Kontentə keç

Mündəricatı göstər

6-CI SUAL

Yaşıdlarımın təzyiqinə necə qarşı durum?

Yaşıdlarımın təzyiqinə necə qarşı durum?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Möhkəm olsan, həyatın öz əlində olacaq, başqalarına səni idarə etməyə imkan verməyəcəksən.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Sinif yoldaşlarından ikisi Bəhruza yaxınlaşır, onun içində qəribə ağrı başlayır. Bu həftə ərzində üçüncü dəfədir ki, onlar ona siqaret təklif edirlər.

Oğlanlardan biri deyir:

«Yenə təksən? Gəl səni dostumla tanış eləyim».

O, «dostum» sözünü deyəndə göz vurur və cibindən nə isə çıxarıb Bəhruza uzadır.

Bəhruz onun barmaqları arasındakı siqareti görəndə daxilindəki o qəribə ağrı artır.

Bəhruz deyir: «Bağışla, axı sənə demişdim, mən...»

O biri oğlan onun sözünü kəsir: «Qorxaq olma!»

Bəhruz cəsarətini toplayıb deyir: «Mən qorxaq deyiləm».

Həmin oğlan əlini Bəhruzun çiyninə qoyub qucaqlayır və yavaşca deyir: «Bircə dəfə dadına bax».

Birinci oğlan siqareti Bəhruzun sifətinə yaxınlaşdırıb pıçıldayır: «Heç kimə deməyəcəyik. Bir sən biləcəksən, bir də biz».

Bəhruzun yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Səncə, Bəhruzun yaşıdları nə etdiklərini başa düşürlər? Onlar özləri qərar verməyi bacarırlar? Çox ehtimal ki, yox. Adətən, bu cür gənclər başqalarının təsiri altında olurlar. Kimlərinsə arasında olmaq üçün, onlar nə deyir, onu da edirlər.

Bəs sən də oxşar vəziyyətlə üzləşsəydin, nə edərdin, yaşıdlarının təzyiqinə necə qarşı durardın?

  1. UZAQGÖRƏN OL

    Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

    Adətən, problemi qabaqcadan sezmək olur. Məsələn, sən sinif yoldaşlarının durub siqaret çəkdiyini görürsən. Nələrin baş verə biləcəyini təsəvvür edirsən, buna görə də nə etmək lazım olduğunu qabaqcadan fikirləşirsən.

  2. FİKİRLƏŞ

    Müqəddəs Kitabda deyilir: «Vicdanınızı təmiz saxlayın» (1 Butrus 3:16).

    Özündən soruş: «Çoxluğun fikri ilə oturub-dursam, özümü necə hiss edəcəm?» Düzdür, ola bilsin, bir müddət yaşıdlarının rəğbətini qazanacaqsan. Bəs sonra özünü necə hiss edəcəksən? Sinif yoldaşlarını razı salmaq üçün öz mənliyini tapdalamağa dəyər? (Çıxış 23:2).

  3. QƏRAR VER

    Müqəddəs Kitabda deyilir: «Müdrik adam ehtiyatlıdır» (Məsəllər 14:16).

    Gec-tez qərar verməlisən və qərarına əsasən yaşamalısan. Müqəddəs Kitabda həyatda düzgün qərar verən insanların, Yusif, Əyyub və İsa kimi adamların adı çəkilir. Orada həmçinin səhv qərarlar verən insanlar barədə də danışılır, məsələn, Qabil, Eys və Yəhuda. Bəs sən hansı qərarı verəcəksən?

Müqəddəs Kitabda yazılıb: «Sədaqətlə addımla» (Zəbur 37:3). Nəticəni qabaqcadan görürsənsə və müəyyən qərarı vermisənsə, mövqeyini müdafiə etmək çətin olmayacaq və axırı yaxşı olacaq.

Narahat olma, yaşıdlarına uzun uzadı moizə oxumaq lazım deyil. Hərdən, sadəcə, əminliklə «YOX» demək kifayətdir. Yaxud qəti mövqe tutduğunu göstərmək üçün bel deyə bilərsən:

  • «Mənlik deyil!»

  • «Mən belə işlərlə məşğul olmuram!»

  • «Mən bunu etməyəcəyəm!»

Ən vacibi ləngitmə və əminliklə danış. Belə davransan, təəccüblü görünsə də, yaşıdların dərhal səndən əl çəkəcək!

SƏNİ LAĞA QOYURLARSA

Həmyaşıdlarının təsiri altına düşəndə şüursuz robota oxşayırsan, çünki onların səni idarə etməsinə yol verirsən

Yaşıdların səni lağa qoyur? Səni «qorxaq» adlandırırlar? Məlum məsələdir, onlar sadəcə sənə təzyiq göstərirlər. Onlara necə cavab verə bilərsən? Sənin ən azı iki seçimin var:

  • Sən onlarla razılaşa bilərsən. («Düzdür, qorxuram» de. Sonra qısaca səbəbi bildir.)

  • Təzyiqə əks cavab verə bilərsən. İmtina etməyinin səbəbini söylə və onları düşündürməyə çalış. («Sizi ağıllı bilirdim, inanmazdım ki, siqaret çəkərsiniz».)

Onlar yenə də səni lağa qoyarlarsa, çıx get. Yadda saxla ki, onların yanında nə qədər çox dursan, bir o qədər çox təzyiq göstərəcəklər. Çıxıb getməklə göstərirsən ki, heç kimə səni dəyişməyə imkan vermirsən.

Əslində, yaşıdların təzyiqindən tamamilə yaxa qurtarmaq mümkün deyil. Amma sənin qərar vermək, mövqeyini bildirmək və vəziyyəti idarə etmək imkanın var. Bir sözlə, seçim sənin əlindədir! (Yuşə 24:15).