Kontentə keç

Mündəricatı göstər

FƏSİL 36

Roma zabitinin güclü imanı

Roma zabitinin güclü imanı

MƏTTA 8:5—13 LUKA 7:1—10

  • ROMA ZABİTİNİN QULU ŞƏFA TAPIR

  • İMAN EDƏNLƏRİ MÜKAFAT GÖZLƏYİR

Dağın yamacındakı nitqindən sonra İsa Məsih Kəfərnahum şəhərinə gəlir. Burada onun yanına bir neçə yəhudi ağsaqqal yaxınlaşır. Onları başqa millətdən olan bir adam göndərib. Bu adam Roma ordusunun yüzbaşısıdır.

Roma zabitinin sevimli nökəri bərk xəstələnib və indi ölüm ayağındadır. Bu zabit yəhudi olmasa da, İsa Məsihdən kömək istəyir. Yəhudilər ona deyir ki, yüzbaşının nökəri «iflic olub, evdə yatır» və yaman əziyyət çəkir (Mətta 8:6). Onlar yüzbaşıya boyun olub Məsihə deyirlər: «O, belə yaxşılığa layiq adamdır, çünki xalqımızı sevir və sinaqoqu da bizim üçün o tikib» (Luka 7:4, 5).

İsa peyğəmbər ağsaqqallarla birgə yüzbaşının evinə gedir. Onlar yaxınlaşanda yüzbaşı dostlarını peyğəmbərin yanına yollayıb deyir: «Ağa, zəhmət çəkmə. Mən layiq deyiləm ki, sən mənim evimə girəsən. Buna görə də sənin yanına gəlməyə özümü layiq bilmədim» (Luka 7:6, 7). Əmrlər verməyi vərdiş edən bu adam necə də həlimlik göstərir! Onun sözlərindən görmək olar ki, o qulları ilə mərhəmətsiz davranan digər romalılardan çox fərqlənir (Mətta 8:9).

Yüzbaşının şübhəsiz xəbəri var ki, yəhudilər qeyri-yəhudilərlə oturub-durmurlar (Həvarilərin işləri 10:28). Yəqin elə buna görə yüzbaşının dostları İsa peyğəmbərə: «Sən bircə kəlmə söz de, nökərim sağalsın», — deyirlər (Luka 7:7).

İsa peyğəmbər bu sözləri eşidəndə o adama valeh olur. O, yüzbaşını tərifləyib deyir: «İnanın, mən hətta İsraildə də belə güclü imana rast gəlməmişəm» (Luka 7:9). Yüzbaşının dostları evə qayıdıb görürlər ki, nökər sağalıb.

Bu möcüzədən sonra peyğəmbər fürsətdən istifadə edərək qeyd edir ki, iman gətirən qeyri-yəhudilər Allahdan nemətlər alacaqlar. O deyir: «İnsanlar şərqdən və qərbdən gəlib səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə əyləşəcək». Bəs iman gətirməyən yəhudilərlə nə olacaq? İsa peyğəmbər deyir ki, onlar «bayıra, zülmətə atılacaq. Onlar orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar» (Mətta 8:11, 12).

Səmavi Padşahlıqda Məsihlə birlikdə hakimiyyət sürmək ilk növbədə cismani yəhudilərə təklif edilmişdi, lakin bundan imtina etdikləri üçün onlar rədd olunacaqlar. Digər millətlərin nümayəndələri isə dəvət alacaq və onlar Allahın Padşahlığında məcazi mənada onun süfrəsində əyləşəcəklər.