Kontentə keç

Mündəricatı göstər

DƏRS 13

Yaqubla Eys barışır

Yaqubla Eys barışır

Yehova Yaquba söz vermişdi ki, İbrahimi və İshaqı qoruduğu kimi, onu da qoruyacaq. Yaqub Harranda yurd salır, orada evlənir, oğul-uşaq sahibi olur, çox varlanır.

Bir gün Yehova Yaquba deyir: «Öz ölkənə qayıt». Ona görə də Yaqub ailəsini də götürüb öz ölkəsinə qayıtmaq üçün yola çıxır. Onlar xeyli yol qət etməlidirlər. Hələ yolda ikən bəzi adamlar gəlib ona xəbər çatdırır: «Qardaşın Eys səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var!» Yaqub qorxur ki, Eys ona və ailəsinə xətər yetirər. O, Yehovaya dua edir: «Yalvarıram, məni qardaşımdan qoru». Səhəri gün Yaqub Eysə çoxlu qoyun, keçi, inək, dəvə və eşşək hədiyyə göndərir.

Həmin gecə Yaqub tək olanda bir mələk görür! Mələk onunla güləşməyə başlayır. Onlar səhərə qədər güləşirlər. Yaqub zədələnməsinə baxmayaraq, mələkdən əl çəkmir. Mələk ona deyir: «Burax gedim». Ancaq Yaqub cavab verir: «Yox, mənə xeyir-dua verməyənə qədər səni buraxmayacağam».

Axırda mələk Yaquba xeyir-dua verir. Artıq Yaqub bilir ki, Yehova Eysin ona zərər vurmasına yol verməyəcək.

Həmin səhər Yaqub uzaqdan Eysi və yanındakı 400 nəfəri görür. Yaqub ailəsinin qarşısına keçib qardaşının qabağında yeddi dəfə diz çökür. Eys Yaqubun yanına qaçıb onu qucaqlayır. İki qardaş göz yaşları içində barışırlar. Səncə, Yaqubun məsələni bu cür həll etməsi Yehovanın xoşuna gəldi?

Daha sonra isə Eys öz evinə geri qayıdır. Yaqub da öz yolu ilə gedir. Yaqubun 12 oğlu var. Onların adı Rubən, Şəmun, Lavi, Yəhuda, Dan, Niftalı, Cad, Aşir, Yəsakir, Zəbulun, Yusif və Binyamindir. Yehova Allah Yaqubun oğlu Yusifin vasitəsilə xalqını xilas edir. Bilirsən necə? Gəl baxaq.

«Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin. Beləcə, göydəki Atanızın oğulları olacaqsınız» (Mətta 5:44, 45)