Kontentə keç

Mündəricatı göstər

FƏSİL 51

Ad günündə qətl

Ad günündə qətl

MƏTTA 14:1—12 MARK 6:14—29 LUKA 9:7—9

  • HİROD VƏFTİZÇİ YƏHYANIN BAŞININ KƏSİLMƏSİNİ ƏMR EDİR

Həvarilər Cəlilədə müjdəni bəyan edirlər. Amma bir nəfər bu imkandan məhrumdur. Bu adam İsa peyğəmbəri hamıya təqdim edən Vəftizçi Yəhyadır. O artıq iki ildir ki, həbsdədir.

Yəhya Hirod Antipanı öz ögey qardaşı Filipin arvadı Hirodiadanı aldığına görə onu açıq-aşkar ittiham edirdi. Hirod Hirodiadanı almaq üçün öz arvadını boşamışdı. O, Musanın qanununa əməl etdiyini iddia edirdi. Qanuna əsasən isə, onun nikahı qanunsuz idi və o zina edirdi. Yəhya onu mühakimə etdiyi üçün Hirod, çox güman ki, arvadı Hirodiadanın təkidi ilə onu zindana atmışdı.

Hirod Yəhya ilə nə edəcəyini bilmir, çünki hamı onu peyğəmbər sayır (Mətta 14:5). Hirodiada isə ondan fərqli olaraq, tərəddüd eləmir. «Hirodiada ürəyində Yəhyaya kin bəsləyir» və onu öldürmək üçün fürsət axtarır (Mark 6:19). Nəhayət, o, məqam yetişir.

Otuz ikinci ilin Pasxa bayramından bir az əvvəl Hirod öz ad günü şərəfinə təmtəraqlı ziyafət qurur. Hirodun bütün əyanları, sərkərdələri və Cəlilənin nüfuzlu adamları bu ziyafətə təşrif buyurub. Ziyafət vaxtı gənc Səlimə (Hirodiadanın əvvəlki əri Filipdən doğulmuş qızı) qonaqlar üçün rəqs edir. Kişilər onun oynamağına məftun olurlar.

Qızın rəqsi Hirodun o qədər xoşuna gəlir ki, o deyir: «Ürəyin nə istəyir söylə, sənə verəcəyəm». O, hətta and içir: «Məndən nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». Qız cavab verməzsən öncə çıxıb anasından soruşur: «Nə istəyim?» (Mark 6:22—24).

Budur, nəhayət Hirodiadanın əlinə fürsət düşür. O, çox fikirləşmədən cavab verir: «Vəftizçi Yəhyanın başını». Səlimə cəld Hirodun yanına qayıdıb istəyini ona bildirir: «Vəftizçi Yəhyanın başını bu saat sinidə mənə ver» (Mark 6:24, 25).

Bunu eşidəndə Hirod yaman dilxor olur. Bəs indi nə etsin? Axı o, qonaqların qarşısında söz verib. Günahsız insanın qanı bahasına olsa belə, sözünü geri götürməyə utanır. Bu dəhşətli tapşırığı yerinə yetirmək üçün Hirod mühafizəçini zindana göndərir. Çox keçməmiş mühafizəçi Yəhyanın başını bir sinidə qıza gətirir, qız isə onu anasına aparır.

Bu xəbər Yəhyanın şagirdlərinə çatanda onlar gəlib onun cəsədini aparır və dəfn edirlər. Sonra hadisəni gedib İsa peyğəmbərə danışırlar.

Bir müddət keçəndən sonra Hirod İsa Məsihin adamlara şəfa verdiyini və cinləri qovduğunu eşidəndə bərk qorxur. O, elə bilir ki, İsa dirilmiş Yəhyadır (Luka 9:7). Buna görə də o, İsa peyğəmbər görmək istəyir. Hirodu onun təlimləri yox, şübhəsinin əsaslı olub-olmadığı maraqlandırır.