Kontentə keç

Mündəricatı göstər

FƏSİL 62

Təvazökarlıq dərsi

Təvazökarlıq dərsi

MƏTTA 17:22—18:5 MARK 9:30—37 LUKA 9:43—48

  • İSA PEYĞƏMBƏR ÖLƏCƏYİNİ YENİDƏN DEYİR

  • PEYĞƏMBƏR BALIĞIN AĞZINDAN ÇIXAN PULLA VERGİ ÖDƏYİR

  • PADŞAHLIQDA KİM BÖYÜKDÜR?

İsa peyğəmbər Filipi Qeysəriyyəsi bölgəsində görkəmini dəyişəndən və cinə tutulmuş oğlanı sağaldandan sonra Kəfərnahuma yollanır. O, yalnız şagirdləri ilə gedir ki, izdiham onun harada olduğundan xəbər tutmasın (Mark 9:30). O, şagirdlərinə öləcəyi haqda və onların üzərlərinə düşəcək məsuliyyət barədə danışıb onları hazırlamaq fikrindədir. Buna görə də o istəyir ki, onlar tək getsinlər. Peyğəmbər şagirdlərinə deyir: «İnsan Oğlu ələ veriləcək, onu öldürəcəklər və Allah onu üçüncü gündə dirildəcək» (Mətta 17:22, 23).

Bu, onlar üçün heç də yeni bir fikir deyil, İsa peyğəmbər bundan əvvəl də onlara öldürüləcəyini demişdi, baxmayaraq ki, Butrus buna inanmaq istəmirdi (Mətta 16:21, 22). Üstəlik, həvarilərdən üçü onun görkəminin dəyişməsini öz gözləri ilə görmüş və həmin vaxt onun dünyadan ayrılacağı haqdakı söhbəti eşitmişdilər (Luka 9:31). Onlar bu məsələni axıra qədər dərk etməsələr də, bunu eşidəndə çox kədərlənirlər (Mətta 17:23). Lakin bu haqda soruşmağa da çəkinirlər.

Sonra onlar İsa peyğəmbərin xidmətinin mərkəzi və bəzi şagirdlərinin vətəni olan Kəfərnahuma gəlib çatırlar. Burada məbəd vergisi yığan kişilər Butrusa yaxınlaşırlar. Onlar İsa Məsihi vergi ödəməkdən boyun qaçırmaqda təqsirləndirmək üçün soruşurlar: «Ustadınız vergini ödəmir?» (Mətta 17:24).

Butrus: «Ödəyir», — deyə cavab verir. Butrus evə qayıdanda İsa peyğəmbər artıq hadisədən xəbərdar idi. Butrus hələ ağzını açmamış İsa Məsih ondan soruşur: «Şimon, necə düşünürsən, padşahlar rüsumu və can vergisini kimdən yığırlar: öz oğullarından, yoxsa başqalarından?» Butrus cavab verir: «Başqalarından». Onda peyğəmbər deyir: «Deməli, oğullar vergidən azaddır» (Mətta 17:25, 26).

İsa Məsihin Atası Kainatın Hökmdarıdır və məbəddə məhz onun Atasına ibadət edilir. Bu səbəbdən Allahın Oğlu qanunən məbəd vergisindən azaddır. Buna baxmayaraq, Məsih Butrusa deyir: «Amma söz-söhbət olmasın deyə, dənizə get, tilovu suya at və tilova düşən birinci balığı tut, onun ağzını aç, orada bir gümüş pul [statir və ya tetradirhəm] tapacaqsan. Pulu götür, həm mənim, həm də öz əvəzinə onlara ver» (Mətta 17:27).

Çox keçməmiş şagirdlər bir yerə yığışıb Padşahlıqda kimin ən böyük olacağına dair peyğəmbərə sual verirlər. Bu, həmin o şagirdlərdir ki, bir az əvvəl İsa peyğəmbərdən onun ölümü barədə soruşmaqdan qorxurdular, indi isə onlar çəkinmədən öz gələcəkləri barədə sual verirlər. İsa peyğəmbər onların nə düşündüklərini bilir. Onlar Kəfərnahuma qayıdan baş onun arxasınca gələn şagirdləri yolda elə bu barədə mübahisə edirdilər. O soruşur: «Yolda nə haqda mübahisə edirdiniz?» (Mark 9:33). Şagirdlər utandıqlarından susurlar, axı onlar yolda kimin ən böyük olacağı haqda mübahisə edirdilər. Axırda həvarilər müzakirə etdikləri məsələ barədə İsa Məsihin özündən soruşurlar: «Səmavi Padşahlıqda ən böyük kim olacaq?» (Mətta 18:1).

Təxminən üç ildir ki, şagirdləri İsa peyğəmbərin davranışını izləyir, təlimlərini dinləyirlər. Bu qədər vaxt ərzində təlim aldıqdan sonra da onların belə mövzuda mübahisə etmələri qəribə deyilmi? Düzdür, onlar qeyri-kamildirlər və aldığı dini tərbiyə onlara güclü təsir göstərib. İsa peyğəmbərin şagirdləri yəhudi dinində böyüyüblər. Bu dində insanın mənsəbinə və mənşəyinə hər bir işdə xüsusi diqqət verilirdi. Bundan əlavə, təzəlikcə İsa Məsih Butrusa Padşahlığın müəyyən «açarlarını» verəcəyini vəd etmişdi. Bəlkə də, Butrus buna görə özünü üstün hesab edir. Yaqubla Yəhya da, yəqin, özləri haqda bu fikirdə idilər, axı onlara İsa peyğəmbərin görkəminin dəyişməsini görmək nəsib olmuşdu.

Hər necə olursa-olsun, peyğəmbər onların baxışlarını düzəltmək istəyir. Bunun üçün o, bir uşağı yanına çağırıb onların ortasına qoyur və deyir: «Sizə deyirəm, dəyişib uşaq kimi olmasanız, səmavi Padşahlığa əsla girməyəcəksiniz. Özünü bu uşaq kimi kiçildən səmavi Padşahlıqda ən böyük olacaq. Bunun kimi bir uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir» (Mətta 18:3—5).

Bu, necə də gözəl təlim üsuludur! O hirslənib onlara tamahkar və şöhrətpərəst damğası vurmur. Bunun əvəzinə, əyani nümunə gətirir. Uşaqların nə ad-sanı, nə də hər hansı mövqeyi var. Beləcə, İsa peyğəmbər göstərir ki, şagirdləri uşaq kimi olmalıdırlar. O, sözünə belə yekun vurur: «Aranızda ən təvazökar kimdirsə, böyük odur» (Luka 9:48).