Kontentə keç

Mündəricatı göstər

FƏSİL 133

İsa Məsihin cəsədi dəfnə hazırlanır

İsa Məsihin cəsədi dəfnə hazırlanır

MƏTTA 27:57—28:2 MARK 15:42—16:4 LUKA 23:50—24:3 YƏHYA 19:31—20:1

  • İSA MƏSİHİN CƏSƏDİNİ DİRƏKDƏN ENDİRİRLƏR

  • MƏSİHİN CƏSƏDİNİ DƏFN ÜÇÜN HAZIRLAYIRLAR

  • QADINLAR SƏRDABƏNİN BOŞ OLDUĞUNU GÖRÜR

Nisanın 14-ü başa çatmaq üzrədir. Günün batması ilə nisanın 15-i, şənbə girir. İsa Məsih artıq ölüb, ancaq böyründəki iki cinayətkar hələ sağdır. Qanuna əsasən, cəsəd gecəni dirəkdə qalmamalıdır, o, həmin gün basdırılmalıdır (Qanunun təkrarı 21:22, 23).

Beşinci gün Hazırlıq günü adlanır. Camaat həmin gün biş-düş edir və şənbə gününün sonuna qədər təxirə salınmaz işləri görürlər. Çünki günəş batanda böyük şənbə başlayacaq (Yəhya 19:31). Yeddi gün davam edən Mayasız çörək bayramının ilk günü nisanın 15-i başlayır. Bu bayramın ilk günü, adətən, hansı günə düşürsə-düşsün, həmin gün şənbə sayılır. Bu dəfə həm bu bayramın ilk günü, həm də həftənin şənbə günü üst-üstə düşür (Lavililər 23:5, 6). Buna görə də bu şənbə ikiqat, yaxud böyük şənbə adlanır.

Buna görə də yəhudilər Pilatdan xahiş edirlər ki, edam edilmiş bu adamların ölümünü tezləşdirsinlər. Bunun üçün cinayətkarların ayaqlarını sındırmaq qərarına gəlirlər. Belə halda onlar nəfəs almaq üçün ayaqları ilə bədənlərini qaldıra bilməyəcəklər. Beləcə, əsgərlər gedib iki cinayətkarın ayaqlarını sındırırlar, ancaq İsa Məsihə çatanda onun öldüyünü görüb ayaqlarını sındırmırlar. Bununla da Zəbur 34:20 ayəsindəki peyğəmbərlik yerinə yetir: «Bütün sümüklərini qoruyur, heç biri sınmamışdır».

Amma yenə də Məsihin öldüyünə tam əmin olmaq üçün əsgərlərdən biri nizə ilə onun böyrünü deşir. Nizə ürək nahiyəsindən keçir, oradan həmin an qan ilə su axır (Yəhya 19:34). Bununla isə başqa bir peyğəmbərlik yerinə yetir: «Onlar bədənini deşdikləri adama baxacaqlar» (Zəkəriyyə 12:10).

Sinedrionun nüfuzlu üzvü olan arimataylı Yusif adında varlı bir adam da edam olunan yerdədir (Mətta 27:57). Onun haqda deyilir ki, o, Allahın Padşahlığını gözləyən saleh və xeyirxah adamdır, Məsihin şagirdidir, lakin yəhudilərin qorxusundan bunu gizli saxlayır. Məhkəmə İsa peyğəmbərə qarşı hökm çıxaranda o, qərarı dəstəkləməmişdi (Luka 23:50; Mark 15:43; Yəhya 19:38). İndi cəsarətini toplayıb Pilatın yanına gedir və ondan İsa peyğəmbərin cəsədini istəyir. Pilat bu edam işinə cavabdeh olan yüzbaşını çağırıb onun öldüyünü dəqiqləşdirir. Bundan sonra Yusifin xahişini yerinə yetirir.

Yusif təmiz, zərif kətan alır və Məsihin cəsədini dirəkdən düşürür. Sonra cəsədi kətana büküb dəfnə hazırlayır. İsa Məsihin yanına birinci dəfə gecə ikən gəlmiş Nikodem hazırlıq işlərində ona kömək edir (Yəhya 19:39). O, bir bağlamada təxminən 30 kiloqram mürr və əzvay qarışığı gətirir. Onlar peyğəmbərin cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirli otlarla kəfənləyirlər.

İsa Məsihin cəsədini Yusifin qayada oyulmuş təzə sərdabəsinə qoyurlar. Sərdabənin ağzına yekə bir daş diyirləyirlər. Dəfni Şənbə başlamamış qurtarmaq üçün cənazəni təcili hazırlamışdılar. Ehtimal ki, bu işdə Məcdəlli Məryəm və kiçik Yaqubun anası Məryəm də iştirak edib. İndi onlar tez-tələsik evə gedib hazırlıq görürlər ki, şənbədən sonra gəlib cəsədə əlavə iyli ot və ətirli yağ vursunlar (Luka 23:56).

Səhərisi gün, yəni şənbə günü böyük kahinlər və fərisilər Pilatın yanına gedib deyirlər: «Yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”. Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq». Pilat onlara deyir: «Bir dəstə keşikçi götürün. Gedin, oranı bildiyiniz kimi qoruyun» (Mətta 27:63—65).

Bazar günü sübh tezdən Məcdəlli Məryəm, kiçik Yaqubun anası Məryəm və başqa qadınlar ətirli otları götürüb sərdabəyə gəlirlər. Yolda onlar bir-birindən soruşurlar: «Sərdabənin ağzındakı daşı bizim üçün kim qırağa çəkəcək?» (Mark 16:3). Amma orada zəlzələ olub və Allahın mələyi daşı kənara yuvarlayıb. Keşikçilər çıxıb gedib, sərdabə isə bomboşdur!