Kontentə keç

Mündəricatı göstər

FƏSİL 72

İsa Məsih yetmiş şagirdini təbliğə göndərir

İsa Məsih yetmiş şagirdini təbliğə göndərir

LUKA 10:1—24

  • İSA MƏSİH YETMİŞ ŞAGİRD SEÇİR VƏ ONLARI TƏBLİĞƏ GÖNDƏRİR

İndi eramızın 32-ci ilinin sonudur. İsa Məsihin vəftizindən üç il keçib. Bu yaxınlarda o, şagirdləri ilə Yerusəlimdə keçirilən Çardaqlar bayramında idi. Görünür, onlar hələ də bu ərazidədirlər (Luka 10:38; Yəhya 11:1). Ömrünün təxminən son altı ayını İsa peyğəmbər, əsas etibarilə, Yəhudiyyədə və İordan çayının o biri sahilində, Pereyada xidmət edir. Bu ərazilərdə də insanlar həqiqəti eşitməlidirlər.

İsa peyğəmbər 30-cu ilin Pasxa bayramından sonra bir neçə ay Yəhudiyyədə təbliğ etmişdi, sonra Səməriyyədən keçərək Cəliləyə getmişdi. Eramızın 31-ci ilinin Pasxa bayramı ərəfəsində Yerusəlimdə yəhudilər onu öldürmək istəyirdilər. Növbəti bir il yarım ərzində o, ən çox şimalda, Cəlilədə təlim vermişdi. Bu vaxt bir çoxları onun davamçısı olmuşdu. Cəlilədə İsa Məsih həvarilərini öyrədib təbliğə göndərmişdi. Onlara növbəti göstərişi vermişdi: «Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mətta 10:5—7). İndi o, Yəhudiyyədə təbliğ kampaniyasını təşkil edir.

O, kampaniyaya başlamaq üçün 70 şagird seçir və onları iki-iki göndərir. Bu 35 cüt təbliğçini məhsulun bol, biçinçinin isə az olduğu əraziyə göndərir (Luka 10:2). Onlar İsa peyğəmbərin sonradan ziyarət edəcəyi kənd və şəhərlərə getməlidirlər. Oralarda bu 70 şagird xəstələri sağaldıb İsa peyğəmbərin çatdırdığı eyni xəbəri təbliğ etməlidirlər.

Bu şagirdlər diqqətlərini sinaqoqlarda təlim verməyə cəmləməməlidirlər. İsa peyğəmbər onlara ev-ev gedib təbliğ etməyi buyurur. O, onları başa salır: «Hansı evə girsəniz, əvvəlcə deyin: “Bu evə salam olsun!” O evdə sülhsevər bir adam olmasa, dilədiyiniz sülh sizə qayıdacaq». Bəs şagirdlər hansı xəbəri çatdırmalıdırlar? İsa peyğəmbər onlara buyurur: «Onlara: “Allahın Padşahlığı yaxındır”, — deyin» (Luka 10:5—9).

İsa peyğəmbər təxminən bir il bundan əvvəl 12 həvarisini təbliğə göndərəndə onlara verdiyi göstərişləri bu 70 şagirdə də verir. Peyğəmbər xəbərdar edir ki, hamı onları xoş qarşılamayacaq. Amma onların zəhməti sayəsində tezliklə peyğəmbər gələndə səmimi insanlar Ustadı sevə-sevə qəbul edəcəklər və ondan öyrənmək arzusunda olacaqlar.

Bir müddətdən sonra 35 cüt müjdəçi peyğəmbərin yanına qayıdır və sevinə-sevinə deyirlər: «Ağa! Sənin adını çəkəndə cinlər də bizə boyun əyirlər!» İsa peyğəmbərin cavabından bəlli olur ki, bu xoş xəbər onu ürəkləndirir: «Şeytanın göydən ildırım kimi düşdüyünü görürəm. Mən sizə ilanları və əqrəbləri tapdalamaq hökmü... vermişəm» (Luka 10:17—19).

Bununla İsa peyğəmbər öz davamçılarını inandırır ki, onlar zərəri dəyə biləcək şeylərə üstün gələcəklər, sanki, ilanları və əqrəbləri tapdalayacaqlar. Bundan başqa, onlar əmin ola bilərlər ki, gələcəkdə Şeytan göydən yerə atılacaq. O həmçinin 70 şagirdə bu uzun yolda onlara nəyin daha vacib olduğunu göstərir: «Cinlərin sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin» (Luka 10:20).

İsa peyğəmbər sevincindən cuşa gəlir. O, hamının qarşısında səmavi Atasına bu təvazökar xidmətçilərini belə heyrətli işlərdə istifadə etdiyi üçün həmd edir. Sonra üzünü şagirdlərə tutub deyir: «Sizin gördüyünüzü görən gözlər nə xoşbəxtdir! İnanın, bir çox peyğəmbər və padşah sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişdir, eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişdir» (Luka 10:23, 24).