Kontentə keç

Mündəricatı göstər

FƏSİL 106

Üzümlük barədə iki məsəl

Üzümlük barədə iki məsəl

MƏTTA 21:28—46 MARK 12:1—12 LUKA 20:9—19

  • İKİ OĞUL HAQDA MƏSƏL

  • BAĞBANLAR BARƏDƏ MƏSƏL

İsa Məsih məbəddədir. O, öz cavabı ilə böyük kahinləri və ağsaqqalları çaş-baş qoyub. Onlar İsa Məsihin gördüyü işləri hansı səlahiyyətlə etdiyini sual altına qoymuşdular. Məsih cavabı ilə onları susdurub. Sonra onların əsil üzünü üzə çıxaran məsəl çəkir:

«Bir adamın iki övladı var idi. Bir gün o, böyük oğluna yaxınlaşıb dedi: “Bala, get bu gün üzümlükdə işlə”. Oğlan cavab verdi: “Getmirəm”. Amma sonradan dediyinə peşman olub getdi. Ata eyni şeyi kiçik oğluna da dedi. Bu oğul isə belə cavab verdi: “Baş üstə, ağa, gedərəm”. Amma getmədi. İndi deyin görüm bu iki oğuldan hansı biri atasının istəyini yerinə yetirdi?» (Mətta 21:28—31). Əlbəttə ki, böyük oğul.

Buna görə İsa peyğəmbər tənqidçilərinə deyir: «Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girəcəklər». Vergiyığanlarla fahişələr başlanğıcdan Allaha xidmət etmirdilər. Amma böyük oğul kimi, onlar da peşman olub Allaha xidmət etməyə başlayıblar. Din xadimləri isə kiçik oğul kimi, Allaha xidmət etdiklərini desələr də, bunu əməldə göstərmirlər. Məsih qeyd edir: «[Vəftizçi] Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı. Siz isə bunları görə-görə yenə də peşman olub ona inanmadınız» (Mətta 21:31, 32).

İsa peyğəmbər bundan sonra başqa nümunə çəkir. O izah edir ki, onların qəbahəti yalnız Allaha xidmət etməmələrində deyil. Onlar həm də bədniyyət insanlardır. Məsih deyir: «Bir adam üzüm bağı saldı. Bağı çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı. Məhsul yığımı mövsümündə o, öz nökərini göndərdi ki, bağbanlar ona bağın barından versinlər. Bağbanlar isə nökəri qamarlayıb döydülər və əliboş geri qaytardılar. Bağın sahibi onların yanına başqa bir nökər göndərdi, lakin bağbanlar onun başını yardılar, onu alçaltdılar. O, bir nökərini də göndərdi, bağbanlar onu öldürdülər. Bağ sahibi ora çoxlu nökər göndərdi, lakin bağbanlar bəzilərini döydülər, bəzilərini öldürdülər» (Mark 12:1—5).

İsa peyğəmbəri dinləyənlər bu nümunənin məğzini başa düşürlər? Yəqin, Əşiya peyğəmbərin tənqidi onların yadındadır. O demişdi: «Ordular Allahı Yehovanın üzüm bağı İsrail evidir, mehr saldığı meynəlik Yəhuda xalqıdır. O, ədalət gözləyirdi» (Əşiya 5:7). İsa peyğəmbərin məsəli də buna bənzərdir. Mülkədar Yehova Allahdır, üzüm bağı isə Allahın qanunu ilə hasarlanıb müdafiə olunan İsrail xalqıdır. Bu xalqa təlim-tərbiyə vermək və yaxşı bəhrə gətirməsinə kömək etmək üçün Yehova Allah peyğəmbərlərini göndərirdi.

Lakin «bağbanlar» onların yanına göndərilən «nökərlərlə» pis davrandılar və onları qətlə yetirdilər. Məsih izah edir: «Bağ sahibinin bir sevimli oğlu var idi. O: “Oğluma hörmətlə yanaşarlar”, — deyib lap axırda bağbanların yanına oğlunu göndərdi. Ancaq bağbanlar bir-birilərinə dedilər: “Bu varisdir. Gəlin onu öldürək, miras bizim olsun”. Bağbanlar onu tutub öldürdülər» (Mark 12:6—8).

İsa peyğəmbər soruşur: «Görəsən, bağın sahibi nə edəcək?» (Mark 12:9). Din xadimləri cavab verirlər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Torpaq sahibi üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar vaxtlı-vaxtında torpaq sahibinə məhsulunu verəcəklər» (Mətta 21:41).

Bu rəhbərlər öz dilləri ilə özlərini məhkum edirlər. Axı onlar da Yehova Allahın «üzüm bağı» olan İsrail xalqının «bağbanları» arasındadırlar. Yehova Allah bu bağbanlardan bəhrə, yəni Onun Oğluna — Məsihə iman gətirmələrini gözləyir. İsa Məsih din xadimlərinin birbaşa üzünə deyir: «Məgər bu sözləri oxumamısınız: “Bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu. Bunu edən Yehovadır, biz buna heyran qalmışıq”?» (Mark 12:10, 11). Sonra o, fikrini açıq deyir: «Buna görə də eşidin və agah olun, Allahın Padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək» (Mətta 21:43).

Mirzələr və böyük kahinlər İsa Məsihin bu məsəli onlara aid etdiyini başa düşürlər (Luka 20:19). Əvvəlkindən beşbetər onu, hüquqi «varisi» öldürmək istəyirlər. Lakin İsanı peyğəmbər hesab edən camaatdan qorxduqları üçün onu oradaca öldürmürlər.