Kontentə keç

Mündəricatı göstər

FƏSİL 12

«Sülh Allahı»na xidmət etmək üçün təşkil olunublar

«Sülh Allahı»na xidmət etmək üçün təşkil olunublar

MÖVZU

Yehova Allah Öz xalqı arasında tədricən təşkilati dəyişikliklər edir

1, 2. «Sion Gözətçi qülləsi» jurnalının 1895-ci il yanvar sayında hansı dəyişiklik edilmişdi və qardaşlar bu dəyişikliyi necə qarşılamışdılar?

 MÜQƏDDƏS KİTABIN səyli tədqiqatçısı Con Bonet qardaş «Sion Gözətçi qülləsi» jurnalının 1895-ci il yanvar sayını alanda gördükləri ona güclü təsir bağışlamışdı. Jurnalın üz qabığı tamam fərqli idi: orada fırtınalı dənizin üzərində ucalan və zülmət səmanı işıqlandıran mayak qülləsi təsvir olunmuşdu. Jurnalın yeni formatı ilə bağlı dərc olunan məlumat «Yeni libasımız» adlanırdı.

2 Bundan təsirlənən Bonet qardaş Rassel qardaşa göndərdiyi məktubunda yazmışdı: «QÜLLƏNİN görkəminin dəyişməsi məni çox sevindirir. Çox gözəl görünür». Başqa bir sadiq Müqəddəs Kitab Tədqiqatçısı Con Braun jurnalın üz qabığı barədə yazmışdı: «Çox gözəldir. Dəniz dalğalarının qülləyə çırpılmasına və fırtınaya baxmayaraq, o, yerində möhkəm durur». Bu yeni üz qabığı həmin il qardaşların gördüyü ilk dəyişiklik olsa da, sonuncu deyildi. Həmin ilin noyabr ayında onlar daha bir vacib dəyişiklik barədə öyrəndilər. Maraqlıdır ki, bu dəyişiklik yenə də fırtınalı dənizlə bağlı idi.

3, 4. «Gözətçi qülləsi» jurnalının 1895-ci il 15 noyabr sayında hansı problemdən söz açılmışdı və hansı mühüm dəyişiklik barədə elan olunmuşdu?

3 «Gözətçi qülləsi» jurnalının 1895-ci il 15 noyabr sayında dərc olunan böyük bir məqalədə vacib problemdən — fırtınayabənzər problemlərin Müqəddəs Kitab Tədqiqatçılarının təşkilatındakı sülhü alt-üst etməsindən danışılırdı. Qardaşlar yerli yığıncaqda kimin rəhbərlik etməli olduğu ilə bağlı get-gedə daha çox mübahisələr edirdilər. Parçalanma yaradan rəqabət ruhunu aradan qaldırmaqda onlara kömək etmək üçün məqalədə təşkilat gəmi ilə müqayisə olunurdu. Həmçinin orada dürüstcəsinə etiraf olunurdu ki, rəhbərlik edən qardaşlar gəmiyəbənzər təşkilatı «fırtınalı hava şəraitinə» hazırlamağa müvəffəq olmadılar. Bəs indi nə etmək olardı?

4 Məqalədə vurğulanırdı ki, məharətli kapitan nəzarət etməlidir ki, gəmidə kifayət qədər xilasedici jilet olsun və ekipaj fırtına zamanı lyuku bağlamağa hazır olsun. Eynilə, təşkilatın rəhbərləri də nəzarət etməli idilər ki, bütün yığıncaqlar «fırtınalı şəraitlərə» hazır olsunlar. Buna nail olmaq üçün məqalədə mühüm dəyişikliklə bağlı elan dərc olunmuşdu. Bu onu göstərirdi ki, dərhal hər bir yoldaşlıqda (həmin vaxt yığıncaq belə adlanırdı) sürüyə nəzarət edən ağsaqqallar seçilməlidir (Həv. 20:28).

5. a) Nəyə görə ağsaqqalların təyin edilməsi vaxtında atılan bir addım idi? b) Hansı sualları nəzərdən keçirəcəyik?

5 Ağsaqqalların təyin edilməsi yığıncaqların təməlini möhkəmləndirmək üçün vaxtında atılan addım idi. Bu, qardaşlara Birinci Dünya müharibəsi zamanı üzləşdikləri bütün çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Sonrakı onilliklər ərzində baş verən təşkilati dəyişikliklər Yehovanın xalqını Ona daha yaxşı xidmət etməyə hazırladı. Bəs hansı Müqəddəs Kitab peyğəmbərliyində bu dəyişiklik barədə yazılıb? Siz hansı təşkilati dəyişikliklərin şahidi olmusunuz? Və onlardan necə faydalanmısınız?

«Sülhü üstünüzdə nəzarətçi... qoyacağam»

6, 7. a) Əşiya 60:17 ayəsindəki sözlərin mənası nədir? b) «Nəzarətçi» və «ağa» sözləri nəyə işarə edir?

6 Bu kitabın 9-cu fəslindən öyrəndiyimiz kimi, Əşiya peyğəmbərlik etmişdi ki, Yehova Öz xalqının sayını artırmaqla xeyir-dualandıracaq (Əşy. 60:22). Ancaq Yehova bundan da artığını edəcəyini vəd etmişdi. Elə həmin peyğəmbərlikdə O demişdi: «Mən mis yerinə qızıl gətirəcəyəm, dəmir yerinə gümüş, ağac yerinə mis, daş yerinə dəmir gətirəcəyəm. Sülhü üstünüzdə nəzarətçi, salehliyi ağa qoyacağam» (Əşy. 60:17). Bu peyğəmbərliyin mənası nədir? Və onun bizə hansı aidiyyəti var?

Dəyişiklik pisdən yaxşıya doğru yox, yaxşıdan daha yaxşıya doğru baş verir

7 Əşiyanın peyğəmbərliyində deyilirdi ki, bir material digəri ilə əvəz olunacaq. Ancaq fikir verin ki, bu dəyişiklik pisdən yaxşıya doğru yox, yaxşıdan daha yaxşıya doğru baş verir. Misin qızılla əvəz edilməsi yaxşılığa doğru dəyişiklikdir və eyni şeyi ayədə xatırlanan digər materiallar barədə də demək olar. Beləcə, bu əyani nümunə əsasında Yehova xalqının vəziyyətinin get-gedə yaxşılığa doğru dəyişəcəyini göstərmişdi. Peyğəmbərlikdə hansı dəyişiklikdən danışılırdı? Yehova «nəzarətçi»lər və «ağa»lar barədə xatırladaraq göstərdi ki, tədricən baş verən dəyişikliklər xalqının mütəşəkkil fəaliyyəti və ona göstərilən qayğı ilə əlaqəli olacaq.

8. a) Əşiyanın peyğəmbərliyindəki dəyişiklikləri kim həyata keçirir? b) Dəyişikliklərdən necə faydalana bilərik? (« O, məzəmməti həlimliklə qəbul etdi» adlı çərçivəyə baxın.)

8 Bəs bu təşkilati dəyişiklikləri kim həyata keçirir? Yehova demişdi: «Mən qızıl gətirəcəyəm,.. gümüş... gətirəcəyəm. Sülhü üstünüzdə nəzarətçi... qoyacağam». Həqiqətən də, yığıncaqların quruluşu ilə bağlı dəyişiklikləri insanlar yox, Yehova Allah Özü edir. İsa Padşah təyin olunandan bəri Yehova bu dəyişiklikləri Oğlu vasitəsilə həyata keçirir. Bu dəyişikliklərin bizə hansı faydası var? Həmin ayədə deyilir ki, dəyişikliyin nəticəsi «sülh» və «salehlik» olacaq. Biz Allahın rəhbərliyini qəbul edib dəyişikliklər edəndə aramızda sülh hökm sürür, salehliyə məhəbbət isə bizi həvari Bulusun «sülh Allahı» adlandırdığı Yehovaya xidmət etməyə təşviq edir (Filip. 4:9).

9. Yığıncaqda hökm sürən nizam-intizamın və birliyin əsasını nə təşkil edir və nəyə görə?

9 Yehova Allah haqqında Bulus həmçinin belə demişdi: «Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir» (1 Kor. 14:33). Diqqət yetirin ki, Bulus nizamsızlığı nizamla yox, sülhlə qarşı-qarşıya qoyur. Nəzərə alaq ki, nizam özü-özlüyündə həmişə sülhlə nəticələnmir. Misal üçün, nizam-intizamla cəbhə xəttinə doğru irəliləyən bir qrup əsgərin yürüşü sülhlə yox, müharibə ilə nəticələnir. Beləliklə, biz məsihilər əsas faktı yadımızda saxlamalıyıq: təməlində sülh olmayan istənilən quruluş nə qədər nizamlı olursa-olsun, gec-tez dağılacaq. Bunun tam əksinə olaraq, Allahın sülhü əbədi nizam-intizam yaradır. Buna görə də «sülh mənbəyi olan Allah»ın təşkilatımıza rəhbərlik etdiyinə və onu təmizlədiyinə görə çox minnətdarıq (Rom. 15:33). Allahdan gələn sülh ümumdünya yığıncaqlarımızda hökm sürən və bizim üçün çox əziz olan nizam-intizamın və səmimi birliyin əsasını təşkil edir (Zəb. 29:11).

10. a) İlk onilliklər ərzində təşkilatımızda hansı dəyişikliklər edilib? (« Nəzarət işinin təkmilləşdirilməsi» adlı çərçivəyə baxın.) b) İndi hansı sualları nəzərdən keçirəcəyik?

10 « Nəzarət işinin təkmilləşdirilməsi» adlı çərçivədə ilk onilliklər ərzində təşkilatda edilən faydalı və nizam-intizam yaradan dəyişikliklər sadalanır. Bəs Yehova Padşahımız vasitəsilə «mis»i «qızıl»la necə əvəz edib? Bu dəyişikliklər bütün yığıncaqlarda sülhü və birliyi necə möhkəmləndirib? Və bu, sizin «sülh Allahı»na xidmət etməyinizə necə kömək edir?

Məsih yığıncaqlara necə rəhbərlik edir?

11. a) Allahın Kəlamını araşdırmağın sayəsində hansı dəyişikliklər edildi? b) Rəhbərlik şurasının üzvləri nəyə əzmli idilər?

11 1964—1971-ci illərdə rəhbərlik şurasının nəzarəti altında Müqəddəs Kitab hərtərəfli araşdırıldı. Bir çox mövzularla yanaşı, birinci əsrdəki məsihi yığıncağının necə fəaliyyət göstərdiyi də nəzərdən keçirildi a. Bunun sayəsində aydın oldu ki, birinci əsrdə yığıncağa bir ağsaqqal və ya nəzarətçi yox, ağsaqqallar şurası nəzarət edirdi. (Filippililərə 1:1; 1 Timutiyə 4:14 ayələrini oxuyun.) Bundan sonra rəhbərlik şurasında xidmət edən qardaşlar anladılar ki, Padşah İsa onları Allahın təşkilatının quruluşunda yaxşılığa doğru dəyişikliklər etməyə yönəldir və onlar Padşahın göstərişlərinə tabe olmaq əzmində idilər. Onlar ağsaqqallarla bağlı dəyişikliyi dərhal həyata keçirdilər ki, təşkilat tam şəkildə Allahın Kəlamındakı nümunəyə əsasən fəaliyyət göstərsin. Bəs 1970-ci illərin əvvəlində hansı dəyişikliklər edildi?

12. a) Rəhbərlik şurası ilə bağlı hansı dəyişiklik oldu? b) Rəhbərlik Şurasının bu gün necə təşkil olunduğunu təsvir edin. (« Rəhbərlik Şurası Padşahlığın maraqlarının qeydinə qalır» adlı çərçivəyə baxın.)

12 İlk dəyişiklik rəhbərlik şurası ilə bağlı idi. O vaxta qədər rəhbərlik şurasına Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) direktorlar şurasını təşkil edən yeddi məsh olunmuş qardaş daxil idi. Ancaq 1971-ci ildə rəhbərlik şurasının sayı 7-dən 11-ə qaldırıldı və onlar artıq direktorlar şurası kimi xidmət etmirdilər. Rəhbərlik şurasının üzvlərindən heç biri özünü digərindən üstün tutmurdu və hər il onlardan biri əlifba sırası ilə sədrlik edirdi.

13. a) 40 il ərzində yığıncaqda nəzarət işi necə həyata keçirilirdi? b) 1972-ci ildə Rəhbərlik Şurası nə etdi?

13 Növbəti dəyişiklik bütün yığıncaqlara təsir etdi. 1932-ci ildən 1972-ci ilə qədər yığıncaq əsas etibarilə bir qardaş tərəfindən idarə olunurdu. 1936-cı ilə qədər bu təyinatı alan qardaş xidmət rəhbəri adlanırdı. Bundan sonra yoldaşlıq xidmətçisi, sonra yığıncaq xidmətçisi, daha sonra isə yığıncaq nəzarətçisi adlandı. Təyin olunan bu qardaşlar sürünün ruhani sağlamlığının qeydinə canla-başla qalırdılar. Adətən, yığıncaq nəzarətçisi yığıncaqla bağlı qərarları digər xidmətçilərlə məsləhətləşmədən verirdi. Ancaq 1972-ci ildə Rəhbərlik Şurası tarixi bir dəyişiklik etdi. Bu dəyişiklik nə ilə bağlı idi?

14. a) 1972-ci ilin oktyabrın 1-dən hansı yenilik qüvvəyə mindi? b) Ağsaqqallar şurasının koordinatoru Filippililərə 2:3 ayəsindəki məsləhəti necə tətbiq edir?

14 Artıq hər yığıncağa yalnız bir qardaş yox, Allahın Kəlamındakı tələblərə müvafiq gələn və teokratik yolla ağsaqqal təyin olunan qardaşlardan ibarət ağsaqqallar şurası nəzarət edəcəkdi. Bu yenilik 1972-ci ilin 1 oktyabrından qüvvəyə mindi. Bu gün ağsaqqallar şurasının koordinatoru «təvazökar»lıq göstərərək özünü digər ağsaqqallardan üstün tutmur (Luka 9:48). Doğrudan da, ümumdünya təşkilatımızda belə təvazökar qardaşların olması əsil xeyir-duadır! (Filip. 2:3).

Uzaqgörən Padşahımız öz davamçılarına münasib vaxtda kifayət qədər çobanlar təqdim edib

15. a) Yığıncaqlara nəzarət etmək üçün ağsaqqallar şurasının təyin olunması hansı faydaları gətirdi? b) Padşahımızın uzaqgörən olduğu nədən görünür?

15 Yığıncaq işlərinin ağsaqqallar şurasının üzvləri arasında bölüşdürülməsi yaxşılığa doğru edilən dəyişikliyin sübutudur. Gəlin bunun üç faydasına nəzər salaq. İlk növbədə, bu, yığıncaqda nə dərəcədə vacib məsuliyyətlərə sahib olmalarından asılı olmayaraq, bütün ağsaqqallara yığıncağın başının İsa Məsih olduğunu başa düşməyə kömək etdi (Efes. 5:23). İkinci faydası Məsəllər 11:14 ayəsində qeyd olunur: «Çoxlu məsləhətçi olan yerdə... uğur gələr». Ağsaqqallar yığıncağın ruhani rifahına təsir edən məsələlərlə bağlı bir-biriləri ilə məsləhətləşəndə və təkliflərini nəzərə alanda Müqəddəs Kitab prinsiplərinə uyğun qərarlar qəbul etmək asan olur (Məs. 27:17). Yehova Allah bu cür qərarları xeyir-dualandırır və bunlar uğurla nəticələnir. Üçüncüsü, daha çox yararlı qardaşların ağsaqqal kimi xidmət etməsi sayəsində təşkilat yığıncaqların günü-gündən artan tələbatlarına nəzarət edə və onların qayğısına qala bilir (Əşy. 60:3—5). Bir təsəvvür edin, 1971-ci ildə yığıncaqların sayı 27 000-dən çox idi, 2013-cü ildə isə bu say 113 000-dən çox olub! Bundan aydın görünür ki, uzaqgörən Padşahımız öz davamçılarına münasib vaxtda kifayət qədər çobanlar təqdim edib (Mik. 5:5).

«Sürüyə nümunə olun»

16. a) Ağsaqqallar hansı məsuliyyəti daşıyır? b) İsanın «quzularımı otar» sözlərinə Müqəddəs Kitab Tədqiqatçıları necə yanaşırdılar?

16 Müqəddəs Kitab Tədqiqatçılarının erkən vaxtlarına nəzər salsaq, ağsaqqallar artıq başa düşürdülər ki, həmimanlılarının daima Yehova Allaha xidmət etmələrinə kömək etmək məsuliyyəti onların üzərinə düşür. (Qalatiyalılara 6:10 ayəsini oxuyun.) 1908-ci ildə «Gözətçi qülləsi» jurnalında dərc olunan məqalədə İsanın: «Quzularımı otar», — sözləri araşdırılırdı (Yəh. 21:15—17). Məqalədə ağsaqqallara deyilmişdi: «Ağamızın sürünü otarmaqla bağlı verdiyi tapşırığın ürəyimizdə mühüm yer tutması, eləcə də Ağamızın davamçılarını bəsləmək və onların qeydinə qalmaq kimi böyük şərəfə lazımi ehtiram göstərməyimiz olduqca vacibdir». 1925-ci ilin «Gözətçi qülləsi» jurnalında ağsaqqal kimi xidmət etməyin vacibliyi bir daha vurğulanmışdı: «Allahın kilsəsi (yığıncaq) Ona məxsusdur... və onlar [ağsaqqallar] qardaşlarına necə xidmət etdiklərinə görə Allah qarşısında cavab verəcəklər».

17. İşlərini məharətlə həyata keçirmələri üçün nəzarətçilərə hansı köməklik göstərilib?

17 Bəs Yehovanın təşkilatı ağsaqqallara nəzarət etmək bacarıqlarını dəmirdən gümüşə çevirməyə, yəni yaxşılaşdırmağa necə kömək edirdi? Onlara təlim verməklə. 1959-cu ildə ilk dəfə nəzarətçilər üçün Məsul Qardaşlar üçün Məktəb keçirildi. Orada «Şəxsi maraq göstərin» adlı mövzu müzakirə olundu. Məsul qardaşlar «təbliğçilərə evlərində baş çəkmək üçün cədvəl qurmağa» təşviq olunurdular. Bu dərslər zamanı belə başçəkmələri daha ruhlandırıcı etməyin müxtəlif üsulları nəzərdən keçirilirdi. 1966-cı ildə Məsul Qardaşlar üçün Məktəb yeni proqram üzrə keçirilməyə başlandı. Dərslərdən birində «Çobanlıq işinin vacibliyi» adlı mövzu nəzərdən keçirilirdi. Bu dərsin əsas məğzi nədən ibarət idi? Rəhbərlik həvalə olunmuş qardaşlar «Allahın sürüsünün qeydinə məhəbbətlə qalmalı və bunun üçün ailə üzvlərinə və xidmətə ayırdıqları vaxtı və diqqəti qurban verməməlidirlər». Son illər ərzində ağsaqqallar üçün başqa məktəblər də keçirilib. Yehovanın təşkilatının daima təlim verməsi sayəsində hansı nəticələr əldə olunub? Bu gün yığıncaqlarda minlərlə yaxşı təlim almış qardaş ağsaqqal kimi xidmət edir.

Filippində Məsul Qardaşlar üçün Məktəb, 1966-cı il

18. a) Ağsaqqallara hansı məsuliyyət həvalə olunub? b) Nəyə görə Yehova və İsa Məsih zəhmətkeş ağsaqqalları sevir?

18 Yehova Allah Padşahımız İsa vasitəsilə ağsaqqalları məsuliyyətli tapşırığın öhdəsindən gəlmək üçün təyin edir. O hansı tapşırıqdır? Onlar bəşər tarixinin ən böhranlı dövründə Allahın xalqına rəhbərlik etməlidirlər (Efes. 4:11, 12; 2 Tim. 3:1). Yehova və İsa Məsih zəhmətkeş ağsaqqalları çox sevir və qiymətləndirirlər, çünki onlar Müqəddəs Yazıların: «Allahın sizə əmanət etdiyi sürünü otarın və bunu... könül xoşluğu ilə... canla-başla edin... Sürüyə nümunə olun», — nəsihətinə qulaq asırlar (1 But. 5:2, 3). Gəlin ağsaqqalların sürüyə nümunə qoyduqları bir çox sahələrdən ikisinə nəzər salaq və görək yığıncaqda sülhü və sevinci qoruyub saxlamaq üçün onlar öz töhfələrini necə verirlər.

Ağsaqqallar Allahın sürüsünə necə nəzarət edir?

19. Ağsaqqallarla əməkdaşlıq edəndə hansı hissləri keçiririk?

19 Birincisi, ağsaqqallar yığıncağın üzvləri ilə əməkdaşlıq edirlər. Müjdəçi Luka İsa barədə belə yazmışdı: «İsa şəhərbəşəhər, kəndbəkənd gəzərək Allahın Padşahlığı haqqında müjdəni təbliğ edirdi. On iki həvari... onunla idi» (Luka 8:1, 3). İsa öz həvariləri ilə birlikdə təbliğ etdiyi kimi, bu gün də ağsaqqallar öz həmimanlıları ilə bərabər xidmət edirlər. Onlar başa düşürlər ki, bununla yığıncaqda müsbət əhval-ruhiyyənin hökm sürməsinə xidmət edirlər. Bəs yığıncaq üzvləri belə ağsaqqallara necə münasibət bəsləyirlər? 90-a yaxın yaşı olana Jannin bacı belə deyir: «Ağsaqqalla təbliğə çıxmaq mənə onunla söhbət etmək və onu yaxından tanımaq imkanı verir». 30-dan çox yaşı olan Stiven qardaş bölüşür: «Ağsaqqal mənimlə ev-ev təbliğ edəndə onun mənə kömək etmək istədiyini hiss edirəm. Bu, mənə böyük sevinc bəxş edir».

Çoban itmiş quzunu axtardığı kimi, ağsaqqallar da yığıncaqla əlaqəni itirən kəsləri axtarıb tapmağa çalışırlar

20, 21. Ağsaqqallar İsanın məsəlindəki çobanın nümunəsini necə təqlid edə bilərlər? Nümunə çəkin. (Həmçinin « Hər həftə başçəkmənin gətirdiyi səmərə» adlı çərçivəyə baxın.)

20 İkincisi, Yehovanın təşkilatı ağsaqqallara yığıncaqla əlaqəni itirən kəslərə qayğı göstərmək üçün təlim verir (İbr. 12:12). Nəyə görə ağsaqqallar ruhən zəif düşmüş həmimanlılarına kömək etməlidirlər və onlar bunu necə edə bilərlər? İsanın çoban və itmiş qoyun məsəlində bu sualın cavabını tapa bilərik. (Luka 15:4—7 ayələrini oxuyun.) Məsəldəki çoban qoyunun itdiyini görəndə elə əl-ayağa düşür, sanki, varı-yoxu bircə qoyunu var imiş. Bu gün ağsaqqallar həmin çobanı necə təqlid edə bilərlər? İtmiş qoyun çobanın gözündə dəyərli olduğu kimi, yığıncaqla əlaqəsi kəsilən şəxs də ağsaqqalların gözündə dəyərlidir. Ruhən zəifləmiş insanları axtarmaq onlar üçün vaxt itkisi deyil. Necə ki çoban «itmiş qoyunu tapana kimi gedib onu [axtarır]», eləcə də ağsaqqallar zəifləri axtarıb tapmaq və kömək etmək üçün əllərindən gələni əsirgəmirlər.

21 Bəs çoban qoyunu tapanda nə edir? O, nəvazişlə onu qaldırır, «çiyninə qoyub» sürünün içinə qaytarır. Eynilə, ağsaqqalın canıyananlıq göstərməsi ruhən zəifləmiş insanın ayağa qalxmasına və yığıncağa qayıtmasına kömək edə bilər. Bu, Afrikadan olan və yığıncaqla əlaqəsini kəsən Viktor qardaşın da başına gəlmişdi. O danışır: «Qeyri-fəal olduğum səkkiz il ərzində ağsaqqallar mənə kömək etmək üçün var gücləri ilə çalışırdılar». Bəs ona xüsusilə təsir edən nə olmuşdu? O özü izah edir: «Bir gün Öncül Məktəbini birgə keçdiyimiz Con adlı ağsaqqal qardaş mənə baş çəkdi və məktəbdə çəkdirdiyimiz şəkilləri göstərdi. Onlar mənə yaşadığım xoş anları xatırlatdı. Yehovaya xidmətdə duyduğum sevinci yenidən yaşamaq istədim». Çox keçməmiş Viktor yığıncağa qayıtdı. Bu gün o, yenə də öncül kimi xidmət edir. Həqiqətən də, ağsaqqalların qayğısı bizə sevinc bəxş edir (2 Kor. 1:24) b.

Nəzarət işinin yaxşılaşdırılması Allahın xalqı arasındakı birliyi möhkəmləndirir

22. Salehlik və sülh məsihi yığıncağındakı birliyi necə möhkəmləndirir? (Həmçinin « Heyrət içində idik» adlı çərçivəyə baxın.)

22 Artıq vurğulandığı kimi, Yehova Allah qabaqcadan demişdi ki, Onun xalqı arasında salehlik və sülh durmadan artacaq (Əşy. 60:17). Bu hər iki xüsusiyyət yığıncağın birliyini möhkəmləndirir. Salehlik məsələsində «Allahımız Yehova tək olan Yehovadır» (Qan. 6:4). Onun salehlik normaları bütün dünyada mövcud olan yığıncaqlarda eynidir. Bəli, «müqəddəslərin bütün yığıncaqlarında» Onun xeyir və şərə dair normaları birdir (1 Kor. 14:33). Buna görə də yığıncaq yalnız Allahın normaları tətbiq olunduğu təqdirdə inkişaf edir. Sülh xüsusiyyətinə gəldikdə isə Padşahımız İsa istəyir ki, biz yığıncaqda sülhdən zövq almaqla yanaşı, həm də «sülhpərvər», yəni «sülhyaradan» olaq (Mət. 5:9). Elə bu səbəbdən biz «sülhə aparan... şeylərə can [atırıq]». Vaxtaşırı olaraq aramızda baş qaldıran fikir ayrılıqlarını həll etmək üçün təşəbbüsü öz üzərimizə götürürük (Rom. 14:19). Belə etməklə yığıncaqda həm sülhə, həm də birliyə nail oluruq (Əşy. 60:18).

23. Yehovanın xidmətçiləri olan bizlər bu gün nədən sevinc duyuruq?

23 1895-ci ilin noyabr ayının «Gözətçi qülləsi» jurnalında yığıncaqlarda ağsaqqallar təyin olunacağı barədə elan olunanda məsul qardaşlar öz səmimi arzularını da yazmışdılar. Onlar dua edirdilər ki, bu yeni təşkilati quruluş Allahın xalqının «tez bir zamanda imanda birliyə yetişməsinə» kömək etsin. Arxaya çevrilib ötən onilliklərə baxanda görürük ki, Yehova Allahın Padşahımız vasitəsilə nəzarətlə bağlı gördüyü saflaşdırma işləri ibadətdə birliyimizi, həqiqətən də, möhkəmləndirib (Zəb. 99:4). Nəticə etibarilə, bu gün Yehovanın ümumdünya xalqı kimi, biz eyni niyyətlə hərəkət edir, eyni cür davranır və çiyin-çiyinə «sülh Allahı»na xidmət edirik və bu, bizə böyük sevinc bəxş edir (2 Kor. 12:18; Səfənya 3:9 ayəsini oxuyun).

a Dərin araşdırmaların nəticəsi «Müqəddəs Kitabı başa düşmək üçün kömək» adlı kitabda dərc edilmişdi.

b «Gözətçi qülləsi» jurnalının 2013-cü il 15 yanvar sayının 27—31 səhifələrində dərc olunan «Sevincimiz üçün bizimlə əməkdaşlıq edən ağsaqqallar» adlı məqaləyə baxın.