Kontentə keç

Mündəricatı göstər

FƏSİL 18

Yəhya kiçilir, Məsih böyüyür

Yəhya kiçilir, Məsih böyüyür

MƏTTA 4:12 MARK 6:17—20 LUKA 3:19, 20 YƏHYA 3:22—4:3

  • İSA PEYĞƏMBƏRİN ŞAGİRDLƏRİ VƏFTİZ EDİR

  • VƏFTİZÇİ YƏHYA HƏBS OLUNUR

Eramızın 30-cu ilinin baharında Pasxa bayramını qeyd etdikdən sonra İsa Məsih və şagirdləri Yerusəlimdən çıxırlar. Amma onlar birbaşa Cəliləyə evlərinə qayıtmırlar, əvvəlcə Yəhudiyyəyə yollanır və orada çoxlu adamı vəftiz edirlər. Vəftizçi Yəhya da artıq bir ildir ki, bu işlə məşğuldur. Bəzi şagirdləri hələ də onun yanındadır. Ehtimal ki, onlar İordan çayı vadisindədirlər.

İsa Məsih şəxsən özü vəftiz etmir, bu işi onun rəhbərliyi altında şagirdləri görürlər. İsanın xidmətinin bu dövründə həm o, həm də Yəhya eyni işi görürlər. Onlar Allahın Qanun əhdinə qarşı törətdikləri günahlardan tövbə edənlərə təlim verirlər (Həvarilərin işləri 19:4).

Yəhyanın şagirdləri İsa Məsihə paxıllıq edirlər. Onlar Yəhyaya şikayətlənirlər: «Səninlə İordan çayının o tayında olan adam [İsa]... vəftiz edir və hamı onun yanına gedir» (Yəhya 3:26). Yəhya isə paxıllıq etmir, əksinə, İsanın nailiyyətlərinə görə ürəkdən fərəhlənir və istəyir ki, şagirdləri də buna sevinsinlər. O, şagirdlərinə xatırladır: «“Mən Məsih deyiləm, mən onun qabağınca göndərilmiş adamam”, — dediyimə siz özünüz şahidsiniz». Başa düşmələri üçün onlara bir məsəl çəkir: «Gəlin kimə məxsusdursa, bəy də odur. Amma bəyin dostu bəyin yanında duranda və onun səsini eşidəndə ürəkdən sevinir. Mən də beləcə ürəkdolusu sevinirəm» (Yəhya 3:28, 29).

«Bəyin dostu» olan Yəhya bir neçə ay bundan qabaq şagirdlərini İsa Məsihə sevinə-sevinə təqdim etmişdi. Bu şagirdlərdən bəziləri Məsihin davamçıları oldular və onlar gələcəkdə müqəddəs ruhla məsh edilirlər. Yəhya istəyir ki, yanında qalmış şagirdləri də İsanın ardınca getsinlər. Axı Yəhya Məsihin xidməti üçün yol hazırlamaq məqsədilə gəlib. O, bu məsələni belə aydınlaşdırır: «O böyüməli, mən isə kiçilməliyəm» (Yəhya 3:30).

İsa Məsihin ilk davamçılarından biri olan digər Yəhya İsanın mənşəyi və bəşəriyyətin qurtuluşundakı onun rolu haqqında yazır: «Yuxarıdan gələn hamıdan böyükdür... Ata Oğulu sevir və hər şeyi onun ixtiyarına verib. Oğula iman edən əbədi həyata qovuşacaq. Oğula itaət etməyənsə həyata qovuşmayacaq, Allahın qəzəbinə düçar olacaq» (Yəhya 3:31, 35, 36). Bu həqiqəti bütün insanlar bilməlidir!

Vəftizçi Yəhya öz rolunun və xidmətinin kiçiləcəyini və ya azalacağını deyəndən bir az sonra padşah Hirod onu həbs edir. Hirod ögey qardaşı Filipin arvadı Hirodiadanı özünə arvad almışdı. Vəftizçi Yəhya bu biabırçı işi açıq-aşkar tənqid etdiyi üçün Hirod onu həbsxanaya atır. İsa Məsih bunu eşidəndə şagirdləri ilə birgə Yəhudiyyəni tərk edib Cəliləyə yollanır (Mətta 4:12; Mark 1:14).