Kontentə keç

Mündəricatı göstər

DƏRS 19

İlk üç bəla

İlk üç bəla

Misirlilər israilliləri qul kimi işlədirlər, onlara ağır işlər gördürürlər. Yehova Musa ilə Harunu fironun yanına göndərir. Onlar firona Yehovanın bu xəbərini çatdırırlar: «Xalqımı burax ki, səhrada mənə ibadət etsinlər». Firon qürurlu şəkildə deyir: «Yehovanın nə dediyi vecimə deyil. İsrailliləri də buraxmıram». Sonra firon onların işini daha da ağırlaşdırır. Yehova firona dərs vermək qərarına gəlir. Bilirsən, O nə edir? O, Misirin üstünə on bəla göndərir. Yehova Musaya deyir: «Firon Mənə qulaq asmır. Səhər o, Nil çayında olacaq. Yanına gedib ona de ki, xalqımı buraxmadığı üçün Nil çayının suyu qana dönəcək». Musa Allahın sözünə qulaq asıb fironun yanına gedir. Fironun gözü qabağında Harun əsasını Nil çayına vurur və çayın suyu qan olur. Su iylənməyə başlayır. Çaydakı balıqlar ölür və heç kim Nil çayının suyundan içə bilmir. Firon tərslik edib israilliləri buraxmır.

Yeddi gündən sonra Yehova Musanı yenə fironun yanına göndərir ki, ona bu sözləri çatdırsın: «Xalqımı buraxmasan, bütün Misiri qurbağalar basacaq». Harun əsasını uzadır və qurbağalar bütün ölkəni bürüyür. Camaatın evindən, çarpayısından, kasasından qurbağalar çıxır. Hər yeri qurbağalar bürüyür! Firon Musaya deyir ki, bu bəlanı üzərlərindən götürməsi üçün Yehovaya yalvarsın. O söz verir ki, israilliləri buraxacaq. Buna görə də Yehova bəlanı dayandırır. Misirlilər ölü qurbağaları qalaq-qalaq yığırlar və ölkəni üfunət iyi bürüyür. Ancaq firon yenidən xalqı buraxmaq fikrindən daşınır.

Sonra Yehova Allah Musaya deyir: «Harun əsasını yerə vursun, bütün ölkədə yerin tozu mığmığaya çevrilsin». Harun əsasını yerə vuran kimi mığmığalar bütün ölkəni bürüyür. Fironun adamlarından bəziləri ona deyir: «Bu işdə Allahın əli var». Ancaq firon inadından dönmür və israilliləri buraxmır.

«Onlara gücümü, qüdrətimi göstərəcəyəm. Biləcəklər ki, Mənim adım Yehovadır» (Ərəmya 16:21)