Kontentə keç

Mündəricatı göstər

FƏSİL 111

Həvarilər əlamət istəyir

Həvarilər əlamət istəyir

MƏTTA 24:3—51 MARK 13:3—37 LUKA 21:7—38

  • DÖRD ŞAGİRD ƏLAMƏT İSTƏYİR

  • PEYĞƏMBƏRLİYİN BİRİNCİ ƏSRDƏ VƏ GƏLƏCƏKDƏ YERİNƏ YETMƏSİ

  • BİZ AYIQ OLMALIYIQ

Çərşənbə axşamı günortadır. Nisanın 11-i bitmək üzrədir. İsa Məsihin yer üzündəki fəaliyyətinin son günləridir. Gün ərzində o, məbəddə təlim verir, gecələr isə gedib şəhərdən kənarda qalır. Sübh tezdən məbədə gələn insanlar böyük maraqla onu dinləyir (Luka 21:37, 38). İndi isə İsa Məsih dörd həvarisi — Butrus, Andreas, Yaqub və Yəhyayla birgə Zeytun dağındadırlar.

Bu dörd həvari təklikdə onun yanına gəliblər. Onları məbədin aqibəti maraqlandırır, çünki Məsih demişdi ki, bu məbəddə daş daş üstə qalmayacaq. Amma görünür, onları narahat edən tək bu deyil. İsa Məsih bundan əvvəl onları təşviq etmişdi: «Hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Luka 12:40). O həmçinin insan Oğlunun zühur edəcəyi gün haqda da danışmışdı (Luka 17:30). Bəs onun dediyi bu fikirlər indicə məbəd haqda söylədikləri ilə necəsə əlaqəlidir? Həvarilər hər şeyi bilmək istəyirlər. Onlar soruşurlar: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» (Mətta 24:3).

Ehtimal ki, onlar yaxınlıqda görünən məbədin məhv olacağını düşünürlər. Həmçinin həvarilər insan Oğlunun hüzuru barədə də maraqlanırlar. Yəqin ki, onlar İsa Məsihin kübar ailədən olan bir adamın padşahlıq hakimiyyətini alıb geri qayıtması barədə çəkdiyi məsəli xatırlayırlar (Luka 19:11, 12). Üstəlik, onları dövrün yekununun necə olacağı maraqlandırır.

İsa Məsih onlara ətraflı cavab verir. O, yəhudi sisteminin sonunun nə zaman olacağını, həmçinin məbədin nə zaman dağılacağını göstərən əlamət verir. Amma yalnız bununla kifayətlənmir. Bu əlamət İsa Məsihin gələcəkdəki şagirdlərinə onun hüzuru vaxtında yaşadıqlarını və dövrün sonunun yaxınlaşdığını bilməyə kömək edəcək.

İllər ötdükcə həvarilər İsa Məsihin söylədiyi peyğəmbərliyin yerinə yetdiyinin şahidi olurlar. Bəli, bir çox şeylər məhz onların sağlığında həyata keçməyə başlayır. Bu səbəbdən 37 il sonra eramızın 70-ci ilində yəhudi sisteminin və məbədin dağılması ayıq-sayıq məsihiləri qəfil yaxalamır. Lakin Məsihin peyğəmbərlik sözlərinin heç də hamısı 70-ci ildən əvvəlki dövrdə və 70-ci ildə yerinə yetmir. Bəs onda onun padşah kimi hüzurunun əlaməti nə olacaq? Məsih bunu həvarilərinə açır.

O peyğəmbərlik edir ki, müharibə səsləri, müharibə xəbərləri olacaq, millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq (Mətta 24:6, 7). O həmçinin deyir ki, güclü zəlzələlər baş verəcək, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq (Luka 21:11). Peyğəmbər şagirdlərini xəbərdar edir: «Sizi tutacaqlar, təqib edəcəklər» (Luka 21:12). Yalançı peyğəmbərlər peyda olub bir çoxlarını aldadacaq. Hərc-mərclik baş alıb gedəcək, insanların məhəbbəti soyuyacaq. Məsih həmçinin deyir ki, Padşahlıq haqqındakı «müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).

İsa Məsihin peyğəmbərliyi müəyyən mənada Yerusəlimin romalılar tərəfindən darmadağın olduğu vaxt və ondan əvvəlki dövrdə yerinə yetmişdi. Bəs onda, ola bilərmi ki, İsa Məsih bütün bunların gələcəkdə daha böyük miqyasda da yerinə yetəcəyini də nəzərdə tutsun? Bəs siz İsa Məsihin dediyi peyğəmbərliyin hal-hazırda geniş miqyasda yerinə yetdiyini görürsünüzmü?

Məsihin hüzurunun əlamətlərindən biri «viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə» durmasıdır (Mətta 24:15). Eramızın 66-cı ilində bu iyrənc şey bütpərəst normaları və rəmzləri olan Roma qoşununu təmsil edirdi. Romalılar Yerusəlimi mühasirəyə almış və oranın bəzi divarlarının altını qazmışdılar (Luka 21:20). Beləcə, iyrənc şey durmağa layiq olmadığı yerdə — yəhudilərin müqəddəs saydığı yerdə durmuşdu.

İsa Məsih peyğəmbərlik edir: «O vaxt elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq». Eramızın 70-ci ilində romalılar Yerusəlimi darmadağın edirlər. Onların yəhudilərin müqəddəs şəhərini və oradakı məbədi işğal etmələri, sözün əsil mənasında, böyük müsibət olur, çünki həmin vaxt minlərlə insanın qanı tökülür (Mətta 4:5; 24:21). Yəhudi xalqının tarixində belə bir şey olmamışdı. Bununla da əsrlərdir riayət olunan yəhudi dini quruluşuna son qoyulur. Deməli, gələcəkdə İsa Məsihin bu peyğəmbərlik sözləri böyük miqyasda yerinə yetəndə vəziyyət daha da acınacaqlı olacaq.

PEYĞƏMBƏRLİK OLUNMUŞ GÜNLƏRDƏ MƏTİN OLMAQ LAZIMDIR

İsa Məsih həvariləri ilə özünün padşah kimi hüzurunun və dövrün sonunun əlaməti barədə söhbətinə davam edir. O, onları özlərini yalançı məsihlərdən və yalançı peyğəmbərlərdən qorumağı tövsiyə edir, eləcə də deyir ki, bu adamlar mümkünsə, seçilmişləri də yoldan çıxartmağa çalışacaqlar (Mətta 24:24). Lakin seçilmişlər aldanmayacaqlar. Saxta məsihləri görmək mümkün olduğu halda, həqiqi Məsihin hüzurunu gözlə görmək mümkün olmayacaq.

Dövrün sonunda baş verəcək böyük müsibətə işarə edərək Məsih deyir: «Günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq» (Mətta 24:29). Həvarilər bu qorxulu sözləri eşidəndə nələrin baş verəcəyini dəqiq bilməsələr də, dəhşətli şeylərin olacağını təxmin edirlər.

Bu dəhşətli hadisələr insanlara necə təsir edəcək? İsa Məsih deyir: «İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcək, çünki göylərin qüvvələri sarsılacaq» (Luka 21:26). Bəli, İsa Məsih bəşər tarixinin ən qara günlərini təsvir edir.

Xoşbəxtlikdən, İsa Məsih həvarilərinə açıq-aşkar bildirir ki, insan Oğlu qüdrətlə, calal içində gələndə hamı ağlaşmayacaq (Mətta 24:30). Məsih artıq qeyd etmişdi ki, Allah «seçilmişlərə görə» müdaxilə edəcək (Mətta 24:22). Bəs onda İsa Məsihin danışdığı dəhşətli hadisələr baş verən zaman onun sadiq davamçıları necə davranmalıdırlar? İsa peyğəmbərin növbəti çağırışı onları ruhlandırır: «Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır» (Luka 21:28).

Bəs həmin dövrdə yaşayan sadiq şagirdlər sonun yaxın olduğunu necə müəyyən edəcəklər? İsa Məsih onlara əncir ağacını nümunə gətirir: «Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır. Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək» (Mətta 24:32—34).

Beləliklə, əlamətin tərkib hissələrindən çoxu icra olunmağa başlayanda şagirdlər başa düşməlidirlər ki, dövrün sonu yaxınlaşır. İsa Məsih bu əlamətdar dövrdə yaşayacaq şagirdləri xəbərdar edir:

«O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir. Çünki Nuhun vaxtında necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq. O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi. Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular. İnsan Oğlunun hüzuru zamanı da belə olacaq» (Mətta 24:36—39). İsa Məsih İnsan Oğlunun hüzurunu Nuh peyğəmbərin dövründə baş verən daşqına bənzədir. Bu daşqın bütün dünyanı əhatə etdiyi kimi, İnsan Oğlunun hüzuru da dünya miqyasında görünəcək.

Sözsüz ki, Zeytun dağında oturub İsa Məsihi dinləyən həvarilər oyaq qalmağın vacibliyini dərk etməlidirlər. Məsih deyir: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəsin üstünə gələcək. Buna görə də oyaq durun və hər zaman Allaha yalvarın ki, baş verəcək bu hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz» (Luka 21:34—36).

İsa Məsih bu peyğəmbərliklərin kiçik miqyasda olmayacağını yenə də vurğulayır. Onun peyğəmbərlik etdiyi hadisələr bir neçə onillik ərzində baş verməyəcək və yalnız Yerusəlim şəhərinə və ya yəhudi xalqına təsir etməyəcək. Onun danışdığı hadisələr «yer üzündə yaşayan hər kəsin üstünə gələcək».

İsa peyğəmbər deyir ki, şagirdləri ayıq-sayıq və hazır olmalıdırlar. Bunun vacibliyini vurğulamaq üçün peyğəmbər digər bir məsəl çəkir: «Bilin ki, ev sahibi oğrunun nə vaxt gələcəyini bilsəydi, oyaq qalardı və evinin yarılmasına yol verməzdi. Bunun üçün siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Mətta 24:43, 44).

Peyğəmbər şagirdlərinə nikbin olmaq üçün bir səbəb gətirir. O əmin edir ki, peyğəmbərlik gerçəkləşən zaman ayıq və fəal «nökər» mövcud olacaq. Bunu anlamaları üçün həvarilərinə tanış bir vəziyyətdən danışır: «Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı nökər, görəsən, kimdir? Ağası gələndə onu iş başında tapsa, xoş onun halına! Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq». Yox əgər o nökər yaramazlıq edib qalan nökərlərlə pis davranarsa, onda ağası ona ağır cəza verəcək (Mətta 24:45—51; müqayisə edin: Luka 12:45, 46).

İsa Məsih bir qrup davamçısının yaramazlıq edəcəyini demir. Bəs onda o, şagirdlərinin yaddaşına hansı dərsi həkk etmək istəyir? Onun sözünün canı odur ki, onlar ayıq-sayıq və fəal olsunlar. Bunu aydın göstərmək üçün daha bir məsəl çəkir.