmləndirmək barədə fikirlərə isə bir o qədər önəm verilmirdi. Bəs eyni vəziyyət Məsihin davamçıları arasında bu gün də müşahidə olunurmu? Əlbəttə, yox!

Teokratik təyinatlar ailə məsuliyyətinin dəyərini aşağı salmamalıdır

24. Məsih öz sadiq davamçılarına nikaha və ailə həyatına düzgün yanaşmağa necə kömək etdi?

24 Eynilə, bu gün də teokratik təyinatlar ailə məsuliyyətinin dəyərini aşağı salmamalıdır. (1 Timutiyə 5:8 ayəsini oxuyun.) Məsih yer üzündəki sadiq davamçılarının daima nikah və ailə həyatı ilə bağlı faydalı və tarazlı Müqəddəs Kitab məsləhətləri almalarının qeydinə qalır (Efes. 3:14, 15). 1978-ci ildə «Xoşbəxt ailə həyatı qur» adlı kitab işıq üzü gördü. Bunun üstündən təxminən 18 il keçəndən sonra isə «Ailə xoşbəxtliyinin sirri» kitabı çıxdı. Üstəlik, «Gözətçi qülləsi» jurnalında evli cütlüklərin münasibətlərini möhkəmləndirmək üçün Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə bağlı çoxlu sayda məqalələr dərc olunmağa başladı.

25—27. Uzun illərdir ki, müxtəlif yaşda olan uşaqlara hansı diqqət göstərilir?

25 Bəs uşaqlar və gənclər barədə nə demək olar? İllər ötdükcə onların tələbatına da get-gedə daha çox diqqət yetirilirdi. Yehovanın təşkilatı çoxdandır ki, müxtəlif yaşda olan uşaqların qeydinə qalır, bu gün isə onlar üçün dərc edilən materialların sayı birə-beş artıb. Məsələn, 1919-cu ildən 1921-ci ilə qədər «Qızıl əsr» jurnalında «Müqəddəs Kitabın gənc tədqiqatçıları» adlı rubrika dərc olunurdu. 1920-ci ildə «Qızıl əsrin əlifbası» adlı broşür, 1941-ci ildə isə «Uşaqlar» adlı kitab çıxdı. 1970-ci illərdə «Böyük Müəllimi dinləyin», «Qoy gənclik illərin hədər getməsin» və «Müqəddəs Kitab hekayələri» adlı kitablar işıq üzü gördü. 1982-ci ildən etibarən «Oyanın!» jurnalında «Gənclərin sualları» adlı silsilə məqalələr dərc olunmağa başlandı. 1989-cu ildə isə həmin məqalələrin əsasında «Gənclərin sualları. Praktiki məsləhətlər» adlı kitab ərsəyə gəldi.

Almaniyada keçirilən bu böyük toplantıda «Mən də Allah haqda öyrənirəm» adlı broşür böyük sevinclə qarşılandı

26 Bu gün bizim iki cilddən ibarət olan «Gənclərin sualları» adlı müasir kitabımız var və jw.org/az-latn saytımızda bu mövzuda silsilə məqalələr çıxmağa davam edir. Bizim həmçinin «Böyük Müəllimdən öyrən» adlı kitabımız da var. Saytımızda uşaqlara aid çoxlu məlumat çıxır, məsələn, Müqəddəs Kitab personajları ilə bağlı oyunlar, böyük və kiçik yaşda olan uşaqların biliklərini artırmaları üçün tapşırıqlar, videoçarxlar, cizgi filmləri, Müqəddəs Kitab hekayələri təsvir olunan şəkillər, eləcə də üç yaşa qədər olan uşaqlar üçün rubrikalar. Şübhəsiz, birinci əsrdə uşaqları nəvazişlə qucağına alan Məsihin onlara olan münasibəti bu gün də dəyişməyib (Mark 10:13—16). O istəyir ki, körpələrimiz sevildiklərini hiss etsinlər və ruhən qidalansınlar.

27 İsa həmçinin istəyir ki, uşaqlar xəta-bəladan uzaq olsun. Əxlaqi cəhətdən tənəzzülə uğrayan dünyada uşaqlara qarşı cinsi təcavüz geniş yayılıb. Buna görə də nəşrlərimizdə valideynlərin övladlarını bu kimi iyrənc şeylərdən qorumalarına kömək etmək üçün aydın və birbaşa məsləhətlər verilir d.

28. a) Hizqiyalın görüntüsündən göründüyü kimi, pak ibadətdə iştirak etmək üçün bizdən nə tələb olunur? b) Nə etmək əzmindəsiniz?

28 Məgər Məsihin öz davamçılarını necə təmizlədiyini, Yehovanın yüksək əxlaq normalarına hörmət etməyi, onlara uyğun yaşamağı və fayda əldə etməyi öyrətdiyini görmək xoş deyil? Gəlin bir də Hizqiyalın görüntüdə gördüyü məbədi xatırlayaq. Darvazaların hündürlüyü yadınızdadır? Düzdür, həmin məbəd fiziki yox, ruhani yerdir. Bəs biz oranı görə bilərik? Biz ora sadəcə Padşahlıq zalına gedib-gəlməklə, Müqəddəs Kitabı açmaqla və ya xidmətdə qapının zəngini basmaqla daxil ola bilmərik. Bütün bunlar gözlə görünən şeylərdir. İkiüzlülər bunu hətta Yehovanın məbədinə daxil olmadan da edə bilərlər. Ancaq əgər biz yuxarıda sadalananlarla yanaşı, Yehovanın yüksək əxlaq normalarına uyğun yaşayırıqsa və pak ibadətdə təmiz ürəklə iştirak ediriksə, deməli, ən müqəddəs yerə — Yehova Allaha pak ibadət üçün nəzərdə tutulan quruluşa daxil olmuşuq və orada xidmət edirik! Gəlin bu cür dəyərli üstünlüyü hər zaman qiymətləndirək. Həmçinin Yehovanın salehlik normalarına uyğun yaşayaraq Onun müqəddəsliyini əks etdirmək üçün əlimizdən gələni edək!

a 1932-ci ildə «Bəraət» adlı kitabın II cildində ilk dəfə deyilirdi ki, Allahın xalqının öz vətənlərinə qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərlikləri müasir dövrdə cismani İsrailin yox, ruhani İsrailin üzərində yerinə yetib. Həmin peyğəmbərliklər pak ibadətin bərpasına işarə edirdi. «Gözətçi qülləsi»nin 1999-cu il 1 mart sayında izah edilirdi ki, Hizqiyalın məbədlə bağlı görüntüsü bərpa ilə bağlı peyğəmbərlikdir, buna görə də o, bizim günlərdə ruhani mənada yerinə yetir.

b Bu and, evli və ya yaxın qohum olmayan kəsləri çıxmaq şərtilə, iki əks cinsin nümayəndəsinin bağlı qapı arxasında tək qalmasını qadağan edirdi — qapı tam açıq olmalı idi. İllər ərzində bu and hər gün Beyteldə səhər ibadəti zamanı səsləndirilirdi.

c Tütündən sui-istifadə dedikdə onu çəkmək, çeynəmək və ya bu kimi məqsədlər üçün becərmək nəzərdə tutulur.

d Nümunə üçün, «Böyük Müəllimdən öyrən» kitabının 32-ci fəslinə, eləcə də «Oyanın!» jurnalının 2007-ci il oktyabr sayının 3—11 səhifələrinə (rus.) baxın.