Kontentə keç

Mündəricatı göstər

FƏSİL 105

Peyğəmbər əncir ağacı ilə iman dərsi verir

Peyğəmbər əncir ağacı ilə iman dərsi verir

MƏTTA 21:19—27 MARK 11:19—33 LUKA 20:1—8

  • QURUMUŞ ƏNCİR AĞACI İBRƏT DƏRSİDİR

  • İSA PEYĞƏMBƏRİN SƏLAHİYYƏTİ ŞÜBHƏYƏ ALINIR

İsa peyğəmbər bazar ertəsi günorta Yerusəlimdən çıxıb Zeytun dağının şərq yamacında yerləşən Beytaniyyəyə qayıdır. Ola bilsin, o, gecə dostu İlazərgildə qalır.

İndi nisanın 11-i səhər çağıdır. İsa peyğəmbərlə şagirdləri yenə də yola düşüb Yerusəlimə qayıdırlar. Orada o, axırıncı dəfə məbədə gedəcək. Bu gün onun müjdəçilik işinin son günüdür. Sonra o, Pasxa bayramını qeyd edəcək, ölümünün anma mərasimini təsis edəcək, sonda isə əzab çəkib edam olunacaq.

Onlar Beytaniyyədən Zeytun dağının üstündəki yolla Yerusəlimə gedirlər. Yolda həvari Butrus İsa peyğəmbərin dünən səhər lənətlədiyi əncir ağacını görüb deyir: «Rabbi, bir bax! Lənətlədiyin əncir ağacı quruyub!» (Mark 11:21).

Bəs, görəsən, İsa peyğəmbər bu ağacı nə üçün qurutdu? Bunun səbəbi onun növbəti sözlərindən məlum olur: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq. İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız» (Mətta 21:21, 22). Bundan əvvəl peyğəmbər imanın dağı tərpətməyə qadir olduğunu demişdi. Bu fikri indi də təkrarlayır (Mətta 17:20).

Əncir ağacını qurutmaqla İsa peyğəmbər Allaha iman etməyin vacibliyini əyani şəkildə göstərir. O deyir: «Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız» (Mark 11:24). Bu, peyğəmbərin bütün davamçıları üçün, ələlxüsus, qarşıda sınaqlarla üzləşəcək həvarilər üçün necə də vacib dərsdir! Lakin ağacın quruması ilə həqiqi iman arasında daha bir əlaqə var.

İsrail xalqı, bu əncir ağacı kimi, üzdən aldadıcı görünür. Allahla əhddə olan və zahirən Onun əmrlərinə riayət edən bu xalqın əslində imanı yoxdur və yaxşı bəhrələr gətirmir. Onlar hətta Allahın Oğlunu rədd edirlər! Buna görə bəhrəsiz əncir ağacını qurutmaqla İsa peyğəmbər bu bəhrə gətirməyən və imansız xalqın aqibətini əyani şəkildə göstərir.

Bir azdan İsa peyğəmbərlə şagirdləri Yerusəlimə çatırlar. Peyğəmbər adəti üzrə məbədə gedir və orada təlim verməyə başlayır. Böyük kahinlər və xalqın ağsaqqalları, yəqin ki, İsa peyğəmbərin dünən pul dəyişənləri məbəddən qovduğunu nəzərdə tutaraq onu sıxışdırırlar: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?» (Mark 11:28).

İsa peyğəmbər cavab verir: «Mən də sizə bir sual verəcəyəm. Cavab versəniz, onda bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. Deyin görüm Yəhyaya vəftiz etmək ixtiyarını Allah vermişdi, yoxsa insanlar?» İndi nə cavab verəcəklərini onlar fikirləşməlidirlər. Kahinlər və ağsaqqallar öz aralarında götür-qoy etməyə başlayırlar: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs onda niyə ona inanmadınız?” “İnsanlar vermişdi” də deyə bilmərik». Onlar xalqdan qorxduqları üçün nə cavab verəcəklərini fikirləşirlər, çünki hamı Yəhyanın əsil peyğəmbər olduğunu hesab edir (Mark 11:29—32).

Əleyhdarlar nə deyəcəklərinə söz tapmayıb «bilmirik» deyirlər. Onda İsa peyğəmbər cavab verir: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm» (Mark 11:33).