Kontentə keç

Mündəricatı göstər

FƏSİL 15

Azad ibadət uğrunda mübarizə

Azad ibadət uğrunda mübarizə

MÖVZU

Məsih öz davamçılarına rəsmi olaraq tanınmaq və Allahın qanunlarına uyğun yaşamaq uğrunda mübarizə aparmağa kömək edir

1, 2. a) Allahın Padşahlığının vətəndaşları olduğunuzu nə sübut edir? b) Nəyə görə Yehovanın Şahidləri bəzən dini azadlıqları uğrunda mübarizə aparmalı olurdular?

 ƏGƏR siz Yehovanın Şahidisinizsə, deməli, Allahın Padşahlığının vətəndaşısınız. Bunu sübut etmək üçün nə pasporta, nə də başqa bir hüquqi sənədə ehtiyac var. Bunun üçün Yehova Allaha ibadət etmək kifayətdir. Həqiqi ibadət təkcə sizin inanclarınızdan ibarət deyil. Bura sizin əməlləriniz — Allahın Padşahlığının qanunlarına itaət etməyiniz daxildir. Allaha ibadət Onun xidmətçilərinin həyatının hər sahəsinə öz təsirini göstərir, bura uşaqların tərbiyəsi və müalicə seçimi də daxildir.

2 Vətəndaşlığımız bizim üçün çox qiymətlidir. Ancaq yaşadığımız dünyada çoxları bizim Allahın Padşahlığının təbəələri olmağımıza və onun qanunlarına uyğun yaşamağınıza hörmətlə yanaşmır. Elə vaxtlar olub ki, bəzi hökumət nümayəndələri ibadət etmək hüququmuza məhdudiyyətlər qoymağa, hətta fəaliyyətimizi tamamilə ləğv etməyə çalışmışlar. Bəzən Məsihin təbəələri Padşahlığın qanunlarına uyğun yaşamaq uğrunda mübarizə aparmalı olmuşlar. Burada təəccüblü heç nə yoxdur. Çünki qədimdə də Yehovanın xalqı Ona azad şəkildə ibadət etmək uğrunda tez-tez mübarizə aparmalı olurdu.

3. Şahzadə Əstərin dövründə Allahın xalqı nəyin uğrunda mübarizə aparmalı olmuşdu?

3 Misal üçün, şahzadə Əstərin günlərində də Allahın xalqı yaşamaq uğrunda mübarizə aparmalı olmuşdu. Nə üçün? Çünki sarayda yüksək mövqe tutan zalım Həman Fars hökumətinin şahı Ahaşveroşa təklif etmişdi ki, «qanunları digər xalqların qanunlarından [fərqli]» olduğu üçün səltənətin bütün əyalətlərində yaşayan yəhudilərin hamısı öldürülsün (Əst. 3:8, 9, 13). Bəs belə bir vəziyyətdə Yehova Öz xidmətçilərini darda qoydumu? Əlbəttə, yox! Əstərlə Mərdəhay Fars şahından Allahın xalqını müdafiə etməyi xahiş edəndə Yehova onların cəhdlərinə xeyir-dua verdi (Əst. 9:20—22).

4. Bu fəsildə nəyi müzakirə edəcəyik?

4 Bəs müasir dövr haqqında nə demək olar? Əvvəlki fəsildən gördüyümüz kimi, bəzən hökumət nümayəndələri Yehovanın Şahidlərinə qarşı çıxırdılar. Bu fəsildə isə onların bizim ibadətimizə necə mane olmağa çalışdıqları barədə danışacağıq. Əsas etibarilə üç sahəni nəzərdən keçirəcəyik: 1) bir təşkilat kimi fəaliyyət göstərmək və istədiyimiz kimi ibadət etmək hüququmuzun olduğunu, 2) Müqəddəs Kitab prinsiplərinə müvafiq tibbi müalicə seçmək hüququmuzun olduğunu və 3) valideynlərin Yehovanın normalarına uyğun şəkildə uşaqlarına tərbiyə vermək hüquqlarının olduğunu. Bu sahələri araşdırdıqca Padşahlığın sadiq vətəndaşlarının bu dəyərli vətəndaşlığı qorumaq üçün cəsarətlə necə mübarizə apardıqlarını və onların bu cəhdlərinə Allahın necə xeyir-dua verdiyini görəcəyik.

Rəsmi surətdə tanınmaq və əsas azadlıqlar uğrunda mübarizə

5. Rəsmi surətdə tanınmağın həqiqi məsihilər üçün hansı xeyri var?

5 Yehovaya ibadət etmək üçün bizə insan hökumətləri tərəfindən rəsmi surətdə tanınmağa ehtiyac varmı? Xeyr. Ancaq rəsmi surətdə tanınmağımız Allaha ibadətimizi asanlaşdırır: biz ibadət evlərində və toplantı zallarında sərbəst şəkildə toplaşa bilir, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr edə və müxtəlif ölkələrə idxal edə bilirik, eləcə də maneəsiz şəkildə xoş xəbəri başqaları ilə bölüşə bilirik. Bir çox ölkələrdə Yehovanın Şahidləri rəsmi şəkildə qeydiyyatdan keçiblər və digər rəsmi dinlərin nümayəndələri kimi, onlar da azad şəkildə ibadət edə bilirlər. Bəs əgər hökumət bizi qeydiyyatdan keçirmirsə və ya azadlığımıza məhdudiyyətlər qoymağa çalışırsa, onda necə?

6. Avstraliyada Yehovanın Şahidləri 1940-cı illərin əvvəllərində hansı çətinliklə üzləşmişdilər?

6 Avstraliya. 1940-cı illərin əvvəllərində Avstraliyanın general-qubernatoru etiqadlarımızın hərbi-iqtisadi vəziyyət üçün «çox zərərli» olduğunu düşünürdü. Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyuldu. Onlar açıq şəkildə yığılmaq və təbliğ etmək imkanından məhrum oldular, Beytel bağlandı və Padşahlıq zalları müsadirə edildi. Hətta Müqəddəs Kitaba əsaslanan nəşrlərə belə qadağa qoyuldu. Ancaq bir neçə il gizlin şəkildə fəaliyyət göstərdikdən sonra avstraliyalı Şahidlər, axır ki, ağ günə çıxdılar. 1943-cü il iyunun 14-də Avstraliyanın Ali Məhkəməsi qadağanı ləğv etdi.

7, 8. Rusiyadakı qardaşlarımızın azad ibadət etmək uğrunda onilliklər ərzində apardıqları mübarizə barədə danışın.

7 Rusiya. Onilliklər ərzində Yehovanın Şahidləri Sovet İttifaqında qadağa altında olsalar da, nəhayət, 1991-ci ildə rəsmi qeydiyyatdan keçdilər. 1992-ci ildə, SSRİ dağılandan sonra, onlar Rusiya Federasiyası tərəfindən qeydiyyata alındılar. Ancaq sayımızın sürətlə artması bəzi düşmənləri, xüsusilə də Rus Pravoslav kilsəsi ilə əlaqəsi olan insanları qıcıqlandırmağa başladı. 1995—1998-ci illər ərzində əleyhdarlar düz beş dəfə Yehovanın Şahidlərinə qarşı cinayət işi qaldırmağa cəhd göstərdilər. Hər dəfəsində də cinayət törədildiyinə dair heç bir dəlil tapılmırdı. Ancaq onlar təslim olmurdular və nəhayət, 1998-ci ildə bizə qarşı mülki iş qaldırdılar. Əvvəlcə məhkəmə Yehovanın Şahidlərinin xeyrinə qərar versə də, düşmənlər bu qərarla razılaşmayıb məhkəmənin hökmünə qarşı şikayət verdilər və 2001-ci ilin may ayında qərar ləğv edildi. Həmin ilin oktyabr ayından bu məsələyə yenidən baxılmağa başlandı və 2004-cü ildə qərar verildi ki, Yehovanın Şahidlərinin Moskvadakı hüquqi qeydiyyatı ləğv olunsun və fəaliyyətlərinə qadağa qoyulsun.

8 Bu qərar güclü təqiblərə səbəb oldu. (2 Timutiyə 3:12 ayəsini oxuyun.) Şahidlər rişxəndlərə və təhqirlərə məruz qalırdılar. Onların dini ədəbiyyatları müsadirə olundu, Allaha ibadət etmək üçün icarəyə yer götürmək və ya tikmək olduqca çətinləşdi. Bu cür təqiblərlə üzləşən bacı-qardaşların keçirdikləri hissləri təsəvvür etmək elə də çətin deyil. 2001-ci ildə Yehovanın Şahidləri Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etdilər və 2004-cü ildə Məhkəməyə əlavə məlumat təqdim etdilər. 2010-cu ildə AİHM qərar çıxartdı. Məhkəmə Rusiyadakı Şahidlərin fəaliyyətinə qadağa qoyulmasına səbəbin dini dözümsüzlük olduğu qənaətinə gəldi və qərar verdi ki, Şahidlərin hər hansı cinayət törətdiklərinə dair heç bir sübut olmadığından aşağı instansiya məhkəməsinin qərarını təsdiqləmək üçün də heç bir səbəb yoxdur. Daha sonra Məhkəmə vurğuladı ki, qadağanın məqsədi Yehovanın Şahidlərini hüquqlarından məhrum etmək olub. Məhkəmənin qərarı Yehovanın Şahidlərinin azad şəkildə ibadət etmək hüququna malik olduqlarını təsdiqlədi. Rusiyanın hökumət nümayəndələri AİHM-nin qərarını icra etməsələr də, bu cür qələbələr Allahın Rusiyadakı xidmətçilərini ürəkləndirir.

Titos Manussakis (9-cu abzasa baxın.)

9—11. Yehovanın xalqı Yunanıstanda azad şəkildə birgə ibadət etmək üçün necə mübarizə apardı və bu hansı bəhrələr gətirdi?

9 Yunanıstan. 1983-cü ildə Titos Manussakis Krit adasının Heraklion şəhərində Yehovanın Şahidlərinin kiçik bir qrupunun ibadət görüşləri keçirməsi üçün icarəyə bir otaq götürdü (İbr. 10:24, 25). Çox keçmədi ki, bir Pravoslav keşiş Şahidlərin otaqdan ibadət məqsədi ilə istifadə etmələrinə etirazını bildirərək polisə şikayət etdi. Nəyə görə? Sadəcə ona görə ki, Şahidlərin inancları Pravoslav kilsəsinin inanclarından fərqlənir! Titos Manussakisə və digər yerli üç Şahidə qarşı cinayət işi açıldı. Onlara cərimə və ikiaylıq həbs cəzası kəsildi. Allahın Padşahlığının bu sadiq vətəndaşları məhkəmənin qərarını azad ibadət etmək hüquqlarını pozmaq kimi qiymətləndirərək həmin qərara qarşı şikayət verdilər. Öz ölkələrində bütün məhkəmə instansiyalarında uduzduqdan sonra isə AİHM-ə müraciət etdilər.

10 Nəhayət, 1996-cı ildə AİHM həqiqi ibadətin düşmənlərinə gözlənilməz zərbə vuran bir qərar qəbul etdi. Məhkəmə qeyd etdi ki, «Yunanıstan qanununa əsasən, Yehovanın Şahidləri “tanınmış dinlər” siyahısına düşür» və aşağı instansiya məhkəmələrinin qərarları «iddiaçıların dini azadlığına birbaşa təsir edib». Məhkəmə həmçinin bildirdi ki, «dini etiqadların və ya bu etiqadları ifadə etmək üsullarının qanuni olub-olmadığını müəyyənləşdirmək» Yunanıstan hökumətinin ixtiyarına verilməyib. Şahidlərin əleyhinə olan hökmlər ləğv olundu və onların azad şəkildə ibadət etmək hüquqları təsdiqləndi!

11 Bəs bu qələbə Yunanıstandakı işlərə son qoydumu? Təəssüf ki, yox. Yunanıstanın Kassandreya şəhərində buna oxşar məsələ ilə bağlı 12 illik hüquqi mübarizə, nəhayət, 2012-ci ildə öz həllini tapdı. Oradakı təqiblərin səbəbkarı Pravoslav yepiskopu idi. Hökumət Şurası — Yunanıstanın ali inzibati məhkəməsi — məsələni Allahın xalqının xeyrinə həll etdi. Qərarda Yunanıstanın Konstitusiyasının dini azadlığa zəmanət verməsinə istinad edilir və Yehovanın Şahidlərinin tanınmış din olmadığına dair addımbaşı irəli sürülən ittiham təkzib olunurdu. Məhkəmə qərar verdi: «Yehovanın Şahidlərinin təlimlərində gizlin heç nə yoxdur və nəticə etibarilə, onları tanınmış din adlandırmaq olar». Hal-hazırda Kasandreyadakı balaca bir yığıncağın üzvləri ibadət görüşlərini öz Padşahlıq zallarında keçirə bildikləri üçün sevincləri yerə-göyə sığmır.

12, 13. Fransada düşmənlər «qanun adı ilə pislik [törətməyə]» necə çalışdılar və əllərinə nə keçdi?

12 Fransa. Bəzən Allahın xalqının düşmənləri «qanun adı ilə pislik [törətməyə]» çalışırlar. (Zəbur 94:20 ayəsini oxuyun.) Misal üçün, 1990-cı illərin ortalarında Fransanın vergilər nazirliyi həmin ölkədə Yehovanın Şahidləri tərəfindən istifadə olunan hüquqi şəxslərdən birinin — Yehovanın Şahidləri Cəmiyyətinin (YŞC) maliyyə işi ilə bağlı yoxlama aparmağa başladı. Bu yoxlamanın əsil məqsədi büdcə nazirinin sözlərindən bəlli oldu. O demişdi: «Yoxlama qanuni ləğvə və ya cinayət icraatlarının başlanmasına gətirib çıxara bilər,.. bu isə, öz növbəsində, bizim ərazidə cəmiyyətin destabilizasiyasına və ya fəaliyyətinin dayandırılmasına səbəb ola bilər». Yoxlama zamanı heç bir qanun pozuntusu aşkar edilməsə də, vergilər nazirliyi YŞC-nın üzərinə həddən artıq yüksək vergi qoydu. Əgər onların bu fəndi baş tutsa, qardaşlarımız çıxılmaz vəziyyətdə qalıb filialı bağlamaq, binaları isə satmaq məcburiyyətində qalacaqdılar. Bu, çox ağır zərbə idi, ancaq Allahın xalqı təslim olmadı. Yehovanın Şahidləri bu haqsızlığa qarşı qəti etirazlarını bildirdilər və nəhayət, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi təqdim etdilər.

13 Məhkəmə öz qərarını 2011-ci ilin iyun ayının 30-da elan etdi. Qərarda deyilirdi ki, din azadlığına əsasən, xüsusi halları çıxmaq şərtilə, dövlət dini etiqadların və ya onları həyata keçirmə üsullarının qanuniliyinə qiymət verməməlidir. Məhkəmə həmçinin qeyd etmişdi: «Bu vergi... Cəmiyyəti lazımi vəsaitlərdən məhrum edərdi, bununla da Cəmiyyət üzvləri ibadətlərini azad şəkildə icra edə bilməzdilər». Məhkəmə yekdilliklə Yehovanın Şahidlərinin xeyrinə qərar çıxartdı! Xoşbəxtlikdən, Fransa hökuməti məhkəmənin tələbinə əsasən Yehovanın Şahidləri Cəmiyyətindən alınan vergiləri faizlə geri qaytardı və filialın əmlakının üzərinə qoyduğu həbsi aradan qaldırdı.

Hüquqi haqsızlıqlar ucbatından əziyyət çəkən ruhani bacı-qardaşlarınız üçün daima dua edə bilərsiniz

14. Azad ibadət uğrunda mübarizədə siz necə iştirak edə bilərsiniz?

14 Qədimdə yaşamış Əstər və Mərdəhay kimi, bu gün də Allahın xalqı Onun buyurduğu kimi azad şəkildə ibadət etmək hüququ uğrunda mübarizə aparır (Əst. 4:13—16). Əlbəttə, hüquqi haqsızlıqlar ucbatından əziyyət çəkən ruhani bacı-qardaşlarınız üçün daima dua etməklə bu mübarizədə siz də iştirak edə bilərsiniz. Bu cür dualar təqib və sınaqlarla üzləşən həmimanlılarımız üçün əsil köməkdir. (Yaqub 5:16 ayəsini oxuyun.) Bəs Yehova belə dualara cavab verirmi? Məhkəmələrdə qazandığımız qələbələr buna canlı bir sübutdur! (İbr. 13:18, 19).

Etiqadımıza uyğun tibbi müalicə seçmək hüququ

15. Allahın xalqı qandan istifadə ilə bağlı hansı amilləri nəzərə alır?

15 Bu kitabın 11-ci fəslində qeyd olunduğu kimi, Allahın Padşahlığının vətəndaşları Müqəddəs Kitabın qandan yanlış tərzdə istifadə etməməklə bağlı aydın göstərişinə riayət edirlər. Ancaq bu gün dünyada bu hal geniş yayılıb (Yar. 9:5, 6; Lav. 17:11; Həvarilərin işləri 15:28, 29 ayələrini oxuyun). Biz qanköçürmədən imtina etsək də, özümüz və əzizlərimiz üçün Allahın qanunlarına zidd getməyən, eyni zamanda da mümkün qədər ən yaxşı müalicə üsulu axtarıb tapmağa çalışırıq. Bir çox ölkələrin ali məhkəmələri hər bir insanın öz vicdanına və dini etiqadına əsasən istənilən müalicə üsulunu seçmək hüququ olduğunu qəbul edir. Bəzi ölkələrdə isə Allahın xalqı bu məsələ ilə bağlı ciddi çətinliklərlə üzləşir. Gəlin bir neçə nümunəyə baxaq.

16, 17. Yaponiyada bir bacının başına hansı dəhşətli hadisə gəlmişdi və onun duaları necə cavablandırıldı?

16 Yaponiya. Yaponiyada yaşayan 63 yaşlı Misae Takida adlı evdar bir xanım böyük cərrahi əməliyyat keçirməli idi. Allahın Padşahlığının sadiq vətəndaşı kimi, o, həkimə açıq şəkildə izah etdi ki, yalnız qansız müalicəyə razıdır. Ancaq əməliyyatdan bir neçə ay sonra ona qan köçürüldüyünü biləndə dəhşətə gəldi. Özünü təhqir olunmuş və aldadılmış hiss edən Takida bacı 1993-cü ilin iyun ayında həkimləri və xəstəxananı məhkəməyə verdi. Bu həlim və mülayim qadın möhkəm və sarsılmaz imana malik idi. Takida bacı, zəif olmasına baxmayaraq, ağzınacan dolu olan məhkəmə zalında bir saatdan çox şahid kürsüsündə dayanaraq cəsarətlə şahidlik verdi. Axırıncı dəfə o, məhkəməyə ölümündən cəmi bir ay əvvəl çıxmışdı. Məgər onun bu cəsarəti və imanı bizi riqqətə gətirmir? Takida bacı bu mübarizədə xeyir-dua verməsi üçün Yehovaya durmadan yalvardığını demişdi. O, dualarının cavabsız qalmayacağına əmin idi. Bəs Yehova onun duasına necə cavab verdi?

17 Takida bacının ölümündən üç il sonra Yaponiyanın Ali Məhkəməsi onun xeyrinə qərar çıxararaq etiraf etdi ki, öz istəyini aydın şəkildə ifadə etməsinə baxmayaraq, ona qan köçürmək düzgün deyildi. Məhkəmənin 2000-ci il 29 fevral tarixli qərarında bildirilmişdi ki, bu kimi məsələlərdə «insanın şəxsi qərar vermək hüququna hörmət göstərilməlidir». Takida bacı Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına uyğun tibbi müalicə seçmək uğrunda qətiyyətlə mübarizə apardı. Onun sayəsində bu gün Yaponiyada Yehovanın Şahidləri arxayınlıqla müalicə olunurlar və onlara məcburi qan köçürüləcəyindən qorxmurlar.

Pablo Albarasini (18—20 abzaslara baxın.)

18—20. a) Argentinanın Ali məhkəməsi insanın qanköçürmədən imtina etmək üçün tibbi sənəddən istifadə etmək hüququ olduğunu necə təsdiqlədi? b) Qandan yanlış istifadə etməməklə Məsihin rəhbərliyinə tabeçiliyimizi necə göstərə bilərik?

18 Argentina.  Allahın Padşahlığının vətəndaşı huşunu itirmiş vəziyyətdə olarsa, tibbi müalicə ilə bağlı lazımi qərarı necə verə bilər? Biz üstümüzdə hüquqi sənəd gəzdiririk ki, lazım gəldikdə dadımıza çatsın. Bu cür sənəd Pablo Albarasininin üstündə də var idi. Pablo 2012-ci ilin may ayında soyğunçuluğa məruz qalmış və bir neçə güllə yarası almışdı. O, xəstəxanaya gətiriləndə huşsuz vəziyyətdə olduğundan qanköçürmədən imtina etmək istəyini bildirəcək vəziyyətdə deyildi. Ancaq onun üzərində lazımi qaydada doldurulmuş və dörd il əvvəl imzalanmış tibbi sənəd var idi. Vəziyyətinin ağır olmasına və bəzi həkimlərin onun həyatını xilas etmək üçün mütləq qan köçürmək lazım gəldiyini düşünmələrinə baxmayaraq, ümumilikdə tibbi heyət onun istəyinə hörmətlə yanaşmağa hazır idi. Ancaq Pablonun Yehovanın Şahidi olmayan atası məhkəmənin qərarı ilə oğlunun göstərişinin ləğv edilməsinə nail oldu.

19 Pablonun arvadını təmsil edən vəkil bununla əlaqədar dərhal məhkəməyə şikayət verdi. Bir neçə saatdan sonra apelyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını təkzib etdi və qərar verdi ki, tibbi sənədə əsasən xəstənin istəyinə hörmətlə yanaşılmalıdır. Pablonun atası Argentinanın Ali Məhkəməsinə müraciət etdi. Ancaq Ali Məhkəmə «[Pablonun qanköçürmədən imtina etməklə bağlı tibbi göstərişi] ağlı üstündə, təzyiq olmadan, azad şəkildə doldurduğuna şübhə etməyə əsas» tapmadı. Məhkəmənin qərarında deyilirdi: «İş bacarığı olan və yetkin yaşda olan hər bir insan sağlamlığı ilə bağlı qabaqcadan öz istəyini bildirmək və istənilən müalicə üsulunu qəbul və ya rədd etmək hüququna malikdir... Bu sənəd müalicə edən həkim tərəfindən qəbul olunmalıdır».

Siz öz tibbi sənədinizi doldurmusunuzmu?

20 Hal-hazırda Albarasini qardaş sapsağlamdır. O və həyat yoldaşı tibbi sənədi vaxtında doldurduqlarına görə çox sevinirlər. Pablo bu sadə və vacib addımı atmaqla Allahın Padşahlığının Padşahı olan İsa Məsihin hakimiyyətinə tabe olduğunu göstərdi. Siz də ailənizlə birgə belə bir addımı atmısınızmı?

Eypril Kadoret (21—24 abzaslara baxın.)

21—24. a) Kanadanın Ali Məhkəməsi həddi-büluğa çatmamış gənclərlə və qandan istifadə ilə bağlı hansı vacib qərarı çıxartdı? b) Bu məhkəmə işi Yehovanın gənc xidmətçilərini necə cəsarətləndirə bilər?

21 Kanada. Adətən, məhkəmələr valideynlərin öz uşaqları üçün ən yaxşı müalicə üsulunu seçmək hüququna malik olduqlarını qəbul edir. Hətta elə hallar olub ki, məhkəmələr həddi-büluğa çatmamış uşaqların belə (müəyyən qədər yetkinlik göstərdikləri halda) tibbi müalicə ilə bağlı qərar vermək hüququna hörmət göstərilməli olduğuna qərar verib. Eypril Kadoret adlı gənc bacımız belə bir vəziyyətlə üzləşmişdi. 14 yaşı olanda Eyprili güclü daxili qanaxma ilə xəstəxanaya çatdırmışdılar. O, bir neçə ay əvvəl doldurduğu tibbi sənəddə göstərmişdi ki, başına dəhşətli hadisə gəlsə belə, ona qan köçürülməsini istəmir. Onu müalicə edən həkim Eyprilin yazılı şəkildə ifadə etdiyi istəyinə məhəl qoymadı və ona qan köçürülməsi üçün məhkəməyə müraciət etdi. Ona məcburi olaraq üç torba eritrosit kütləsi vuruldu. Sonradan Eypril başına gələn bu işi zorakılıq kimi qiymətləndirdi.

22 Eypril və onun valideynləri məhkəməyə müraciət etdilər. İki il ərzində işə baxıldıqdan sonra, nəhayət ki, Kanadanın Ali Məhkəməsinə gedib çıxdı. Düzdür, məhkəmə Eyprilin yerli qanunun Konstitusiyaya zidd olması tələbini rədd etdi, ancaq qərar verdi ki, onun məhkəmə xərcləri ödənilsin. Həmçinin onun simasında istədikləri müalicə üsulunu seçmək hüquqlarından istifadə edəcək dərəcədə yetkin olan həddi-büluğa çatmamış bütün gənclərin xeyrinə qərar verdi. Məhkəmə bəyan etdi: «Tibbi müalicə məsələsinə gəldikdə 16 yaşına çatmamış gənclərə imkan verilməlidir ki, müəyyən müalicə üsullarına dair qərarlarında nə dərəcədə müstəqil və yetkin olduqlarını nümayiş etdirsinlər».

23 Bu iş diqqətəlayiqdir, çünki Ali Məhkəmə həddi-büluğa çatmamış gənclərin Konstitusiya hüquqlarına diqqət yetirdi. Əvvəllər isə Kanada məhkəmələri yaşı 16-dan aşağı olan uşaqlarla bağlı onlar üçün ən yaxşı hesab etdikləri müalicə üsullarına icazə verə bilərdilər. Ancaq bu qərar qüvvəyə mindikdən sonra məhkəmə 16 yaşa qədər olan gənclərin istəklərinə zidd olaraq hər hansısa müalicə üsuluna qərar verə bilmir. Əvvəlcə məhkəmə gəncə şəxsi qərarlarını qəbul edəcək dərəcədə kifayət qədər yetkin olduğunu sübut etmək imkanı verməlidir.

«Az da olsa, Allahın adını şərəfləndirmək və Şeytanın yalançı olduğunu sübut etmək imkanım olduğu üçün çox sevinirəm»

24 Üç il ərzində bu qədər mübarizə aparmağa dəyərdimi? Eyprilin sözlərinə görə dəyərdi. İndi o, daimi öncüldür və özünü gümrah hiss edir. O deyir: «Az da olsa, Allahın adını şərəfləndirmək və Şeytanın yalançı olduğunu sübut etmək imkanım olduğu üçün çox sevinirəm». Eyprilin nümunəsi göstərir ki, gənclərimiz öz mövqelərini cəsarətli müdafiə edərək Allahın Padşahlığının əsil vətəndaşları olduqlarını sübut edə bilərlər! (Mət. 21:16).

Uşaqlara Yehovanın normalarına uyğun tərbiyə vermək hüququ

25, 26. Boşanmadan sonra bəzən hansı vəziyyət yaranır?

25 Yehova valideynlərə uşaqlarını Onun normalarına əsasən tərbiyə etmək məsuliyyəti verib (Qan. 6:6—8; Efes. 6:4). Bu tapşırıq heç də asan deyil, ancaq valideynlər boşandıqda bu iş daha da çətinləşir. Çünki ərlə arvadın uşaqları böyütməyə dair fikirləri kəskin şəkildə fərqlənə bilər. Misal üçün, məsihi valideyn övladını Müqəddəs Kitab normaları əsasında tərbiyə etməli olduğunu düşündüyü halda, digər valideyn bununla razılaşmaya bilər. Əlbəttə, məsihi başa düşməlidir ki, boşandıqdan sonra ərlə arvad arasındakı münasibətlərə son qoyulsa da, bu, onları valideynlik məsuliyyətindən azad etmir.

26 Yehovanın Şahidi olmayan valideyn məhkəməyə müraciət edə bilər ki, dini tərbiyəsinə nəzarət edə bilmək üçün uşağını (və ya uşaqlarını) onun himayəsinə versinlər. Bəziləri iddia edirlər ki, Yehovanın Şahidi olan valideynin verdiyi tərbiyə uşağın gələcəyi üçün zərərlidir. Onlar iddia edə bilərlər ki, uşaqları ad günlərindən və bayram şənliklərindən məhrum olacaq, təcili tibbi yardım lazım gəldikdə isə onlara «həyatı xilas edən» qan köçürülməyəcək. Xoşbəxtlikdən, bir çox məhkəmələr valideynlərdən hansınınsa dininin təhlükəli olub-olmadığını yox, uşaq üçün nəyin daha yaxşı olduğunu müəyyən etməyə çalışır. Aşağıda bir neçə nümunə gətirilib.

27, 28. Ohayonun Ali Məhkəməsi uşağın Yehovanın Şahidi kimi tərbiyə olunmasının onun zərərinə olduğu ilə bağlı qaldırılan ittihama necə cavab verdi?

27 Birləşmiş Ştatlar. 1992-ci ildə Ohayonun Ali Məhkəməsi Yehovanın Şahidi olmayan atanın işinə baxmışdı. O, anasının azyaşlı oğlunu Yehovanın Şahidi kimi böyütməsinin onun zərərinə olacağını iddia edirdi. Aşağı instansiya məhkəməsi bu fikirlə razılaşıb uşağı atanın himayəsinə vermək qərarına gəldi. Anası Cennifer Peyterə oğluna baş çəkməyə icazə verildi, ancaq bir şərtlə ki, «Yehovanın Şahidlərinin etiqadlarını heç bir vəchlə övladına öyrətməsin və ya aşılamasın». Aşağı instansiya məhkəməsinin qərarının mənası çox geniş olduğundan onu eyni zamanda elə başa düşmək olardı ki, Cennifer bacı öz oğlu Bobbi ilə heç Müqəddəs Kitab və onun əxlaq normaları barədə də danışa bilməzdi. Bacının keçirdiyi hissləri təsəvvür edirsiniz?! Cennifer çox məyus idi, ancaq o, deyir ki, səbir etməyi və vəziyyətə Yehovanın müdaxilə etməsini gözləməyi öyrəndi. O xatırlayır: «Yehova həmişə yanımda olub». Bacının vəkili Yehovanın təşkilatının köməyilə Ohayonun Ali Məhkəməsinə müraciət etdi.

28 Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qərarı ilə razılaşmadı və bildirdi ki, «valideynlər övladlarına təlim vermək kimi əsas hüquqa malikdirlər, bura öz əxlaqi və dini dəyərlərini aşılamaq da daxildir». Məhkəmənin qərarında həmçinin deyilirdi ki, Yehovanın Şahidlərinin dini etiqadlarının uşağın fiziki və əqli vəziyyəti üçün zərərli olacağına dair heç bir sübut olmadığından məhkəmənin ixtiyarı yox idi ki, mənsub olduğu dinə görə valideynin qəyyumluq hüququnu məhdudlaşdırsın. Məhkəmə Yehovanın Şahidlərinin dini etiqadlarının uşağın əqli və fiziki sağlamlığına mənfi təsir etdiyini sübut edən heç bir dəlil tapmadı.

Çox vaxt məhkəmələr uşaqlar üzərində qəyyumluq hüququnu məsihi valideynlərə verir

29—31. Danimarkadan olan bacını qəyyumluq hüququndan nə üçün məhrum etmişdilər və Danimarkanın Ali Məhkəməsi hansı qərarı qəbul etdi?

29 Danimarka. Anita Hansen də eyni problemlə üzləşmişdi. Onun keçmiş həyat yoldaşı yeddiyaşlı qızı Amandanı onun himayəsinə verməsi üçün məhkəməyə müraciət etmişdi. Rayon məhkəməsi 2000-ci ildə qəyyumluğu Hansen bacıya versə də, Amandanın atası yuxarı instansiya məhkəməsinə müraciət etmişdi və yuxarı instansiya məhkəməsi rayon məhkəməsinin qərarını ləğv edərək qəyyumluğu ataya vermişdi. Məhkəmə belə qənaətə gəlmişdi ki, dini etiqadları ucbatından valideynlərin həyata baxışlarında ziddiyyətlər olduğu üçün bu ziddiyyətləri ata daha yaxşı aradan qaldıra bilər. Əslində elə çıxır ki, Hansen bacını qızı Amandanın qəyyumluğundan məhrum etmələrinə səbəb yalnız və yalnız Yehovanın Şahidi olması idi.

30 Bu ağır sınaqlar zamanı Anita bacı hərdən elə vəziyyətdə olurdu ki, heç özü bilmirdi nə haqda dua etsin. O deyir: «Ancaq Romalılara 8:26, 27 ayələrindəki sözlər mənə sözün əsil mənasında təsəlli verirdi. Mən həmişə hiss edirdim ki, Yehova mənim nələr çəkdiyimi başa düşür. Onun gözü həmişə üstümdə olub və heç vaxt məni tərk etməyib». (Zəbur 32:8; Əşiya 41:10 ayələrini oxuyun.)

31 Hansen bacı Danimarkanın Ali Məhkəməsinə müraciət etdi. Məhkəmənin qərarında deyilirdi: «Qəyyumluqla bağlı məsələdə uşaq üçün nəyin daha yaxşı olduğu dəqiq müəyyən edildikdən sonra qərar verilməlidir». Həmçinin məhkəmə belə bir fikir irəli sürdü ki, qəyyumluqla bağlı qərar Yehovanın Şahidlərinin «təlim və mövqelərinə» əsasən yox, valideynlərdən hər birinin münaqişəni necə həll etmələrinə əsasən verilməlidir. Ali Məhkəmə Anitanın qəyyumluğa yararlı olduğunu qəbul edəndə və qızı Amandanı yenidən onun himayəsinə qaytaranda bacı sevincindən yerə-göyə sığmırdı.

32. Avropa İnsan Hüquqları Məhkəməsi Yehovanın Şahidi olan valideynləri diskriminasiyadan necə müdafiə edir?

32 Digər Avropa ölkələri. Bəzi hallarda uşaqların qəyyumluğu ilə bağlı məhkəmə işləri ölkənin ali məhkəmə hüdudlarından kənara çıxır və işə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) baxır. İki işə baxarkən AİHM etiraf etmişdir ki, milli məhkəmələrin Yehovanın Şahidi olan və olmayan valideynə müxtəlif cür yanaşmasının səbəbi sadəcə onların dini etiqadı olmuşdur. AİHM bu cür münasibəti diskriminasiya adlandıraraq qərar vermişdir ki, «sırf dini etiqadlarına görə insanlar arasında ayrı-seçkilik etmək yolverilməzdir». AİHM-in onun xeyrinə çıxardığı qərardan sonra rahatlıq tapan bir bacı deyir: «Övladlarıma zərər vurmaqda ittiham olunmağım məni yandırıb-yaxırdı. Halbuki, mən gecəmi gündüzümə qatıb onlara hər şeyin ən yaxşısını verməyə, məsihi kimi böyütməyə çalışmışam».

33. Valideynlər Filippililərə 4:5 ayəsindəki prinsipi necə tətbiq etməlidir?

33 Əlbəttə ki, məhkəmələrdə övladlarına Müqəddəs Kitab prinsiplərini aşılamaq hüquqları uğrunda mübarizə aparmalı olan Yehovanın Şahidləri dərrakəli olmağa çalışırlar. (Filippililərə 4:5 ayəsini oxuyun.) Onlar uşaqlarını Allahın buyurduğu kimi tərbiyə etmək hüquqlarını qiymətləndirdikləri kimi, Yehovanın Şahidi olmayan valideynin də istədiyi təqdirdə uşağın tərbiyəsində iştirak etmək hüququ olduğunu qəbul edirlər. Bəs məsihi valideyn uşağın tərbiyəsinə nə dərəcədə ciddi yanaşır?

34. Məsihi valideynlər Nəhəmyanın günlərindəki yəhudilərin nümunəsindən necə yararlana bilərlər?

34 Nəhəmyanın günlərində yaşayan yəhudilərin nümunəsi bizim üçün ibrətamizdir. Onlar var gücləri ilə Yerusəlim divarlarını bərpa etməyə çalışırdılar. Çünki bilirdilər ki, bu divarlar onları və ailələrini ətrafdakı düşmən xalqlardan qoruyacaq. Bu səbəbdən Nəhəmya onları təşviq edirdi: «Qardaşlarınız, oğul-qızlarınız, arvadlarınız və evləriniz üçün vuruşun!» (Nəh. 4:14). Yəhudilər üçün bu döyüş hər şeyə dəyərdi. Eynilə, bu gün Yehovanın Şahidi olan valideynlər övladlarını həqiqət yolunda böyütmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar dərk edirlər ki, övladları məktəbdə və küçədə zərərli təsirlərə məruz qalır. Bu cür təsirlər kütləvi informasiya vasitəsilə hətta evimizə də daxil ola bilər. Valideynlər, heç vaxt unutmayın ki, oğlunuz və qızınız uğrunda — onların ruhən inkişaf etmələrinə zəmin yaradan bir mühitdə böyümələri uğrunda mübarizə aparmağa dəyər.

Yehovanın həqiqi ibadəti dəstəkləyəcəyinə əmin olun

35, 36. Yehovanın Şahidlərinin hüquqlarını müdafiə etmək uğrunda apardıqları mübarizələrin hansı faydası var və siz nə etmək əzmindəsiniz?

35 Heç bir şübhə yoxdur ki, Yehova Ona azad şəkildə ibadət etmək uğrunda apardığı mübarizədə Öz təşkilatına xeyir-dua verir. Bu cür mübarizələr zamanı Allahın xalqının məhkəmələrdə və ictimaiyyət qarşısında güclü şahidlik vermək imkanı olur (Rom. 1:8). Üstəlik, onların qazandığı hüquqi qələbələr sayəsində Yehovanın Şahidi olmayan bir çoxlarının da vətəndaş hüquqları müdafiə olunur. Bununla belə Allahın xidmətçilərinin məqsədi nə ictimaiyyəti islah etmək, nə də ki özlərinin haqlı olduqlarını sübuta yetirməkdir. Yehovanın Şahidlərinin öz hüquqlarını məhkəmələrdə müdafiə etmələrinin səbəbi təmiz ibadətin bərqərar olması və yayılmasıdır. (Filippililərə 1:7 ayəsini oxuyun.)

36 Gəlin Yehovaya azad şəkildə ibadət etmək uğrunda mübarizə aparan iman örnəklərini heç vaxt yaddan çıxartmayaq! Gəlin onlar kimi biz də həmişə Yehovaya sadiq qalaq və Onun işimizi dəstəklədiyinə və iradəsini yerinə yetirmək üçün bizə güc verdiyinə olan əminliyimizi heç vaxt itirməyək! (Əşy. 54:17).