Kontentə keç

Mündəricatı göstər

FƏSİL 82

İsa Məsihin Pereyada xidməti

İsa Məsihin Pereyada xidməti

LUKA 13:22—14:6

  • DAR QAPIDAN KEÇMƏYƏ ÇALIŞIN

  • İSA PEYĞƏMBƏR YERUSƏLİMDƏ ÖLMƏLİDİR

İsa peyğəmbər Yəhudiyyədə və Yerusəlimdə təlim verib insanlara şəfa verib. İndi o, İordan çayının o tayına keçib Pereya ərazisində şəhərbəşəhər təbliğ edir. Amma tezliklə o, Yerusəlimə qayıdacaq.

İsa peyğəmbər Pereyada olarkən bir kişi soruşur: «Ağa, doğrudan da, az adam xilas olacaq?» Bu kişi yəqin ki, din xadimlərinin nə qədər adamın xilas olacağı barədə etdikləri müzakirələrdən xəbərdardır. Peyğəmbər bu söhbəti dəyişib xilas olmaq üçün nə etmək lazım olduğunu deyir: «Dar qapıdan girmək üçün var gücünüzlə çalışın». Bəli, çalışmaq, zəhmət çəkmək lazımdır. Bunun səbəbini İsa peyğəmbər izah edir: «Çoxları bu qapıdan girməyə çalışacaq, lakin bacarmayacaq» (Luka 13:23, 24).

Olduqca çox çalışmağın gərək olduğunu İsa Məsih bir məsəl əsasında başa salır: «Ev yiyəsi durub qapını bağlayanda siz bayırda qalacaqsınız və qapını döyüb: “Ağa, bizə qapını aç”, — deyəcəksiniz... Amma ev yiyəsi sizə deyəcək: “Mən sizi tanımıram. Rədd olun, bədəməllər!”» (Luka 13:25—27).

Bu məsəl kefi istədiyi vaxtda gəldiyi üçün gecikən və buna görə bağlanıb kilidlənmiş qapının ağzında qalan adamın vəziyyətini təsvir edir. Amma onun üçün münasib vaxt olmasaydı da, o, tez gəlməli idi. Eynilə, İsa peyğəmbərin təlim verdiyi vaxt çoxları bundan faydalana bilərdi. Lakin onlar bu imkanı əldən buraxdılar. Onlar Yehova Allaha ibadəti həyatlarında hər şeydən üstün tutmadılar. Allah İsa peyğəmbəri nicat xəbərini çatdırmaq üçün göndərmişdi. Ancaq bu insanların əksəriyyəti Allahın xilas tədbirini qəbul etmədi. İsa peyğəmbər deyir ki, onlar bayırda qalanda dişlərini qıcayacaq və hönkür-hönkür ağlayacaqlar. Bununla belə, şərqdən və qərbdən, şimaldan və cənubdan gələn bütün millətlərdən olan insanlar Allahın Padşahlığında süfrəyə əyləşəcək (Luka 13:28, 29).

İsa Məsih izah edir: «Axırıncılardan [qeyri-yəhudilər və tapdalanıb əzilən yəhudilərdən] kimisi birinci, birincilərdən [İbrahim peyğəmbərin nəslindən olmaları ilə öyünən din xadimlərindən] kimisi axırıncı olacaq» (Luka 13:30). Axırıncı olacaqları da o deməkdir ki, bu cür naşükür insanlar Allahın Padşahlığında əsla olmayacaqlar.

Bəzi fərisilər İsa peyğəmbərin yanına gəlib ona məsləhət verirlər: «Buradan çıx get, Hirod [Antipas] səni öldürmək istəyir». Ola bilsin, padşah Hirod peyğəmbərin bu ərazini tərk etməsini istədiyi üçün özü bu şayiəni yayıb. Ola bilsin, Hirod Vəftizçi Yəhyanın hadisəsində olduğu kimi, yenə də Allahın peyğəmbərinin ölümündə günahlı olmaqdan qorxur. Amma İsa Məsih fərisilərə deyir: «Gedin, o tülküyə deyin ki, bu gün və sabah cinləri qovacağam, insanlara şəfa verəcəyəm, üçüncü gün işimi başa çatdıracağam» (Luka 13:31, 32). Tülkülər hiyləgər olduqları üçün İsa peyğəmbər Hiroda tülkü deyir. Amma nə Hirod, nə də başqası İsa Məsihə nəyisə etməyə məcbur edə və ya yol göstərə bilməz. O, Atasının ona buyurduğu tapşırığı görmək niyyətindədir və bunu insanların cədvəlinə görə yox, Allahın buyurduğu vaxtda edəcək.

Sonra İsa peyğəmbər Yerusəlimə yolunu davam edir, çünki dediyi kimi: «Ola bilməz ki, peyğəmbər Yerusəlimdən kənarda qətlə yetirilsin» (Luka 13:33). Nəyə görə peyğəmbər Yerusəlimdə qətlə yetiriləcəyini deyir? Axı heç bir Müqəddəs Kitab peyğəmbərliyində Məsihin bu şəhərdə öləcəyi deyilmir. Yerusəlim paytaxtdır, yəhudilərin ali məhkəməsi, 71 üzvdən ibarət olan Sinedrion orada yerləşir və saxta peyğəmbər olmaqda təqsirkar bilinənlərə orada işgəncə verilir. Bundan əlavə, qurbanları da Yerusəlimdə təqdim edirlər. Buna görə İsa Məsih başa düşür ki, onun başqa bir yerdə qətlə yetirilməsi qətiyyən münasib olmaz.

«Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim!» — deyə İsa Məsih heyifsilənir. — «Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz! Allah bu məbədi tərk edəcək» (Luka 13:34, 35). Xalq Allahın Oğlunu rədd edir, buna görə də cəzalarını çəkəcək!

Yerusəlimə gedərkən yolda fərisilərin rəhbərlərindən biri onu evinə dəvət edir. Bu gün şənbə günüdür. Orada bədəninə, ola bilsin, qollarına, ayaqlarına su yığılan bir xəstə var. Oradakılar İsa peyğəmbəri güdür ki, görəsən, peyğəmbər onu sağaldacaq, ya yox. Peyğəmbər fərisilərdən və qanunşünaslardan soruşur: «Necə bilirsiniz, şənbə günü adam sağaltmaq düzgündür, ya yox?» (Luka 14:3).

Bir nəfərin də səsi çıxmır. İsa Məsih o adamı sağaldır. Sonra onlara sual verir: «Hansınızın oğlu ya öküzü şənbə günü quyuya düşsə, dərhal onu oradan dartıb çıxarmaz?» (Luka 14:5). Onun ağlabatan sözləri qarşısında heç kəsin deməyə sözü olmur.