Kontentə keç

Mündəricatı göstər

FƏSİL 30

İsa peyğəmbərin Allahla münasibəti

İsa peyğəmbərin Allahla münasibəti

YƏHYA 5:17—47

  • ALLAH İSA PEYĞƏMBƏRİN RUHANİ ATASIDIR

  • DİRİLMƏ ÜMİDİ

İsa Məsih şənbə günü xəstəni sağaldanda bəzi yəhudilər onu şənbə haqqındakı qanunu pozmaqda ittiham edirlər. O, bu ittihama belə cavab verir: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm» (Yəhya 5:17).

Məsihin gördüyü iş Allahın şənbə günü ilə bağlı verdiyi qanunu pozmur. Çünki təbliğ etməsi və insanlara şəfa verməsi Allahın xeyirxah işlərinin təcəssümüdür. Beləliklə, İsa bir gün də olsun savab iş görməkdən qalmır. Onun tənqidçilərə verdiyi cavab onları lap özündən çıxarır və onlar İsanı öldürmək qərarına gəlirlər. Bəs niyə?

İsa peyğəmbərin şənbə günü haqda qanunu pozduğunu düşünmələri qalsın bir yana, onlar hələ onun özünü Allahın Oğlu adlandırmasını təhqir kimi qəbul edirlər. Onun Allaha Ata deməsini küfr hesab edirlər, çünki onların fikrincə, bu sözlərlə İsa özünü Allaha tay tutur. Amma İsanın gözü qorxmur. Onlara Allahla xüsusi münasibətləri haqda danışmağa davam edir. O deyir: «Ata Oğulu sevir və etdiyi hər şeyi ona göstərir» (Yəhya 5:20).

Yehova həyat verən Allahdır və bunu keçmişdə yaşamış bəndələrinə ölüləri diriltmək gücü verməklə göstərib. İsa sözünə davam edir: «Ata ölüləri dirildib onlara həyat verdiyi kimi, Oğul da ürəyi istədiyi adamlara həyat verir» (Yəhya 5:21). Bu sözlər necə də ümidvericidir! Hətta indiki dövrdə də İsa Məsih ruhani mənada ölü olanları dirildir. O deyir: «Mənim sözlərimi eşidib məni göndərənə iman edən əbədi həyata qovuşacaq. O məhkum edilməyəcək, ölümdən həyata keçəcək» (Yəhya 5:24).

Düzdür, İsa peyğəmbərin həmin vaxta qədər kimisə diriltməsi barədə məlumat yoxdur. Lakin o, öz ittihamçılarına deyir ki, gələcəkdə dirilmə mütləq olacaq: «Elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək... həyata [qovuşacaq]» (Yəhya 5:28, 29).

İsa Məsihin bu məsələdə möhtəşəm rolu olsa da, o, açıq-aydın bildirir ki, Allahdan asılıdır: «Mən özbaşına heç bir şey edə bilmərəm... Mən öz istəyimi yox, məni göndərənin iradəsini həyata keçirməyə çalışıram» (Yəhya 5:30). Bununla, İsa Məsih camaatın qarşısında açıq şəkildə Allahın niyyətində öz rolu barədə ilk dəfə danışır. Amma bu ittihamçılara İsa Məsih haqda başqa adam da şəhadət verib. Məsih onlara xatırladır: «Siz [Vəftizçi] Yəhyanın yanına adam göndərmişdiniz, o, həqiqət barəsində şəhadət etdi» (Yəhya 5:33).

Bu ittihamçılar cəmi iki il bundan əvvəl Vəftizçi Yəhya din xadimlərinə özündən sonra gələn «peyğəmbər» və «Məsih» haqda danışanda eşidiblər (Yəhya 1:20—25). İsa Məsih həbsdə olan Yəhyaya əvvəllər böyük hörmət göstərdiklərini onların yadına salaraq deyir: «Siz qısa müddət onun işığında şadlanmaq istədiniz» (Yəhya 5:35). Ancaq İsa Məsih Yəhyanın verdiyi şəhadətdən də artıq şəhadət verir.

«Gördüyüm bu işlər [o cümlədən yenicə göstərdiyi möcüzə] mənim Ata tərəfindən göndərildiyimi təsdiqləyir». Bundan əlavə, İsa peyğəmbər deyir: «Məni göndərən Ata mənim haqqımda Özü şahidlik edib» (Yəhya 5:36, 37). Məsələn, Allah İsa Məsihin vəftizi zamanı şəhadət vermişdi (Mətta 3:17).

Həqiqətən də, ittihamçılar İsa Məsihi əsassız olaraq rədd edirlər. Axı onların, özlərinin də dediklərinə görə, diqqətlə araşdırdıqları Müqəddəs Yazılarda onun haqqında şəhadət verilir! İsa peyğəmbər sözünü belə yekunlaşdırır: «Əgər siz Musaya inansaydınız, mənə də inanardınız, çünki o, mənim haqqımda yazmışdı. Amma əgər onun yazdıqlarına inanmırsınızsa, mənim sözlərimə necə inanacaqsınız?» (Yəhya 5:46, 47).