Kontentə keç

Mündəricatı göstər

FƏSİL 102

Padşah Yerusəlimə qoduğun belində daxil olur

Padşah Yerusəlimə qoduğun belində daxil olur

MƏTTA 21:1—11, 14—17 MARK 11:1—11 LUKA 19:29—44 YƏHYA 12:12—19

  • İSA PEYĞƏMBƏR TƏNTƏNƏ İLƏ YERUSƏLİMƏ DAXİL OLUR

  • YERUSƏLİMİN MƏHV OLACAĞI PEYĞƏMBƏRLİK OLUNUR

Növbəti gün, bazar günü nisanın 9-u İsa Məsih şagirdləri ilə Beytaniyyədən çıxıb Yerusəlimə gedir. Onlar Zeytun dağında yerləşən Beytfəciyəyə yaxınlaşanda İsa peyğəmbər şagirdlərindən ikisinə deyir:

«Qarşıdakı kəndə gedin. Kəndə girəndə payaya bağlanmış bir eşşək və yanında bir qoduq görəcəksiniz. Onları açıb yanıma gətirin. İşdir, kimsə sizə bir söz desə, deyin ki, Ağaya lazımdır. Onda həmin adam dərhal heyvanları sizə verəcək» (Mətta 21:2, 3).

Şagirdlər Məsihin bu göstərişi ilə Müqəddəs Kitab peyğəmbərliyinin həyata keçdiyini anlamırlar. Onlar sonradan başa düşürlər ki, bununla Zəkəriyyə peyğəmbərin sözləri yerinə yetir. O peyğəmbərlik etmişdi ki, Allahın vəd edilmiş təvazökar Padşahı Yerusəlimə «eşşəyə, eşşəyin balası qoduğa» minib gələcək (Zəkəriyyə 9:9).

Şagirdlər Beytfəciyəyə girib heyvanları açanda oradakı adamlar deyirlər: «Heyvanı niyə açırsınız?» (Mark 11:5). Amma şagirdlər onların Ağaya lazım olduğunu deyəndə adamlar mane olmurlar. Şagirdlər üst paltarlarını çıxarıb eşşəyin və qoduğun belinə qoyurlar. İsa peyğəmbər isə qoduğa minir.

İsa Məsih Yerusəlimə gedir. Onun ətrafındakı izdiham get-gedə böyüyür. Adamların əksəriyyəti üst paltarlarını, bəziləri çöldən kəsdikləri yaşıl budaqları yola sərirlər. Onlar qışqırırlar: «Yalvarırıq, qurtar! Yehovanın adı ilə gələnə eşq olsun! Atamız Davudun qarşıdan gələn Padşahlığına eşq olsun!» (Mark 11:8—10). Fərisilər camaatın bu həmd sözlərinə qəzəblənirlər. Onlar İsa peyğəmbərə deyirlər: «Ustad, şagirdlərini susdur». Peyğəmbər onlara cavab verir: «Bunu bilin ki, onlar sussaydılar, daşlar dilə gəlib bağırardı» (Luka 19:39, 40).

İsa Məsih Yerusəlimə baxıb ağlamağa başlayır və deyir: «Kaş bu gün sən sülhə aparan yolu dərk edəydin... Amma gözlərin bağlıdır». Yerusəlim inadla göstərdiyi itaətsizliyə görə cavab verəcək. İsa Məsih peyğəmbərlik edir: «Düşmənlərin sənin ətrafında ucu şiş payalarla istehkam quracaq, səni mühasirəyə alıb hər tərəfdən sıxışdıracaq. Onlar səni, uşaqlarını yerə çırpacaq, səndə daşı daş üstə qoymayacaq, çünki sən yoxlama vaxtını sezmədin» (Luka 19:42—44). Məsihin dediyi kimi, eramızın 70-ci ilində Yerusəlim darmadağın edilir.

O, Yerusəlimə daxil olanda şəhərdə canlanma yaranır. Şəhər əhli bir-birindən soruşur: «Bu kimdir?» Camaat isə deyir: «Bu, Cəlilənin Nasirə şəhərindən olan İsa peyğəmbərdir!» (Mətta 21:10, 11). İsa peyğəmbərin İlazəri diriltdiyini görənlər bu möcüzəni başqalarına danışırlar. Bu hadisələri müşahidə edən fərisilər çar-naçar yana-yana deyirlər: «Bütün dünya onun ardınca gedir!» (Yəhya 12:18, 19).

İsa peyğəmbər həmişəki kimi, bu səfər də təlim vermək üçün məbədə girir. Burada o, kor və axsaq adamları sağaldır. Böyük kahinlər və mirzələr İsanın etdiyi möcüzələri görəndə və məbəddə: «Yalvarırıq, Davud Oğlunu qurtar», — deyən oğlan uşaqlarının sədasını eşidəndə qəzəblənirlər. Din xadimləri peyğəmbərdən soruşurlar: «Bunların nə dediyini eşidirsən?» O cavab verir: «Məgər “Uşaqların və körpələrin dili ilə həmd səsləndirdin” sözlərini heç vaxt oxumamısınız?» (Mətta 21:15, 16).

Məsih ətrafa göz gəzdirir. Artıq gecdir. O, on iki həvarisi ilə oradan çıxıb gedir. Nisanın 10-u başlamazdan öncə Məsih Beytaniyyəyə qayıdır və bazar günü orada gecələyir.