Kontentə keç

Mündəricatı göstər

FƏSİL 15

Allahın qəbul etdiyi ibadət

Allahın qəbul etdiyi ibadət

1. İnsanın necə ibadət etməli olduğuna kim qərar verir?

ƏKSƏR dinlər Allah haqqında həqiqəti öyrətdiyini iddia edir. Bu necə ola bilər, axı bu dinlərin hərəsi Allahı, Onun tələb etdiyi ibadəti bir cür izah edir? Bəs haradan bilək, Allah hansı ibadəti qəbul edir? Yalnız Yehova Allah deyə bilər biz Ona necə ibadət etməliyik.

2. Allaha necə ibadət etməli olduğumuzu haradan öyrənə bilərik?

2 Yehova Allah hansı ibadətdən razı qaldığını Müqəddəs Kitabda yazdırıb. Buna görə də bu kitabı öyrənin; əmin olun, Yehova Allah bu işdə sizə kömək olacaq. Allahın təlimləri sizə fayda gətirəcək, çünki O, sizi sevir (Əşiya 48:17).

3. Allah bizdən nə gözləyir?

3 Bəzi insanlar Allahın bütün dinlərdən razı olduğunu düşünür, amma bu, İsa Məsihin dediyi növbəti sözlərə zidd gedir: «Mənə “Ağa, Ağa” deyən hər kəs səmavi Padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək». Deməli, insan Allahın iradəsinin nədən ibarət olduğunu öyrənməli və yerinə yetirməlidir. Bu çox ciddi məsələdir, çünki İsa peyğəmbər Allaha itaət etməyən adamları «qanunsuzluğun qulluğunda duranlar», yəni cinayətkar adlandırmışdı (Mətta 7:21—23).

4. İsa Məsih Allahın iradəsini yerinə yetirməklə bağlı nə demişdi?

4 İsa Məsih demişdi ki, Allahın iradəsini yerinə yetirmək elə də asan olmayacaq. Mətta 7:13, 14 ayələrində onun sözləri yazılıb: «Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır». Ensiz yol, yəni Allahın qəbul etdiyi ibadət əbədi həyata aparır. Geniş yolun isə, yəni Allaha məqbul olmayan ibadətin sonu ölümdür. Amma Yehova Allah heç kəsin ölməyini istəmir. O, hamıya Özü haqqında bilik almağa imkan verir (2 Butrus 3:9).

ALLAH HANSI İBADƏTİ QƏBUL EDİR?

5. Allaha məqbul şəkildə ibadət edən insanları necə müəyyən etmək olar?

5 Həqiqi dini, yaxud Allaha məqbul şəkildə ibadət edən insanları necə müəyyən etmək olar? Bunun üçün, İsa Məsihin dediyi kimi, insanların inanclarına, əməllərinə fikir vermək lazımdır. O demişdi: «Onları bəhrələrindən tanıyacaqsınız». Və əlavə etmişdi ki, «hər yaxşı ağac yaxşı meyvə verir» (Mətta 7:16, 17). Bu o demək deyil ki, Allaha ibadət edən insanlar heç vaxt səhv etmirlər. Amma onlar həmişə doğru işlər görməyə can atırlar. Gəlin görək Allaha məqbul şəkildə ibadət edən insanları fərqləndirən cəhətlər hansılardır.

6, 7. Nəyə görə Allahı razı salan dinin təlimləri Müqəddəs Kitaba əsaslanmalıdır? İsa Məsih bizə hansı nümunəni qoyub?

6 Həqiqi dinin təlimləri Müqəddəs Kitaba əsaslanır. Müqəddəs Kitabda deyilir: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır. Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər» (2 Timutiyə 3:16, 17). Həvari Bulus məsihilərə yazmışdı: «Siz bizdən eşitdiyiniz Allahın sözünü insan sözü kimi deyil, əslində, necə var elə, Allahın sözü kimi qəbul etdiniz» (1 Salonikililərə 2:13). Həqiqi ibadət adət-ənənələrə, insan fikirlərinə yox, yalnız və yalnız Allahın Kəlamı olan Müqəddəs Kitaba əsaslanmalıdır.

7 İsa Məsihin öyrətdiyi bütün təlimlər Allahın Kəlamına əsaslanırdı. (Yəhya 17:17 ayəsini oxuyun.) O, daima Müqəddəs Kitabdan sitat gətirirdi (Mətta 4:4, 7, 10). Allahın yolu ilə gedən insanlar da İsanın nümunəsini izləyərək yalnız Müqəddəs Kitaba əsasən təlim verirlər.

8. İsa Məsih həqiqi ibadətlə bağlı nə öyrədirdi?

8 Həqiqi dinin üzvləri yalnız Yehova Allaha ibadət edir. Zəbur 83:18 ayəsində deyilir: «Adı Yehova olan Sən, dünyada tək Sən ucasan». İsa Məsih istəyirdi ki, insanlar Allah-Taalanı yaxından tanısınlar, buna görə də insanlara Allahın adını açdı. (Yəhya 17:6 ayəsini oxuyun.) İsa həmçinin demişdi: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Mətta 4:10). Allahın xidmətçiləri İsa Məsihdən nümunə götürürlər: onlar yalnız Yehova Allaha ibadət edir, Onun adını çağırır, insanlara Onun adını açır və Allahın gələcəklə bağlı niyyətini çatdırırlar.

9, 10. Allaha qulluq edən insanların məhəbbəti nədən görünməlidir?

9 Həqiqi dinin üzvləri arasında əsil məhəbbət var. İsa davamçılarına bir-birilərini sevməyi tapşırmışdı. (Yəhya 13:35 ayəsini oxuyun.) Haralı olmalarından, mədəniyyətlərindən, kasıb və ya varlı olmalarından asılı olmayaraq, Allahın qulları bacı-qardaş kimi can deyib-can eşidirlər (Koloslulara 3:14). Buna görə də onlar müharibələrdə iştirak etmir, əllərinə silah alıb insanları öldürmürlər. Müqəddəs Kitabda yazılıb: «Allahın övladlarını və İblisin övladlarını belə tanımaq olar: saleh iş görməyən və qardaşını sevməyən Allahdan deyil». Və bu fikir növbəti sözlərlə tamamlanır: «Biz bir-birimizi sevməliyik. Şərirdən olan və qardaşını öldürən Qabil kimi olmamalıyıq» (1 Yəhya 3:10—12; 4:20, 21).

10 Allaha ibadət edənlər bir-birlərinə kömək etmək üçün vaxtlarını, güclərini və vəsaitlərini əsirgəmirlər (İbranilərə 10:24, 25). Onlar hamıya yaxşılıq edirlər (Qalatiyalılara 6:10).

11. İsa Məsihin yeganə xilas yolu olduğunu qəbul etmək nəyə görə vacibdir?

11 Həqiqi dinin üzvləri İsa Məsihin yeganə xilas yolu olduğunu qəbul edirlər. Allahın Kəlamında Məsih haqqında yazılıb: «Ondan başqa xilaskar yoxdur, çünki göy altında Allahın insanlara verdiyi başqa bir ad yoxdur ki, onun sayəsində xilas ola bilək» (Həvarilərin işləri 4:12). Bu kitabın 5-ci fəslindən öyrəndiyimiz kimi, Yehova Allah İsa Məsihi yer üzünə göndərmişdi ki, itaətkar insanlar uğrunda canını qurban versin (Mətta 20:28). Allah İsanı yer üzərində Padşah təyin edib. Buna görə də Müqəddəs Kitabda yazılıb ki, əbədi yaşamaq istəyiriksə, Məsihə itaət etməliyik. (Yəhya 3:36 ayəsini oxuyun.)

12. Allahın xidmətçiləri nəyə görə siyasətə qarışmırlar?

12 Həqiqi dinin üzvləri siyasi işlərə qarışmırlar. İsa Məsih siyasətə qarışmırdı. O, Roma valisi Ponti Pilatın hakim kürsüsü qarşısında duranda demişdi: «Mənim Padşahlığım bu dünyadan deyil». (Yəhya 18:36 ayəsini oxuyun.) Harada yaşamalarından asılı olmayaraq, Allahın xidmətçiləri, İsa kimi, Allahın Padşahlığına sadiq qalırlar, siyasətə qarışmırlar. Bununla belə onlar yaşadıqları ölkənin qanunlarına əməl edirlər, çünki Müqəddəs Kitab hökumətə tabe olmağı buyurur (Romalılara 13:1). Amma dövlətin qanunu Allahın qanununa zidd gedəndə Allahın xidmətçiləri həvarilərdən nümunə götürərək belə mövqe tuturlar: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:29; Mark 12:17).

13. Allahın xidmətçiləri nə barədə təbliğ edirlər?

13 Həqiqi dinin üzvləri inanırlar ki, dünyanın problemlərini yalnız Allahın Padşahlığı həll edəcək. İsa Məsih demişdi ki, Padşahlıq haqqında müjdə bütün dünyada təbliğ olunacaq. (Mətta 24:14 ayəsini oxuyun.) Allahın Padşahlığının insanlar üçün hazırladığı nemətləri heç bir insan hökuməti verə bilməz (Zəbur 146:3). İsa Məsih: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin», — deyərək davamçılarına Allahın Padşahlığı barədə dua etməyi öyrətmişdi (Mətta 6:10). Müqəddəs Kitabda yazılıb ki, Allahın Padşahlığı bir gün bütün hökumətləri məhv edəcək, «özü isə əbədi duracaq» (Dənyal 2:44).

14. Sizcə, Allah hansı dinin üzvlərinin ibadətini qəbul edir?

14 Allahın xidmətçilərini fərqləndirən cəhətləri nəzərdən keçirdikdən sonra nə deyərdiniz: hansı dinin təlimləri Müqəddəs Kitaba əsaslanır? Hansı din Allahın adını insanlara açır? Hansı dinin üzvləri bir-birinə səmimi məhəbbət bəsləyir və İsa Məsihin Allahın göndərdiyi xilaskar olduğuna inanır? Hansı dinin üzvləri siyasətə qarışmır? Hansı din dünyanın problemlərini yalnız Allahın Padşahlığının həll edəcəyini təbliğ edir? Təbii ki, yalnız Yehovanın Şahidləri (Əşiya 43:10—12).

SİZİN QƏRARINIZ

15. Allahın ibadətimizi qəbul etməyini istəyiriksə, nə etməliyik?

15 Allahın varlığına inanmaq azdır. Cinlər belə Allahın varlığını qəbul edir, amma Ona itaət etmirlər (Yaqub 2:19). Allahın bizim ibadətimizi qəbul etməyini istəyiriksə, yalnız Onun varlığına inanmaqla kifayətlənməməliyik, həmçinin Onun tələblərinə əməl etməliyik.

16. Nəyə görə yalan dinlə bütün əlaqələri kəsməliyik?

16 Allah ibadətimizi qəbul etsin deyə yalan dinlə bütün əlaqələri kəsməliyik. Əşiya peyğəmbər yazmışdı: «Oranı tərk edin, özünüzü pak saxlayın» (Əşiya 52:11; 2 Korinflilərə 6:17). Buna görə də yalan dinlə əlaqəsi olan hər bir şeydən uzaq olmalıyıq.

17, 18. «Böyük Babil» nədir və nəyə görə ondan çıxmaq vacibdir?

17 Yalan din dedikdə nə nəzərdə tutulur? Allahın Kəlamında yazılanlara zidd ibadəti aşılayan bütün dinlər yalan dindir. Müqəddəs Kitabda bütün yalan dinlər ümumilikdə «Böyük Babil» adlanır (Vəhy 17:5). Nəyə görə məhz «Böyük Babil»? Nuh əyyamındakı daşqından sonra Babil adlı bir şəhərdə yalan dini inanclar yaranmışdı. Bu inanclar sonradan bütün dünyaya yayılmışdı. Babildə yaşayan insanlar üç ilahdan ibarət üçlüklərə sitayiş edirdilər. Bu gün də bir çox dinlərdə Allahı Üç üqnum kimi qəbul edirlər, yəni Onun üç sifətdən ibarət olduğuna inanırlar. Amma Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, yalnız bir Allah var — Yehova, İsa Məsih isə Onun Oğludur (Yəhya 17:3). Babillilər həmçinin inanırdı ki, öləndən sonra insanın ruhu yaşayır və cəhənnəmə düşə bilər. Bu isə Müqəddəs Kitaba zidd təlimdir. (1417-ci əlavələrə baxın.)

18 Allah Müqəddəs Kitab vasitəsilə bəyan edir ki, tezliklə bütün yalan dinləri məhv edəcək (Vəhy 18:8). Buna görə də yalan dindən çıxmaq, yəni onunla əlaqəni kəsmək olduqca vacibdir. Yehova Allah istəyir ki, hələ ki gec deyil, yalan dini tərk edəsiniz (Vəhy 18:4).

Yehova Allaha ibadət etməyə başlayanda siz böyük və mehriban bir ailənin üzvü olacaqsınız

19. Yehova Allaha ibadət etmək qərarına gəlsəniz, O, sizin qayğınıza necə qalacaq?

19 Yalan dindən çıxıb Yehovaya ibadət etmək qərarına gəlsəniz, ola bilsin, dostlarınızdan, ailə üzvlərinizdən kimsə sizi başa düşməyəcək, hətta sizə qarşı çıxacaq. Amma qorxmayın, Yehova sizi atmayacaq. Siz Allaha xidmət etməyə başlayanda milyonlarla insandan ibarət, bir-birlərini səmimi-qəlbdən sevən beynəlxalq bir ailənin üzvü olacaqsınız və Allahın quracağı yeni dünyada yaşamaq ümidiniz olacaq (Mark 10:28—30). Kim bilir, bəlkə, Yehova Allaha ibadət etmək qərarınıza qarşı çıxan dostlarınız və ailə üzvləriniz də nə vaxtsa Müqəddəs Kitabı öyrənməyə başlayacaq.

20. Nəyə görə Allaha Onu razı salan şəkildə ibadət etmək vacibdir?

20 Çox tezliklə Allah bütün pislikləri yox edəcək və dünyanı Onun Padşahlığı idarə edəcək (2 Butrus 3:9, 13). Bu, çox gözəl bir dövran olacaq! Hər kəs Yehovaya Onun istədiyi kimi ibadət edəcək. Buna görə də indidən addım atın, Allaha Onu razı salan şəkildə ibadət edin.