Kontentə keç

Mündəricatı göstər

FƏSİL 53

Təbiət qüvvələri üzərində ixtiyar sahibi

Təbiət qüvvələri üzərində ixtiyar sahibi

MƏTTA 14:22—36 MARK 6:45—56 YƏHYA 6:14—25

  • İNSANLAR İSA PEYĞƏMBƏRİ PADŞAH ETMƏK İSTƏYİRLƏR

  • İSA PEYĞƏMBƏR SUYUN ÜSTÜNDƏ GƏZİR, KÜLƏYİ SAKİTLƏŞDİRİR

İsa peyğəmbərin möcüzə ilə minlərlə insanı yedizdirməsi camaata güclü təsir bağışlayır. Onlar belə qənaətə gəlirlər ki, o, «doğrudan da, dünyaya gəlməli olan Peyğəmbərdir», Məsihdir və ondan çox gözəl rəhbər çıxar (Yəhya 6:14; Qanunun təkrarı 18:18). Buna görə də onu tutub padşah etmək istəyirlər.

İsa peyğəmbər onların niyyətindən halidir. O, camaatı buraxır və şagirdlərinə buyurur ki, qayığa minib geri qayıtsınlar. Bəs onlar hansı istiqamətdə gedəcəklər? Onlar Beytsəydaya, oradan isə Kəfərnahuma yollanacaqlar. İsa Məsih isə dağa qalxır və bütün gecəni Allaha dua edir.

Dan yeri söküləndə ayın işığında İsa peyğəmbər uzaqdan qayığı görür. Güclü külək əsdiyi üçün dəniz təlatümlüdür. Qarşıdan əsən külək şagirdləri irəli üzməyə qoymur (Mark 6:48). İsa peyğəmbər dağdan enib suyun üzü ilə onlara tərəf getməyə başlayır. Qayıq artıq sahildən beş-altı kilometr aralanıb (Yəhya 6:19). Peyğəmbər qayığa çatanda özünü elə aparır ki, guya onlardan yan keçib getmək istəyir. Şagirdlər onu görəndə bunun kabus olduğunu düşünürlər və bərkdən qışqırırlar (Mark 6:49).

İsa peyğəmbər onları sakitləşdirir: «Mənəm, qorxmayın, cəsarətli olun!» Butrus deyir: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». Peyğəmbər ona: «Gəl!» — deyir. Butrus dərhal qayıqdan çıxıb suyun üstü ilə ona tərəf gedir. Ancaq fırtınaya baxanda qorxub batmağa başlayır və: «Ağa, məni xilas et!» — deyə qışqırır. İsa peyğəmbər tez əlini uzadıb onu tutur və deyir: «Ey az imanlı, nə üçün şübhə etdin?» (Mətta 14:27—31).

Onların ikisi də qayığa minir. Külək yatır. Şagirdləri heyrət bürüyüb. Məgər onlar təəccüblənməli idilər? Cəmi bir neçə saat əvvəl İsa peyğəmbər möcüzə göstərərək beş çörək və iki balıqla minlərlə adamı doydurmuşdu. Əgər şagirdlər bu möcüzədən nəticə çıxartsaydılar, onda peyğəmbərin su üzəriylə getməsi və küləyi sakitləşdirməsi onları bir belə heyrətləndirməzdi. İndi şagirdlər İsa Məsihin qarşısında təzim edib deyirlər: «Sən, doğrudan da, Allahın Oğlusan» (Mark 6:52; Mətta 14:33).

Çox keçməmiş onlar Kəfərnahum şəhərinin cənubunda yerləşən gözəl və bərəkətli Gennesaret vadisinə çatırlar. Onlar lövbər atıb sahilə çıxırlar. Oradakı camaat dərhal İsa peyğəmbəri tanıyır. Onlar, həmçinin ətraf kəndlərdəki adamlar öz xəstələrini onun yanına gətirirlər. Xəstələr hətta İsa peyğəmbərin əbasının saçağına toxunanda sapsağlam olurlar.

Bu vaxt ərzində İsa Məsihin minlərlə adamı möcüzə ilə yedizdirdiyinin şahidi olanlar onun oradan getdiyindən xəbər tutur. Buna görə də Təbəriyyədən balaca qayıqlar gələndə onlar qayıqlara minib peyğəmbəri axtarmaq üçün Kəfərnahuma üzürlər. Onu tapanda soruşurlar: «Rabbi, sən bura nə vaxt gəldin?» (Yəhya 6:25). Növbəti fəsildə görəcəyimiz kimi, İsa peyğəmbər yerində olaraq onları məzəmmət edir.