Kontentə keç

Mündəricatı göstər

FƏSİL 121

«Cəsarətli olun! Mən dünyaya qalib gəldim»

«Cəsarətli olun! Mən dünyaya qalib gəldim»

YƏHYA 16:1—33

  • HƏVARİLƏR MƏSİHİ BİR DAHA GÖRMƏYƏCƏKLƏR

  • HƏVARİLƏRİN KƏDƏRİ SEVİNCƏ DÖNƏCƏK

İsa peyğəmbərlə həvariləri Pasxa bayramını keçirdikləri otaqdan getməyə hazırlaşırlar. Peyğəmbər onları xəbərdar edir: «Bunları sizə ona görə söylədim ki, məndən dönməyəsiniz». Nəyə görə bu cür xəbərdarlıq yerindədir? O deyir: «Sizi sinaqoqlardan qovacaqlar. Elə bir vaxt gələcək ki, sizi öldürən hər kəs bu yolla Allaha qulluq etdiyini düşünəcək» (Yəhya 16:1, 2).

Bu xəbər, ola bilsin, həvariləri yaman sarsıdır. Hərçənd İsa peyğəmbər əvvəllər də dünyanın onlara nifrət edəcəyini demişdi, amma öldürüləcəklərini ilk dəfədir ki, belə açıq söyləyir. Bəs nəyə görə indiyə kimi bunu deməyib? O izah edir: «Bunları sizə əvvəlcədən deməmişdim, çünki sizinlə idim» (Yəhya 16:4). İndi isə peyğəmbər onlardan ayrılacağına görə onları hazırlayır. Bu, şagirdlərə sonralar sınaqlar qarşısında yenilməməyə kömək edəcək.

İsa Məsih sözünə davam edir: «Məni göndərənin yanına gedirəm, amma biriniz də soruşmursunuz ki, hara gedirsən?» Həmin günün axşamı onlar artıq bu barədə ondan soruşmuşdular (Yəhya 13:36; 14:5; 16:5). Ancaq Məsihin indiki sözləri onları elə sarsıdır edir ki, onlar öz haylarındadır. Buna görə də İsa peyğəmbəri gözləyən şərəf barədə və ya bunun həqiqi ibadətçilər üçün nə məna kəsb etdiyini soruşmaq onların heç ağlına gəlmir. Peyğəmbər deyir: «Bu sözlərimə görə qəm dəryasına batmısınız» (Yəhya 16:6).

Sonra o izah edir: «Getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm» (Yəhya 16:7). Şagirdlər köməkçini, yəni müqəddəs ruhu yalnız İsa Məsih öləndən və göyə qaldırılandan sonra ala biləcəklər. Onda o, dünyanın istənilən guşəsində yaşayan davamçısına müqəddəs ruh göndərə biləcək.

Müqəddəs ruh «dünyaya günahın, doğruluğun və hökmün nə demək olduğunu açıq-aşkar göstərəcək» (Yəhya 16:8). Bəli, dünyanın Allahın Oğlu sayılan İsa Məsihə iman gətirməməsi üzə çıxacaq. Məsihin Allahın dərgahına qalxması onun saleh olduğunu təsdiq edəcək, bu dünyanın hökmdarı olan Şeytanın isə nəyə görə hökmə layiq olduğunu nümayiş etdirəcək (Yəhya 16:11).

İsa Məsih deyir: «Sizə deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz». O, şagirdlərinin üzərinə müqəddəs ruh tökəndə onlar həqiqəti tam dərk edəcəklər və ona uyğun yaşaya biləcəklər (Yəhya 16:12, 13).

Həvarilər İsa peyğəmbərin növbəti sözlərini tam başa düşmürlər: «Bir azdan artıq məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz». Onlar bir-birindən peyğəmbərin nə demək istədiyini soruşurlar. Peyğəmbər görür ki, onlar bu haqda ondan soruşmaq istəyirlər, buna görə də onları başa salır: «Bunu bilin, siz ağlayıb fəryad edəcəksiniz, dünya isə şadyanalıq edəcək. Siz kədərlənəcəksiniz, ancaq kədəriniz sevincə dönəcək» (Yəhya 16:16, 20). İsa Məsih növbəti gün günorta vaxtı qətlə yetiriləndə din xadimləri sevinəcəklər, şagirdlər isə kədərə qərq olacaq. Ancaq Məsih diriləndə onların kədəri sevincə dönəcək. Allahdan müqəddəs ruh alanda isə onların sevinci birə-beş artacaq.

İsa Məsih həvarilərin vəziyyətini doğuş sancıları başlamış hamilə qadının vəziyyətinə bənzədir: «Qadın doğuş zamanı əziyyət çəkir, çünki vaxtı yetişib. Ancaq uşağı doğandan sonra çəkdiyi əziyyət artıq yadına düşmür, çünki dünyaya insan gətirdiyinə sevinir». Məsih həvarilərini ruhlandırır: «Siz də indi kədərlənirsiniz, ancaq sizinlə yenidən görüşəndə ürəyiniz sevinəcək və heç kəs sevincinizi əlinizdən almayacaq» (Yəhya 16:21, 22).

Həvarilər hələ indiyə kimi Allahdan İsa Məsihin adı naminə heç nə diləməyiblər. İndi isə Məsih onlara deyir: «O gün özünüz mənim adımla Ataya müraciət edəcəksiniz». Bəs nəyə görə? Ona görə yox ki, Allah onların duasına könülsüz cavab verir. İsa peyğəmbər deyir: «Ata sizi sevir, ona görə ki, siz məni [Allahın elçisi olaraq] sevirsiniz» (Yəhya 16:26, 27).

Bu sözlər həvarilərə qol-qanad verir və onlar deyirlər: «Buna görə də biz inanırıq ki, səni Allah göndərib». Onların imanları tezliklə sınanacaq. İsa peyğəmbər onları qarşıda nə gözlədiyini deyir: «Elə bir vaxt gələcək ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız». Sonra onları ürəkləndirir: «Bunu sizə ona görə dedim ki, mənim sayəmdə sülhünüz olsun. Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəhya 16:30—33). Əlbəttə ki, İsa Məsih onları tərk etmir. O əmindir ki, onun şagirdləri də onun kimi Allahın iradəsini həyata keçirərək dünyaya qalib gələcəklər, baxmayaraq ki, Şeytan və dünyası onların Allaha sadiqliyini sarsıtmağa cəhd edəcək.