Kontentə keç

Mündəricatı göstər

FƏSİL 89

Yəhudiyyəyə gedərkən Pereyada təbliğ

Yəhudiyyəyə gedərkən Pereyada təbliğ

LUKA 17:1—10 YƏHYA 11:1—16

  • KİMİSƏ GÜNAHA SÜRÜKLƏMƏK CİDDİ MƏSƏLƏDİR

  • BAĞIŞLAYIN VƏ İMAN TƏZAHÜR ETDİRİN

İsa peyğəmbər bir müddət İordan çayının o biri tayında yerləşən Pereyada qalır (Yəhya 10:40). İndi isə cənuba, Yerusəlimə tərəf yollanır.

Bu səyahətə o tək çıxmır. Şagirdləri və çoxlu sayda adam onu müşayiət edir. Bu insanların arasında vergiyığanlar və günahlılar da var (Luka 14:25; 15:1). İsa peyğəmbərin etdiklərinə və dediklərinə tənqidi yanaşan fərisilərlə mirzələr də onlarla gedir. Gərək onlar peyğəmbərin itmiş qoyun, itmiş oğul, varlı adam və İlazər barədə danışdığı məsəllərin üzərində çox fikirləşsinlər (Luka 15:2; 16:14).

İsa peyğəmbər onu təqib edənlərin rişxəndini və tənqidini nəzərdə tutaraq şagirdlərinə müraciət edir. O, Cəlilədə dediyi bəzi fikirləri vurğulayır.

Misal üçün, o deyir: «İman yolunda mütləq maneələr olacaq. Amma vay səbəbkarın halına!.. Ehtiyatlı olun. Kimsə günah işləsə, onu məzəmmət et, tövbə etsə, bağışla. Hətta bir gündə sənə qarşı yeddi dəfə günah işləsə və hər dəfə yanına gəlib: “Tövbə edirəm”, — desə, onu bağışlamalısan» (Luka 17:1—4). İsa peyğəmbərin axırda dediyi sözlər yəqin ki, Butrusa yeddi dəfə bağışlamağa dair verdiyi sualını xatırladır (Mətta 18:21).

Görəsən, İsa Məsihin şagirdləri onun sözlərini həyatlarında tətbiq edəcəklər? Onlar: «İmanımızı artır», — deyə Məsihdən xahiş edəndə o, onları əmin edir: «Əgər sizdə bir xardal toxumu boyda iman olsaydı, bu xartut ağacına: “Kökündən qop, dənizdə bit”, — deyərdiniz, ağac da sizə itaət edərdi» (Luka 17:5, 6). Bəli, hətta iynənin ucu qədər olan iman böyük işlər etməyə qadirdi.

İsa Məsih təvazökar olub özümüzə qarşı tarazlı yanaşmağın vacibliyini vurğulayaraq həvarilərinə deyir: «Tutalım nökəriniz var. O, yer şumlamaqdan və ya sürünü otarmaqdan qayıdanda hansınız ona: “Tez süfrəyə keç, əyləş”, — deyər? Məgər: “Şam yeməyimi hazırla, önlüyünü tax, mən yeyib qurtaranadək mənə qulluq et, özün sonra yeyərsən”, — deməz? Tapşırığını yerinə yetirdiyinə görə məgər ağası nökərə minnətdar olacaq? Siz də sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə öhdəmizə düşən işi gördük”» (Luka 17:7—10).

Allahın hər bir xidmətçisi Onun işini hər şeydən üstün tutmağın vacibliyini başa düşməlidir. Bundan əlavə, hər bir insan Allahın ailəsinin üzvü kimi Ona xidmət etməyin şərəf olduğunu heç vaxt unutmamalıdır.

Görünür, İsa peyğəmbər bu məsəli təzəcə danışıb qurtarmışdı ki, onun yanına bir adam gəlir. Onu Yəhudiyyənin Beytaniyyə kəndində yaşayan İlazərin bacıları Marta ilə Məryəm göndərib. O xəbər verir: «Ağa, əziz dostun xəstədir» (Yəhya 11:1—3).

İsa Məsih dostu İlazərin ağır xəstə olduğunu eşidəndə qəm dəryasına qərq olmur. O deyir: «Bu xəstəlik ölümə aparmır. Bu xəstəlik Allahı ucaldacaq, Allahın Oğlu da onun vasitəsilə ucalacaq». O, olduğu yerdə iki gün də qalır, sonra şagirdlərinə deyir: «Gəlin yenə Yəhudiyyəyə gedək». Onlar isə etiraz edirlər: «Rabbi, yəhudiyyəlilər təzəlikcə səni daşlamaq istəyirdilər, sənsə yenə ora gedirsən» (Yəhya 11:4, 7, 8).

İsa peyğəmbər cavab verir: «Məgər gündüz on iki saat davam eləmir? Gündüz gəzənin ayağı heç nəyə ilişmir, çünki o, bu dünyanın işığını görür. Lakin gecə gəzənin ayağı mütləq nəyəsə ilişəcək, çünki o, zülmətdədir» (Yəhya 11:9, 10). Ola bilsin, peyğəmbər bununla demək istəyir ki, Allahın onun yer üzündə xidmət etməsi üçün ayırdığı vaxt hələ bitməyib. O vaxta qədər Məsih qalan qısa vaxtdan tam istifadə etməlidir.

İsa Məsih sözünə əlavə edir: «Dostumuz İlazər yuxuya gedib, mən isə onu oyatmağa gedirəm». Şagirdlər elə başa düşürlər ki, İlazər sadəcə yatır və tezliklə sağalıb ayağa qalxacaq. Onlar deyirlər: «Ağa, yatırsa, deməli, sağalacaq». Onda Məsih açıq deyir: «İlazər ölüb... Durun, onun yanına gedək» (Yəhya 11:11—15).

Yəhudiyyədə İsa Məsihin canına qəsd edilə biləcəyini ehtimal edən Tomas ona dəstək olmaq üçün şagirdlərə deyir: «Gəlin gedək, biz də onunla ölək» (Yəhya 11:16).