Kontentə keç

Mündəricatı göstər

FƏSİL 10

Müqəddəs Kitab mələklər barədə nə deyir?

Müqəddəs Kitab mələklər barədə nə deyir?

1. Nəyə görə mələklər haqqında öyrənmək lazımdır?

MÜQƏDDƏS KİTABDA mələklər Allahın oğulları adlanır (Əyyub 38:7). Yehova Allah istəyir ki, biz Onun səmavi ailəsinin üzvləri olan mələklər haqqında öyrənək. Gəlin görək mələklərin işi nədən ibarətdir. Qədimdə onlar insanlara necə kömək ediblər? Və bu gün insanlara kömək edirlərmi? (8-ci əlavəyə baxın.)

2. Mələkləri kim yaradıb və onların sayı nə qədərdir?

2 Əvvəlcə bilmək lazımdır ki, mələkləri kim yaradıb. Koloslulara 1:16 ayəsinə əsasən, Yehova Allah birinci İsa Məsihi yaratdı, sonra isə «göydə və yerdə olan hər şey»i. «Hər şey» deyəndə mələklər də nəzərdə tutulur. Bilmək istəyirsiz, Allah nə qədər mələk yaradıb? Müqəddəs Kitabda deyilir ki, onların sayı yüz milyonlarladır (Zəbur 103:20; Vəhy 5:11).

3. Əyyub 38:4—7 ayələrindən mələklər haqqında nə öyrənirik?

3 Müqəddəs Kitabda həmçinin deyilir ki, Yehova mələkləri yer kürəsini yaratmamışdan əvvəl yaradıb. Görəsən, mələklər yer kürəsini görəndə hansı hissləri keçirmişdilər? «Əyyub» kitabında deyildiyi kimi, onlar sevinib-şadlanırdılar. Bu varlıqlar mehriban bir ailə kimi çiyin-çiyinə Allaha xidmət edirdilər (Əyyub 38:4—7).

MƏLƏKLƏR ALLAHA SADİQ İNSANLARA KÖMƏK EDİRLƏR

4. Mələklərin insanlarla yaxından maraqlandığını haradan bilirik?

4 Mələklər insanlarla, həmçinin Yehovanın yer kürəsi və bəşəriyyətlə bağlı niyyəti ilə həmişə yaxından maraqlanıblar (Məsəllər 8:30, 31; 1 Butrus 1:11, 12). Adəmlə Həvva Yehovaya qarşı asi çıxanda çox ehtimal ki, mələklər dərin kədər hissi keçirmişdilər. Yəqin bu gün əksər insanların Yehova Allaha itaət etməməsi də onlara ürək ağrısı verir. Lakin kimsə tövbə edib Allaha dönəndə onlar çox sevinir (Luka 15:10). Mələklər Allaha ibadət edən insanlarla yaxından maraqlanırlar. Yehova Allah mələkləri vasitəsilə yer üzündəki sadiq bəndələrini qoruyur və onlara kömək edir (İbranilərə 1:7, 14). Gəlin bir neçə nümunəyə nəzər salaq.

«Mənim Allahım mələyini göndərib şirlərin ağzını bağladı» (Dənyal 6:22)

5. Qədimdə mələklər Allahın mübarək bəndələrinə necə kömək etmişdilər?

5 Yehova Allah Sədum və Əmurə şəhərlərini məhv edəndə iki mələyini göndərib Lutu və onun ailəsini ölümdən qurtardı (Yaradılış 19:15, 16). Bu hadisədən yüz illər sonra Dənyal peyğəmbəri şirlər quyusuna atmışdılar, amma onun başından bir tük belə əskik olmamışdı, çünki Allah mələyini göndərib şirlərin ağzını bağlamışdı (Dənyal 6:22). Həmçinin həvari Butrus zindanda olanda Allah mələyi vasitəsilə onu azad etmişdi (Həvarilərin işləri 12:6—11). İsa Məsih yer üzündə yaşayanda mələklər ona da kömək etmişdilər. Məsələn, o, vəftiz olandan sonra mələklər ona qulluq etmişdilər (Mark 1:13). Edamından bir az əvvəl isə bir mələk onu ürəkləndirmişdi (Luka 22:43).

6. a) Haradan bilirik ki, mələklər bu gün də Allahın xidmətçilərinə kömək edirlər? b) Biz hansı sualları müzakirə edəcəyik?

6 Bu gün mələklər insanlara görünmürlər. Lakin Allah bu gün də Öz xidmətçilərinə mələkləri vasitəsilə kömək edir. Müqəddəs Kitabda deyilir: «Yehovanın mələyi Ondan qorxanların ətrafında düşərgə qurur» (Zəbur 34:7). Mələklər bizi nədən qoruyur? Bizə zərər vurmaq istəyən güclü düşmənlərdən. Bu düşmənlər kimlərdir? Onlar haradan peyda olublar? Bizə necə zərər vurmaq istəyirlər? Bu suallara cavab tapmaq üçün gəlin Adəmlə Həvva yaranandan qısa müddət sonra baş verən hadisəyə nəzər salaq.

GÖZƏGÖRÜNMƏZ DÜŞMƏNLƏRİMİZ

7. Şeytan öz niyyətinə nə dərəcədə müvəffəq olub?

7 Üçüncü fəsildən öyrəndik ki, bir mələk Allaha asi çıxıb hakimiyyəti ələ keçirmək niyyətinə düşdü. Müqəddəs Kitaba əsasən, ona Şeytan İblis adı verilib (Vəhy 12:9). Şeytan insanların da onun bu üsyanına qoşulmasını istəyirdi. O, Həvvanı və demək olar ki, o vaxtdan bu yana yaşayan bütün insanları aldatmağa müvəffəq olub. Amma Habil, Hənuq və Nuh peyğəmbər kimi insanlar Allaha sadiq qalıb (İbranilərə 11:4, 5, 7).

8. a) Necə oldu ki, bəzi mələklər cin oldu? b) Daşqından xilas olmaq üçün cinlər nə etdilər?

8 Nuh peyğəmbərin dövründə bəzi mələklər yer üzündə insan kimi yaşamaq üçün üsyan edib göydəki məskənlərini tərk etdilər. Yaradılış 6:2 ayəsinə əsasən, onlar insan qızları ilə evlənmək istəyirdilər. (Ayəni oxuyun.) Amma bu, mələklər üçün qəti qadağan idi (Yəhuda 6). Bu şər mələklər kimi, o dövrün əksər insanları da pozğun və qəddar oldular. Bu səbəbdən Yehova Allah dünyanı suya qərq edib bütün pis insanları məhv etmək qərarına gəldi. Lakin Allah sadiq bəndələrini daşqından xilas etdi (Yaradılış 7:17, 23). Şər mələklər isə canlarını xilas etmək üçün göyə qayıtdılar. Müqəddəs Kitabda bu mələklər cin adlanır. Onlar Şeytanın tərəfini tutdular, bununla da İblis onların hökmdarı oldu (Mətta 9:34).

9. a) Cinlər göyə qalxanda nə baş verdi? b) Növbəti abzaslarda nəyi araşdıracağıq?

9 Yehova Allah Ona qarşı üsyan etdikləri üçün cinləri səmavi ailəsinə qəbul etmədi (2 Butrus 2:4). Cinlər daha insan cildinə girə bilməsələr də, bu gün də bütün dünyanı aldadırlar (Vəhy 12:9; 1 Yəhya 5:19). Gəlin görək onlar əksər insanları hansı yolla tora salırlar. (2 Korinflilərə 2:11 ayəsini oxuyun.)

CİNLƏR İNSANLARI HANSI YOLLA TORA SALIR?

10. Cinlər insanları tora necə salır?

10 Cinlər insanları müxtəlif yollarla tora salırlar. Cindarlıq onlardan biridir. İnsan cindar və ya ovsunçu yanına gedəndə, yaxud özü bu işlərlə məşğul olanda cinlərlə əlaqə yaratmış olur. Müqəddəs Kitab bizə cinlərlə əlaqəsi olan hər bir şeydən uzaq durmağı buyurur (Qalatiyalılara 5:19—21). Ovçu heyvanı tutmaq üçün tordan istifadə etdiyi kimi, cinlər də insanları ələ keçirib idarə etmək üçün öz torlarından istifadə edirlər. (25-ci əlavəyə baxın.)

11. Falçılıq nədir və nəyə görə falçılıqdan uzaq durmalıyıq?

11 Cinlərin başqa bir tələsi falçılıqdır. Falçılıq cinlərin köməyilə gələcəyi və naməlum şeyləri bilmək üsuludur. İnsanlar bunu ulduzları müşahidə etməklə, yuxu və əlamətləri yozmaqla, kart və kristal kürə vasitəsilə fala baxmaqla, ovucun içindəki xətləri oxumaqla edir. Çoxları buna zərərsiz bir şey kimi baxırlar, əslində isə, onlar çox təhlükəlidirlər. Məsələn, Müqəddəs Kitaba əsasən, falçılarla cinlər arasında birbaşa əlaqə var. Həvarilərin işləri 16:16—18 ayələrində bir qıza gələcəkdən xəbər vermək qabiliyyəti verən falçı cin haqqında yazılıb. Həvari Bulus qızın içindən cini çıxarandan sonra qız falçılıq qabiliyyətini itirir.

12. a) Ölülərlə əlaqə yaratmağa cəhd etmək nəyə görə təhlükəlidir? b) Nəyə görə Allaha ibadət edən insanlar cinlərlə əlaqəsi olan adətlərdə iştirak etmirlər?

12 Cinlər insanları başqa bir yolla da aldadırlar. Onlar insanları inandırmağa çalışırlar ki, guya ölülər haradasa yaşayır və onlar bizimlə əlaqə yarada bilər, danışa bilər, yaxud bizə zərər vura bilər. Məsələn, qohumunu və ya dostunu itirən bəzi insanlar ölülərlə danışdığını iddia edən ruhçağıranların yanına gedirlər. Ruhçağıranlar həmin adamlara ölən insan haqqında maraqlı məlumat çatdıra, hətta onun səsini təqlid edə bilərlər (1 İşmuil 28:3—19). Bir çox yas mərasimləri də insanın öləndən sonra yaşaması inancı ilə bağlıdır. Məsələn, müəyyən günlər qeyd edilir, ölənin adına yemək bişirilir və sairə ayinlər icra olunur. Məsihilər bu adətlərdə iştirak etməkdən boyun qaçıranda ailə üzvləri, qohumlar, qonum-qonşular onları qınamağa başlayır, təhqir edir, onlarla bütün əlaqələri kəsirlər. Məsihilər əmindirlər ki, öləndən sonra insan heç yerdə yaşamır. Ölülərlə əlaqə yaratmaq mümkün deyil və onlar bizə zərər vura bilməzlər (Zəbur 115:17). Ehtiyatlı olun, heç vaxt ölülərlə və ya cinlərlə əlaqə yaratmayın və cinlərlə əlaqəsi olan adətlərdə iştirak etməyin. (Qanunun təkrarı 18:10, 11 ayələrini oxuyun; Əşiya 8:19.)

13. Bir vaxtlar cinlərin vahiməsi altında yaşayan insanlar nəyə nail olublar?

13 Cinlər insanları aldatmaqla kifayətlənmirlər, həm də canlarına qorxu salırlar. Şeytan və onun cinləri bilir ki, vaxtlarına çox az qalıb, bir azdan Allah onları yer üzündən yox edəcək. Buna görə də onlar daha qəddar və qəzəbli olublar (Vəhy 12:12, 17). Ancaq vaxtilə cinlərin vahiməsi altında yaşayan insanlar onların cəngindən canlarını qurtara biliblər. Bəs onlar buna necə müvəffəq olublar?

CİNLƏRİN TƏSİRİNDƏN ÇIXMAĞIN YOLU

14. Cinlərdən yaxa qurtarmaq üçün nə etməliyik?

14 Müqəddəs Kitab cinlərin təsirindən çıxmağın yolunu göstərir. Misal üçün, birinci əsrdə Efes şəhərində yaşayan insanlar Yehova Allahı tanımazdan qabaq cindarlıqla məşğul olurdular. Bəs necə oldu ki, onlar cinlərin təsirindən çıxa bildilər? Müqəddəs Kitabda deyilir: «Sehrbazlıqla məşğul olanlardan xeyli adam kitablarını yığıb hamının gözü qarşısında yandırdı» (Həvarilərin işləri 19:19). Onlar Yehova Allaha ibadət etmək istədikləri üçün sehrbazlıqla bağlı olan bütün kitablarını məhv etdilər. Bu gün də Yehova Allahın yolu ilə getmək istəyən hər kəs cinlərlə əlaqəsi olan hər şeyi məhv etməlidir. Bura sehrbazlığı, cinləri, yaxud fövqəltəbii şeyləri zərərsiz və ya maraqlı bir şey kimi qələmə verən kitablar, jurnallar, ulduz falı, filmlər, mahnılar, oyunlar, hətta təsvirlər daxildir. İnsanların özlərini qorumaq üçün üzərlərinə taxdıqları əşyaları da bu siyahıya aid etmək olar (1 Korinflilərə 10:21).

15. Şeytana və cinlərə qarşı durmaq üçün daha nə etməliyik?

15 Efeslilər cindarlıqla bağlı kitablarını yandırandan bir neçə il sonra həvari Bulus məktubunda yazırdı ki, onlar hələ də «şər ruhi qüvvələrə qarşı» mübarizə aparırlar (Efeslilərə 6:12). Fikir verin, onlar öz kitablarını yandırsalar da, cinlər yenə də bu insanlardan əl çəkmirdilər, onlara zərər yetirmək istəyirdilər. Belə olan halda onlar daha nə etməli idilər? Həvari Bulus onlara demişdi: «Böyük iman qalxanını götürün, onunla siz Şəririn bütün alovlu oxlarını söndürəcəksiniz» (Efeslilərə 6:16). Qalxan əsgəri qoruduğu kimi, iman da bizi qoruya bilər. Əgər ürəkdən inansaq ki, Yehova bizi qoruyacaq, onda biz Şeytana və cinlərə qarşı dura biləcəyik (Mətta 17:20).

16. Yehovaya imanımızı necə möhkəmləndirə bilərik?

16 Yehovaya imanımızı necə möhkəmləndirə bilərik? Biz Müqəddəs Kitabı hər gün oxumalı və Allaha güvənməyi öyrənməliyik. Yehovaya arxalansaq, Şeytan və cinlər bizə heç bir zərər yetirə bilməyəcək (1 Yəhya 5:5).

17. Özümüzü cinlərdən qorumaq üçün daha nə etməliyik?

17 Efes cindarlıqla dolu bir şəhər idi, buna görə də həvari Bulus Allahın orada yaşayan xidmətçilərinə məsləhət görmüşdü: «Hər an... dua edin» (Efeslilərə 6:18). Onlar hər zaman Yehovaya dua etməli idilər ki, onları cinlərdən müdafiə etsin. Biz də cindarlıqla dolu dünyada yaşayırıq. Biz də dua edib Yehovadan kömək istəməliyik və duada Onun adını çəkməliyik. (Məsəllər 18:10 ayəsini oxuyun.) Yehovadan bizi Şeytandan qorumasını xahiş etsək, O, duamıza mütləq cavab verəcək (Zəbur 145:19; Mətta 6:13).

18, 19. a) Şeytana və cinlərə necə qalib gələ bilərik? b) Növbəti fəsildə hansı sualın cavabı var?

18 Cindarlıqla bağlı olan hər şeyi məhv etsək və Yehova Allahın köməyinə sığınsaq, Şeytana və cinlərə qarşı dura bilərik. Onlardan qorxmağa heç bir əsas yoxdur. (Yaqub 4:7, 8 ayələrini oxuyun.) Yehova cinlərdən qat-qat qüdrətlidir. Allah Nuh peyğəmbərin dövründə onları cəzalandırmışdı, gələcəkdə isə tamamilə məhv edəcək (Yəhuda 6). Unutmayın ki, biz bu savaşda tək deyilik. Yehova mələkləri vasitəsilə bizi qoruyur (2 Padşahlar 6:15—17). Bəli, Yehovanın köməyilə Şeytana və cinlərə qalib gələ bilərik! (1 Butrus 5:6, 7; 2 Butrus 2:9, 10).

19 Bəs əgər Şeytan və cinlər insanlara bu qədər zülm edirlərsə, nəyə görə Allah onları indiyə kimi məhv etməyib? Bu sualın cavabı növbəti fəsildə yazılıb.