Kontentə keç

Mündəricatı göstər

FƏSİL 79

Tövbə etməyənləri nə gözləyir?

Tövbə etməyənləri nə gözləyir?

LUKA 13:1—21

  • İSA PEYĞƏMBƏR İKİ FACİƏDƏN DANIŞIR

  • İSA PEYĞƏMBƏR ŞƏNBƏ GÜNÜ ŞİKƏST QADINI SAĞALDIR

İsa peyğəmbər əlindən gələni edir ki, insanları Allahla münasibətləri barədə düşünməyə təşviq etsin. Fərisinin həyətində camaatla söhbət edəndə də belə bir imkan yaranır.

Həmin vaxt oradakılardan bəziləri Cəlilə sakinlərinin başına gəlmiş müsibəti İsa peyğəmbərə danışırlar. Roma imperatoru Ponti Pilat onların qanını gətirdikləri qurbanların qanına qatmışdı (Luka 13:1). Nəyə görə onlar bu haqda danışırlar?

Pilat Yerusəlimi su ilə təchiz edəcək su kəmərini çəkmək üçün məbədin xəzinəsindəki pullardan istifadə etmək istəmişdi və minlərlə yəhudi buna etirazını bildirmişdi. Ehtimal ki, həmin cəliləlilər etiraz vaxtı öldürülmüşdü. Çox güman ki, Pilat pulu əldə etmək üçün məbədin nüfuzlu rəhbərləri ilə əməkdaşlıq etmişdi. Əhvalatı İsa peyğəmbərə danışanlar, yəqin, demək istəyirlər ki, cəliləlilərin başına gəlmiş bu fəlakət onların pis əməlləri ucbatından olub. Peyğəmbər bu fikirlə razı deyil.

O soruşur: «Elə bilirsiniz ki, Cəlilənin bu sakinləri onun digər sakinlərindən daha günahlı olduqları üçün başlarına belə müsibət gəldi?» O özü: «Xeyr!» — deyə cavab verir. Amma İsa Məsih fürsətdən istifadə edərək bu hadisə əsasında yəhudiləri xəbərdar edir: «Əgər tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız» (Luka 13:2, 3). İsa peyğəmbər sözünə davam edərək həmin ərazidə baş vermiş başqa bir faciəni onlara xatırladır. Ola bilsin, bu bədbəxt hadisə də su kəmərinin çəkilişi ilə əlaqədardır. O soruşur:

«Şilam qülləsinin altında qalıb ölmüş on səkkiz nəfər Yerusəlimin bütün digər sakinlərindən daha günahlı idi?» (Luka 13:4). Camaat elə fikirləşir ki, bu adamlar pis olduqlarına görə ölüblər. Lakin peyğəmbər yenə bu fikirlə razı deyil. O bilir ki, vaxt və təsadüf ucbatından belə bədbəxtliklər baş verir (Vaiz 9:11). Bununla belə, camaat bu hadisədən dərs götürməlidir. İsa peyğəmbər deyir: «Əgər tövbə etməsəniz, hamınız beləcə məhv olacaqsınız» (Luka 13:5). Bəs nəyə görə o, məhz indi bunu vurğulayır?

İsa Məsih bunu indi xidmət etdiyi əraziyə uyğun gəldiyi üçün deyir. O, bir məsəl əsasında bunu izah edir: «Bir adamın üzümlüyündə əncir ağacı var idi. Bir gün o, ağacdan əncir dərməyə gəldi, amma üstündə heç nə tapmadı. Onda bağbana dedi: “Düz üç ildir gəlirəm, lakin bu ağacda bir dənə də olsun əncir tapmamışam. Kəs onu getsin! Nə üçün torpağı boş yerə tutur?” Bağban dedi: “Ağa, qoy bir il də qalsın. Dibini belləyərəm, peyinləyərəm. Gələn il bar verər, lap yaxşı, verməz, onda kəsərsən» (Luka 13:6—9).

Üç ildən də çoxdur ki, İsa peyğəmbər yəhudi xalqında iman yetişdirməyə çalışır. Amma çox az adamı onun zəhmətinin bəhrəsi kimi hesaba almaq olar. İndi xidmətinin dördüncü ilində peyğəmbər daha cidd-cəhdlə çalışır. O, Yəhudiyyədə və Pereyada təbliğ edib öyrədərək, məcazi dillə desək, yəhudi əncir ağacının dibini belləyir və peyinləyir. Amma bunun nəticəsi necə olur? Yalnız az sayda yəhudi hay verir. Ümumilikdə isə xalq tövbə etmək istəmir və özünü məhvə məhkum edir.

Çoxlarının hay verməməsi İsa peyğəmbərin bir şənbə günü sinaqoqda təlim verdiyi vaxtda da üzə çıxır. O, orada beli tam bükülmüş bir qadın görür. Düz on səkkiz ildir ki, cin bu qadına olmazın əzab verir. Peyğəmbər şəfqət dolu bir səslə ona müraciət edir: «Bacım, xəstəliyindən qurtuldun» (Luka 13:12). İsa peyğəmbər əllərini onun üzərinə qoyur. Qadın həmin andaca dikəlir və Allaha şükür etməyə başlayır.

Sinaqoq rəisi isə buna qəzəblənərək etirazını bildirir: «İşləmək üçün altı gün var, həmin günlərdə gəlib sağalın, daha şənbə günü yox» (Luka 13:14). Bəli, o, peyğəmbərin şəfa verməyə qadir olduğunu danmır. Lakin şənbə günü sağalmağa gəldikləri üçün adamları tənbeh edir. İsa peyğəmbər cavab verir: «İkiüzlülər! Məgər şənbə günü siz öz öküzünüzü və ya eşşəyinizi tövlədən açıb suvarmağa aparmırsınız? Bəs düz on səkkiz ildir ki, Şeytanın bağlı saxladığı bu qadını, İbrahimin qızını şənbə günü bu buxovdan azad etmək lazım deyildi?» (Luka 13:15, 16).

İsa peyğəmbərin əleyhdarları bu sözləri eşidəndə utanırlar. Camaat isə peyğəmbərin əzəmətli işlərinə sevinir. O, əvvəllər Cəlilə dənizində qayıqdan Allahın Padşahlığı haqqında peyğəmbərlik daşıyan iki məsəli danışmışdı. İndi burada, Yəhudiyyədə bu məsəlləri təkrar danışır (Mətta 13:31—33; Luka 13:18—21).