Kontentə keç

Mündəricatı göstər

FƏSİL 21

Allahın Padşahlığı düşmənlərin kökünü kəsir

Allahın Padşahlığı düşmənlərin kökünü kəsir

MÖVZU

Armageddon müharibəsinə gətirib çıxaracaq hadisələr

1, 2. a) Padşahımızın 1914-cü ildən bəri idarə etdiyini nə sübut edir? b) Bu fəsildə nəyi araşdıracağıq?

 ALLAHIN Padşahlığının düşmənləri arasında gördüyü işləri nəzərdən keçirmək imanımızı möhkəmləndirir (Zəb. 110:2). Padşahımız hazırlıq ruhu təzahür etdirən təbliğçilərdən ibarət ordunu bir araya toplayıb. O, öz davamçılarını ruhani və əxlaqi cəhətdən təmizləyərək saflaşdırıb. Padşahlığın düşmənlərinin bizi parçalamaq cəhdlərinə baxmayaraq, ümumdünya qardaşlığımız arasında hələ də birlik hökm sürür. Padşahlığın nəzərdən keçirdiyimiz bu və digər nailiyyətləri Padşahımızın 1914-cü ildən etibarən düşmənləri arasında hökmranlıq etdiyinə danılmaz bir sübutdur.

2 Padşahlıq yaxın gələcəkdə daha möhtəşəm işləri həyata keçirəcək. O, gələndə bütün düşmənlərini «əzib yox edəcək» (Mət. 6:10; Dən. 2:44). Ancaq bundan qabaq digər əlamətdar hadisələr baş verməlidir. Onlar hansılardır? Bu sualı Müqəddəs Kitabın bəzi peyğəmbərlikləri cavablandırır. Gəlin bu peyğəmbərliklərdən bəzilərini nəzərdən keçirək və görək bizi qarşıda nələr gözləyir.

Qəfil məhv gəlməmişdən qabaq nələr olacaq?

3. Biz ilk növbədə hansı hadisənin baş verəcəyini gözləyirik?

3 Sülhün bəyan edilməsi. Salonikililərə yazdığı məktubunda həvari Bulus bizim gözlədiyimiz ilk hadisəni təsvir etmişdi. (1 Salonikililərə 5:2, 3 ayələrini oxuyun.) Bu məktubda o, Böyük Babilə hücumla başlayacaq Yehovanın gününü xatırladır (Vəhy 17:5). Ancaq Yehovanın günü başlamazdan əvvəl millətlər «sülh və təhlükəsizlik» deyə bəyan edəcəklər. Ola bilsin, bu bəyanat bir və ya bir neçə dəfə səslənsin. Bəs bu işdə dini liderlərin də əli olacaqmı? Onlar da dünyanın bir hissəsi olduqları üçün millətlərə qoşularaq: «Sülh!» — deyəcəklər (Ərm. 6:14; 23:16, 17; Vəhy 17:1, 2). Sülh və təhlükəsizlik bəyanatı Yehovanın gününün başlamaq üzrə olduğuna bir işarə olacaq. Allahın Padşahlığının düşmənləri «heç cürə xilas ola bilməyəcəklər».

4. Bulusun sülh və təhlükəsizliklə bağlı peyğəmbərliyinin mahiyyətini başa düşmək bizə hansı faydanı gətirir?

4 Bu peyğəmbərliyin mahiyyətini başa düşmək bizə hansı faydanı gətirir? Bulus qeyd etmişdi: «Siz isə zülmətdə deyilsiniz ki, gün işığı oğrunu yaxaladığı kimi, həmin o gün də sizi qəfil yaxalasın» (1 Salon. 5:3, 4). Bir çox insanlardan fərqli olaraq, biz hadisələrin hansı istiqamətdə cərəyan etdiyini anlayırıq. Bəs sülh və təhlükəsizlik barədəki bu peyğəmbərlik necə yerinə yetəcək? Bizdən gözləmək və onun necə yerinə yetəcəyinə tamaşa etmək tələb olunur. Buna görə də gəlin «oyaq qalıb ayıq olaq» (1 Salon. 5:6; Səf. 3:8).

Böyük müsibət başlayır

5. «Böyük müsibət»in ilk mərhələsi nə olacaq?

5 Dinlərə hücum. Bulus yazır: «İnsanlar “sülh və təhlükəsizlik” deyəndə... qəfil məhvə uğrayacaqlar». İldırım çaxandan dərhal sonra göy guruldadığı kimi, «sülh və təhlükəsizlik» bəyanatından dərhal sonra da qəfil məhv gələcək. Bəs nə məhv olacaq? Birinci, fahişə kimi tanınan yalan dinin dünya imperiyası «Böyük Babil» məhv ediləcək (Vəhy 17:5, 6, 15). Xristianlıq da daxil olmaqla, bütün yalan dini təşkilatların məhvi «böyük müsibət»in ilk mərhələsi olacaq (Mət. 24:21; 2 Salon. 2:8). Çoxları üçün bu hadisə tamamilə gözlənilməz olacaq. Nəyə görə? Çünki fahişə həmin vaxta qədər özünü məlikə hesab edəcək və deyəcək: «Mən... heç vaxt... dərd bilməyəcəyəm». Lakin o, birdən-birə başa düşəcək ki, sən demə, yanılırmış. O, çox tez bir zamanda, sanki, «bir gün içində» məhv ediləcək (Vəhy 18:7, 8).

6. «Böyük Babil»ə hücum edən kim və ya nə olacaq?

6 «Böyük Babil»ə onbuynuzlu «vəhşi heyvan» hücum edəcək. «Vəhy» kitabını araşdırdıqda belə nəticəyə gəlmək olur ki, «vəhşi heyvan» Birləşmiş Millətlər Təşkilatını (BMT), «on buynuz» isə həmin «al qırmızı rəngli vəhşi heyvan»ı dəstəkləyən bütün hazırkı siyasi qüvvələri təmsil edir (Vəhy 17:3, 5, 11, 12). Hücum nə dərəcədə viranedici olacaq? BMT-yə daxil olan millətlər fahişənin var-dövlətini tar-mar edəcək, onu məhv edəcək, sonda isə «yandırıb külə çevirəcək». (Vəhy 17:16 ayəsini oxuyun.) a

7. İsanın Mətta 24:21, 22 ayələrindəki sözləri birinci əsrdə necə yerinə yetdi və gələcəkdə necə yerinə yetəcək?

7 Günlər qısaldılacaq. Padşahımız bizə böyük müsibət zamanı nələrin baş verəcəyini açıqlayıb. İsa demişdi: «Seçilmişlərə görə o günlər qısaldılacaq». (Mətta 24:21, 22 ayələrini oxuyun.) İsanın bu sözləri kiçik miqyasda eramızın 66-cı ilində, Yehova Allah Roma qoşunlarının Yerusəlimə hücumunu qısaldan zaman yerinə yetdi (Mark 13:20). Bunun sayəsində Yerusəlimdə və Yəhudiyyədə yaşayan İsanın davamçılarının xilas olması üçün imkan yarandı. Bəs qarşıdan gələn böyük müsibət zamanı geniş miqyasda nələr baş verəcək? Yehova Padşahımız vasitəsilə Birləşmiş Millətlər Təşkilatının dinlərin üzərinə hücumunu qısaldacaq ki, yalan dinlərlə bərabər həqiqi din də məhv olmasın. Beləcə, bütün yalan dini təşkilatlar məhv olacaq və yalnız həqiqi din qalacaq (Zəb. 96:5). İndi isə gəlin görək böyük müsibətin ilk mərhələsindən sonra hansı hadisələr baş verəcək.

Armageddondan əvvəl baş verəcək hadisələr

8, 9. Çox ehtimal ki, İsa hansı fövqəltəbii hadisələrdən danışırdı və insanlar gördüklərinə necə münasibət göstərəcəklər?

8 İsanın son günlərlə bağlı peyğəmbərliyindən göründüyü kimi, Armageddon müharibəsindən qabaq bir neçə əlamətdar hadisə baş verəcək. Birinci nəzərdən keçirəcəyimiz ilk iki hadisə Məttanın, Markın və Lukanın yazdığı müjdələrdə xatırlanır. (Mətta 24:29—31 ayələrini oxuyun; Mark 13:23—27; Luka 21:25—28.)

9 Göydən əlamətlər. İsa peyğəmbərlik etmişdi: «Günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək». Şübhəsiz, həmin vaxt insanlar dini liderlərə artıq işıq mənbəyi kimi baxmayacaq və onlara üz tutmayacaqlar. Bəs İsanın sözlərinə görə göydə hərfi mənada da fövqəltəbii hadisələr olacaqdı? Çox ehtimal ki, olacaqdı (Əşy. 13:9—11; Yuil 2:1, 30, 31). İnsanlar gördüklərinə necə münasibət göstərəcəklər? Onlar «əzab çəkəcək»lər, çünki çıxış yolu tapmayacaqlar (Luka 21:25; Səf. 1:17). Bəli, padşahdan tutmuş qula kimi, Allahın Padşahlığının bütün düşmənləri «qorxudan və... gələcək hadisələri gözləməkdən huşunu itirəcək» və gizlənmək üçün yer axtaracaq. Ancaq onlar Padşahımızın qəzəbindən xilas olmaq üçün heç yerdə gizlənə bilməyəcəklər (Luka 21:26; 23:30; Vəhy 6:15—17).

10. İsa hansı hökmü elan edəcək və buna Allahın Padşahlığının tərəfdarları və düşmənləri necə münasibət göstərəcəklər?

10 Hökmün elan olunması. Sonra Allahın Padşahlığının bütün düşmənləri əzab-əziyyətlərini artıran hadisənin şahidi olmaq məcburiyyətində qalacaqlar. İsa deyir: «İnsan Oğlunun qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcəklər» (Mark 13:26). Gücünü bu cür fövqəltəbii nümayiş etdirməsi İsanın hökm çıxarmaq üçün gəldiyinə əlamət olacaq. İsa bu haqda təfərrüatlı məlumatı son günlərlə bağlı həmin peyğəmbərlikdə — qoyunlar və keçilər məsəlində verir. (Mətta 25:31—33, 46 ayələrini oxuyun.) Allahın Padşahlığının sadiq tərəfdarları «qoyun»lar adlanacaqlar və qurtuluşlarının yaxın olduqlarını anladıqları üçün başlarını dikəldəcəklər (Luka 21:28). Padşahlığın düşmənləri isə «keçi»lərin sırasına daxil olacaq və əbədilik məhv ediləcəklərini başa düşərək başlarına döyəcəklər (Mət. 24:30; Vəhy 1:7).

11. Qarşıdan gələn hadisələri nəzərdən keçirərkən nəyi yadda saxlamalıyıq?

11 İsa bütün xalqlar üzərində hökmünü bəyan etdikdən sonra, Armageddon müharibəsi başlamazdan öncə bəzi əlamətdar hadisələr baş verəcək (Mət. 25:32). Biz onlardan ikisini — Yəcucun hücumunu və məsh olunmuşların bir araya yığılmasını araşdıracağıq. Bu hadisələri nəzərdən keçirən zaman yadda saxlamalıyıq ki, Allahın Kəlamında onların nə vaxt baş verəcəyi dəqiq deyilmir. Əslində, görünür, bu iki hadisə müəyyən vaxt ərzində kəsişəcək.

12. Şeytan Padşahlığa necə hücum edəcək?

12 Allahın xalqına hücum. Məcuc ölkəsindən olan Yəcuc məsh olunmuşların yer üzündəki qalığına və başqa qoyunlara hücum edəcək. (Hizqiyal 38:2, 11 ayələrini oxuyun.) Şeytanın Allahın qurulmuş Padşahlığına bu hücumu göydən yerə atılandan bəri məsh olunmuşlara qarşı apardığı müharibədə sonuncu hücum olacaq (Vəhy 12:7—9, 17). Xüsusilə, məsh olunmuşlar bərpa olunmuş yığıncaqlara yığılandan bəri Şeytan onların ruhani firavanlığını məhv etməyə çalışır, ancaq o, buna müvəffəq olmayacaq (Mət. 13:30). Bütün yalan dini təşkilatlar məhv olandan sonra və Allahın xalqı divarsız, darvazasız və cəftəsiz yaşayırmış kimi görünəndə Şeytan bunu əla fürsət biləcək. O, pis qüvvələri təşviq edəcək ki, Padşahlığı dəstəkləyən kəslərə hücum etsin.

13. Yehova xalqı naminə necə hərəkətə keçəcək?

13 Nələrin baş verəcəyini təsvir edən Hizqiyal peyğəmbər Yəcuclə bağlı belə deyir: «Sən öz yerindən, uzaq şimaldan gələcəksən, yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham. Ölkəni bürüyən buludlar kimi, [xalqımın]... üstünə hücum çəkəcəksən» (Hizq. 38:15, 16). Qarşısıalınmaz kimi görünən bu hücuma Yehova necə cavab verəcək? O bəyan edir: «Mən qəzəbdən alışıb-yanacağam... Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam» (Hizq. 38:18, 21; Zəkəriyyə 2:8 ayəsini oxuyun). Yehova yer üzündə yaşayan xidmətçiləri naminə hərəkətə keçəcək. Bu, Armageddon müharibəsi olacaq.

14, 15. Şeytanın hücumları başlayandan sonra daha hansı hadisə baş verəcək?

14 Yehovanın Öz xalqını Armageddon müharibəsi zamanı necə müdafiə edəcəyini araşdırmazdan qabaq digər bir əlamətdar hadisəyə nəzər salaq. Bu, Şeytanın Allahın xalqına hücumunun başlaması ilə Yehovanın Armageddon müharibəsində müdaxilə etməsinin başlaması arasındakı müəyyən bir vaxt kəsiyində olacaq. 11-ci abzasda qeyd olunduğu kimi, bu ikinci hadisə məsh olunmuşların yer üzündəki qalığının bir araya yığılmasıdır.

15 Məsh olunmuşların yığılması. Mətta və Mark İsanın Armageddon müharibəsi başlamazdan əvvəl baş verəcək hadisələrlə bağlı dediklərini qələmə alarkən onun seçilmişlərlə, yəni məsh olunmuş məsihilərlə bağlı sözlərini də daxil etmişlər. (7-ci abzasa baxın.) İsa Məsih özü haqqında Padşah kimi danışaraq peyğəmbərlik etmişdi: «O, mələkləri göndərəcək və onlar dünyanın dörd tərəfindən, yerin ucundan göyün ucunadək Onun seçdiklərini yığacaq» (Mark 13:27; Mət. 24:31). Burada İsa hansı yığım işindən danışırdı? İsa böyük müsibət başlamazdan əvvəl baş verəcək məsh olunmuşların qalığının son möhürlənməsini nəzərdə tutmurdu (Vəhy 7:1—3). O, böyük müsibət zamanı baş verəcək hadisədən danışırdı. Beləcə, görünür, Şeytan Allahın xalqına hücum etməyə başlayandan sonra yer üzündə olan məsh olunmuşlar göyə qaldırılacaqlar.

16. Dirilən məsh olunmuşların Armageddon müharibəsində hansı payları olacaq?

16 Məsh olunmuşların qalığının yığılması növbəti hadisə ilə — Armageddonla necə əlaqəlidir? Bu yığımın nə vaxt baş verdiyini nəzərə alanda belə bir nəticəyə gəlmək olar ki, Allahın Armageddon müharibəsi başlayanda məsh olunmuşların hamısı artıq göydə olacaqlar. Məsihin 144 000 hakimiyyət şəriki göydə onunla birgə Allahın Padşahlığının düşmənlərini «dəmir çomaqla» məhv etmək səlahiyyəti alacaq (Vəhy 2:26, 27). Sonra göylər həyatına dirildilən məsh olunmuşlar qüdrətli mələklərlə birgə Allahın xalqına yaxınlaşmaqda olan böyük bir düşmən ordusu ilə döyüşə çıxan Cəngavər-Padşah Məsihin ardınca gedəcəklər (Hizq. 38:15). Bu şiddətli toqquşma Armageddon müharibəsinin başlanğıcı olacaq (Vəhy 16:16).

Böyük müsibətin möhtəşəm sonu

Armageddon müharibəsi başlayır!

17. Armageddonda «keçi»lərlə nə baş verəcək?

17 Hökmün icra edilməsi. Armageddon müharibəsi böyük müsibətin sonu olacaq. Həmin vaxt İsa daha bir işi həyata keçirəcək. O, bütün xalqların Hakimi olmaqla yanaşı, xalqlara, yəni əvvəllər «keçi»lərə aid etdiyi bütün insanlara çıxarılan hökmün İcraçısı olacaq (Mət. 25:32, 33). Padşahımız «uzun, iti bir qılınc» ilə xalqları vuracaq. Bəli, keçi sinfinə daxil olanların hamısı, padşahdan tutmuş qula kimi, «əbədilik məhv ediləcəklər» (Vəhy 19:15, 18; Mət. 25:46).

18. a) İsanın «qoyun»lara aid etdiyi kəsləri nə gözləyir? b) Məsihin son qələbəsi necə olacaq?

18 İsanın «qoyun»lara aid etdiyi kəslər üçün hər şey bir anın içində dəyişəcək! «Böyük... izdiham», yəni ilk baxışdan müdafiəsiz görünən «qoyun»lar Şeytanın «keçi»lərdən ibarət böyük ordusu tərəfindən tapdalanmaq əvəzinə, düşmənin hücumundan və «böyük müsibətdən» sağ çıxacaq (Vəhy 7:9, 14). İsa qələbə çaldıqdan və Allahın Padşahlığına qarşı düşmənçilik edən bütün insanları yer üzərindən sildikdən sonra Şeytanı və onun cin mələklərini dibsiz ümmana atacaq. Onlar orada ölümcül, fəaliyyətsiz vəziyyətdə min il qalacaqlar. (Vəhy 6:2; 20:1—3 ayələrini oxuyun.)

Özümüzü necə hazırlaya bilərik?

19, 20. Əşiya 26:20 və 30:21 ayələrindəki ibrət dərsini necə tətbiq edə bilərik?

19 Biz özümüzü bütün dünyanı sarsıdacaq hadisələrə necə hazırlaya bilərik? Bir neçə il bundan əvvəl «Gözətçi qülləsi» jurnalında deyilmişdi: «Xilas itaətkarlıqdan asılı olacaq». Nəyə görə? Cavabı Yehovanın qədim Babildə əsirlikdə olan yəhudilərə verdiyi xəbərdarlıqda tapmaq olar. Yehova qabaqcadan Babilin zəbt olunacağını demişdi. Bəs Allahın xalqı həmin hadisəyə necə hazırlaşmalı idi? Yehova demişdi: «Ey xalqım, içəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Diqqət yetirin ki, bu ayədə «girin», «bağlayın», «gizlənin» fellərinin hamısı əmr şəklindədir və konkret göstərişlərdən ibarətdir. Bu göstərişlərə qulaq asan yəhudilər öz evlərində qaldılar və küçədə işğalçılarla qarşılaşmadılar. Beləliklə, onların xilası Yehovanın göstərişlərinə itaət etməkdən asılı idi b.

20 Özümüzə hansı ibrət dərsini götürə bilərik? Allahın qədim xidmətçiləri kimi, bizim də gələcəkdə baş verəcək hadisələr zamanı sağ qalmağımız Yehovanın göstərişlərinə itaət etməyimizdən asılı olacaq (Əşy. 30:21). Bu göstərişləri biz yığıncaq vasitəsilə alırıq. Buna görə də aldığımız bütün göstərişlərə ürəkdən itaət etməyi öyrənməliyik (1 Yəh. 5:3). Əgər indi bu cür davransaq, gələcəkdə daha canla-başla itaətkarlıq göstərəcəyik və Atamız Yehovanın və Padşahımız İsanın müdafiəsini qazanacağıq (Səf. 2:3). Bu müdafiə bizə Allahın Padşahlığının öz düşmənlərini tamamilə məhv edəcəyinin şahidi olmaq imkanı verəcək. Bu, həqiqətən də, unudulmaz bir hadisə olacaq!

a Məntiqlidir ki, «Böyük Babil»in məhvi bütün dindar insanların kütləvi qırğınına yox, dini təşkilatların məhvinə işarə edir. Deməli, Babilin keçmiş üzvlərinin əksəriyyəti bu məhvdən qaçacaq və ən azından, Zəkəriyyə 13:4—6 ayələrində göründüyü kimi, zahirən dindən uzaq durmağa çalışacaqlar.