Kontentə keç

Mündəricatı göstər

FƏSİL 26

«Günahların bağışlandı»

«Günahların bağışlandı»

MƏTTA 9:1—8 MARK 2:1—12 LUKA 5:17—26

  • İSA PEYĞƏMBƏR İFLİC OLMUŞ ADAMIN GÜNAHLARINI BAĞIŞLAYIB ONA ŞƏFA VERİR

Artıq hər yanda insanlar İsa peyğəmbər barədə eşidib. Onun təlimlərinə qulaq asmaq və qüdrətli işlərini öz gözləri ilə görmək üçün çoxları hətta ucqar yerlərdən axışıb gəlir. Ancaq bir neçə gündən sonra o, Kəfərnahuma, fəaliyyətinin mərkəzinə qayıdır. Onun qayıtması haqqında xəbər Cəlilə yaxınlığında yerləşən bu şəhərdə tez yayılır və şəhər əhli onun qaldığı evə yığışır. Cəlilə və Yəhudiyyənin, eləcə də Yerusəlimin hər yerindən fərisilər və Qanun müəllimləri də onun yanına gəlir.

Oraya o qədər adam toplaşır ki, hətta qapının ağzında da yer qalmır. İsa onlara Allahın sözünü danışmağa başlayır (Mark 2:2). Burada qeyri-adi bir hadisə baş verir. Bu hadisə sayəsində bir daha əmin olacağıq ki, İsa Məsih insanların əzab-əziyyətlərinin kökünü yox etməyə və istədiyi adamları sağaltmağa qadirdir!

İsa peyğəmbər ağzınacan dolu otaqda təlim verən zaman dörd kişi bir iflic adamı xərəkdə onun yanına gətirir. Onlar istəyirlər ki, peyğəmbər onların dostunu sağaltsın. Lakin basabas olduğundan onu İsanın yanına keçirə bilmirlər (Mark 2:4). Təsəvvür etmək olar, onlar necə dilxor olurlar. Buna baxmayaraq, onlar evin yastı damına çıxır, kirəmitləri qaldırıb orada yekə deşik açırlar. Onlar xəstəni xərəyin üstündəcə aşağı sallayıb evin içinə qoyurlar.

Bəs İsa onların bu hərəkətinə acıqlanır? Qətiyyən! Əksinə, onların böyük imanı ona güclü təsir bağışlayır və o, iflic adama deyir: «Günahların bağışlandı» (Mətta 9:2). Bəs İsa Məsih günahları bağışlamağa qadirdir? Oradakı din xadimləri bununla razılaşmayıb ürəklərində: «Bu adam nə deyir? O küfr danışır. Məgər Allahdan başqa kimsə günahları bağışlaya bilər?» — deyə düşünürlər (Mark 2:7).

Onların nə düşündüklərini bilən İsa soruşur: «Niyə ürəyinizdə belə fikirləşirsiniz? İflic olmuş bu adama “günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, xərəyini də götür, get”?» (Mark 2:8, 9). Bəli, İsa gələcəkdə təqdim edəcəyi qurban əsasında insanların günahlarını bağışlaya bilir.

Sonra İsa peyğəmbər əleyhdarlarına və orada yığışan bütün camaata göstərir ki, insanların günahını bağışlamağa ixtiyarı çatır. O, üzünü iflic olmuş adama tutaraq deyir: «Dur, xərəyini götür, evinə get». Kişi dərhal ayağa qalxır və hamının gözü qabağında xərəyini götürüb çölə çıxır. Camaat heyrət içindədir. Onlar Allahı mədh edərək deyirlər: «Biz hələ belə şey görməmişik» (Mark 2:11, 12).

Fikir verdinizsə, İsa Məsih günah və xəstəliklərin bir-biri ilə əlaqəli olduğunu göstərir və insanın sağalması üçün günahlarının bağışlanmasının gərək olduğunu vurğulayır. Müqəddəs Kitab öyrədir ki, ulu əcdadımız olan Adəm günah işləyib və biz hamımız günahın aqibəti olan xəstəlik və ölümü miras almışıq. Lakin İsa Məsih Allahın Padşahlığının hakimiyyəti altında Allahı sevib Ona ibadət edənlərin günahlarını bağışlayacaq. Onda bütün xəstəliklər əbədilik yox olacaq (Romalılara 5:12, 18, 19).